İKT-dən geniş
istifadə dövlət siyasətində prioritetdir
Bu gün
dünya miqyasında informasiya sahəsində əsaslı dəyişikliklər
müşahidə edilməkdədir. Yeni
informasiya və kommunikasiya
texnologiyalarının sürətli inkişafı məlumata
çıxış müddətini əhəmiyyətli dərəcədə
azaldıb, həmçinin informasiya mənbələrini
xeyli artırıb. Təbii ki, bu da
öz növbəsində cəmiyyətin
inkişafına təsirini qabarıq surətdə büruzə
verir.
İnformasiya təhlükəsizliyinin etibarlı təmini ön planda yer alır
Əgər əvvəllər informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı prosesi dəqiq müəyyən edilmiş ixtisaslaşma üzrə özünü göstərirdisə, bu gün əsas məqam onlardan universal istifadə imkanının yaranmasıdır. Bunun əsas səbəbi telefon və faks, televiziya və radio, internət, virtual kitabxana kimi funksiyaları birləşdirə bilən multimedia sistemlərin ərsəyə gəlməsidir.
Bütün bunların nəticəsində siyasətə, iqtisadiyyata, idarəçiliyə, maliyyəyə, elmə, mədəniyyətə və cəmiyyətin digər həyat sahələrinə artan təsir artıq telekommunikasiya texnologiyalarının sürətli inkişafı və yayılması ilə həyata keçirilir. Bu proses artıq qlobal informasiya inqilabı xarakteri alıb. Bu mənada təsadüfi deyil ki, “Böyük səkkizlik” ölkələrinin liderləri tərəfindən 2000-ci ildə qəbul edilən Qlobal İnformasiya Cəmiyyəti üçün Okinava Xartiyasında açıq mətnlə vurğulanır ki, informasiya və kommunikasiya texnologiyaları XXI əsrdə cəmiyyətin formalaşmasına təsir edən ən əhəmiyyətli amillərdən biridir. Həqiqətən də iqtisadiyyata, siyasətə, beynəlxalq əlaqələrə və mədəniyyətə artan təsir insanlar arasında birbaşa ünsiyyətin sonsuz imkanlarını açan qlobal şəbəkələrin inkişafı və təkmilləşdirilməsi ilə həyata keçirilir. İnformasiya sahəsindəki bütün bu irəliləyişlər tamamilə yeni bir cəmiyyətə - informasiya cəmiyyətinə, bilik cəmiyyətinə doğru irəliləmək üçün ilkin şərtlər yaradır. Azərbaycan da bu istiqamətdə mühüm addımlar atır. Lakin Azərbaycan bu prosesdə uğurli iştirakını təmin etmək məqsədilə ilk olaraq özünün milli informasiya infrastrukturunu inkişaf etdirir. Bu zaman isə onun təhlükəsizliyinin təmin edilməsi də əsas şərtlərdən biri kimi çıxış edir. Elə bundan irəli gəlir ki, cari ilin aprelində prezident İlham Əliyev kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında fərman imzalayıb. Sənəddə qeyd edilir ki, informasiya texnologiyalarının davamlı təkamülü, informasiyanın və informasiya sistemlərinin qloballaşması dövlətin və cəmiyyətin tərəqqisinə xidmət edən mühüm vasitəyə çevrilib: “Azərbaycan Respublikasında da informasiya texnologiyaları əsasında dövlət əhəmiyyətli məsələlərin həlli üçün müvafiq informasiya infrastrukturu yaradılmaqdadır. Həmin infrastrukturun qlobal informasiya şəbəkələrinə, o cümlədən internet şəbəkəsinə daxil edilməsi infrastruktur obyektlərinin kiberhücumların hədəfinə çevrilməsinə səbəb olur. Dövlətin, cəmiyyətin və vətəndaşların maraqları baxımından vacib hesab edilən məsələlərin həlli məqsədilə yaradılan kritik informasiya infrastrukturuna daxil olan sistem və şəbəkələrin sıradan çıxarılması və ya funksionallığının pozulması ciddi ziyan vurulması ilə nəticələnir ki, bu da kritik informasiya infrastrukturunun kibertəhlükəsizliyinə prioritet məsələ kimi baxılmasını zəruri edir”. Məhz bu fonda ölkəmizdə kritik informasiya infrastrukturunun və onun tərkibinə daxil olan informasiya sistemlərinin, informasiya-kommunikasiya şəbəkələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə fərmana əsasən müvafiq dövlət qurumları tərəfindən zəruri addımlar atılır.
Vətəndaş məmnunluğuna yol açan elektron xidmətlər...
Azərbaycan üçün informasiya texnologiyalarının davamlı inkişafı fonunda daha bir vacib məqam əhaliyə bu müstəvidə göstərilən xidmətlərin əlverişli və əlçatan olmasının təmin edilməsidir. Əhali üçün ənənəvi xidmətlərin siyahısının mütəmadi olaraq yeni elektron növlərlə yenilənməsi və asanlaşdırılması bu mənada təbii xarakter daşıyır. İndi ölkəmizdə elektron hökumət quruculuğu istiqamətində uğurlu nailiyyətlər əldə edilib. Elektron hökumət infrastrukturu da elektron xidmətlərin inkişafında getdikcə daha böyük rol oynayır. ASAN və DOST xidmətləri bunların ən real nümunəsidir. Yaradılan imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. O da nəzərə alınmalıdır ki, elektron hökumət klassik dövlətdən göstərilən xidmətlərin daha sürətli, zaman və maliyyə cəhətdən daha səmərəli olması ilə fərqlənir.
Bundan başqa, Azərbaycanda məhz informasiya texnologiyalarının inkişafı nəticəsində koronavirus pandemiyası dövründə məsafəli əmək münasibətlərinin inkişafı sahəsində heç bir problem yaşanmadı. İnformasiya şəbəkələrinin köməyi ilə insanlar tam işləyə, oxuya və ünsiyyət qura bilir, nəqliyyat problemləri azalır, dünyanın demək olar ki, hər yerində iş əldə etmək imkanı artır. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı cəmiyyətin siyasi həyatına da da dəyişikliklər gətirir. Məsələn, maksimum sayda insanın qanun layihələrinin mətnlərinə hətta ilkin hazırlıq mərhələsində baxa bilir və bu mövzuda böyük sayda analitik məlumat əldə edir. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması isə vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsinə gətirib çıxarır.
Tahir TAĞIYEV
Bakı Xəbər
2021.- 10 sentyabr.- S.11.