Azərbaycan beynəlxalq inteqrasiya
proseslərində yeni tarix
yazır - Türk inteqrasiyasının
12-ci ildönümü...
Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra dünyaya yenidən açıldı, region və dünya dövlətləri, beynəlxalq təşkilatlarla əlaqələri daha da genişləndirdi, bir sıra qurumlarla yeni əlaqələr yaratdı. Heç şübhəsiz, Türk dünyasının bir araya gəlməsi ən mühüm məsələlərdən biri kimi diqqəti cəlb edir.
Azərbaycanın türkdilli ölkələrlə, xalqlarla yaxınlaşması, eyni genetik, tarixi köklərə malik olduğumuz dövlətlərlə daha da yaxından təmas qurması üçün müxtəlif siyasi-iqtisadi, mədəni-humanitar platformalar meydana gəldi, bir birliyi rəsmiləşdirən müqavilələr imzalandı. Belə müqavilələrdən biri də 3 oktyabr 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında imzalanan Naxçıvan müqaviləsidir. Oktyabrın 3-də Naxçıvan müqaviləsinin 12-ci ildönümü qeyd edildi...
Naxçıvan müqaviləsinin tarixi əhəmiyyəti...
Naxçıvan müqaviləsi 2009-cü ilin 3 oktyabr tarixində IX Türkdilli Ölkələr Dövlət Rəhbərləri Zirvəsində iştirakçı dövlətlər olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran müqavilədir. Müqavilənin əsas məqsədi iştirakçı dövlətlər arasında əməkdaşlığın artırılmasıdır. Bu müqavilə ilə Türk Şurası adında beynəlxalq təşkilatın qurulmasına qərar verilib. Azərbaycan Prezidenti İlham Əliyevin evsahibliyi etdiyi Zirvədə Türkiyənin o zamankı prezidenti Abdulla Gül, Qazaxısatın sabiq prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev (sabiq) və Türkmənistan prezidenti köməkçisi Xıdır Saparliyev (sabiq) qatılıb.
Türk dövlətləri arasında əməkdaşlığın daimi təşkilatı olan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) təməli olan Naxçıvan Sazişi məqsədinə bir addım yaxınlaşaraq 12-ci ilini tamamladı. Sirr deyil ki, Naxçıvan müqaviləsi ilə həyat qazanan Türk Şurası beynəlxalq platformaya çevrilib.
Tarixçilər qeyd edir ki, 1992-ci ildə qurulan Türkdilli ölkələr, 3 Oktyabr 2009-cu il tarixində Ankarada reallaşdırılan dövlət başçılarının zirvə görüşündə qurulan əməkdaşlıq, Azərbaycan, Qazaxıstanın Naxçıvan şəhərində ev sahibliyi etdi və Qırğızıstan prezidentlərinin qatıldığı toplantıda imzalanmış sənədlər daha çox rəsmi şəxsiyyət olaraq qəbul edildi. Daimi bir quruluş olan Türk Şurası quruldu.
Türk Cümhuriyyətləri müstəqillik qazandıqdan sonra qardaş respublikalarla ikitərəfli və çoxtərəfli əməkdaşlığa verdiyimiz strateji əhəmiyyət çərçivəsində daha da həmrəylik, məsləhətləşmə və əməkdaşlıq istəyən Azərbaycan, Qazaxıstan və Qırğızıstan ilə Türk Şurasının yaradılması tarixi bir inkişaf idi. Ortaq tarix, mədəniyyət, dil, din və mənşədən qaynaqlanan güclü əlaqələri olan ölkələrimizi bir araya gətirən Türk Şurası Avrasiya coğrafiyasındakı əməkdaşlıq mexanizmlərini tamamlayacaq və bölgədəki əməkdaşlıq mühitinin inkişafına müsbət töhfə verir.
