Yubileyini cənnətdə qeyd

edən şəhid Elcan Muradov...

 

Bəşər tarixi boyunca insanlar yüzlərlə, minlərlə ideologiyanın şahidi olublar. Bu ideologiyalardan bəziləri insan övladını qurtuluşa, izzətə dəvət etsə də, bəziləri dünya tarixinə qara hərflərlə həkk olunublar. İzzət bəxş edən ideologiyaların başında dayanan Vətəni hər bir təhlükədən qorumaq, lazım gələrsə bu yolda canını verməyi aşılayan şəhidlik ideologiyasıdır.

Vətən insanları bir araya toplayan, onları bir-birilə qırılmaz tellərlə bağlayan, bir ürəkdə bir can edən anlayışdır. Cəmiyyət öz varlığını davam etdirmək, dövlət öz ömrünü uzatmaq üçün vətənpərvərlərə, vətən sevdalı insanlara, fədailərə, fədakarlara sahib olmalıdır. Şəhidlik yolunu seçənlər Vətənin dar gününün fədailəridirlər. Şəhidlər canlarını qurban verib, bununla da Tanrının daha böyük mükafatına, ölümsüzlüyə qovuşurlar. “Biz yaşamasaq da, Vətən yaşasın” deyib canları, qanları bahasına düşməni Vətən torpaqlarından qovub çıxaran, onlara qan udduran, Vətən uğrunda fəda olanlardır şəhidlər.

Təcavüzkarın, işğalçının külünü göyə sovuranlardır şəhidlər. Şəhidlərimiz uca Allah mərtəbəsində uca məqama sahib olublar və öz adlarını Vətən tarixinə əbədiyən yazıblar.

Vətən bizim anamızdır. Qarabağ və ətraf rayonlar, doğma ellərimiz, obalarımız 30 ilə yaxın idi ki, düşmən tapdağında idi. Yağı çəkmələri altında doğma torpaqlarımız inildəyib fəryad edirdi, “xilas edin” deyirdi.

Azərbaycan dövləti dünyaya haqq səsini çatdırmaq, düşmən tapdağından ərazilərini azad etmək istəyirdi. Dünyaya nə qədər hayqırırdı, səsinə səs verən olmurdu. 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan öz torpaqlarının düşməndən azad edilməsi əməliyyatlarına başladı. Uzun illər Azərbaycanın səsini eşitməyən, torpaqlarımızın işğalını görməyən beynəlxalq qurumların həll etməli olduğu problemi Azərbaycan təkbaşına həll etdi.

Azərbaycan oğulları 27 sentyabr 2020-ci il tarixində silaha sarıldılar... Çünki illərdən bəri gözlədikləri qisas zamanı çatmışdı. Millətimizin tarixən üzləşdiyi neçə-neçə soyqırım, sürgünlər əsgərlərimizin gözləri önündə bir kadr kimi canlanırdı. Onlar düşməndən intiqam almaq, haqq-ədaləti bərpa etmək üçün döyüşə getdilər. 44 gün davam edən Vətən müharibəsində 3 minə yaxın igidimiz şəhidlik zirvəsinə ucaldı.

Vətən uğrunda canını fəda edib şəhidlik zirvəsinə ucalanlardan biri də Muradov Elcan Eldəniz oğludur. İyulun 3-ü şəhidimizin doğum günüdür, yaşasaydı, 20 yaşını qeyd edəcəkdi.

Elcan 3 iyul 2001-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. Elcanın doğulub boya-başa çatdığı qədim Gəncə şəhəri tarixən düşmən qarşısında məğrur dayanıb, düşmənə baş əyməyib.

Elcan sanki şəhid olmaq, canını ulu Vətənimizə qurban vermək üçün doğulub, boya-başa çatıb yetişmişdi. Bəlkə də Tanrının seçilmişləri sırasında olduğu üçün Elcan hələ uşaq yaşlarından öz həmyaşıdlarından seçilirdi, fərqlənirdi.

Elcan ailənin ilk övladı idi. Atası Eldəniz bəy oğlunun dünyaya gəlməsi münasibətilə kiçik yığıncaq təşkil etmişdi, qohumlar, dostlar, tanışlar ata olduğuna görə ona gözaydınlığına gəlmişdilər. Amma hələ yeni doğulan körpəyə ad qoyulmamışdı. Məclisdən sonra Eldəniz bəyin atası mərhum Cəmşid kişi oğlundan övladına hansı adı qoyacağını soruşur. Eldəniz bəy sanki bu sualı gözləyirmiş kimi, atasına belə cavab verir: “Dədə, mən Qarabağda döyüşərkən Elcan adlı bir döyüş yoldaşım vardı. O həm silahdaşım, həm dostum idi. Gözlərimizin önündə mənfur düşmənin gülləsinə tuş gəldi, qucağımda şəhid oldu, həmin gün niyyət etmişdim ki, oğlum olsa, adını Elcan qoyacam”.

