Nəsil yetişdirilməsində vətənpərvərlik musiqi janrının rolu...

 

Gənc nəslin vətənpərvərlik tərbiyəsinin formalaşmasında musiqinin, xüsusən də vətənpərvərlik mahnılarının, əsərlərinin xüsusi rolu var. Hər zaman deyirik ki, gənc nəslin milli mənlik şüurunun inkişaf üçün tələb olunan bir çox məsələlər var ki, onların bu işdə birbaşa iştirakı olur.

 

Gənclərin vətənpərvərliyi, onların milli şüura bağlı olması üçün görülən işlər, təbliğat hər gün davam etdirilməlidir. 44 günlük Vətən müharibəsində zəfər qazanmağımız onu göstərdi ki, Azərbaycan gəncliyi milli mənlik şüuruna, vətənpərvərlik tərbiyəsinə malikdir. Baxmayaraq ki, biz 44 günlük Vətən müharibəsində qələbə qazanmışıq, bu bizdə arxayınlıq yaratmalı deyil və hər gün  gənc nəslun vətənpərvərliyinin artması üçün böyük işlər görməliyik, fəaliyyətimizi daha da gücləndirməliyik. Hər gün efirlərdən vətənpərvərlik mahnıları səsləndirilməlidir. Təəssüf ki, biz bunu kütləvi olaraq görə bilmirik. Halbuki, qələbəmizi tərənnüm edən əsərlər TV və radioların bəzəyi olmalıdır.

 

Vətənpərvərlik musiqisinin gənclərin milli mənliyinin və vətənpərvərlik tərbiyəsinin formalaşmasında rolu nədir?

Gənclərin yetişməsində vətənpərvərlik mahnılarının, bu istiqamətdə yazılan musiqi əsərlərinin yeri əvəzsizdir. Musiqişünaslar deyir ki, vətənpərvərlik musiqisinin gənclərin milli mənliyinin

 

və vətənpərvərlik tərbiyəsinin formalaşmasında oynadığı rol misilsizdir və qələbənin qazanılmasında belə əsərlər az rol oynamayıb. Musiqişünasların fikrincə, müasir vətənpərvərlik musiqiləri az deyil, amma onların təbliğatı zəifdir. Bəli, Azərbaycan gənclərinin vətənpərvərlik aşılayan mahnılara, sənət əsərlərinə bu gün  böyük ehtiyacı var. Qeyd edildiyi kimi, televiziyalarda vətənpərvərlik mahnılarına, demək olar ki, çox az yer verilir. Efirə təqdim edilən mahnıların isə əksər hallarda ancaq adında vətənpərvərlik ifadəsi əksini tapır. Ancaq məsələ var ki, vətənpərvərlik əsərləri günü-gündən daha çox təbliğ olunmalı, onların arasından keyfiyyətli olanları telekanallarda, radiolarda hər gün təqdim edilməlidir. Müzəffər dövlətin, müzəffər xalqın, müzəffər ordunun vətənpərvərlik nəğmələri eşitməyə haqqı böyükdür.

 

Müasir bəstəkarların vətənpərvərlik əsərləri...

