Akif Cabbarlını 70-ə
çatdıran şərəfli yolu...
Yollar
könüllərdən başlayır, könüllərdə
bitir. Könüllər də o qədər
sonsuz, o qədər nəhayətsizdir
ki... “Həsən bəy Zərdabi”,
“Qızıl qələm” mükafatları laureatı, ustad jurnalistimiz Akif Cabbarlı həm ədəbi-bədii
yaradıcılıqda, həm də jurnalistika
sahəsində öz yolu
olan sənətkardır, qələmdaşımızdır.
Akif Cabbarlının 2021-ci ildə nəşr olunan və “Yolda” adı verdiyi kitabında ustadımızın son illər yazdığı, qanadlandırdığı publisistik qeydləri, ədəbi-bədii düşüncələri, resenziyaları, hekayaləri toplanıb. Kitaba özünəməxsus orijinal çalar qatan məqamlardan biri isə dostların danışdığı maraqlı əhvalatların başqa bir biçimdə təqdimatıdır.
“Başladığın həyat yolunun harada və necə qutaracağını qulağına heç kim pıçıldamayacaq və bunu gözləmə də. Qəlbini Ulu Tanrıya bağla. Var gücünlə hədəfə, ali məqsədə doğru tələs!” Akif Cabbarlının kitabı onun bu ifadələri ilə başlayır. Yol əslində yolçu üçün bir məqsəddir və hədəflərini zərgər dəqiqliyi ilə seçənlər öz ali məqsədlərinə yetişə bilirlər. Əgər Fərhad Bisütun dağını çapıb Şirinə qovuşmaq məqsədini hədəfləməsəydi bir o qədər əzab-əziyyətə dözməzdi, o da həyatını sıradan biri kimi başa vurardı, adı nə tarixin yaddaşında qalardı, nə də dastanlaşardı. Akif müəllim Azərbaycan jurnalistikasının Fərhadlarındandır. Qələm adlı külüngü ilə informasiya məkanında, xüsusən də telejurnalistika sahəsində çox böyük işlər görüb, yol açıb, tələbələr yetişdirib. Akif müəllimin “Biz o şəhərə gedirik” yazısı öz maraqlı cəhətləri ilə diqqəti çəkir. “Yalnız el yükünə vətəndi könlüm”, “Klassik ənənələri yaşada bilsək... “Uzaq əsərlərin dolaylarında...yaxud tarixi keçmişimizə səmtlənən işıq”, “O əsl ürək adamı idi”, “Yeni üslüb və fəlsəfi düşüncə axtarışında”, “Kənan Hacı obrazı ilə dostluq edən yazıçı”, “Sözünü eşitdirə bilirsənsə...güclüsən”, “Gözəlim Bakını gəzmək istəyirəm...” yaxud hər birimizin can sağlığı Vətənin salamatlığıdı”, “Xatirələr yaddaşa dönəndə”, “Büllur səslər sorağında”, “Təzyiq dərmanı sonraya qaldı”, “Ürək çatışmazlığı, yoxsa...”, “Yolda”, “Qonşuluqda “bəy tərifi”, “Novator rəisin novator işçiləri”, “Feyzullahın çimməkliyi” və başqa maraqlı ədəbi-bədii, publisistik qeydləri ustadımızın son illər qələmə aldığı gözəl nümunələrdir.
Akif Cabbarlının yaradıcılığı haqqında çox danışılıb, çox yazılıb, bizim görkəmli qələm adamlarının böyük əksəriyyəti ustadımızın yaradıcılıq hadisələrini qiymətləndirib. A.Cabbarlı bir jurnalist kimi hamımıza örnəkdir. O, bizim çox azsaylı jurnalistlərimizdəndir həm televiziya, həm də qəzetçilik sahəsində böyük örnəklər ortaya qoya bilib. Bu örnəklərdən biz hamımız istifadə edirik, bəhrələnirik.
