Göyçənin mənəvi-intellektual
incisi: azərbaycançılıq
uğrunda mübarizədə
keçən şərəfli
ömür
Ziyalı ənənəsinin
üç faktoru: Ədalət, Vətənsevərlik
və Yurd sevgisi
Türk
ziyalıları fəaliyyətlərini
həmişə müəyyən
mənəvi-əxlaqi və
ideoloji konsept üzərində qurublar.
Onlar üçün
üç faktor böyük əhəmiyyət
kəsb edib: Haqq-Ədalət, Əxlaq
və Yurdsevərlik (Vətənsevərlik). Bunlara tam əməl
edə bilməyənlər
xalqın yaddaşında
çox qalmayıblar.
Azərbaycanın qədim
dövrlərdən bu
günə kimi tarixində həm hökmdarlığın, həm
də ziyalılığın
bu "qızıl qaydası"na əməl edən minlərlə faktlar mövcuddur. Nizami, Xaqani, Nəsimi, Füzuli... Onlara nə qədər
"mistik şair"
damğası vurmağa
çalışsalar da,
reallıqda türk mənəvi-ideoloji kimliyinin
daşıyıcıları olublar. XIX əsrdə
sufi şair
Mir Həmzə Nigari Qarabaği türk ziyalılığının Ədalət-Əxlaq-Yurdsevərlik
xəttinin təmsilçisi
kimi yaddaşlarda qalıb. Bu ruhani
insan ömrünü
mənəvi-ideoloji xəttinə
sadiq vətənsevər
kimi keçirib və sona qədər
yadellilərlə mübarizə
aparıb.
Bu
mübarizliyi və ardıcıl Ədalət-Əxlaq-Yurdsevərlik
"üçlüyü"nə əməl edilməsini İsmayıl Əliyevin fəaliyyətində və
bütövlükdə həyat
mövqeyində görürük.
Harada olmasından və hansı vəzifəni tutmasından
asılı olmayaraq, ədaləti və haqqı gözləməklə
əxlaq çərçivəsində
mənsub olduğu xalqın istəkləri uğrunda mübarizə aparıb.
İsmayıl
Əliyevin seçim qarşısında qalanda,
həqiqəti çəkinmədən
deməsi bunun göstəricisidir! Pedaqoq kimi
fəaliyyətində, deputat
kimi işlərində,
kolxoz və sovxoz sədri kimi atdığı addımlarda, jurnalist kimi yazılarında həmin ruh mövcuddur.
Belə
olmasaydı, İsmayıl
Əliyev şovinist erməni rəsmi şəxsi ilə toqquşmazdı, "sakit
oturardı". Ancaq İsmayıl Əliyev qanunun imkan verdiyi
çərçivədə Yurdu və xalqı
üçün çalışmaqdan
vaz keçmədi.
Bu, gənc nəslin
öyrənməli və
əxz etməli olduğu bir nümunədir.
Əgər
o dövrlərdə Nizamilər,
Xaqanilər, Nəsimilər,
Füzulilər, Nigarilər
və nəhayət, İsmayıl Əliyev kimi şəxsiyyətlər
"sakit oturub",
"nüfuzlarını, hörmətlərini,
şöhrətlərini" gözləsəydilər, bu
gün Vətən olmazdı! İkinci Qarabağ müharibəsi
qazanılmazdı!
Burada
tarixşünaslarımız üçün də əhəmiyyətli olan bir incə məqam
vardır. Məlumdur ki, sovet dönəmində
tariximiz kənar cəmiyyətin dövlətçilik
maraqlarına uyğun
"araşdırılıb". İndi tarixçilərimiz etiraf
edirlər ki, real elmi araşdırma aparmaq üçün fərqli metodlar və yanaşmalardan istifadə etmək lazımdır. Onların sırasında
İsmayıl Əliyev
kimi fədakarların
irsinin tarixi, nəzəri, fəlsəfi,
elmi öyrənilməsi
xüsusi yer tutmalıdır. Bu kimi
insanlarımızın həyatı
həqiqət, tarix, millət, dövlət və mədəniyyət
naminə işıqlandırılmalıdır
ki, bütövlükdə
dövlətçilik və
Vətənsevərlik yolumuz
işıqlansın!
