Azərbaycanda vətəndaş
hüquqlarının qanunvericiliklə təkmilləşdirilməsi
necə gedir...
Dövlətin əsas sərvəti vətəndaşdır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaşın maraq və mənafelərinin müdafiəsi dayanır. Bu baxımdan Azərbaycanda vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin əsas istiqamətlərindəndir.
Ölkəmizdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində qanunvericilik də var və qanundavericiliklə vətəndaş hüquqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilib.
Azərbaycanın əsas qanunu olan Konstitusiyamızda vətəndaş hüquqları ilə bağlı bir neçə maddə yer alıb. Konstitusiyamıza əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan vətəndaşı sayılır. Ekspertlər qeyd edirlər ki, Azərbaycanın dünya birliyində müstəqil, hüquqi, demikratik dövlət kimi tanınması, ölkədə insan hüquqvə azadlıqlarının təmin edilməsi, habelə müdafiə olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda dövlət quruculuğu sahəsində köklü islahatlara başlanıldı. Ölkəmizdə insan hüquq və azadlıqlarının təmini və müdafiəsinin müəyyən olunması, bu sahədə hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atıldı. Onun dövründə insan hüquq və azadlıqlarının təmin edilməsi ölkəmizdə gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi diqqət mərkəzində saxlanılan prioritet məsələlərdən biri olub.
Azərbaycanda insan haqları və ya Azərbaycanda insan hüquqları qanunvericiliklə təsbit olunur. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya Azərbaycanda əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcını qoyub. Konstitusiya ölkədə insan hüquq və azadlıqlarının qorunmasının əsasını təşkil edir. Sənədin "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir. Məlum olduğu kimi, bu sahədə “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında Prezident fərmanı, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəliliyini artırmaq sahəsində Mlli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və digər sənədlər mövcuddur.
“Bu sahədə qanunvericilik bazası formalaşdırılıb”
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni bizimlə söhbətində bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində böyük ölçüdə işlər görülüb: “Bu 30 ildə bu sahədə böyük islahatlar həyata keçirilib, qanunlar qəbul olunub. Konstitutsiyadan tutmuş vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən qanunlar mövcuddur. Ana yasamızda və başqa qanunlarda da insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin edilməsi hüquqi baza olaraq beynəlxalq standartlara uyğun olaraq qəbul olunub. Azərbaycanda insan və vətəndaş hüquqlarının müdafiəsi ilə bağlı qanunlarda heç br problem yoxdur. Dediyim kimi, bu sahədə qanunvericilik bazası formalaşdırılıb”.
“…Dəfələrlə təklif etmişik”
Bununla belə, R.Zeyni hesab edir ki, bəzi qanunlar təkmilləşdirilməlidir, mütamadi olaraq yeniləşməlidir, bəşəriyyətdə gedən proseslərə cavab verməlidir. R.Zeyninin fikrincə, dünya dəyişir, yeniləşir və bir sıra sahələr var ki, onların qanunvericilik bazası da yeni çağırışlara uyğun olmalıdır. “Bu baxımdan da yeni çağırışlara uyğun olaraq qanunlarda da müəyyən dəyişikliklər edilir. Bu da, təbii ki, hüquqi bazamızın və qanunvericilik sistemimizin, qanunlarımızın müasir tələblərə uyğun olaraq formalaşması deməkdir. Bu da təbii prosesdir və zaman gedir. Qanunvericilik sahəsində əsasən vəziyyət qənaətbəxşdir. Amma dediyim kimi, vətəndaş cəmiyyətinin tənzimlənməsini həyata keçirən qanunlarda müəyyən təkmilləşmə olmalıdır. Bunu biz dəfələrlə təklif etmişik. Bizim vətəndaş cəmiyyəti ekspertləri, QHT nümayəndələri təkliflər veriblər. Bu istiqamətdə də biz lazımı təklifləri verməyə hazırıq. İctimai sektor, vətəndaş cəmiyyəti həm bu qanunların ictimai müzakirəsinin keçirilməsi, həm də müvafiq təkliflərin təqdim olunması istqamətində daim öz fəaliyyətlərini həyata keçirirlər. Bu baxımdan hər şey yaxşı olsa da, əsas məsələ həmin qanunların necə icra olunması ilə bağlıdır. Bu qanunların necə icra edilməsinin müzakirəyə ehtyacı var. Biz də QHT, ictimai nəzarət mərkəzi olaraq bu müzakirələri də zaman-zaman keçiririk. Bizim vətəndaş cəmiyyəti də həm qanunvericilik bazasının vəziyyəti, həm də mövcud qanunların icrası ilə bağlı durumu daim müzakirə edir. Bu sahədə ictimai müzakirələr də təşkil olunur və bu müzakirələrdə də bütün real vəziyyət təhlil olunur və təkliflər irəli sürülür”.
Bilindiyi kimi, Azərbaycanda bu vacib sahədə çox böyük işlər görülüb və qanunvericilik sahəsində islahatlar həyata keçirilib. İnsan hüquqlarının müdafiəsi sahəsində Azərbaycan dövlətinin apardığı siyasət tədirəlayiqdir. İnsan hüquqları, haqları qanunlarla müdafiə olunur və qanunun qorunması ilə insan hüquqları təmin edilir.
İradə SARIYEVA
Bakı Xəbər
.- 2022.- 5 mart.- S.10.