Yaşıl soyqırımlar sahəsində məmur özbaşınalıqları hələ də davam edir...

 

Təkcə insanlar soyqırıma məruz qalmır, yaşıllıqlar da, meşələr də soyqırım yaşayır. Çox təəssüflər olsun ki, Azərbaycanın ayrı-ayrı bölgələrində, eləcə də paytaxt Bakıda ağcaclara qarşı soyqırım davam edir.

 

Heç şübhəsiz ki, buna da rəvac verənlər əsasən əllərində səlahiyyət olan şəxslər, sahibkarlardır, onlar yaşıllıqları məhv edib yerində obyekt tikirlər, binalar ucaldırlar. Yaşıl soyqırımların törədilməsi, meşələrin talan edilməsi, ağacların qırılması, yaşıllıqların məhv edilməsi ilə bağlı vətəndaş narazılıqları genişlənir. Bu günlərdə İsmayıllı sakinlərinin İsmayıllı meşələrində yaşıl soyqırıma etiraz səslərini çtdırmaq üçün Prezident Administrasiyasına qədər gəlib çıxmaları dediklərimizə əyani misaldır.

 

Dəfələrlə yaşıl soyqırımlar, onları törədənlər barədə yazmışıq. Amma təəssüflər olsun ki, mətbuatda gedən yazılar, tənqidlər, inzibati qaydada cəzalar, cərimlər onları yollarından döndərə bilmir. Yenə də fürsət düşən kimi baltanı alıb yaşıllıqların canına düşürlər, hətta elələri tapılır ki, ağacları kökündən söküb atırlar. O da acınacaqlı haldır ki, yaşıl soyqırımlar yalnız meşələrdə də deyil, qoruqlarda, milli parklarda da həyata keçirilir.

 

Yaşıl soyqırımları kimlər törədir?

Prezident İlham Əliyev ölkəmizin hər yerində yaşıllıq zonalarının salınması, meşə örtüyünün zənginləşdirilməsi, meşə tipli parkların yaradılmasında, parkların, bağların qurulmasında maraqlıdır və bu sahədə həyata keçirilən layihələrə çox ciddi dəstək verir, ölkəmizin yaşıllaşdırılması prosesinə birbaşa rəhbərlik edir. Keçən il Yasamalda açılan meşə tipli park dediklərimizə nümunələrdən biridir.

 

Ölkə başçısının bu sahəyə böyük diqqət və qayğı ilə yanaşdığı halda, təəssüf ki, bəzi məmurlar onun tapşırıqlarının icrasında səhvlərə yol verir. Təsəvvür edin ki, vətəndaş evini isitmək üçün bir ağac kəsirsə o külli miqdarda cərimələnir, yeri gələndə çox ağır şəkildə cəzalandırılır, amma məmurlarla əlbir olub yaşıl soyqırım törədənlər cəzasız qalırlar. Bir tərəfdən, 30 ildə ermənilər bizim meşə fondumuzu məhv edib, bir tərəfdən də işbazlarla məmurlarımız birləşib meşələrimizə qarşı soyqırımlar törədirlər.

 

Mətbuatda tez-tez yaşıl soyqırımlara rəvac verən məmurlar barədə məlumatlar dərc olunur. Çox təəssüflər olsun ki, bölgələrdə və paytaxtda yaşıl soyqırım çox yüksək həddədir. İsmayıllı, Lerik meşələrində, Hirkan Milli Parkında, Bakının, Gəncənin, Sumqayıtın ayrı-ayrı rayon və massivlərində yaşıllaşdırmaya aşkar meydan oxuyanlar var. Bütün yaşıl soyqırımların arxasında yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin dayandığı barədə mətbutda yetərli məlumatlara rast gəlmək olar.

 

Yaşıl soyqırımlar o həddə çatıb ki

Ekoloqlar bildirirlər ki, yaşıl soyqırımın qarşısının alınması istamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi tədbirlər planı olmalıdır. Nazirliyin səlahiyyətlərinin bir qədər də artırılmalı olduğunu deyən ekspertlərin fikrincə, qurumun bu sahəyə nəzarət edən işçiləri xüsusi ixtisaslaşmadan keçməlidir. Ekspertlər deyirlər ki, Bakıda və digər şəhərlərdə, eləcə də bölgələrdə hansısa bir sahibkar bina, istirahət məkanı, obyekt tikmək istəyirsə birinci icra hakimiyyətinə baş çəkirlər və onların “xeyir-duası” ilə yaşıllıqlara divan tuturlar. İndiyə qədər yaşıl soyqırım törədən şirkətlər cərimələnsələr də, heç birinin tikinti aparmaq səlahiyyəti əlindən alınmayıb. Lənkəranın Haftoni meşəsində yaşıl soyqırım aparan şirkət cərimələnsə də, yenə də fəaliyyətini davam etdirir. Ekspertlər deyirlər ki, Lənkəranda meşə zolağını qırıb ərazidən öz məqsədləri üçün istifadə edən “Beta” şirkətinin sadəcə orada işi dayandırılıb, amma başq yerdə öz işindədir. Meşə ərazilərinin məhv edilməsi ilə bağlı sosial şəbəkələrdə də kifayət qədər məlumatlara, videolara rast gəlinir, amma bunun tam olaraq qarşısı alınmır. Ekspertlər qeyd edirlər ki, Bakıdakı, Sumqayıtdakı, Gəncədəki və başqa iri şəhərlərdəki bəzi məmurlar tikinti şirkətləri ilə, kənd rayonlarına nəzarət edən məmurlar isə əsasən mebel sexləri, şirkətləri ilə “əməkdaşlıq” edir. Əlində “daşdan keçən sənəd” olan işbazlar məmurların himayədarlığı ilə meşələri qırdırırlar, camaatın etirazına görə çirkin fəaliyyətlərini bu şəkildə davam etdirə bilmədikdə isə meşələrdə yanğınlar törədirlər. Bu hallar da var. Ölkəmizdə yaşıl soyqırım o həddə çatıb ki, bir neçə ildən sonra su ehtiyatlarımız da tükənəcək, torpaqlarımızda sürətlə səhralaşma da gedəcək, acılıq, qıtlıq kimi təhlükələrlə də üzləşəcəyik.

 

Məlumdur ki, son illər Azərbaycan ərazisində dövlət vəsaiti hesabına geniş yaşıllıq zolaqları salınsa da, bəzi adamları və məmurlar bu yaşıllıqlara qənim kəsilirlər. Əlbəttə, bu məqamda hamıdan çox sakinləri narahat edir. Pul qazanmaq, var-dövlət əldə etmək aidiyyatı məmurların gözlərini tutduğu üçün bu hallar baş verir, yüzlərlə, minlərlə vətəndaş istirahətdən, yaşıllıqdan məhrum olur. Nəzərə alsaq ki, bu ağrılı prosesə bəzi deputatlar da qoşulublaronlar da seçildikləri rayonlarda yaşıllıqlara divan tuturlar.

 

Təbii ki, bu neqativ halların baş verməsində məmur özbaşınalığı dayanır və dövlətinə, xalqına heç bir sevgi-hörmət bəsləməyən məmur yaşıl soyqırıma rəvac verir. Heç şübhəsiz ki, yaşıl soyqırımla bağlı hər birimiz həyəcan təbili çalmalıyıq...

 

İradə SARIYEVA

 

Bakı Xəbər  2022.- 8 aprel.- S.13.