Bir
daha məhv edilən kəhrizlərimiz barədə - Beynəlxalq
təşkilatın ittihamları öz təsdiqini tapmadı
AMEA-nın
müxbir üzvü Əlövsət Quliyev bu il iyunun 21-də
"Xalq" qəzetində və tns.az saytında geniş
yazı ilə çıxış edərək Beynəlxalq
Miqrasiya Təşkilatının (BMqT) kəhriz bərpa layihəsi
işlərinin heç bir elmi və təcrübəyə əsaslanmadan
aparılmasının gələcəkdə mövcud kəhrizlərin
tamamilə sıradan çıxmasına səbəb
olacağını bildirib.
Həmin
məqalə saytımızda dərc edildikdən sonra Beynəlxalq
Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin
rəhbəri Vladimir Georgiyev redaksiyamıza müraciət edərək
bu sahədə görülən işlər barədə məlumat
verib, məqalədə qeyd edilən nöqsanları təkzib
edib. Beynəlxalq təşkilatın
nümayəndəsi Əlövsət Quliyevin məqaləsində
öz əksini tapan faktların mövcud
olmadığını, alimin təşkilata böhtan
atdığını bildirib. Vladimir
Georgiyevin bizə ünvanladığı məktubda bir
sıra incə məqamlar var ki, onları qeyd edib beynəlxalq
skandal yaratmaq istəmirik.
Açığı,
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan
nümayəndəliyinin redaksiyamıza göndərdiyi məktubdan
sonra bizdə müəyyən şübhələr
yaranmışdı. Qısa araşdırma
apardıqdan sonra müəyyənləşdirdik ki,
Əlövsət Quliyev 2000-2010-cu illərdə BMqT-nin layihələrində
elmi məsləhətçi kimi fəaliyyət göstərib,
ilk dəfə kəhrizlərin elmi cəhətdən
araşdırması ilə məşğul olub. Alim kəhrizlər
haqqında bir neçə kitabın və 50 dən çox
elmi məqalənin
müəlifi, UNESCO-nun "Qədim hidravlik sistemlər-kəhrizlər
üzrə dövlətlərarası idarə heyətinin
üzvüdür. Alim barədə bu faktları öyrəndikdən
sonra belə bir sual ortaya çıxır. Əlövsət Quliyev kimi tanınmış alim
olmayan problemi niyə ictimailəşdirib? Məsələni
aydınlaşdırmaq üçün AMEA-nın müxbir
üzvü Əlövsət Quliyevə müraciət etdik.
O, Beynəlxalq
Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin məktubunda irəli
sürülən ittihamlara cavab vermək,
qaldırdığı məsələnin doğruluğunu
sübut etmək üçün bizi müxtəlif elm
adamlarından, mütəxəssislərdən ibarət
komissiya ilə Ağdam rayonuna səfərə dəvət
etdi.
Tərəddüd
etmədən razılaşdıq. Çünki gerçəkləri ictimailəşdirən
bir media orqanı kimi həqiqətin ortaya
çıxmasında maraqlı idik.
Beləliklə,
iyulun 2-də AMEA-nın müxbir üzvü Əlövsət
Quliyevin, AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşı,
geologiya-mineorologiya üzrə fəlsəfə doktoru Ramiz Məmmədovun, bu sahədə geniş biliyə və
təcrübəyə malik su layhəsi rəhbəri,
hidrogeoloq Saleh Seyfullayevin, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin baş mütəxəssisi, hidrogeoloq Rasim Məmmədovun
iştirakı ilə Ağdam rayonunun Əhmədağalı, Mirəşelli və
Xındırıstan kəndləri ərazisində Beynəlxalq
Miqrasiya Təşkilatının 2021 və 2022-ci illərdə bərpa
etdiyi “Çinarlı”, “Şəmsi”, “Xanəhməd”,
“Qurddu”, “Qozlu”, “Heyvalı-1” və “Heyvalı-2” kəhrizlərinə baxış
keçirdik. Bundan sonra əsl həqiqətlər
ortaya çıxdı.
Həmin
kəhrizlərdən istifadə edən yaşayış məntəqlərinin
icra nümayəndələri, bələdiyyə sədrləri
və kənd
sakinləri ilə söhbətlər apardıq. Kəhrizlərin
necə bərpa edilməsi, onların əvvəlki vəziyyəti
ilə bağlı rəyi soruşulanlar kəhrizlərin bərpasından
ciddi narahatlıqlarını dilə gətirdi, bu barədə
müvafiq dövlət orqanlarına müraciət etdiklərini bildirdilər.
