“Nə fitnə qalacaq, nə şər qalacaq,

yaxşı kişilərdən əsər qalacaq...”

 

Hər il iyul ayının 29-u görkəmli din xadimi Hacı Seyid Mir Taha ağanın anım günü kimi qeyd edilir. Ömrünün 60 ilini islam dininin, müqəddəs kitabımız Quranın təbliğinə həsr etmiş bu böyük insanın xatirəsi cənub bölgəsində yaşayan hər bir insan üçün doğma və əzizdir. Dördüncü imam Zeynalabidin Əleyhissəlamın nəslindən olan Hacı Seyid Mir Taha ağa 1934-cü ildə (bəzi məlumatlara görə 1927-ci ildə) Yardımlı rayonunun Perimbel kəndində doğulmuş, cənub bölgəsində çox məşhur olan din xadimi axund Molla Hüseyndən dərs almış, xalqımızın dini təfəkkür tarixində istedadı, ağlı, zəkası, qeyri-adi şəxsiyyəti ilə silinməz izlər qoymuşdur.

Ağır repressiya illərində doğma yurd-yuvalarından köçürülən, sürgünlərə, məşəqqətlərə məruz qalan Perimbellilərin acı taleyi əslində bədii əsərlərin, filmlərin mövzusudur.

Bir çox ailələr kimi ev-eşiyindən didərgin salınan Hacı Seyid Mir Taha ağanın ailəsi əvvəlcə Salyan rayonunda, sonra isə Biləsuvar rayonunun Bəydili kəndində məskunlaşmışdır. Ömrünün sonuna qədər bu kənddə yaşayan Mir Taha ağa Bəydili kəndinin ən nüfuzlu ağsaqqalı, din xadimi, hər bir kəsin doğması, əzizi, məsləhətçisi, nicat yeri olmuşdur. Ağanın böyük oğlu Hacı Mir Sahib Mir Taha oğlu danışır ki, gözümü açandan, ağlım kəsəndən ağamızın daim ibadətlə məşğul olduğunun, Quran oxuduğunun, namaz qıldığının şahidi olmuşam. Beş yaşım olandan mənə namaz qılmağı, oruc tutmağı təlqin etdi. Təkcə mənə yox, bir çox tələbələrinə Qurani-Kərimi, Tövzul Məsaili (Risaləni), Tənbeul Qafili təlim etdi. Quranın 47 surəsini əzbərdən oxuyurdum.

Tələbələrin çoxu uzaq rayonlardan gəlirdi. Ağam onlara Quranı, islam dininin zənginliklərini, şəriəti təlim edir, öz evimizdə onları saxlayır, qayğılarına qalırdı. Maddi vəziyyəti ağır olan nə qədər ailələrə yardımlar edərdi.

Kəndimizdə, rayonumuzda olan yetim uşaqların, kasıbların adları yazılmış dəftəri özüylə gəzdirər, onlara daim yardımlar göndərərdi. Qurban, fitr bayramlarında bu ailələrə şəxsən özü baş çəkər, təskinlik verər, qayğılarına qalardı.

Mir Taha ağanın xeyirxah məsləhətlərinə qulaq asan, xeyir-dualarını alan, həyatda uğur qazanan insanlar onun necə işıqlı, nəcib bir insan olduğundan danışırlar.

Zəkiyev Mir Zəkulla Mir Övliya oğlu: “Ağam rəhmətlik Axund Molla Hüseyndən dərs alırdı. Molla Hüseyn dərin zəkalı, bilikli, islam təlimlərini, Quranı mükəmməl bilən, əqidəli, müdrik bir din xadimi idi. İndi Biləsuvarda bu görkəmli  şəxsiyyətin adına küçə var və mən hərdən bu küçədən keçəndə lövhə önündə ayaq saxlayıram. Gözlərim önündə onun nurani siması canlanır.

