Alban-xristian abidələri ilə bağlı ayrıca konfrans erməni saxtakarlara zərbə olacaq...

 

Yalnız ərazilərimiz deyil, abidələrimiz də, maddi-mədəni irsimiz də Ermənistanın təcavüzündən əziyyət çəkib, bu gün də çəkir. Ənənəvi mirasımız ermənilər tərəfindən talan edilib, dağıdılıb, mənimsənilib. Alban-xristian irsinin yeganə varisi Azərbaycan xalqı, udilər olduğu bütün dünyaya məlum olsa da,  təəssüf ki, bu barədə dünya susur.

Halbuki, daha uca səslə bu irsin əsl sahibinin kimliyini car çəkə bilərlər, amma çəkmirlər. Bu gün torpaqlarımız işğaldan azad edilib, amma alban-xristian dövü abidələrimizin hələ də xeyli bir hissəsinə qarşı erməni iddiası davam edir. Ermənilər hələ də Xudavəngdən, Amasardan əl çəkmək istəmir, hər yerdə bu dini irsiqriqoryan irsiolaraq təqdim etməkdən utanmırlar. Məlumdur ki, ölkəmizin xristian icması dəfələrlə bu problemə toxunsalar da, lakin hələ də onun həlli yollarını tapa bilməyiblər. Hələ də xaricdə keçirilən nüfuzlu beynəlxalq tədbirlərdə ermənilərin alban-xristian irsini oğurladıqlarını, haqsız olaraq kilsələrə iddia etdiyini bəyan etməyiblər. Bəyan ediblərsə də belə, verilən bəyanatlara hələ reaksiya gəlməyib, erməniləri dayandıran tapılmayıb.

Alban-xristian abidələrinə qarşı erməni saxtakarlığının ifşası yolları...

Bu gün Alban-Udi Xristian İcması başda olmaqla Azərbaycandakı digər xristian dini təşkilatları erməni təcavüzünə məruz qalan alban-xristian kilsələrinin taleyi ilə bağlı dünyaya çağırış edib və ölkəmizdə bu barədə konfrans keçirə bilərmi?

Məsələn, bu ilin payızında Şuşada  türk dilli ölkələrin din xadimlərinin iştirakı ilə böyük bir konfransın keçiriləcəyi gözlənilir. Çox yaxşı olardı  ki, belə bir konfrans da alban-xristian abidələri, kilsələrinin taleyi ilə  bağlı olsun. Əlbəttə, bu işdə Azərbaycanın xristian icmasının üzərinə böyük düşür ki, onlar dünya xristianlarına, kilsələrə çağırış edib onların nümayəndələrini ölkəmizə dəvət etsinlər və erməni təcavüzünü ifşa etsinlər.

Ekspertlər deyirlər ki, ermənilərin oğurluğunu ifşa etmək üçün mütamadi olaraq bu mövzunu beynəlxalq gündəmə gətirmək lazımdır. Ekspertlər hesab edirlər ki, dünya xristianlarının çox böyük bir qismi ermənilərin alban-xristian dini irsini, alban kiləsini mənimsədiyindən xəbəri yoxdur, çünki ermənilər illərdir, bu abidələri özününki kimi qələmə verirlər, bu istiqamətdə güclü təbliğatlarını davam etdirirlər. Ekspertlərin fikrincə, bu məsələ dünya ictimaiyyətinə çatdırılmalıdır və bunun üçüngüclü təbliğat aparılmalıdır.

...Alban kilsəsi xristian dünyasında ən qədim kilsələrdən biri olduğunu sübut edir

Bildirək ki, 2020-ci ilin payızında torpaqlarımız azad edildikdən sonra Azərbaycan Alban-udi xristian dini icması son yüz ildə Alban məbədlərinin qriqoryanlaşdırılmasının Ermənistanın dövlət siyasətinə çevrilməsi ilə bağlı Dünya Kilsələr Birliyinə müraciət ünvanlamışdı. Müraciətdə qeyd olunurdu ki, Qafqazda xristianlığın rəsmi din kimi strukturlaşmasının tarixi Alban kilsəsindən başlayır. Qədim qaynaqlar təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini-mədəni həyatında silinməz izlər qoymuş Alban kilsəsi xristian dünyasında ən qədim kilsələrdən biri olduğunu sübut edir. Alban kilsəsinin qədimliyini təkcə tarixi faktlar yox, həm də mövcudluğunu dövrümüzə qədər qoruyub saxlamış qədim alban məbədləri təsdiqləyir.

“Xudavəngin tarixi dəqiq araşdırılarsa...”

Tanınmış ilhaiyyatçı Tural İrfan bizimlə söhbətində bildirdi ki, bu məsələ sadəcə bir-iki konfrans keçirməklə həll edilə bilməz, bunun üçün daxildə və xaricdə çox güclü işlər görülməlidir. “Xudavəng udilərin, albanların elə bilin ki, bir Kəbəsi, Məkkəsidir. Bu monastr onlar üçün çox müqəddəsdir. Deyim ki, Xudavəng monastrının tarixi bizim alimlər tərəfindən düz-əməlli araşdırılmayıb. Sovet dövründə bu barədə nə yazıblarsa ortadakılar onlardır. Xudavəng dini məbəd olduğu üçün onun tarixinin öyrənilməsində elə də dərinə gedilməyib. Xudavəngin tarixi dəqiq araşdırılarsa biz çox maraqlı məlumatlar əldə edə bilərik. Dağın zirvəsində o boyda tikilini inşa etmək elə belə hadisə deyil, orada ziyarətgahlar, bizim xristianlıq dövrü tariximizə aid olan məsələlər var. O baxımdan ermənilər də oradan, bizim ən həssas nöqtəmizdən yapışırlar. Biz həm də deyirik ki, bu udilərin, qədim albanların kiləsidir, həm də erməniləri ora buraxırıq ki, gəlib “ibadət etsinlər”. Halbuki, keçən dəfə onlar bizim udi-alban icmasını əsas binaya buraxmamışdılar. O məbədin ermənilərə heç bir aidiyyatı yoxdur. Orada udilər ibadət etməlidir, ermənilər ora buraxılmamalıdır. Deyim ki, Qriqoryanlıq başqa bir dindir, ümumiyyətlə bu təriqət xristianlıqdan çıxıb. Təəssüf ki, bizim məmurların çoxunun dini bilgisi zəifdir və bu barədə məlumatsızdırlar. Biz erməni saxtakarlığına qarşı ciddi mübarizə aparmalıyıq. Bunun da yollarından biri Azərbaycanın xristian məbədlərini təbliğ etmək, onların tarixini öyrənməkdir”.

T.İrfan hesab edir ki, bu məsələ ilə bağlı konfranslar da faydalı olar. O, vurğuladı ki, ölkəmizdə keçirilən bir sıra humanitar tədbirlərdə, forumlarda  bu mövzu gündəmə gətirilib. T.İrfanın sözlərinə görə, erməni saxtakarlığının ifşa edilməsi üçün yalnız konfranslar kifayət etmir, həm də biz xristian irsimizi dərindən bilməliyik ki, onu lazımı səviyyədə dünyaya çatdıra bilək.

 

İradə SARIYEVA

 

Bakı Xəbər .-2022.- 2 iyun.- S.11.