Əvvəlcə
“Çinarlı” kəhrizi ilə tanış
olduq. Məlum oldu ki, öncəki illərdə kəhrizin su
sərfi 10 l/san olduğu halda BMqT-nin bərpasından sonra sərf
0,5 l/san da az olub.
“Çinarlı”
kəhrizinə baxış keçirərkən Əhmədağalı
bələdiyyəsinin sədri Faxrəddin Allahverdiyevlə
rastlaşıb söhbətləşdik.
Bələdiyyə sədri bu ərazidəki kəhrizlərin
bərpa üsulundan ciddi narazılıq etdi. Onun dediklərini
olduğu kimi oxuculara təqdim edirik: “Mənim abidəmi
söküb niyə bu hala salıblar. Vaxtilə
“Çinarlı” kəhrizindən 18 hektar ərazinin suvarılmasında
istifadə edirdik, bu gün kəhrizin suyu ilə heç bir
hektar ərazini də suvarmaq mümkün deyildir. Bu yaxınlıqa “Şəmsi” kəhrizi var.
Xahiş edirəm, gedin ora baxın. Görün
su gəlir? Qum torbalarını kəhrizin
içinə yığıblar. Ona
görə də su çıxmır. Belə
olarmı?”
Hörmətli
Vladimir Georgiyevə xatırladırıq ki, bu sözləri
biz demirik. On illərdir, bu
kəhrizlərdən istifadə edən kəndlərin sakinləri
deyir.
Faxrəddin
müəllimlə sağollaşıb digər kəhrizlərə
baxış keçirmək üçün yolumuza davam
etdik.
Növbəti
ünvanımız "Xanəhməd" kəhrizi oldu.
Bu kəhrizin uzunluğu 450 m, quyularının sayı 12, orta
illik su sərfi 8 l/san-dir. Öyrəndik ki, BMqT-nin "peşəkar
mütəxəsisləri" 10 sentyabr 2021-ci ildə burada
işə başlayıb, 30 noyabr 2021-ci il tarixdə “bərpa”
işlərini yekunlaşdırıblar. Kəhriz
bərpa edilərkən heç bir mühədis-ölçmə,
layihləndirmə və layihənin ekspert yoxlaması
aparılmayıb.
Məlum
oldu ki, kəhrizin təmiri və ya bərpası işləri
axıra qədər aparılmayıb.
Kəhrizin çıxışına yaxın
üç quyunun ağzına beton qapaqlıq qoyulub. Lakin quyunun təmizlənməsi vaxtı yuxarıya
çıxarılmalı olan torpaq-qrunt
töküntüsünə rast gəlinməyib.
Hazırda kəhrizdən əldə olunan suyun sərfi 0,8 l/san-dir. Kəhriz qurumaq üzrədir.
Əhmədağalı
bələdiyyəsinin sədri Faxrəddin Allahverdiyevin
haqqında bəhs etdiyi "Şəmsi" kəhrizi ilə
tanış olarkən daha bir
acınacaqlı mənzərə ilə
qarşılaşdıq. Burada “bərpa” işlərinə
24 fevral 2020-ci ildə başlanılaraq 30 dekabr 2020-ci ildə
başa çatdırılıb. Kəhrizin
uzunluğu 406 m, quyularının sayı 16, çoxillik sərfi
12 l/san olub. Burada da eynilə yuxarıda
qeyd olunduğu kimi çıxışda üç quyu “təmir
və bərpa” olunub. Kəhrizdə
aparılan işə dair heç bir mühəndisi
ölçmə, layihə sənədi yoxdur. "Bərpadan”
sonrakı sərf 2,5 l/san-dir.
Mütəxəssislər
bu qənatə gəldi ki, kəhrizdə bərpa işi
baş quyudan (o yerdən ki kəhriz qidalanır) başlayaraq
çıxışa doğru, ya da ilkin
çıxışdan baş quyuya doğru (yalnız həndəsi
nivelirləmə əsasında) aparılmalı olduğu
halda burada da çıxışda layihə mühəndis
ölçməyə əsaslanmayan iş aparılıb.
Yəni
hazırda kəhrizdən çıxan su baş quyudan
çox ətraf ərazilərdən sızan suvarma suları
hesabınadır. Çünki baş quyu
ilə çıxış arasında heç bir iş
aparılmayıb. Beləliklə, kəhrizdən
çıxan suyun baş quyu ilə əlaqəsi təmin
edilməyib.