Bu
kontekstdə "Göyçə
nisgili, Göyçə
dərdi" kitabı
uğurlu bir addımdır. Jurnalist Q.Aslan və V.Bayramovun həmin kitab haqqında yazdıqları yuxarıda
bizim gəldiyimiz qənaətlərin doğruluğunu
bir daha təsdiq edir. Q.Aslan yazır: "Göyçə nisgili, Göyçə dərdi"
kitabında şair Eldar İsmayılov, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Əli Əliyev, müəllim-pedaqoq
Şamil Rüstəmov,
fəlsəfə doktoru
Elçin Əhmədov,
dilçi-filoloq Lamiyə
Cəlilova, şair Niftalı Göyçəli
və başqalarının
İsmayıl Əliyev
haqqında xatirələri
də verilib.
Kitabdakı
müxtəlif illərdə
çəkilmiş tarixi
şəkillər, Güney
kəndinin müxtəlif
görüntüləri Göyçənin
füsunkarlığından, romantik mənzərələrindən
xəbər verir.
Mərhum
İsmayıl Əliyev
təkcə Göyçə
mahalında deyil, bu əraziyə bitişik olan Kəlbəcər, Gədəbəy,
Tovuz, Qazax rayonlarında, Gəncədə
dəyərlərə bağlı,
millətini ürəkdən
sevən bir ziyalı kimi tanınırdı...".
Bu
qısa fraqmentdən görünür ki, kitabda müxtəlif peşə sahibləri İsmayıl Əliyev haqqında fikir bildiriblər. Bu, artıq müəyyən
dərəcədə tanıtma
və təqdimatdır.
Müsbət haldır. Həmin
əsasda Q.Aslanın İsmayıl Əliyevin Gəncə, Gədəbəy,
Tovuz, Qazax və Kəlbəcərdə
də "...dəyərlərə
bağlı, millətini
ürəkdən sevən
bir ziyalı kimi tanınması"nı vurğulaması
əhəmiyyətli qənaətdir.
V.Bayramovun
qənaəti də vurğuladığımız kontekstdə
maraq doğurur.
Müəllif "Xalq
qəzeti"ndəki məqaləsində
yazır: "2010-cu il may ayının
11-də Bakı şəhərində
dünyasını dəyişən
Azərbaycan məsləkli,
Göyçə sevdalı
İsmayıl Əliyevin
bugünlərdə işıq
üzü görmüş
"Göyçə nisgili,
Göyçə dərdi"
kitabında Göyçə
mahalında tarixən
intişar tapmış
intibah və maarifçilik ideyalarının
milli-mənəvi dəyərlər
sistemimizdəki yeri və rolu, bu
irsin sonrakı nəsillərin məfkurəvi
mübarizəsinə önəmli
təsiri əksini tapıb. Kitab şahidlik etdiyi
həqiqətlərlə Göyçə
nisgilini, Göyçə
dərdini gözlərimiz
önündə canlandırır.
Topluda
məqalələr, tarixi
oçerklər, publisistik
düşüncələr istedadlı qələm sahibinin sənəd və faktlar əsasında ərsəyə
gətirdiyi vətəndaş
tədqiqatının çox
qiymətli epizodlarıdır.
Kitab bir daha göstərir
ki, İsmayıl Əliyevin yaradıcılığı
bu gün aktual olduğu kimi, sabah da
dəyərli və gərəkli olacaq".
