Əmzik...
YUNUS OĞUZ
Felyeton
Oturmuşdum redaksiyada, özüm üçün cızma-qara edirdim. Yox, yox, elə başa düşməyin ki, kiminsə başına corab toxumaq üçün bu işlə məşğul oluram. Bunun üçün bəzi saytlar, redaktorlar var ki, bu işi "sənətkar"casına görürlər. Həm də elə edirlər ki, adamın heç ruhu da incimir. Yəni corabı elə toxuyurlar ki, bir də görürsən torun içindəsən. Körpə əmziyi necə sorursa, onlar da "kliyentin" olan-qalanını elə sorur. Belə südün mayasında təhdid, şantaj, qorxutmaq, qorxmaq varsa, day heç zad. Adam mayanı batırmır, e.., ömrünü batıra-batıra gedir.
Nə isə, telefon zəng çaldı. Ekranda köhnə dostumun nömrəsi göründü. Yaradıcı adamdır, hərdən şeirdən, sənətdən mırt vururuq. Açdım telefonu. Səsindən qayğılı olduğunu hiss etdim. Salamlaşdıqdan sonra soruşdum:
-Nə var, nə yox? Səsindən hiss etdim ki, qayğılısan. Bir şey olmayıb?
Dostumun elə bil dərdi açıldı:
-Demə Mirzə, demə. İki gündür bir sözə qafiyə tapmıram deyə gözümə yuxu getmir.
Ürəyimdə fikirləşdim ki, bu da sənə ikinci Moşu, qafiyə axtarışındadır. Gülmək istəsəm də özümü yığışdırdım. Axı, kişinin son ümid yeri mən idim, telefon açıb kömək istəyirdi.
-O nə sözdür ki, sənin kimi sənətkar, təbi gələndə ruhu ala buludlarda dolaşan ustad girinc olub?
Düşünmədən cavab verdi:
-Əmzik.
-Nə, nə.., əmzik? - Dəqiqləşdirmək istədim. - Əmzik dedin?
-Hə də, əmzik dedim, Mirzə. Qəşəng uşaq şeiri
yazıram. İlişmişəm bu sözün qafiyəsində.
Gülmək məni tutdu. Bir qədər güləndən
sonra dedim:
-Sən bu əmziyə aid şeiri böyüklərə
həsr etsəydin qafiyəsin tez tapardın. Məsələn, Nazik-əmzik. Bu sözün sinonimin
işlətsən, daha
güclü bir şey ortalığa çıxarda bilərdin. Vaxtın varsa keşmişdən
bir əhvalat danışım.
-Buyur, Mirzə! Sənin danışdığın əhvalatlar duzlu və mənalı olur.
-Deməli, bir nəfər səfərə getməyə
hazırlaşır. Bunun bir
qədər parası
varmış. Pulunu evdə
saxlamağa qorxur.
Fikirləşir ki, neçə gün evdə heç kim olmayacaq,
oğrular gəlib əlində-ovcunda olanı
apararlar. Nə isə, onu basır cibinə, durub gəlir vəzifədə işləyən
dostunun yanına.
Hal-əhvalatı danışır, cibindən
amanatı çıxardıb
vermək istəyəndə,
dostu etiraz edir. Deyir ki, gərək
bu işi şahidlərin yanında
edəsən. Dərhal
işçilərindən üç-dörd nəfəri
yanına çağırıb
deyir:
-Bu adam bu qədər pulu əmanət
edir. Hamınız şahidsiniz?
İşçilər bir ağızdan dillənirlər:
-Hə, şahidik...
Adam arın-arxayın
gedir səfərə. Qayıdan kimi
gəlir dostunun yanına ki, bəs amanatı qaytar, mən gəlmişəm. Dostu cavab
verir ki, nə amanat? Məndə heç bir amanatın yoxdur.
Adam pərt halda deyir:
-Ay, müəllim!
Necə yəni amanatım səndə deyil? Mən sənə, bax burada, şahidlərin yanında filan qədər pul vermişəm. Çağır onları.
Müəllim "yaxşı" deyib həmin işçiləri
çağırır. Onlara xitabən soruşur:
-Bu adam iddia edir ki,
sizlərin yanında mənə bir miqdar
pul verib. Siz də şahidsiniz.
Hamısı bir ağızdan deyir:
-Xeyr, biz elə bir işə
şahidlik etməmişik.