Oğlunun sözlərindən Cəmşid kişi bir az fikrə dalır... Cəmşid kişinin xəyalından doğma Dərələyəz mahalı keçirdi. O, ailəsi ilə birlikdə doğma ata-baba ocağı Dərələyəz mahalından didərgin düşmüşdü, Vətən həsrətini , torpaq nisgilini , Vətən sevdasını da, Vətən uğrunda canını fəda edib şəhid olanların hansı məqama yüksəldiyini yaxşı anlayırdı, duyurdu...

Oğlum, niyyətini yerinə yetir, Elcan gözəl addır. Sən şəhid dostunun adını balamıza qoymaq istəyirsən, mən deyə bilərəm ki... Ömrü uzun olsun”.

 

Allah Cəmşid kişinin xeyir-duasını qəbul etmişdi. Həmin körpə gələcəkdə adını daşıdığı şəhid qəhrəman kimi ölümsüzlük qazanacaqdı.

Vətən müharibəsi başlayanda Elcanın 19 yaşı vardı, çox gənc idi, arzuları çox idi, amma ən böyük arzusu işğal altında olan torpaqlarımızı düşmən nəfəsindən təmizləmək, azğın düşməni doğma torpaqlarımızdan qovmaq idi. Elcan bu arzusuna çatdı, 19 yaşında döyüşə yollandı. Elcan Muradov müharibədə baş atıcı kimi döyüşlərdə fərqlənir, düşməndən qisas alırdı. Mənfur düşmən Elcanın ata-babasını da öz doğma yurdundan, isti ocağından didərgin salmışdı.

Elcanın düşmənə nifrəti çox böyük idi.

Oktybarın 3-də zəng edib atası ilə bir-iki dəqiqə danışır atasından xahiş edir ki, ondan nigaran qalmasınlar, düşmənin dizini qırmağa az qalıb, düşməndən öcünü alıb sağ-salamat evə qayıdacaq. Atası ilə halallaşdıqdan sonra Elcan yenidən döyüşə atılır. Bu, Elcanın doğmaları ilə son danışığı olur.

Oktyabr ayının 5-i növbəti dəfəsilaha!” komandası eşidildi. İrəlidə, öndə döyüşən əsgərlərimiz düşmən mühasirəsinə düşmüşdülər. Komandir 10-15 könüllü əsgər istəyir, Elcan irəliyə atılan ilk əsgər olur. Füzuli rayonu istiqamətində düşmən mühasirəsinə düşən manqanın köməyinə çatmaq lazım idi. Elcangil özlərini yetirdilər, düşməni məhv edib əsgərlərimizi mühasirədən çıxardılar. Həmin gün axşamadək qızğın döyüşlər getdi...

Günəş batmaq üzrə idi. Qərargahdan xəbər gəldi ki, düşmən gizlin şəkildə irəliləyir, hücuma keçmək lazımdır. Elcan Muradovun qəlbində təlatüm yarandı, əyilib yerdən bir ovuc torpaq götürdü, həmin torpaq bir gün əvvəl azad olunmuş kəndlərimizdən birinin bağçasından idi. Torpağı ovcunda tutaraq öpüb gözlərinə qoydu, qeyri-ixtiyari gözləri doldu, kövrəldi. Sanki bir neçə dəqiqə sonra şəhid olacağını duymuşdu. Ürəyinə dammışdı ki, əbədiyyətə qovuşmasına az qalıb. Bir anlığa xəyalında ailəsi, ata-anası, doğmaları, adını yalnız ən yaxın dostu olan Turxanın bildiyi gözlə mənideyib ümid verdiyi sevdiyi qız keçdi... Amma özünü itirmədi, tərəddüdə qapılmadı, xəyalında doğmaları ilə vidalaşdı...

Hücuməmri verilən kimi “Allah, Allah” şüarı ilə qəzəbli şir kimi irəliyə atıldı. Düşmən çox itki verərək geri çəkilməyə başlamışdı ki, Elcan namərdcəsinə atılan düşmən gülləsinə tuş gəldi, Vətən torpağının qucağında şəhidlik zirvəsinə ucaldı.

2020-ci ilin 3 iyulunda mən Elcanla telefon əlaqəsi saxlayıb onun ad gününü təbrik etmişdim. Çox sevincli idi. Bir il sonra onun 20 yaşı, yəni yubileyi olacaqdı. Söz vermişdim ki, yubileyini birlikdə keçirəcəyik. Çox təəssüf ki, qismət olmadı.

Bu gün Elcanın 20 yaşı tamam olur. O öz ad gününü cismən bizimlə keçirə bilməsə , mənən bizimlədir. Cənnətdə öz şəhid döyüş yoldaşları ilə birlikdə sevinc içindədirlər. Bəlkə onlar indi azad torpaqlarımıza baxıb öz qəhrəmanlıqları ilə qürur duyurlar. Axı biz məhz Elcan kimi oğulların sayəsində alnımızdakı 30 illik qara ləkəni silə bildik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun!

Əziz qardaşım Elcan, cənnətdəki ad günün mübarək olsun! İndi bütün Azərbaycan səninlə fəxr edir.

 

Elvin ARİFOĞLU

Şəhidin bibisi oğlu, tədqiqatçı-yazar

 

Bakı Xəbər.- 2021.- 3-5 iyul.- S.14.