Göyçənin mənəvi-intellektual incisi: azərbaycançılıq uğrunda mübarizədə keçən şərəfli ömür

Azərbaycan çox sahələrdə ənənələr sahibidir. Dövlətçilik, ideologiya, əxlaq və insan cəmiyyətinin mövcudluğu üçün digər mühüm sahələrdə malik olduğumuz ənənələr dünyaya məlumdur. Tarixi taleyimiz elə olub ki, XX əsrdə xalqımıza qarşı haqsızlıqlar və zülmlər edilib.

Tarixin bu cür çətin və ziddiyyətli dövrlərində toplumun ziyalılarının üzərinə xüsusi mənəvi yük düşür. Onlar xalqın milli mübarizəsində ön sıraya çıxırlar. Göyçədə dünyaya göz açmış, lakin bütün türk dünyası miqyasında düşünən, Azərbaycan sevgisi ilə fəaliyyət göstərən İsmayıl Əliyev həmin ziyalılardan olub. Onun kimi intellekt sahiblərimizin irsinin öyrənilməsi və tanıdılması bir çox aspektdə olduqca aktualdır! Biz bu məqalədə, təbii ki, həmin məsələnin yalnız müəyyən tərəflərinə dövlətçilik və azərbaycançılıq kontekstində baxmağa çalışacağıq.

Mübariz jurnalist və yorulmaz maarifçi: xalqı üçün savaşan şahin!

Vətən anlayışı geniş məzmuna malikdir. Vətən haqqında filosoflar, şairlər, yazıçılar, tarixçilər və digərləri çox yazıb, həm analiz, həm də tərənnüm ediblər.

Qədim zamanlardan Vətəni qorumaq, sevmək, onu müqəddəs saymaq bütün xalqlarda ənənə halını alıb. Daha dərin düşünənlər isə "Vətəni necə qorumaq və sevmək olar?" sualına cavab axtarıblar ki, onun da digər üzü "Vətəni kimlər sevir və qoruyur?" sualına cavab axtarışından ibarətdir. Həmin bağlılıqda fəlsəfi, tarixi və poetik aspektlərdə "Vətəni kimlər yaradır?" ritorik sualı da ağıla gəlir.

Burada ancaq ritorika axtarmaq da vəziyyəti tam ifadə etmir. XIX-XX əsrlərdə fransız tarixşünaslığında "avtobioqrafik tarix" deyilən bir fikir geniş yayılmışdı. Ayrı-ayrı tanınmış ailələrin (o cümlədən ziyalıların və zadəganların) həyat tarixçəsini öyrənməklə bütövlükdə cəmiyyət, mədəniyyət və Vətənin tarixini öyrənməyə can atan tarixşünaslar çox maraqlı qənaətlər əldə etmiş, cəmiyyət və Vətənin siyasi, mədəni, tarixi məzmun almasında tanınmış ailələrin rolunun yüksək olduğu nəticəsini çıxarmışdılar.

Azərbaycanda da bu ənənənin mövcud olduğunu deyə bilərik. Ümumiyyətlə, türk qövmünün hər bir tayfası, bütövlükdə xalqı və nəhayət, türk millətinin formalaşmasında liderlərin, zadəganların, ziyalıların rolu çox böyük olub. Tariximizin bu aspektini də dərindən öyrənməyin, hər bir ziyalının xalqına, millətinə, Vətəninə xidmətinin "elmi ölçülməsi"nin zamanı çoxdan gəlib çatıb.

Burada Azərbaycan üçün əhəmiyyəti olan bir tarixi-siyasi və mədəni özəlliyi də vurğulamaq zəruridir. Tale elə gətirib ki, Azərbaycan parçalanıb. Siyasi olaraq onun müxtəlif əyalətləri fərqli dövlətlərin xəritəsinə düşüb. Bu proses zamanı azərbaycanlılar xalq və din sahibi olaraq haqsızlıqlar, zülmlər görüblər. Düşmən güzəşt etmədən Azərbaycan türk xalqının mənəvi, əxlaqi, mədəni, tarixi və sosial kimliyinə təcavüz edib, onu yer üzündən silməyə, fərdi şəkildə adamları məhv etməyə çalışıb.

Məhz bu məqamda Azərbaycan Vətəni, xalqı və mədəniyyəti uğrunda ayrı-ayrı fərdlərin mübarizəsinin də əhəmiyyəti xeyli artıb. Bəzən bir kənddə, bir obada, bir eldə və bir bölgədə xalqın mənəvi-əxlaqi və sosial-mədəni kimliyinə olan hücumlara qarşı ziyalılarımız öz fiziki kimliklərini riskə ataraq mübarizə aparmalı olublar.