“Türk Şurasının yaranması Türk xalqlarının həyatında olduqca əlamətdar hadisələrdən biridir”
AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlı da “Bakı-Xəbər”ə ilk növbədə bildirdi ki, Türk Şurasının yaradılmasını təsdiqləyən Naxçıvan müqaviləsinin imzalanmasının bütün mənalarda əhəmiyyəti çox böyük olub. “Bilirsiz ki, Türk Şurası 3 oktyabr 2009-cu ildə yaranıb. Türk Şurasının yaranması türk xalqlarının həyatında olduqca əlamətdar hadisələrdən biridir. Bu beynəlxalq platforma Naxçıvanda keçirilən IX Türkdilli Ölkələr Dövlət Rəhbərləri Zirvəsində yaradılıb. IX Türkdilli Ölkələrinin Dövlət Rəhbərlərinin Zirvə görüşü Azərbaycan dövlətinin Naxçıvan Muxtar Respublikasında keçirildiyi üçün Türk Şurasının yaradıldığını təsbit edən hüquqi sənəd Naxçıvan müqaviləsi də adlanır. Təbii ki, Türk Şurasını Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, dövlət başçılarının imzaladığı hüququ sənədlə yaranıb. Bu şuraya həmçinin türk dövlətlərinin əməkdaşlıq şurası da deyirlər. Həmçinin orta Asiya ləhcəsində buna Türk Gənəşi də deyirlər, gənəş məsləhətləşmə deməkdi. 2018-ci ilin 30 aprelində Özbəkistan da Türk Şurasına daxil olub. Eyni zamanda Macarıstan da 2018-ci ilin sonlarında Türk Şurasında müşahidəçi dövlət statusunda iştirak edir. Bilirsiz ki, Türk Şurasının yaradılması olduqca tarixi bir hadisə idi. Çünki həmin dövrə qədər türk dövlətlərinin zirvə toplantıları keçirilirdi. 1990-cı ilin əvvəlindən yaradılan TÜRKSOY-un elm və mədəniyyət sahəsində fəaliyyəti türk dünyasını əhatə edirdi. Lakin konkret olaraq türk dövlətlərinin istər siyasi, istər iqtisadi, istərsə də mədəni müstəvidə bir təşkilatın yaranmasına ehtiyacı vardı, bu zərurətə çevirilmişdi. Məhz Türk Şurasının yaradılması zərurətdən meydana gələn bir məsələ idi və onun nəticəsi olaraq da bir beynəlxalq təşkilat statusunda qeyd etdiyim kimi 12 il bundan əvvəl Naxçıvan müqaviləsi ilə Türk Şurası yaradıldı. Bunun sözsüz, ilk siyasi tərəfi beynəlxalq təşkilat statusunda olmasıdırsa, digər tərəfi ondan ibarətdir ki, istər siyasi, istər iqtisadi, istər mədəni, istərsə də hərbi-siyasi baxımdan türk dövlətləri arasında geniş əməkdaşlıq əlaqələrinin qurulması, formalaşdırılması və inkişaf etdirilməsi olub”.
“Bu Şurada Azərbaycan da olduqca vacib rola
malikdir”
M.Ağalarlı qeyd etdi ki, Türk Şurasının baş ofisi İstanbulda yerləşir və burada əsas tərəflərdən biri istər icraedici, istərsə də, məşvərətçi, istərsə də qərarverici orqan kimi Türk Şurasının bütün strukturları formalaşıb: “Bu Şurada Azərbaycan da olduqca vacib rola malikdir, önəmli yerlərdən birini tutur. Türk Şurasının atributları da, bayrağı da var. Türk dünyası kimi böyük bir coğrafiyanı əhatə edir. Adi bir faktı demək istəyirəm ki, Türk Şurasına daxil olan dövlətlərin əhalisinin ümimi sayı 150 milyona qədərdir. Bu da çox böyük əhali sayıdır, eyni zamanda 10 milyon əhalisi olan Macarısatan da Türk Şurasında müşahidəçi dövlət statusunda təmsil olunur. Bu qurumun olduqca böyük perspektivi var və düşünürəm ki, gələcəkdə Türkmənistan da, Quzey Kıprıs Türk Cumhuriyyəti də Türk Şurasına daxil olmacalar. Fikrimcə, türk dövlətləri ilə yaxın iqtisdi-siyasi münasibətdə olan qeyri-türk dövlətlərinin də Türk Şurasına daxil olmaq ehtimalları var. Mən bunu Pakistan və Əfqanıstanın timsalında ehtimal edirəm. Bilirsiz ki, Pakistan dövləti bizə olduqca yaxın qardaş dövlətlərdən biridir. Eyni zamanda Əfqanıstan əhalisinin də 50 faizə qədəri türk mənşəli əhali olduğuna görə hesab edirəm ki, Əfqanıstan da gələcəkdə Türk Şurasına qoşulan çevrə dövlətlərindən biri olacaq. Bu olduqca perspektivli bir təşkilatdır, beynəlxalq xarakter daşıyır. Türk xalqlarının siyasi, iqtisadi mədəni inteqrasiyasını sistematik şəkildə özündə ifadə edir. Hesab edirəm ki, Türk Şurası gələcəkdə türk dövlətlərinin inteqrasiyasını daha da gücləndirəcəkdi. Sözün əsl mənasında yaxın orta şərqdə, regionda bir türk dövlətlərinin güc mərkəzinə çeviləcək. Necə ki, biz Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar formatı deyiriksə, eyni zamanda bu formatlardan biri də Türk Şurası olacaqdı. Bu rolu öz üzərinə götürəcək. Azərbaycanın da bu platformada bütün sahələrdə aktivliyi bu təşkilatın daha da güclənməsinə, perspektivinin artmasına səbəb olacaq”.
İradə SARIYEVA
Bakı Xəbər
2021.- 5 oktyabr.- S.10.