Akif Cabbarlı 70 illik şərəfli həyat yolunun təxminən yarım əsrini peşəkar jurnalistikaya bəxş edib, Azərbaycanı və dünyanı qarış-qarış gəzib, Azərbaycan həqiqətlərini dünyaya yayan jurnalistlərimiz sırasında öndə dayanıb. Akif müəllim, AzTV-nin Xəbərlər proqramına rəhbərlik edərkən bu sahəyə dinamiklik, lakoniklik və yüksək peşəkarlıq bəxş edib, neçə-neçə xəbər jurnalistini yola-izə salıb, düzgün səmtə istiqamətləndirib. Bu il Akif Cabbarlının 70 illik yibileydir həm də. A.Cabbarlının 70 illiyinə ən böyük hədiyyə, mükafat isə ustad jurnalsitimizin Şuşanın vüsalına qovuşması oldu. 1982-ci il yanvarın 14-də Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində iştirak edən gənc tele-jurnalist Akif Cabbarlı ömrün 70-də azad Şuşa ilə qolboyun oldu. Şuşa azad edildikdən sonra böyük Azərbaycan şairi, ictimai-siyasi xadimi Molla Pənah Vaqifin işğal dövründə ermənilər tərəfindən dağıdılan məqbərəsi yenidən bərpa edildi. Açılış mərasimində iştirak edənlərdən biri də A.Cabbarlı idi. Şuşaya getməyə ən böyük haqqı olanlardan biri kimi ustadımız Şuşa ilə bir də görüşdü. Çünki o həmişə Şuşa ilə görüşəcəyi günü xəyal edirdi və bu günün uzaqda olmadığına da dərin inam bələyirdi. Çünki yolun, məqsədin aydındırsa, hədəfini dəqiq nişan alıbsansa ona çatmağın mümkünsüz deyil. O, hələ 2010-cu ildə “Biz o şəhərə gedəcəyik” publisistik qeydlərində Şuşaya qayıdacağımıza inandığını yazırdı və biz də ona inanırdıq. O günü gerçək kimi xəyal edənlər yanılmayıb, Akif müəllim də həmçinin.
Hazırda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının redaktoru vəzifəsində çalışan A.Cabbarlı 1951-ci ildə Qəbələ rayonunda anadan olub. 1973-cü ildə BDU-nun jurnalistika fakültəsini bitirib. Həmin ilin sentyabrında təyinatla indiki AzTV-yə göndərilib. Orada kiçik redaktor vəzifəsindən baş redaktor vəzifəsinə qədər yüksəlib, yaradıcılıq birliyinin rəhbəri işləyib. Akif müəllimin yaradıcılıq yolu həmçinin 1987-1992-ci illərdə “Kommunist” (“Xalq”) və 2007-2011-ci illərdə “Azərbaycan” qəzetində çalışıb...2013-cü ilin avqustundan İctimai Televiziya və Radiop Yayımları Şirkətində mətbuat xidmətinin rəhbəri, “Media və zaman” televizya proqramının redaktoru olub.
Akif müəllimin yaradıcılıq yolu çoxşaxəlidir, genişdir, eyni zamanda da çox maraqlıdır. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. Akif müəllim ustad jurnalist, təəssübkeş vətəndaş kimi həm şəxsiyyəti, həm də yaradıcılığı ilə gəncliyə böyük örnəkdir. Əməkdar jurnalist fəxri adına layiq olan, öz zəhməti, fəaliyyəti, gördüyü işlərlə bu fəxri adı çoxdan haqq etmiş ustad qələm adamlarından biri də Akif Cabbarlı olsa da, amma çox təəssüf ki, hələ də Akif müəllim Əməkdar jurnalist deyil...
A.Cabbarlını 70 illiyi münasibətilə “Bakı-Xəbər” qəzetinin kollektivi adından təbrik edir, ona can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
İradə SARIYEVA
Bakı Xəbər
2021.- 6 oktyabr.- S.14.