İnsan hüquq və
azadlıqları Azərbaycanda etibarlı şəkildə qorunur
Məlumdur ki, insan
hüquqları universaldır, bölünməzdir. Beynəxalq
və daxili qanunvericilikdə bu hüquqların təsbit olunduğu
maddələr bir-birindən asılıdır və bir-birini tamamlayır. Bu fonda Azərbaycan insan
hüquqlarının təşviqi, müdafiəsi üzrə
beynəlxalq səylərin əməkdaşlıq və bərabərhüquqlu
dialoq prinsiplərinə əsaslanmalı olduğu fikrindən çıxış edir. Azərbaycan hamılıqla
tanınmış insan hüquqları
mexanizmləri çərçivəsində beynəlxalq tərəfdaşlarla
xoş niyyətlə
qarşılıqlı fəaliyyət göstərir.
Azərbaycan beynəlxalq qanunvericiliyə tərəfdar
çıxır
Barəsində bəhs edilən hüquqdan danışmazdan öncə yaxın tarixə qısa səyahət etmək vacibdir. Məlumdur ki, 1948-ci il dekabrın 10-da BMT Baş Assambleyası “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edib. 1950-ci ildən etibarən isə hər il dekabrın 10-u bütün dünyada Beynəlxalq İnsan Hüquqları günü kimi qeyd olunur. 1950-ci il noyabrın 4-də isə Romada əsas insan hüquq və azadlıqlarının qorunmasından ötrü Avropa İnsan Hüquqları Konvensiyası imzalanıb. Həmin konvensiyaya əsaslanan Avropa İnsan Hüquqları Məhkəməsi fəaliyyət göstərir. Hazırda dekabrın 10-u, Azərbaycan da daxil olmaqla, dünyanın bir çox ölkələrində Ümumdünya İnsan Hüquqları günü olaraq qeyd olunur. Sözügedən bəyannamə isə bütün dünyada insan hüquqları normalarının inkişafı və hüquqi cəhətdən məcburi olan çoxlu sayda beynəlxalq müqavilənin əsaslandığı zəmin yaradıb.
1948-ci il bəyannaməsi əsas hüquq və azadlıqların bütün insanlara xas olduğunu, hamı üçün ayrılmaz xarakter daşıdığını və hamı üçün eyni dərəcədə tətbiq oluna biləcəyini, hər kəsin azadlıq, ləyaqət və hüquqlar baxımından bərabər doğulduğunu ümumbəşəri miqyasda təsbit edir. Burada o da nəzərə alınmalıdır ki, 1948-ci il dekabrın 10-da beynəlxalq ictimaiyyət hər bir insanın ləyaqətinə hörmət və hamı üçün ədaləti təmin edəcəyinə söz verib, üzərinə öhdəlik götürüb. O da mühüm faktdır ki, müasir dünyada insan hüquqlarının getdikcə daha geniş anlayış kimi çıxış etməsi özünü qabarıq büruzə verir. İndiki halda bu hüquqlara aşağıdakılar daxil edilir: Hər bir ayrıseçkilikdən azadlıq, o cümlədən irqi, cinsi, milli, yaxud dini ayrı-seçkilikdən azadlıq; Qorxudan azadlıq: şəxsi təhlükəsizlik üçün qorxudan, səbəbsiz azadlıqdan məhrum edilməkdən, işgəncə və digər zorakılıqlardan azadlıq; Fikir və söz azadlığı, qərar qəbul etmə prosesində iştirak və birliklər yaratmaq hüququ; Yoxsulluqdan azadlıq, layiqli həyat sürmək hüququ; İnsan potensialının inkişafı və onu həyata keçirmək üçün azadlıq; Ədalətsizlikdən və qanun pozuntusu ilə rastlaşmaqdan azadlıq; İstismar olunmadan layiqli işləmək hüququ. Lakin qeyd olunduğu kimi bu hüquqların sayı davamlı şəkildə artır. Hətta indi bu hüquqlar sırasına insanın ekoloji hüququnun, gələcək nəsillərin ləyaqətlə və layiqincə yaşamaq hüququnun da daxil edilməsi beynəlxalq miqyasda müzakirə predmetidir. Azərbaycan bir dövlət olaraq bütün bunları dəstəkləyir, beynəlxalq qanunvericiliyə tərəfdar çıxır. Elə bundan irəli gəlir ki, ölkəmiz insan hüquqları sahəsində çoxsaylı beynəlxalq konvensiyalara qoşulub.
Ermənistan hələ də yüz
minlərlə azərbaycanlının hüquqlarını pozur
Beynəlxalq qanunvericiliklə yanaşı, ölkədaxili normativ hüquqi aktlarda da insan hüquqlarının etibarlı müdafiəsi Azərbaycan üçün prioritetdir. Elə bundan irəli gəlir ki, 995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya ölkəmizdə insan hüquq və azadlıqlarının müdafisəsinin keyfiyyətcə yeni mərhələsinin başlanmasına gətiib çıxarıb. Bunun əsasında ötən dövr ərzində çoxsaylı mühüm normativ-hüquqi aktlar və dövlət proqramları qəbul edilib. Eyni zamanda insan hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirlərin konkret konsepsiyası müəyyənləşdirilib.
Mövcud vəziyyət göstərir ki, bu gün Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunub. Lakin Azərbaycan həm də insan hüquqları sahəsində ən böyük problemlərdən biri ilə qarşılaşan ölkələr sırasında yer alır. Ermənistanın ölkəmizə qarşı təcavüz siyasəti nəticəsində hələ də keçmiş məcburi köçkünlərin hüquqları pozulmuş halda qalır. Azərbaycan təcavüz siyasətinə son qoysa da, davam edən erməni təxribatı, minalı ərazilər və Ermənistanın digər müharibə cinayətləri problem mənbəyi olaraq qalır. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, Ermənistan tərəfindən hərbi işğal dövründə Qarabağ torpaqlarının dağıntılara məruz qalması və minaların basdırılması keçmiş məcburi köçkünlərin evlərinə təhlükəsiz qayıtmasına çox böyük əngəldir. Ermənistan ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib, Ağdam, Füzuli və Zəngilan rayonları üzrə verilmiş xəritələrin dəqiqliyi cəmi 25 faizdir. Mütəxəssislərin ilkin mövqeyinə görə, bir neçə gün əvvəl verilən digər xəritələr də qeyri-dəqiqdir. Əsas məqsədlərdən biri işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasına mane olmaq, bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir. Bununla da Ermənistan ciddi beynəlxalq hüqyq pozuntularına yol verir.
Onu da qeyd edək ki, rəsmi məlumatlara əsasən, 2020-ci il noyabrın 10-dan bu vaxta qədər işğaldan azad edilmiş ərazilərdə 7 hərbi qulluqçu, 29 mülki şəxs minaya düşərək həlak olub. 109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Göründüyü kimi, mina partlaması nəticəsində daha çox mülki insanlar həlak olub. Bunlar fonunda hesab edilir ki, Ermənistana qarşı cəzalandırıcı mexanizmlər işə salınmalıdır. Azərbaycan özü isə bu istiqamətdə müvafiq addımlar atır. Ölkəmizin fəaliyyəti nəticəsində bu günlərdə Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən bu ölkənin ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər, təşkilatlar tərəfindən irqi nifrətin təşviqini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Azərbaycan digər beynəlxalq instansiyalarda da bu uğurunu davam etdirməyə hazırlaşır.
Tahir TAĞIYEV
Bakı Xəbər
2021.- 11-13 dekabr.- S.12.