Mən uşaq idim. Dayım Mir Taha ağa dərsə gedəndə məni də özüylə aparardı. Və hər dəfə qapıdan içəri daxil olanda bu dağ ağırı kişi ehtiramla ayağa durardı. Axund Molla Hüseynin nəvəsi ilə dostlaşmışdıq. Çöldə ora-bura qaçır, oynayırdıq. Yorulub hər dəfə içəri girəndə ağ saqqallı nurani Axund Molla Hüseyn təkrar-təkrar ayağa durardı. Molla Hüseynin hər dəfə ayağa qalxmasına təəccüblənəndə o deyirdi:

- Bala, mən sənə görə ayağa durmuram ki, sənin cəddinə görə dururam.

Rəhmətlik Axund Molla Hüseyn nənəmin qardaşıydı. Bizim kəndimizdə günü bu gün də çoxları bilmir ki, repressiya illərində təqib olunan Axund Molla Hüseyn neçə il bizim evdə gizlənmişdi. Mir Taha ağa da daim qorxu, həyəcan, basqı altında yaşamışdı. Bizim rayonda bir müstəntiq vardı. Adını çəkmirəm, rəhmətə gedib. Deyirdilər ki, bütün mollaları bir-bir çağırıb danışdırır, istintaqla qorxudur, şantaj edir, çuğul kimi işlədirdi. Mollalardan kimi dindirirdin, deyirdi ki, mən molla deyiləm, sadəcə müsəlmanam. Ölü düşəndə götürürəm.

Hüzür düşəndə hamı qaçırdı, meydanda Mir Taha ağa qalırdı. Ağam deyirdi ki, bala, mən o günahı öz üzərimə götürə bilmərəm ki, ölü yerdə qalsın, mən getməyim. Bir dəfə mərhumun yeddisi çıxanda müstəntiq ağanı çağırmışdı və dayım demişdi ki, bala, sənin məclisində olmuşam, bir manat almışam? Gəlmişəm şəriətin buyruğuynan Quran oxumuşam, mərhumu götürmüşük! Bütün müsəlmanlar bunu bacarmalı, icra etməlidir. Qadağandısa deyin, bilək, ta ölü götürməyək. Əgər konstitusiya ilə dini azadlıq yoxsa deyin, biz də bilək. Söz tapa bilmirdilər. Amma çuğullar dinc dayanmırdılar. Xəbər verirdilər ki, ağanın evində Quran var. Gəlib evdə Quran kitabını axtarırdılar, evi-eşiyi alt-üst eləyirdilər.

Yaxında biri vardı. Deyirdilər əşi, bu nə ağlaşmadı? Cavab verirdi ki, dədəm ölüb, dədəmi ağlayıram.

- Dədən haçandı ölüb, indi niyə ağlayırsan?

- A balam, dədəmdi də, yadıma düşüb ağlayıram, ağlamağa da sizdən icazə alacam?

Hacı Seyid Mir Taha ağa həm həyatda, həm də dini əqidəsində bütöv olub, nəfsini qoruyub, haram tikə yeməyib.

Müdrikliyi, hazırcavablığı, təmənnasızlığı, təmizliyi, mərdliyi ona həmişə baş ucalığı gətirib. Hazırcavablığına aid bir misal: Bir dəfə ağanı sorğu-suala çəkirlər. Görürlər ki, bir şey alınmır, soruşurlar ki, niyə saqqal saxlayırsan? Ağa da suala sualla cavab verir, Marksın, Engelsin, Leninin divardan asılmış portretlərinə işarə edib bəs proletariatın rəhbərləri niyə saqqal saxlayırlar?

Bu gün bu anım günündə Mir Taha ağadan, onun qüdrətindən, böyüklüyündən danışır, onu minnətdarlıqla yad edirlər. Əsl insan ömrü budur.