Doğrudan
da, İsmayıl Əliyevin həyat yolu göstərir ki, o, daim tarixən
formalaşmış intibah
və maarifçilik ideyalarının Azərbaycanın
milli-mənəvi dəyərlər
sistemindəki yeri və rolunu yüksək qiymətləndirib
və nəzərə
alıb. Burada, yuxarıda vurğuladığımız kimi,
Ədalət, Vətənsevərlik
və Əxlaq, təbii ki, xüsusi yer tutur!
Kitabın
məzmunu fövqündə
bir ideya yuxarıdakı təsvirin
kontekstində son dərəcə
əhəmiyyətlidir.
Biz "Azərbaycan səcdəgahımız, türkçülük
isə tacımızdır"
fikrini nəzərdə
tuturuq. Bu fikirdə sanki İsmayıl Əliyev kimi ziyalıların həyat mübarizəsinin
ana şüarı ifadə edilib. Birincisi, aydın göstərilir ki, bu mübarizədə başlıca məqsəd
Vətənin azadlığı,
məsumluğu, onun dövlətçiliyinin təmini
və xalqın özünü mədəni,
mənəvi-əxlaqi aspektlərdə
təsdiq etməsindən
ibarətdir!
Deməli,
İsmayıl Əliyev
qədimdən gələn
ənənənin davamçısıdır.
O, həm də XX əsrdə Azərbaycanın
dövlət, ölkə,
cəmiyyət, mədəniyyət
və xalq kimi qarşılaşdığı
haqsızlığa qarşı
aktiv milli mövqe tutan yaradıcı insandır!
Bu məqamda Ulu Öndər Heydər Əliyevin XX əsrdə uzun illər Azərbaycanın xalq, mədəniyyət məkanı,
ölkə və respublika kimi mövcud ola
bilməsini SSRİ rəhbərliyinə
və sonra bütün dünyaya sübut etməsi yada düşür. Görünür, bir sıra ziyalılarımız
kimi, İsmayıl Əliyev də öncə bu mübarizəni dərk edib, daha sonra
isə onun ruhuna uyğun mübarizəyə qoşulub!
İkincisi,
İsmayıl Əliyev
üçün ideoloji
mayak həmişə
türkçülük olub!
O, türkçülüyü azərbaycançılıq kontekstində
dərk edib. Çünki İsmayıl Əliyevin
fəaliyyəti göstərir
ki, türkçü
kimi heç bir başqa xalqa nifrət və kin bəsləməyib
– onun türkçülüyü
azərbaycanlıların haqlarını
və Azərbaycan xalqının mədəniyyətini
qoruması ilə sərhədlənir. Azərbaycan
bu səbəbdən İsmayıl Əliyevin səcdəgahıdır! Türkçülük
də həmin səbəbdən İsmayıl
Əliyevin "ideoloji
tacıdır"!
Beləliklə,
biz tanınmış jurnalist,
təcrübəli pedaqoq,
vətənpərvər ziyalı,
xeyirxah insan, nüfuzlu ictimai-siyasi xadim İsmayıl Əliyevin timsalında Azərbaycan ziyalılıq
ənənəsinin daha
bir görkəmli təmsilçisini görürük.
Bu nəcib və vətənsevər şəxsiyyətin
irsinin və həyat fəaliyyətinin
daha fərqli elmi mövqelərdən və fəlsəfi aspektdən öyrənilməsi
bir zərurətdir! Bundan bütün Azərbaycan mədəniyyəti,
jurnalistikası, mənəviyyatı
və dövlətçilik
şüuru qazanacaqdır!
Bu yol meydana neçə-neçə İsmayıl
Əliyevlər çıxara
bilər! Bu Yol Qədim Azərbaycanın
mənəvi-əxlaqi, mədəni,
dövlətçilik və
ideoloji qaynaqlarından
başlayıb, başqa
Azərbaycan mahalları
kimi, Göyçədən
də keçərək
İsmayıl Əliyevlərin
ruhunda daşınıb
və indiki nəsillərə ötürülüb!
Yol davam edir...!
Kamal ADIGÖZƏLOV
Bakı xəbər.-2022.- 19 avqust.- S. 13.