Uzunluğu
500 m, quyularının sayı 10, vaxtilə çoxillik sərfi
8 l/san olan “Qurddu" kəhrizində “bərpa” işlərinə
01 dekabr 2021-ci ildə başlanılıb. Bu kəhrizdə
işlər 21 yanvar 2022-ci ildə başa
çatdırılıb. Göründüyü
kimi, “mütəxəssislər” burada cəmi 1 ay 20 gün
çalışıblar.
Beynəlxalq
Miqrasiya Təşkilatının bərpa adı altında bu
kəhrizdə görüdüyü işə ayrılan vaxt
onun necə bərpa edildiyi ilə bağlı ilkin təsəvvür
yaradır. Burada da
çıxış və üç quyu "təmir və
bərpa” olunub. "Bərpadan” sonrakı sərf 1,5 l/san-dir.
"Qozlu"
kəhrizində isə “bərpa” işlərinə 16 yanvar
2021-ci ildə başlanılıb, həmin il
avqustun 27-də başa çatdırılıb. Kəhrizin uzunluğu 500 m, quyularının sayı
12, çoxillik sərfi 8 l/san olub. “Qozlu”nun
da çıxışı və cəmi üç quyusu
"təmir və bərpa” edilib. Kəhrizin “bərpadan”
sonrakı sərfi 0,5 l/san-dir. “Qozlu” kəhrizi
də quruyub.
Öyrəndik
ki, təşkilat Əhmədağalı kəndində
"Heyvalı-1" və "Heyvalı-2" adlı iki kəhrizin
“bərpası” ilə də məşğul olub.
“Heyvalı-2”
kəhrizində “bərpa” işlərinə 23 fevral 2022-ci ildə
başlanılıb, 16 may 2022-ci ildə başa
çatdırılıb. Kəhrizin uzunluğu
350 m, quyularının sayı 9, çoxillik sərfi 10 l/san
olub.
Təəssüflə
bildiririk ki, bu kəhrizə də aid heç bir mühəndisi
ölçmə, layihə sənədi yoxdur.
“Bərpadan” sonrakı sərf 0,5 l/san-dir.
Onu
da qeyd edək ki, kəhrizlərin
çıxışında tikintisinə ehtiyac
olmadığı halda kiçik memarlıq kompleksi
yaradılıb, onun üzərində isə təşkilatın
fəaliyyətini göstərən tablo
yapışdırılıb. Yaxşı olardı ki, bu tablolarda kəhrizin qədim
inşa tarixi, öncəki sərfi, suvardğı ərazi
barədə də məlumatlar öz əksini tapardı.
Yuxarıda
haqqında bəhs etdiyimiz kəhrizlərə baxış
keçirən elm adamlarının, mütəxəssislərin
yekun rəyi belədir:
1. Kəhrizlər
qədim irs abidələri, etibarlı su mənbəyi
olduğu kimi, eyni zamanda elmi və texniki əsaslara söykənən
hidrotexniki qurğudur. Belə qurğular qədim irs abidəsi kimi qeydə alınmalı,
onların planı, mühəndis layihə sənədləri
və pasportu olmalıdır. (Bu günədək
onların heç biri yoxdur).
2. Hər
hansı kəhriz üzərində iş aparılmazdan
öncə infrastrukturun layihəsi tərtib olunur, layihə-smeta
və texniki layihələndirmə sənədləri
hazırlandıqdan sonra onlar ekspert nəzarətindən
keçirilir. Bundan sonra kəhrizdə bərpa
işi aparılır. Məlum olub ki,
BMqT-nin bu sahədə heç bir mütəxəssisi yoxdur,
görülən işlər özfəaliyyət prinsipi ilə
həyata keçirilib.
3.
Aparılan bərpa işlərində mühəndis
ölçmə (nivelirləmə) işlərində olduqca
kobud səhvlərə yol verilib. Belə ki, kəhrizin
çıxışı "Ana" (baş quyu) quyudakı
suyun səviyyəsindən 2-3 metr yuxarıdadır. Bu da onu göstərir ki, kəhrizin tunelində
yığıntı su əmələ gəlib və onun
uçmasına səbəb olacaqdır. Belə
fəaliyyət bütün kəhrizlərdə
müşahidə olunur. Qısa müddətdə
bu kəhrizlər tamamilə sıradan çıxacaq.
4.