Mir Taha ağanın Quranı oxumaq, şərh etmək, onu olduğu kimi insanlara çatdırmaq yolunda gördüyü müstəsna işlər haqqında cənub bölgəsində yaşayan tanınmış din xadimlərindən maraqlı söhbətlər eşitdim. Quran ayələrindəki hər bir sözün, hətta hərfin enerjisini, təlqin gücünü, mənasını Mir Taha ağa qədər məclisdəkilərə aydın şəkildə çatdıran tək-tək din xadimləri olmuşdur. Bu, ağanın müqəddəs kitabımız Qurana olan böyük sevgisindən, dini-elmi biliklərə dərindən yiyələnməsindən, zəngin mütaliəsindən gəlir.

Müharibə veteranı, vəkil Yavər Hüseyn: “Mir Taha ağa gözəl yaddaşı və biçimli danışığı ilə diqqəti çəkirdi. Hər danışığında daxili aləminin zənginliyi, mənəvi saflığı, xeyirxahlığı, nəcibliyi özünü büruzə verirdi. Ümumbəşəri duyğuları, narahatlıqları, insanlığın sabahki taleyi barədə duyğu və düşüncələri, xüsusən Qarabağla bağlı hiss və həyəcanları, inamı diqqət çəkirdi.

Ağanın Qarabağla bağlı söylədiyi ifadələr olduqca ibrətamizdir: “Qarabağın işğaldan təmizlənməsi üçün kim nəyi bacarırsa onu da etməlidir. Bu məsələnin hərbi və siyasi yolu ilə yanaşı digər bir yolu da var ki, o da bizim dualarımızdı. Əlinə silah alıb döyüşə bilməyən və yaxud da ki, siyasi mübarizə aparmaq imkanında olmayan hər bir kəsin ən azı duaları ilə problemin həllinə yardımçı olması mümkündür”.

Ona qulaq asdıqca öz-özümə deyirdim: “Yaxşı ki, dünyada belə müdrik, ağıllı insanlar vardır, dünya da onların çiynində dayanır.

Mir Taha ağanın uzaqgörənliyinə əmin olduğumdan sonuncu görüşümüzdən böyük ümid və inamla üzünü mənə tutaraq dediyi bu sözlərlə ayrıldım: “Nəbadə ruhdan düşəsən, biz hökmən Şuşaya, işğal altında olan digər torpaqlarımıza dönəcəyik”.

Təəssüf, min təəssüf ağa Qarabağımızın azad olunduğu günü görmədi. Amma düşünürəm ki, ruhu rahat və şaddır. Bayrağımız Şuşamızda dalğalanır”.

Hacı Əlibala Güləş oğlu Mirzəyev: “Köhnə vaxtlar idi. Bir gün ağam bizə gəlmişdi. O vaxtlar tək-tək adamlarda radio vardı, televizor, maqnitofon - filan yox idi.

Radioda aşıqların dastan gecələri olurdu. Çox maraqla qulaq asardıq. Hansı aşıqsa “Əsli və Kərəm” dastanından bir yeri oxuyurdu. Ağanın atamla zarafatları var idi. Dedi ki, radionu bağla. Atam dedi ki, ağa, qurban olum, qoy aşıq dastanın bu yerini bitirsin, bağlayıram. Aşıqsa bitirmək bilmir, baş alıb gedirdi. Mir Taha ağa qayıtdı ki, əşi, bağla radionu də!

Atam musiqinin səsinə necə uymuşdusa radionu bağlamaq fikri yox idi.

Birdən ağam oturduğu yerdə əliylə radionu söndürürmüş kimi bir hərəkət etdi və dalğa qəfil pozuldu. Atam ha çalışdı, dalğanı nizamlaya bilmədi. Hamımız heyrət elədik. Bu ilahidən ağaya verilmiş qeyri-adi güc idi, cəddinin möcüzəsi idi.