Azərbaycanın XIX-XX əsrlər tarixi bunu təsdiq edən nümunələrlə doludur. XXI əsrin ilk onilliklərində belə, elə qədim Azərbaycan əyalətləri vardır ki, burada həmin aspektdə fəaliyyətə ehtiyac daha da aktuallaşıb. Həm tariximizi daha dolğun şəkildə dərk etmək, həm də hazırda müstəqil Azərbaycan dövlətinin siyasi xəritəsindən kənarda qalan "yavru bölgələrdə" (mahallarda, əyalətlərdə) tariximizi "canlandırmaq" üçün bu kimi araşdırmalara ehtiyac çox böyükdür! Göyçə kimi başıbəlalı bir mahalın zadəganları, ziyalıları, aşıq-ozanları, el qəhrəmanlarının həyat yolunun dönə-dönə işıqlandırılması, milyonlara çatdırılması həm də bütün bunlara görə çox böyük əhəmiyyət kəsb edir.

 

Bu kontekstdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin aşağıdakı fikirlərini deviz kimi qəbul etmək gərəkdir: "Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olub. Bunu gənc nəsil də, dünya da bilməlidir. Çox şadam ki, mənim tövsiyəmlə bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı, İrəvan xanlığı haqqında çox sanballı elmi əsərlər yaradılır, bir neçə xarici dilə tərcümə edilir. Bu əsərlər faktlar, həqiqətlər üzərində yaradılır. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq. Çünki, İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq".

Bəli, Prezidentimiz tamamilə haqlıdır: "biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq"! Biz o torpaqlara intellektimiz, əxlaqımız, mənəviyyatımız, dövlətçilik tariximiz, yeni texnologiyalarımız və mədəniyyətimizlə qayıtmalıyıq!

Onu deyək ki, Prezidentin rəhbərliyi ilə Azərbaycan Respublikası və azərbaycanlılar bu Yolda səbir, əzm, inam və qərarlılıqla irəliləyirlər! Bu yolun sonu ZƏFƏRLƏR və UĞURLARDIR!

İndi Azərbaycanı Vətən, milləti türk kimi sevən ziyalıların həyat yolunu daha geniş işıqlandırmaq bir vəzifədir. O cümlədən Göyçə mahalında uzun illər erməni şovinizmi və daşnakizminə qarşı açıq və ya gizli, vəzifədə olaraq və ya olmayaraq, daim mübarizə aparan Azərbaycan türklərinin həyat fəaliyyəti dərindən öyrənilməlidir. Bu sırada İsmayıl Hüseyn oğlu Əliyevin yeri və rolu ayrıcadır.

Vikipediyada yazılanlardan: "İsmayıl Hüseyn oğlu Əliyev 1927-ci il iyun ayının 22-də Göyçə mahalının Hacı Qərib-Sadanağaç-Güney kəndində Alıoğlu Hüseynin və İrvaham qızı Həlimənin ailəsində dünyaya göz açıb. İlkin orta təhsilini Hacı Qərib-Sadanağac kəndində alıb. 1939-1942-ci illərdə İrəvan Türk Pedaqoji Texnikumunu dil-ədəbiyyat müəllimi ixtisası üzrə bitirib. 1942-1944-cü illərdə Göyçədə pedaqoji fəaliyyət göstərib. Böyük Vətən müharibəsinin başlanması ilə 1944-cü ildə yaşını bir il artıraraq könüllü şəkildə ordu sıralarına qatılıb, Kutaisi şəhərində hazırlıq mərhələsi keçdikdən sonra Varşava cəbhəsinə göndərilib, Varşavanın azad olunmasında yaxından iştirak edib".

Bu qısa məlumatda bir Azərbaycan-türk oğlunun Vətənə sədaqətini, qeyrətini, elmə həvəsini və torpağa bağlılığını göstərən qiymətli fikirlər vardır. İsmayıl Əliyev İrəvan Türk Pedaqoji Texnikumuna daxil olur və oranı bitirdikdən sonra müəllimlik fəaliyyətinə başlayır. Lakin müharibə başlayan kimi özünü səngərdə görür: yaşını artıraraq könüllü cəbhəyə gedir. Varşavanın azad olunmasında fəal iştirak edən İsmayıl Əliyev Göyçəyə qayıdır. O, bunları bir Vətənsevər kimi edir. Bunu sonrakı həyat fəaliyyəti sübut edir.

Bioqrafiyasının sonrakı səhifələrinə baxaq: "Müharibədən qayıtdıqdan sonra 1948-1953-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsini bitirir. Eyni zamanda, Pəmbək, Sadanağac, Şişqaya, Dərə kəndlərində dərs hissə müdiri, məktəb direktoru kimi pedaqoji fəaliyyət göstərir. 1951-1953-cü illərdə "Bolluq uğrunda" Basarkeçər rayon qəzetinə baş redaktor təyin olunur. Qəzet iki dildə: Azərbaycan və erməni dillərində çıxırdı. İsmayıl Əliyev 1953-1959-cu illərdə "Bolluq uğrunda" qəzetinin baş redaktoru, mətbuat işinə çox gözəl bələd olan ünlü jurnalist, kəsərli qələm sahibi, 1959-cu ilin aprel ayından SSRİ Jurnalistlər İttifaqının üzvü, Partiya və ideoloji iş üzrə RPK-da təbliğatçı (1950), iqtisadçı, kolxoz-sovxoz direktoru, ideoloji iş üzrə partiya fəalı, Bakı Ali Partiya məktəbinin məzunu (1962-1964) olur, 1950-1988-ci illərdə Basarkeçər Rayon Sovetinə 38 il fasiləsiz olaraq deputat seçilir".

