Türk dünyasının mədəniyyət
paytaxtı Şuşa - dövlətçilik
tariximizdə mühüm fakt…
Şuşa erməni əsirliyindən azad edildikdən sonra özünün yeni dövrünə qədəm qoyub, tarixi şəhərimiz özünün ikinci həyatını yaşayır. 2021-ci ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşa şəhəri Azərbaycanın Mədəniyyət Paytaxtı elan olundu.
Bu ilin yanvarında isə Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunan qərara əsasən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsinin əhəmiyyəti çox böyükdür. Başlıcası isə, Şuşanın türk dünyasında təbliğatı üçün geniş üfiqlər açır.
“Şuşanın Azərbaycanın Mədəniyyət paytaxtı kimi dünyaya tanıdılması istiqamətində...”
Yeni Yazarlar və Sənətçilər Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi mədəniyyət və dövlətçilik tariximizdə mühüm hadisədir. “Əvvəla ondan başlayaq ki, Şuşa məhz Şimali Azərbaycanın şəhərçilik və urbanizasiya mədəniyyətinin üzdə olan çox unikal şəhərsalma hadisəsidir. Ona görə də Şuşa nəinki dünya, türk dünyası, islam aləmi, eləcə də Azərbaycanın özünün tarixi, şəhərsalma mədəniyyəti üçün çox önəmli faktor kimi həm öyrənməli, tədqiq edilməli, həm də geniş şəkildə dünyaya tanıdılmalıdır. Bilirsiniz ki, ötən müddətdə Şuşa ilə bağlı ölkə prezidenti tərəfindən iki mühüm sənəd imzalandı. Bunlardan biri 2022-ci ilin Azərbaycanda "Şuşa ili" elan edilməsidir, digəri isə Şuşanın Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsidir. Şuşanın Azərbaycanın Mədəniyyət paytaxtı kimi dünyaya tanıdılması istiqamətində prezidentin imzaladığı bu sərəncamların mühüm əhəmiyyəti var. Şuşa işğaldan azad ediləndən sonra burada beynəlxaq "Xarı bülbül" festivalının keçirilməsi , "Vaqif" poeziya günlərinin təşkil edilməsi, Prezidentin dəfələrlə Şuşaya getməsi və oradan Ermənistanın hərbi-siyasi xuntasına barmaq silkələməsi, onlara növbəti dəfə dəmir göstərməsi mühüm hadisələrdən birdir. Qarabağda yaşayan ermənilər şübhəsiz, bizim vətəndaşlarımızdır, Azərbaycanın Ermənistanla sülh bağlamaq təşəbbüsləri müsbət haldır. Prezientin apardığı informasiya savaşı, eləcə də erməni vətəndaşlarla bağlı verdiyi bəyanatlar dünya tərəfindən razılıqla qarşılandı”.
“Bu hadisəyə istinad edib çox güclü təbliğat qurmaq olar”
A.X.Əbilovun sözlərinə görə, azad edilən ərazilərimizə dünyanın bir çox yerlərindən siyasilərin, deputatların, rəsmi şəxslərin, jurnalistlərin, blogerlərin gəlməsi, eləcə də İSESCO-nun missiya göndərəcəyi barədə görülən işlər, BMT-nin nümayəndələrin, digər beynəlxalq təşkilatlarının təmsilçilərinin Ağdama, Füzuliyə, Şuşaya səfərləri bir daha Azərbaycan məhz postmüharibə dövründə informasiya savaşında qazandığı həmin zəfərlərə bir növ təkan vermiş oldu. “Bu mənada, Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsiƏ, əlbəttə, bizdə çox böyük razılıq hissi oyatdı və indinin özündə bu hadisəyə istinad edib çox güclü təbliğat qurmaq olar. Buna istinad etməklə Şuşanı nəinki türk dünyası, islam aləminin, eləcə də Avropanın, dünyanın mədəniyyət paytaxtı elan edilməsinə nail ola bilərik. Bununla da Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uğurlar əldə edərik, bu çox önəmli nəticələr verə bilər. Bu gün dünyada 5 kulinariya mərkəzindən biri məhz Azərbaycandadır. Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovun səyi nəticəsində Lənkəranın Dünya Mətbəx Mədəniyyəti Paytaxtı elan edilməsi də çox mühüm hadisələrdən biridir. Bu da onu göstərir ki, dünyanın görkəmli kultroloqları, fikir adamları, qurmanları, mədəniyyət biliciləri Azərbaycan haqda dolğun informasiyalar aldı və bu da Azərbaycanın qədim sivilizasiya mərkəzi kimi qəbul edilməsini bir növ pasportlaşdırdı. Şuşanın əvvəlcə Azərbaycanın mədəniyyət paytaxtı olması, sonra “Şuşa ili”nin elan olunması, 2023-cü il üçün isə “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi çox mühüm hadisədir. Şuşa gələn il türk dünyasının paytaxtı kimi çox mühüm tədbirlərə ev sahibliyi edəcək. Bütün türk dünyasının, dünyanın özünün gözü Şuşada olacaq. Əlbəttə, TÜRKSOY-un Şuşanı “Türk dünyasının mədəniyyət paytaxtı” elan etməsi tarixi bir hadisədir. Bu həm də imkan verir ki, Şuşa gələcəkdə Qafqazın da mədəniyyət paytaxtı, konservatoriyası elan edilə bilsin. Bu bir stimuldur. Şuşanın bir türk şəhəri kimi dünyada tanıdılması çox mühümdür və Şuşa gerçəkdən də türk mədəniyyətinin paytaxtı olaraq dünyaya çox gözəl örnəklər təqdim edəcək.
UNESCO-nun Azərbaycana və Ermənistana missiya göndərmək barədə razılığa gəldiyi bir ərəfədə Şuşa ilə bağlı belə mühüm hadisələrin yaşanması müsbətdir. Düzdür, UNESCO nümayəndələrini daha çox Qarabağdakı xristian abidələri maraqlandırır. Onlar bilməlidir ki, burada erməni mədəniyyəti yoxdur və onun izlərini axtarmaq əbəsdir. Azərbaycan torpağında xristian alban mədəniyyətinin izləri var, alban mədəniyyəti də Azərbaycanındır. Şuşa abidələrinin də sırf Azərbaycan mədəniyyətinin, tarixinin örnəkləri olaraq dünyaya təqdim edilməsi bizə çox böyük dividendlər gətirə bilər”.
İradə SARIYEVA
Bakı Xəbər
2022.- 5 aprel.- S.7.