Azərbaycan cəmiyyətində siyasi mədəniyyət - tarixi ənənə və siyasi maarifçilik...

 

Hər bir cəmiyyətdə yüksək siyasi mədəniyyətin olması vacib elementlərdəndir. Siyasi ədəbiyyatda siyasi mədəniyyətə verilən izah maraqlıdır. Qeyd olunur ki, mənəvi mədəniyyətin tərkib hissəsi olan siyasi mədəniyyət politologiya elminin mühüm anlayışlarından biridir. Siyasi mədəniyyət anlayışı iki mənada işlənir.

 

Geniş mənada siyasi mədəniyyət bəşər cəmiyyətinin yaratmış olduğu ümumi mədəniyyətin bir hissəsi kimi işlənir. Yəni bu halda iqtisadi mədəniyyət, dini mədəniyyət, əxlaqi mədəniyyət və s. kimi hər bir cəmiyyətdə siyasi mədəniyyət də mövcuddur. Onlar bir-biri ilə sıx bağlıdır. Dar mənada siyasi mədəniyyət hər bir fərdin, sosial qrupun, sinfinya millətin siyasi davranış və fəaliyyət qaydalarının, onların siyasətdə, siyasi hakimiyyətə münasibətlərinin ifadəsi kimi başa düşülür. Bu siyasi mədəniyyətin siyasi ədəbiyyata istinadən verilən qısa icmalıdır.

 

Azərbaycanda siyasi mədəniyyətin səviyyəsi hansı vəziyyətdədir?

Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərovun fikrincə, Azərbaycanda siyasi mədəniyyət plüralizmin geniş spektrini əhatə edərək formalaşıb. “Azərbaycanda siyasi mədəniyyətin formalaşması prosesində ulu öndər Heydər Əliyevin nəzəri və praktiki siyasi fəaliyyəti olduqca böyükdür. Əsasən, Azərbaycanın müstəqillik əldə etməsindən  sonra formalaşan siyasi mədəniyyət azərbaycançılıq kontekstində özünün fərqli xüsusiyyətləri ilə seçilir. Azərbaycanın siyasi mədəniyyəti özünün dövlətçiliyə möhkəm sədaqət, rəhbərin güclü tərəflərini tez müəyyənləşdirmək və populizmə tez məruz qalmamaq məharəti ilə seçilməyə başlayıb. Azərbaycançılıq ideyasının bu prosesdə xüsusi rolu vardır. Sistemli şəkildə səhv etdiklərinin fərqinə varan müxalifət 2003-cü ildən başlayaraq formalaşan yeni siyasi mədəniyyət mərhələsində öz fəaliyyətlərini dəyişdirməyə başladı və siyasi hakimiyyətin uğurlarını etiraf etmək yoluna qədəm qoydu. Aparılan müşahidələr göstərir ki, Azərbaycanda demokratik siyasi mədəniyyətin formalaşmasının 3-cü mərhələsi 2005-ci ildən başlanmışdır. Məhz bu tarixdən etibarən Azərbaycan cəmiyyətində siyasi mübarizənin və siyasi münasibətlərin keyfiyyətcə yeni cəhətini müşahidə etmək olur. Əhalinin populizmə meylli təbəqəsinin kəmiyyətcə azalması, siyasi sistemlə münasibətdə müxalifətin reallığı qiymətləndirmə cəhdlərinin artması, həmçinin, daha dinc mübarizə və mədəni mübarizə üsullarına yer ayırması, bütün bunlarla yanaşı, ölkədə siyasi məhbus probleminin aradan qaldırılması bu dövrün əsas cəhətlərindəndir...”-deyə alim qeyd edir.

 