Diqqət edək: İkinci Dünya müharibəsindən qayıdan İsmayıl Əliyev Bakıda institut bitirir, lakin şəhərdə qalmır, ucqar dağ kəndlərində azərbaycanlıların maarifləndirilməsi ilə məşğul olur. Öz doğma Vətənində işləməyə üstünlük verir və bu yoldan həyatının sonuna qədər dönmür. Bakı Ali Partiya məktəbini bitirəndən erməni faşistlərin türkləri əzəli torpaqlarından 1988-ci ildə deportasiya edənə qədər doğma mahalında çalışır.

Faktlar danışır: 1964-1966-cı illərdə Ermənistan KP MK-nın orqanı olan "Sovet Ermənistanı" qəzetinin 7 bölgə üzrə – Vardenis (Basarkeçər), Krasnoselo (Çəmbərək), Kamo (Kəvər), Martuni (Aşağı Qaranlıq), Sevan (Yelenovka), İcevan (Karvansaray), Abovyan (Ellər) bölgələri üzrə xüsusi müxbiri təyin olunur. 1966-1968-ci illərdə Ağkilsə-Azad sovxozunda direktor, 1968-1973-cü illərdə Babacan, Pəmbək və Güney kəndlərində kolxoz sədri, təsərrüfat rəhbəri vəzifələrində çalışır ... 1972-1988-ci illər ərzində Güney kənd orta məktəbinin direktoru kimi fəaliyyət göstərir, böyük bir müəllim ordusu ilə yeni nəslin təlim və tərbiyəsində zəhmətini əsirgəmir".

Burada bu bioqrafik təsvirin şərhinə ehtiyac duyuruq. İsmayıl Əliyevin həyatı intellektual zəhmətlə başlayıb və sona qədər də belə davam edib. Onun haqqında yazanlar müəllimliyi, partiya fəaliyyəti, hakimiyyətdəki vəzifələri ilə yanaşı, jurnalistliyini də ayrıca vurğulayırlar. Səbəbi nədir? Səbəbi ondadır ki, İsmayıl Əliyev əməli fəaliyyəti ilə yanaşı, yazılarında, qaldırdığı məsələlərdə qorxmadan xalqına qarşı erməni şovinistlərin, bəzi partiya mənsublarının etdiyi hərəkətləri ifşa etməklə məşğul olub. Onun yazıları o zamanlar İttifaq miqyasında sayılan mətbu orqanlarda dərc edilib.

Həmin yazılarda İsmayıl Əliyev bir azərbaycanlı-türk övladı kimi istedadı, məsələləri məntiqi və dəqiq qoymaqla rəğbət qazanıb. Azərbaycanlılara qarşı erməni məmurların yaramaz və haqsız davranışlarını açıq yazıb və bunun aradan qaldırılmasını tələb edib. Tanınmış Azərbaycan jurnalisti Qədir Aslanın yazdıqlarından bir fraqment: "İsmayıl müəllim ali partiya təhsili aldıqdan sonra "Sovet Ermənistanı" qəzetində 7 bölgə üzrə xüsusi müxbir kimi fəaliyyət göstərmiş, Oğuz yurdunun qeyrətli oğlu öz xalqına sidq-ürəklə qulluq etmiş, mətbuat səhifələrində azərbaycanlıların üzləşdikləri problemlərlə bağlı tənqidi yazılar vermiş, heç nədən çəkinməmişdir".

Müəllif fikrinə davam edərək konkret fakt gətirir: 1965-ci ildə "Sovet Ermənistanı" qəzetində İsmayıl Əliyev "İtirilmiş şöhrət" adlı məqaləsini dərc etdirir. Həmin məqalədə "Basarkeçər rayonunun Böyük Məzrə kəndində kolxoz sədri vəzifəsində çalışan, millətçi, türk xalqlarına qarşı düşmənçilik mövqeyində dayanan Ardaş Hunanyan haqqında tənqidi fikirlər ifadə edir".

Buradan İsmayıl Əliyevin həyat fəaliyyətinin fəlsəfəsi haqqında maraqlı nəticə çıxara bilərik: İsmayıl Əliyev bir türk və maarif carçısı, partiya fəalı, ictimai-siyasi xadim və jurnalist olaraq aydın fəlsəfi-ideoloji konseptə söykənən fəaliyyət göstərib. Bunun əlamətidir ki, onu "ensiklopedik biliyə sahib olan müəllim-pedaqoq" kimi qiymətləndirirlər. Əsası isə ondan ibarətdir ki, İsmayıl Əliyev Azərbaycan-türk ziyalılıq ənənəsindən gələn bir mənəvi-ideoloji prinsipə daim əməl edib.

Kamal ADIGÖZƏLOV

Bakı Xəbər.- 2022.-18 avqust.- S. 13.