Məlumatlara görə, bəstəkarlarımız 30-a yaxın vətənpərvərlik mahnısı və marşlar yazıb. Ekspertlər bildirir ki, Azərbaycan 44 günlük müharibədə qalib gəldi və həm döyüş, həm də siyasi meydanda qazanılan qələbənin, zəfərin sayəsində 30 il işğalda olan torpaqlarımız yenidən öz azadlığına qovuşdu. Mütəxəssislərin araşdırmalarına görə, həm birinci Qarabağ müharibəsi, həm Vətən müharibəsi günlərində ən çox dinlənilən, ifa edilən ötən əsrin 90-cı illərdə Cavanşir Quliyevin yazdığı “Marş irəli!”, hərbi vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlının “Cənab leytenant”, “Vətən əmanəti”, "İgid əsgər" və bu kimi digər mahnılar oldu. Lakin indi daha çox zəfər və qələbə marşlarına böyük ehtiyac yaranıb. Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Zemfira Qafarova vətənpərvərlik musiqisinin gənclərin milli mənliyinin formalaşmasında oynadığı rola toxunub: "... Zamanında Üzeyir Hacıbəyov, Süleyman Ələsgərov, Əşrəf Abbasov çox gözəl marşlar yazıblar, hansı ki, həmin marşlar müharibə dövründə mütəmadi səslənirdi. Hazırda da bəstəkarlarımız tərəfindən gözəl marşlar yazılıb. Məsələn, deyə bilərəm ki, Azər Dadaşov, Lalə Cəfərova, Elnarə Dadaşovanın yeni marş əsərləri var. Hətta bugünlərdə xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə də çox gözəl marş yazıb. Bildiyiniz kimi, Firəngiz xanım adətən iri həcmli əsərlərə müraciət edir, amma gördüyünüz kimi, o da marş yazıb. Çox sevindirici haldır ki, 44 gün ərzində yalnız vətənpərvərlik mahnıları, marşlar eşitdik. Cavanşir Quliyevin 90-cı illərdə yazdığı ”Marş irəli!"  nəyə desəniz dəyər. Vətən müharibəsi dövründə bu marş, demək olar ki, leytmotiv oldu, hər kəs onu oxuyurdu.

 

Bir faktı da qeyd edim ki, bugünlərdə bəstəkarlarımız 30-a yaxın vətənpərvərlik mahnısı və marşlar yazıb. Təkcə peşəkar bəstəkarlar deyil, həvəskar bəstəkarlar da bu mövzuya çox müraciət edib. Deyə bilmərik ki, onların hamısı yaxşıdır, amma yazılır".

 

"Vətənpərvərlik mahnıları" adlı not məcmuə çap olunub...

Müasir bəstəkarların milli vətənpərvərlik ruhunda yazdığı musiqi əsərlərinin bir yerə toplanması, onların notlarının çap olunması, habelə ifası çox mühümdür.

 

Belə ki, Vətən müharibəsindən sonra bu sahədə işlər görülməyə başlayıb. Yadınızdadırsa, Azərbaycan Milli Kitabxanasının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə layihəsi olanMilli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” seriyasından “Vətənpərvərlik mahnıları” adlı səs və fortepiano üçün not məcmuəsi nəşr olundu. Sözügedən not məcmuəsinə “Azərbaycan bayrağına” (mus. Aygün Səmədzadə, söz. Əhməd Cavad); “Azərbaycan” (mus. Aygün Səmədzadə, söz. Qənirə Paşayeva); “Vətənin övladları” (mus. Lalə Cəfərova, söz. Ramiq Muxtar); “Unutmayacağıq da” (mus. Nərminə Nağıyeva, söz. Şahin Musaoğlu); “Azərbaycan” (Mus. və sözləri Fərid Fətullayev); “Qələbəyə gedən yollar” (mus. Azad Zahid, söz. Abdulla Qurbani); “Zəfər çağırır bizi” (mus. Pikə Axundova, söz. Şahin Musaoğlu); “Əsgər marşı” (mus. Cavanşir Quliyev, söz. Əli Kami); “Milli Ordumuz” (mus. Eldar Babayev, söz. Hikmət Ziya); “Azadlıq Günü” (mus. Azər Hacıəsgərli, söz. Rəsul Rza) səs və fortepiano üçün musiqi əsərləri yer alıb. Bu məcmuələrin bütün musiqi məktəblərinə və Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinə göndərilməsi təmin edilib.

 

Vətənpərvərlik mahnılarına, əsərlərinə hər zaman ehtiyac varhesab edirik ki, yeni vətənpərvərlik əsərləri də cəmiyyətdə gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşmasında praktik rol oynayacaq.

 

İradə SARIYEVA

Bakı Xəbər.- 2022.- 25 fevral. S. 12.