Media azadlığı
demokratiyanın təməl sütunudur
Nobel mükafatı laureatı olan iqtisadçı Amartya Sen bir dəfə belə bir ifadə səsləndirmişdi ki, azad mediaya malik olan ölkələr aclıqdan əziyyət çəkmir. Dünya ölkələrinin təcrübəsinə nəzər saldıqda bu ifadənin reallıqdan heç də uzaq olmadığı nəzərə çarpır. Bu gün ifadə, xüsusən də media azadlığı istənilən ölkədə demokratiyanın təməl daşlarından biridir. Qeyd edilənlərin ən bariz nümunəsini elə Azərbaycanın timsalında görmək mümkündür.
Dövlətlə yanaşı, medianın müstəqilliyi prosesində biznes qurumları da yaxından iştirak etməlidir
Media o zaman həqiqi müstəqil ola bilər ki, etibarlı maliyyə mənbəyi olsun, amma buna rəğmən, sponsorlar redaksiyanın işinə qarışmasın. Azərbaycan ölkədə media müstəqilliyinə bu prizmadan yanaşır. Amma indilikdə medianın bu şəkildə müstəqilliyi əsas etibarı ilə dövlət tərəfindən təmin edilir. Bununla dövlət medianın maliyyə asılılığı üzündən kənar neqativ təsirlərin altına düşməsinin qarşısını alır. Lakin hesab edilir ki, dövlətlə yanaşı, medianın etibarlı, dayanıqlı maliyyə mənbəyinin formalaşdırılması prosesində biznes qurumları da, ən azından, reklam vasitəsilə fəal şəkildə iştirak etməlidir.
Yuxarıda qeyd edildiyi kimi isə, hazırda medianın maliyyə və digər səpkidə müstəqilliyi dövlət tərəfindən reallaşdırılır. Bu fonda ölkəmizdə ifadə azadlığı, müstəqil və müxtəlif məzmunlu medianın mövcudluğu demokratiyanın faktiki təzahürü kimi özünü göstərir. Minlərlə media vasitəsi mütəmadi olaraq auditriyaya müxtəlif növ məlumatlar verir, hadisələrin təhlili və xronikası ilə çıxış edir. Bu materiallar siyasi müzakirələrin əsasını təşkil edir, onun formalaşmasına töhfə verir və ya ictimai rəyi əks etdirir. Azərbaycan bu xüsusda beynəlxalq hüquqa da tam riayət edir. Burada bir məsələni xatırlatmaq lazım gəlir ki, hələ 1950-ci ildə Avropa Şurası ifadə və məlumat azadlığının vacibliyini bir daha təsdiqləyərək, bunu Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində əsas hüquq kimi elan edib. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində ifadə azadlığının müdafiəsi belə müəyyən edilir: “Hər kəsin öz fikrini sərbəst ifadə etmək hüququ var. Bu hüquqa fikir azadlığı, dövlət orqanlarının heç bir müdaxiləsi olmadan və sərhədlərdən asılı olmayaraq məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir”. Lakin söz və fikir azadlığından sui-istifadə halalrına da yol verilməməlidir. Yenə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulur ki, ifadə azadlığına qoyulan istənilən məhdudiyyət legitimliyi qəbul edilmiş məqsədlərdən biri ilə - milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş, sağlamlığın və ya əxlaqi dəyərlərin qorunması, iğtişaşın və ya cinayətin qarşısının alınması, başqalarının nüfuzunun, yaxud hüquqlarının qorunması, məxfi yolla əldə edilmiş məlumatların mühafizə edilməsi, yaxud ədalət mühakiməsinin nüfuz və qərəzsizliyinin təmin edilməsi məqsədi ilə əsaslandırılmalıdır. Yəni ifadə azadlığı burada göstərilən məqamlar fonunda ölkənin təhlükəsizliyinə xələl gətirməməlidir. Bu vəziyyətdə, demokratiya üçün əhəmiyyətinə əsaslanaraq, Avropa Şurası o vaxtdan medianın kənar nəzarət və təzyiq olmadan fəaliyyət göstərməsinə kömək etmək məqsədilə bir sıra standartlar və təlimatlar hazırlayıb. Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə tam riayət etməklə yanaşı, medianın kənar nəzarət və təzyiq olmadan fəaliyyət göstərməsinə şərait yaradan standart və təlimatlara da ciddi riayət edir. Bunlar qanunvericilik səviyyəsində də təsbit olunaraq icraya yönləndirilir. Məsələn, elə ölkə Konstitusiyasının 47-ci maddəsində təsbit edilir ki, hər kəsin fikir və söz azadlığı var. Eyni zamanda heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Konstitusiyanın 50-ci maddəsinə əsasən isə, hər kəsin məlumat əldə etmək, onu sərbəst, maneəsiz yaymaq hüququ var. Bunun üçün dövlət hamı üçün bərabər şərtlər yaradıb ki, bu da hüquqi dövlətin prinsipləri əsasında dayanır. Məlumat azadlığının qanunvericilik əsaslarının demokratik normalara cavab verməsi və cəmiyyətin, medianın bu hüquqdan istifadəsi ölkəmizdə demokratiyanın mühüm inkişaf göstəricisidir.