BMqT-nin “yeni texnologiya” adlandırdığı kəhriz bərpa
işində daha ciddi səhvlərə yol verilib. Əldə edilmiş müasir qurğu vasitəsi ilə
yeni kəhrizin layihəsi həyata keçirilməli
olduğu halda BMqT mütəxəssisləri bu işi qədim
kəhriz üzərində aparmaqla daha bir tarixi abidəni
sıradan çıxarıblar. Yəni bu
qurğu əl ilə qazılmış qədim kəhriz
qalereyasında işləyərkən qalereyanı tamamilə
dağıdıb. Halbuki, yeni kəhriz
müasir elmi-nəzəri və təcrübi-hidrogeoloji
prinsiplər əsasında layihələndirilməli, ekspertdən
keçdikdən sonra işə başlanmalıdır.
5. BMqT
Azərbaycanda 163 kəhrizi bərpa etməsi haqda məlumat
verib. Müşahidələrdən belə məlum
olub ki, daimi suyu gələn kəhrizlərdə bərpa
adı altında kosmetik işlər görülüb. Çünki bərpa işi vaxtı görülən
işlərin torpaq həcmini, tətbiq olunan məhsulların
sayını, habelə görülən işi əks etdirən
layihə sənədlərinə rast gəlinməyib.
Beləliklə,
qədim irs abidələri olan kəhrizlərimizin
“bərpasının” BMqT tərəfindən heç bir elmi
təcrübəyə əsaslanmadan həyata keçirilməsi
qədim abidələrimizin sıradan
çıxarılmasına səbəb olur. Görülmüş
işlərin texniki sənədləşməsi yoxdur,
işlərin gedişində düşünülmüş
şəkildə heç bir yerli mütəxəssisdən,
alimdən istifadə olunmayıb, daha çox "özfəaliyyət"
işbazlarının əli ilə milli və mədəni
irsimiz məhv edilib.
Min
illik tarixi olan kəhrizlərin
çıxışının qədimliyini saxlamaq əvəzinə
orada sement və mişardaşı ilə lazımsız
tikinti işləri aparılıb. Gələcək
50-100 il sonra belə abidələrin
inşa tarixi XX əsrə aid ediləcəkdir. BMqT-nin yeni
texnologiya adı altında apardığı “bərpa”
işində heç bir mühəndis ölçmə,
layihə-çizgi materialı olmadan kəhriz kürəsinə
(tunelinə) plastik boruların qoyulduğunun, qədim irs abidələrimizin sıradan
çıxarıldığının şahidi olduq.
Mütəxəssislər
kəhrizlərə baxış keçirdikdən sonra
BMqT-nin kəhrizlərin üzərində elmi əsaslara
söykənməyən, heç bir layihə smeta sənədi
olmadan aparılmış yarımçıq bərpa işilərinin
tamamilə kəhrizlərin sıradan çıxmasına səbəb
olduğu qənaətinə gəldilər.
Faktlar
sübut edir ki, AMEA-nın müxbir üzvü Əlövsət
Quliyevin qaldırdığı məsələ ciddi problemdir.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan
nümayəndəliyinin alimin fikirlərinə etiraz etməsi,
hay-küy salması bu işləri ört-basdır etməkdən,
özünü müdafiədən başqa bir şey
deyildir. Biz beynəlxalq təşkilatı
Azərbaycanın tanınmış elm adamlarının, mütəxəssislərinin,
media nümayəndələrinin iştirakı ilə
onların bərpa etdiyi kəhrizlərə baxış
keçirməyə dəvət edirik (Xatırlatmaq istərdik
ki, baxışa getməzdən öncə də əks tərəfi
birgə baxışa dəvət etmişdik). Əgər bu yazdıqlarımıza etiraz edirlərsə,
buyursunlar, bərpa etdikləri kəhrizləri ictimaiyyətə
göstərsinlər. Bu qədim abidələrimizi
niyə bu formada bərpa etdiklərinin izahını versinlər.
Kimsə bizdən tariximizə, abidələrimizə
laqeyd qalmağı gözləməsin. Min
illik abidələrimiz məhv edilərkən biz səssiz qala
bilməzdik.
Əminik
ki, bu yazılanlardan sonra aidiyyəti dövlət qurumları
bu problemlə maraqlanacaq, qədim kəhriz abidələrinin
sıradan çıxarılmasına imkan verməyəcəklər.
Tural Səfərov
Bakı Xəbər.- 2022.- 6-8 avqust.- S. 14.