Regionların ümumi inkişaf prosesində strateji rolu artır

 

Bu gün Azərbaycan üçün prioritet məsələlərdən biri regionların hərtərəfli dinamik inkişafının təmin olunmasıdır. Qeyd edilən məqsədlə bu vaxta qədər dövlət tərəfindən genişmiqyaslı işlər görülüb, müxtəlif dövlət proqramları qəbul edilərək icraya yönləndirilib. Elə bundan irəli gəlir ki, son 17 il ərzində regionlarda əhəmiyyətli inkişaf qeydə alınır.

 

Azad edilmiş ərazilər Azərbaycanın iqtisadi tərəqqisini daha da sürətləndirəcək

 

44 gün davam edən Vətən müharibəsindən sonra Azərbaycan regionların inkişafı məsələsində siyasətini artıq yenidən nəzərədən keçirməkdədir. Çünki artıq inkişaf üçün cəlb edilən ərazilərin miqyası böyüyüb. Azad edilmiş ərazilər ümumi inkişaf dövriyyəsinə cəlb edilməkdədir. Təbii ki, bu da öz növbəsində, ilk olaraq ümumi iqtisadiyyatın böyüməsinə ciddi təsir edəcək.

 

Əslində, qeyd edilən xüsusda indidən müvafiq addımlar atılır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi qrupunun məlumatına görə, 44 günlük Vətən müharibəsindən sonra Füzuli rayonunun azad olunmuş 600 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində taxıl becərilib məhsul tədarük edilib. Həmçinin, cari ildə rayonun 288.8 hektar ərazisində şəkər çuğunduru əkilib həmin torpaqların 78,8 hektarı işğaldan azad edilmiş əraziləri əhatə edir. Füzuli rayonunun işğaldan azad edilmiş Seyidmahmudlu kəndi ərazisindəki minalardan təmizlənmiş həmin torpaqlarda şəkər çuğunduru ilk dəfədir becərilir yüksək məhsuldarlığa nail olunub. Belə ki, şəkərlilik faizi 15-16 faiz göstərici ilə hər hektardan 55-60 ton məhsul yığılıb bugünə kimi 1800 tona yaxın məhsul tədarük edilib. Rayon üzrə bu göstərici 3600 tondur. Sahələrdə şəkər çuğunduru yığımı davam edir. Məhsulun itkisiz optimal müddətdə tam yığılıb tədarük edilməsi üçün müasir tipli çuğundur yığan kombayndan istifadə olunur. Əkin sahələrinə suvarma suyu Köndələnçay üzərində yerləşən su anbarından verilir. Artıq bu faktın özü azad edilən ərazilərin Azərbaycanın ərzaq təhlükəsizlyinin təmin edilməsində hansı mühüm rol oynayacağını bəri başdan təsəvvür etməyə imkan verir.

 

Göründüyü kimi, azad edilən ərazilər hesabına ölkəmizdə aqrar sektorun dinamik inkişafı üçün əlavə münbit zəmin yaranıb. Bu sahədə indi yeni köklü dəyişikliklər başlanır. Aqrar sektora dövlət dəstəyinin gücləndirilməsi, müvafiq institusional dəyişikliklər, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyən edilməsi sayəsində qeyd edilən müstəvidə həm keyfiyyətcə yeni mərhələyə keçid başlanıb.

 

Regionların inkişaf siyasətinin uğurlu icrasının daha bir təzahürü

 

Təbii ki, azad olunan ərazilər təkcə aqrar sektor baxımından inkişaf prosesinə təsir etməyəcək. Burada digər mühüm istiqamətlər mövcuddur. Sözügedən yerlər innovativ texnologiyaların tətbiqi baxımından da xüsusi diqqət cəlb edir. Azərbaycanda ilk olaraq məhz bu yerlərdəAğıllı kəndAğıllı şəhərkonsepsiyası tətbiq olunur.

 

Qeyd edək ki, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri bir çox ölkələrdə icra olunur. Onların tətbiq edildiyi yerlər həm də turizm mərkəzlərindən biridir. Bu da o deməkdir ki, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri gələcəkdə Qarabağın və Şərqi Zəngəzurun gözəl guşələrinin dünyada daha çox tanıdılmasına kömək edəcək. Daha bir vacib məqam budur ki, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri həmçinin texnologiyalara əsaslandığı üçün texnoloji investorların da bölgəyə cəlb edilməsinə, startapların yaradılmasına və ən əsası, burada yaradılacaq aqroparkların və texnoparkların inteqrasiya olunmasına gətirib çıxaracaq. Bu gün dünya miqyasında  nəqliyyat sistemi iqtisadiyyatın əsas aparıcı sektorlarından biri kimi özünü göstərir. Dünyanın inkişaf etmiş ölkələrində nəqliyyat-logistika sisteminə bu mənada xüsusi diqqət yetirilir. Azərbaycan da nəqliyyat-logistika sisteminin inkişafı istıqamətində son illərdə mühüm addımlar atıb. Azad edilmiş ərazilər isə bu istiqamətdə yeni imkanlar yaradır. Artıq məlumdur ki, azad olunan ərazilərdə 3 beynəlxalq hava limanı fəaliyyət göstərəcək. Füzuli aeroportu artıq təyyarələr qəbul edir. Zəngilan və Laçın hava limanlarıının da təməli qoyulub. Zəngəzur dəhlizinin faəliyyəti istiqamətində də Azərbaycan zəruri addımlar atır. Sözügedən dəhliz, nəinki Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat əlaqələrinin şaxələndirməsi, həmçinin Xəzər və Aralıq dənizindən başlayaraq Cənub Şərqi Asiya və Mərkəzi Asiya olmaqla Avropa arasındakı nəqliyyat-logistika xətti kimi fəaliyyət göstərəcək. O da məlumdur ki, azad olunmuş torpaqlarda 160 müxtəlif qiymətli metal yatağı var. Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdə qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqlar mövcuddur. Yeraltı ehtiyatlar içərisində qızıl yataqları mühüm əhəmiyyət kəsb edir. İndi onların istismarını əsl sahibi kimi Azərbaycan həyata keçirəcək. Bütün bunlar Azərbaycana yeni iqtisadi üstünlüklər qazandırır və ölkənin iqtisadi mövqelərini daha da gücləndirir. Məhz bundan irəli gəlir ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində dağıdılmış ərazilərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb. Bu, həm də regionların inkişaf siyasətinin uğurlu icrasının daha bir təzahürüdür.

 

Tahir TAĞIYEV

 

Bakı Xəbər  2021.- 1 oktyabr.- S.12.