İnternet istifadəçilərinin çoxalması söz və məlumat azadlığına mühüm töhfədir
Demokratiya, qanunun aliliyi və insan haqları Azərbaycanda daim gözlənilən dəyərlərdir. Buna müvafiq olaraq ölkəmizdə söz və məlumat azadlığına da xüsusi diqqət edilir. İnternetin meydana çıxması ilə bu məsələ yeni çalarlar qazanıb. Belə ki, ölkə əhalisinin 85 faizindən çoxu internet istifadəçisidir.
Yeri gəlmişkən qeyd edək ki, bu məsələ elə bu günlərdə Cənubi Koreya tərəfindən onlayn formatda təşkil olunmuş “İKT üzrə Nazirlər Toplantısı 2021”də diqqət mərkəzinə gəlib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov buradakı çıxışında dünyada və ölkəmizdə bu sahədə hazırkı vəziyyət, dünyada bu istiqamətdə inkişaf trendləri, ölkəmizdə həyata keçirilən layihələr, qəbul edilən strategiya və dövlət proqramları barədə iştirakçılara məlumat verib. Rövşən Rüstəmov statistik göstəriciləri diqqətə çatdıraraq bildirib ki, Azərbaycan əhalisinin, demək olar ki, 85 faizi internetdən istifadə edir: “Məqsədimiz yüksəksürətli internetin tətbiqini genişləndirmək və FTTH (Fiber to the Home) şəbəkəsindən istifadə edərək sabit genişzolaqlı internet abunəçilərinin faizini artırmaqdır. Vətəndaşlar mərhələlərlə həyata keçirilən layihələr nəticəsində 2024-cü ilə qədər minimum 25 mb/s sürətə malik genişzolaqlı internetlə təmin olunacaqlar”. O əlavə edib ki, bu hədəfə çatmaq üçün ən optimal və effektiv yol dövlət-özəl tərəfdaşlığıdır və biz bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilir. Nazir müavini çıxışının sonunda rəqəmsal transformasiyanın ölkəmizdə prioritet olduğunu qeyd edərək bu prosesin həyata keçirilməsində müasir nformasiya və kommunikasiya texnologiyaları infrastrukturunun mövcudluğunun əhəmiyyəti barədə danışıb. İnternetin belə geniş istifadəsi Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsində getdikcə daha mühüm rol oynayır.
Hazırda genişzolaqlı internet şəbəkəsi ölkənin bütün ərazisində tətbiq olunur, o cümlədən özəl sektorun fəaliyyəti üçün səmərəli hesab edilməyən ucqar məntəqələrdə rəqəmsal infrastruktur qurulur, dövlət şirkətləri vasitəsilə müasir xidmətlər təqdim edilir. Eyni zamanda, cəmiyyətin rəqəmsal transformasiyası da indi dövlətin qarşısında duran prioritet məsələlərdən biridir. Rəqəmsal transformasiya sahəsində həyata keçirilən dövlət siyasəti üzrə idarəetmə, əlaqələndirmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində də mühüm addəmlar atılır. Bu da ölkədə nəticə etibarı ilə söz və fikir azadlığının inkişafına daha əlverişli zəmin yaradır.
Tahir TAĞIYEV
Bakı Xəbər
.- 2021.- 8 dekabr.- S.6.