Adam görür ki, dostuna verdiyi
pul batıb, əli ətəyindən
uzun geri qayıtmaq istəyəndə
müəllim onu saxlayır, seyfindən pulu çıxarıb
ona qaytarır.
Adam təəccüblə
soruşur:
-Müəllim, bəs niyə bayaqdan məzhəkə çıxardırdın? O nə
idi, bu nə
idi?
Dostu tövrünü
pozmadan deyir:
-Havayı mal, pul süd verən
əmzik kimidir. Əmdikcə əmmək istəyirsən.
Tamahını saxlamasan, elə
hey sormaq istəyəcəksən.
Bununla sənə göstərmək
istədim ki, əclaf məmurların içində gör necə işləyirəm?
Telefonun o biri başından dostumun qəhqəhə dolu gülüşünü
eşitdim. Sakitləşəndən
sonra soruşdu:
-Mirzə, danışdığının alt qatını anlamadım, bir izahat ver. Mən söhbəti əmzikdən başladım,
sən əclaf məmurlarda qurtardın.
-Elə mən də gəlirəm sənin məsələnin üstünə.
Soruşdum:
-De görüm, əclaf məmurların abreveturası necə olacaq?
O düşünmədən
cavab verdi:
-"ƏM"
-Ay sağ
ol! Özü də, bu hərəkətdə olan
aktiv feldir. İndi gör bu feldən
neçə isim yaranır; "əmzik, əmcək, əmən və s". İndi qışqırmayana
nə məmə var, nə də
pəpə (pəpə
uşaq dilində çörək mənasını
verir), yəni böyüyə də əmzik lazımdır, kiçiyə də.
İllah
da, Allah məmurlarımıza
insaf verməsin, hərə əlində bir əmziklə düşüblər dövlətin
büdcə adlı borusunun üstünə.
Bu boruda hərə
bir deşik açıb əmziyini yapışdırıb ora.
Sorhasordur. Qara maskalılar birini
qapazlayıb basır içəri, əmziyini əlindən alır.
Nə qədər əmibsə burnundan gətirir. Onun yerinə təyin olunan məmur gələndə özü
ilə əvvəlkindən
də böyük əmzik gətirir. Şövqlə yapışdırır büdcə borusunun üstünə. Büdcə də
vakuumla işləyir deyə dərhal yapışır. Qaz, su, neft borularını açırsan, vakuumda olduqlarına görə əvvəlcə təzyiqlə
hava gəlir.., sonrası isə əmziklərin işidir.
İndi hərə əlində bir, bərkgedənlər isə iki-üç əmzik gəzdirir. Harda tutursa, orada sormağa başlayırlar.
Lap o meyxanada deyildiyi kim:
Sorhasordur, əmib sorub durdular
Əcəb deyib əmziyimizi qırdılar.
Amma qafiyə yaxşı gəldi ha.
Dostum razılaşdı, həm də elə bil dərdi açıldı:
-Düz deyirsən, Mirzə, - dedi- bu məmurlar əmziklərin bir neçəsini ötürüblər qida sahəsinə. Qiymətlərin üstünə elə bil əmziyin də qiymətini qoyublar. Sən canın Mirzə, belə şey olar? Hələ aptekləri demirəm. Məmləkətdə sanki hərrac keçirilir, qiymət davası gedir. Bu gün bu qiyməti qoyuram, sabah qaldırıram. Alan varmı? Əlbəttə var, ehtiyac varsa, deməli qiyməti qaldırmaq lazımdır. Əmziklər işləyir.
-Bir anlığa susdu, nə düşündüsə sual verdi.
- Yaxşı, Mirzə, bəs mən neyləyim?
Mən də gülərək cavab verdim:
-Sən bu əmziyə qafiyə axtarmağı tərgit, amma əmziyini yanından əksik eləmə. Bəlkə sənin də bəxtin gətirdi, qabağına yekə boru çıxdı, o zaman onu ora
yapışdırarsan. Necə deyirlər: "Süd verən inək yelindən bəllidir".
Dostum mənimlə razılaşıb
sağollaşdı. Deyəsən ağlına nəsə batmışdı.
İndi bu şair dostum
cibində əmziklə
aralarda dolaşır. Hələ ki, cəhdləri alınmayıb.
Bakı Xəbər
.- 2021.- 26 noyabr.- S.10.