Ağanın Bilic kəndindən olan bacanağı çöldə işləyirdi. Qış fəsli imiş. Mir Taha ağa yolun qırağında Şorsu kanalının yanında dayanıb maşın gözləyirmiş ki, minib çölə, sahəyə getsin. Dağ rayonundan bir “Villis” yaxınlaşır, içərisində də ferma müdiri. Sən demə qışlaqdakı fermaya baş çəkməyə gedirmiş. Nə isə, ağanın yanından keçəndə sürücü maşını saxlamır. Kənd yeridi də, yolun qırağında dayanan adamı keçən maşınlar adətən yolda qoymurlar. Lap heç seyid deyil, ağsaqqal deyil, Allah bəndəsidi, yol üstədi, gərək götürəsən. Bu adətdi, kənd yerində yazılmamış qanundu – insanlıq qanunu. Maşın ötüb keçir. Ağam deyir ta neyləyim, saxlamadı də. Yer möhkəm palçıqdı, maşın bir yüz metr gedib, xırp dayandı. Nə illah elədilərsə, işə düşmədi ki, düşmədi. Keçəndə görmüşdülər axı, saqqallı, məlul-müşkül bir kişiyəm, dayanmışam, yəqin maşın gözləyirəm. Noolsun məni tanımırsan, bəs insaf, mərhəmət hissi, ağsaqqala hörmət? Bir də gördüm budur, sürücü də, ferma müdiri də palçığa bata-bata mənə sarı gəlirlər. Gəlib çatdılar. Üz-gözlərində peşmançılıq hissi duyulurdu. Soruşdular ki, ağsaqqal, kimsən, hara gedirsən? Başa saldım ki, seyidəm, çölə bacanağıma baş çəkməyə gedirəm. Başa düşdülər məsələ nə yerdədi. Dedilər ki, ağa, bizi bağışla, yanından keçib səni götürməmişik. Gəl nəzərini bir bu maşına sal görək noolur, səni də mənzil başına çatdıraq.

Gəldim maşının yanına, əlimi qoydum kapotun üstünə. Sürücü də bayaqkı kimi başladı motoru qurdalamağa və maşın anında işə düşdü. Məni fermadan bir xeyli aralıda olan gedəcəyim yerə çatdırdılar, dil-ağız eləyib getdilər”.

Mir Taha ağanı yaxından tanıyanlar ondakı ilahi təlqin gücünə, fitrətindəki dərinliyə, əzəmətə, işığa, nura həmişə heyran qalmışlar. Onun əllərindən şəfa, dualarından nicat tapanlar ağanı minnətdarlıqla yad edir, ona rəhmət oxuyurlar.

İnsan dininə, müqəddəslərinə tapınmalıdır. Onda o qeyri-adi gücə, enerjiyə malik olur.

Ağac bar gətirəndə başını aşağı əyir. İnsan da gərək böyüyünə, dininə, müqəddəs inanclarına, keçmişinə hörmətlə, ehtiramla yanaşsın.

Hacı seyid Mir Taha ağa haqq adamıydı, Allahın ən sevimli bəndəsiydi. O bu gün də yaddaşlarda, xatirələrdə ehtiramla, məhəbbətlə yad edilir.

Nə fitnə qalacaq, nə şər qalacaq,

Yaxşı kişilərdən əsər qalacaq.

Çör-çöpü sahilə tullayır dəniz,

Dənizin dibində gövhər qalacaq.

Böyük Xəlil Rza Ulutürkün bu misraları elə bil ürəklərdə, könüllərdə işıqlı, parlaq xatirəsi yaşayan Hacı Seyid Mir Taha ağaya yazılıb.

...Bəli, yaxşı kişilərdən saralmayan, solmayan, unudulmayan əsər qalacaq.

Bu gün Mir Taha ağanın xatirəsinə ucaldılmış bu möhtəşəm məqbərə elə ağanın qoyub getdiyi yaxşılıqlardan yoğrulmuş ən böyük əsərdi. Ağanı tanıyanlar, tanımaq istəyənlər bu əsəri vərəq-vərəq oxuyacaqlar.

Ruhun şad olsun, ağa!

 

Zülfüqar Şahsevənli

 

Bakı Xəbər.- 2021.- 27 iyul.- S.13.