“Bizdə  siyasi mədəniyyətin, siyasi dialoqun səviyyəsi qənaətbəxş  deyil

Politoloq Mehman İsmayılovun  sözlərinə görə, Azərbaycanda siyasi mədəniyyətin səviyyəsi qənaətbəxş deyil: “Azərbaycanda siyasi dialoqun aparılmasında müzakirələrin aparılması zamanı fikirlərin toqquşması, fikirlərin mübadiləsi, fikirlərin döyüşməsi deyil, şəxslərin döyüşməsi ortaya çıxır. Bizdə çox əcaib bir ənənə var. İnsanların fikrinə əks fikir söyləmək əvəzinə  şəxsiyyətini təftiş etməyə qalxırlar. Əgər bir insan əks fikir söyləyirsə, o dərhal müxalif fikirli insan kimi deyil, düşmən fikirli insan kimi qəbul eidlir. Əgər sən hakimiyyətin apardığı siyasətə müxalif fikir bildirirsənsə, səni düşmən cəbhə hesab edirlər. Yaxud müxalifətin hərəkətlərini müzakirəyə qoyursansa, onu təftiş edirsənsə səni hakimiyyətə “satılmış” insan kimi qələmə verirlər. Hər zaman Azərbaycanda ən böyük problemlərdən biri dialoqun aparılması məsələsi olub. Çünki dialoqun olmaması, hər zaman əks fikirdə olan, müxtəlif cür düşünən insanların, müzakirələrin olması cəmiyyətin qulağının bu məsələlərə öyrəşdirilməsi çox vacibdir. Yəni insanlar əks fikrə çox dözümlü yanaşsınlar, siyasi dialoqu şəxsiyyətdən kənar tutsunlar. İnsanın şəxsiyyətini deyil, fikrini müzakirə edib tənqid etmək lazımdır. Ona görə də hesab edirəm ki, bizdə  siyasi mədəniyyətin, siyasi dialoqun səviyyəsi qənaətbəxş  deyil”- deyə M.İsmaylov vurğuladı.

 

Siyasi mədəniyyətin əsası Cumhuriyyət dövründə qoyulub

Azərbaycanda siyasi mədəniyyət ənənələri varmı və biz siyasi mədəniyyət maarifçiliyindən danışa bilərikmi?

 

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı isə bizimlə söhbətində bildirdi ki, Azərbaycanda siyasi mədəniyyətin əsası Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulub: “Azərbaycanda siyasi mədəniyyətin əsası Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan Xalq Cumhuiyyətini yaradarkən qoyulub. Bilirsiz ki, həmin dövrdə parlamentdə Bakıda və Azərbaycanın başqa yerlərində yaşayan müxtəlif millətlərin nümayəndələri təmsil olunublar. Eyni zamanda da parlamentdə qəbul olunan qərarlar da tam şəkildə demokratik yolla qəbul onunubdemokratik əsaslara söykənib. Siyasi mədəniyyətin əsası Cumhuiriyyət dövründə qoyulub. Məncə, bu siyasi mədəniyyət 1920-ci ilin 27 aprel gecəsinə qədər davam edib. Həmin gecədə parlamentdə çıxış edən Əliheydər Qarayev, Nəriman Nərimanov Azərbaycan hakimiyyətini qorxutmaq yolu ilə onlara “hakimiyyəti təhvil verməlisiniz” hədələri gəliblər. Hətta həmin zaman Rəsulzadə deyib ki, siz ölkənin müstəqiliyini qoruyub saxlayacaqsınızsa, biz qansız-qadasız hakimiyyəti təhvil verə bilərik. Cumhuriyyətin qəsb edilməsi ilə Azərbaycanda siyasi mədəniyyət yoxdur”.

 

Bu gün siyasi partiyaların, siyasi simaların özlərində belə siyasi mədəniyyətin olmadığını deyən G.Aslanlının sözlərinə görə, bu özünü debatlardan tutmuş seçkilər zamanı verilən çıxış imkanlarına qədər çox şeydə göstərir. O deyir ki, TV-lərdə, cəmiyyətdə çıxış edib opponentləri təhqir etmək, aşağılamaq siyasi mədəniyyət deyil: “Eyni zamanda siyasi partiya nümayəndələrinin debatlarda bir-birini təhqir etməsi, bir-birinin üstünə getməsi, son zamanlarda bir-birini döyməsi hadisəsi də siyasi mədəniyyətin çox zəif olduğuna bir işarədir”.

 

Gördüyümüz kimi, siyasi mədəniyyət anlayışına münasibətlər, yanaşmalar fərqlidir. İctimai cəmiyyətlərin üzərinə düşən vəzifə ənənələrdən gələn siyasi mədəniyyəti inkişaf etdirmək, siyasi maarifçiliyi genişləndirməkdir. Siyasi mədəniyyətə hər zaman ehtiyac varbiz onu inkişaf etdirməliyik.

 

İradə SARIYEVA

 

Bakı Xəbər 2022.- 2 mart.- S.10.