Fərrux kəndi Xankəndiyə yolumuzu açır...
Xocalı rayonunun Fərrux kəndinin Azərbaycanın nəzarəti altına keçməsindən sonra Ermənistanda yaşanan siyasi şokun miqyası genişlənməkdədir. Fərrux kəndinin keçmiş “başçı”sı Artyuşa Mikayelyan bu fonda qeyd edir ki, əslində, Azərbaycanın nailiyyəti təkcə bu kəndlə məhdudlaşmır.
O, Daşbaşı kəndi ilə bağlı da Azərbaycanın mühüm üstünlüklər qazandığını vurğulayır: “Daşbaşının kiçik bir hissəsi, təxminən 30%-i bizim nəzarətimizdədir, qalanı azərbaycanlıların nəzarətindədir, reallıq budur”.
Onun sözlərinə görə, Fərrux kəndinin bir hissəsi Rusiya sülhməramlılarının nəzarətindədir, təxminən 100 metr aralıda sağ və solda azərbaycanlılar dayanıblar, kəndə gedən bütün yollar bağlıdır: “1 nəfərin qarşısında 100 azərbaycanlı dayanıb, böyük ehtimalla, personal daşıyan maşınlarla, silahlarla bu sektordadırlar”. Bunlara paralel olaraq, Azərbaycanın Fərrux kəndinə nəzarəti ələ keçirməsi ilə bağlı açıqlamasından sonra təhlilçilər bu ərazini “Xankəndiyə gedən yol” kimi qiymətləndirir. Bu haqda danışmazdan öncə qeyd edək ki, Azərbaycan hərbçilərinin Fərrux kəndi və yaxın yüksəklikləri nəzarətə götürməsi Rusiya və Azərbaycan Müdafiə nazirlikləri arasında ittiham xarakterli qarşılıqlı açıqlamalarla müşahidə olunmuşdu. Rusiya Müdafiə Nazirliyi Azərbaycanı "atəşkəsi pozmaqda" ittiham edərək bəyan etmişdi ki, Azərbaycan hərbçiləri Fərrux kəndindən geri çəkilib. Rusiyanın atəşkəs barədə iddialarının həqiqətə uyğun olmadığını bildirən Azərbaycan Müdafiə Nazirliyi bunu təkzib edərək silahlı qüvvələrinin geri çəkilmədiyini açıqlamışdı. Sonradan yerli mediada yayılan, Fərrux kəndinə Azərbaycan bayrağının sancılmasının əks olunduğu deyilən görüntülər nə Rusiya, nə də Azərbaycan rəsmiləri tərəfindən təkzib olundu. Təhlilçilərə görə, Fərrux kəndi ermənilərin yaşadığı, Rusiya sülhməramlılarının nəzarət etdiyi Xankəndiyə Azərbaycan hərbçilərinin yolunu açdığı üçün əhəmiyyətlidir.
Ermənistan mediası yazır ki, Azərbaycan silahlı qüvvələrinin Fərrux kəndinə keçməsinə görə Xocalının Pirlər (Əsgəranın Xramort) kəndinin əhalisi ərazidən çıxarılıb. Rusiya sülhməramlılarının nəzarəti altında Qarabağın ermənilər yaşayan hissəsində özünü "dövlət naziri" adlandıran Artak Beglaryan bildirib ki, Fərrux və Pirlər kəndlərindən 200-dək şəxs çıxarılıb. Elə bununla bağlı olaraq Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə apardığı telefon danışığı zamanı Azərbaycan ordusunun irəliləməsindən narahat olduğunu deyib. Lakin bu, hansısa dəyişikliyə səbəb olmayıb. Hərbi təhlilçi Üzeyir Cəfərov hesab edir ki, rəsmi Bakının Fərrux kəndini nəzarətinə götürməsi ərazinin hərbi strateji baxımdan Azərbaycan üçün böyük əhəmiyyət daşımasından irəli gəlir: "Fərrux kəndindən Xankəndiyə birbaşa yol var. Eyni adlı yüksəkliyin ələ keçirilməsi Xankəndinin iki addımlığında olmaq deməkdir. Həmin ərazinin strateji əhəmiyyəti budur". Onun sözlərinə görə, Azərbaycan ordusunun yenidən bu ərazilərdə yerləşməsi Xankəndidə və digər ətraf ərazilərdə baş verənləri nəzarətdə saxlamağa imkan verəcək. O qeyd edib ki, ötən əsrin 90-cı illərində də Azərbaycanın milli qəhrəmanı Şirin Mirzəyevin rəhbərliyi ilə o yüksəklik uğrunda çox gərgin mübarizə gedib.
Beynəlxalq Böhran Qrupu hesab edir ki, Azərbaycanı narahat edən məqam bu ərazilərdəki təhlükəsizlik şəraiti və gələcəkdə Ağdam ərazisində aparılacaq infrastruktur layihələrə təhlükə törətmə risqinin olması idi: "Biz görürük ki, Azərbaycanın Müdafiə Nazirliyi dislokasiya işləri çərçivəsində Fərrux kəndi və ətrafına nəzarəti ələ keçirdiyini bildirir. Lakin hadisələrin necə cərəyan etməsi barədə müxtəlif versiyalar və fikirlər səsləndirilir. İctimaiyyətə hadisələr təfsilatı ilə açıqlanmayıb və bu da əsaslandırılmamış fikirlərin cərəyan etməsinə səbəb ola bilir. Rəsmi Bakı İkinci Qarabağ müharibəsinin bitməsinə səbəb olan 10 noyabr Bəyanatının 4-cü bəndinə istinad edərək, Azərbaycan ordusu və Rusiya sülhməramlılarının olduğu ərazilərdə 3-cü növ hərbi birləşmənin mövcudluğunu qəbul etmir. Azərbaycan bir neçə dəfə Ermənistanı və Rusiyanı Qarabağdan erməni silahlılarını çıxarmağa çağırıb. 10 noyabr Bəyanatının 4-cü müddəasında deyilir ki, Rusiya sülhməramlıları Qarabağda erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. İndiyədək bu müddəalar Azərbaycan və Ermənistan arasında fərqli şərh edilib və ziddiyyətli mövqe yaradıb. Fərrux kəndi ətrafında baş verənlərdən sonra Rusiya Müdafiə Nazirliyi Azərbaycanı 10 noyabr Bəyanatını "pozmaqda" ittiham edib. Azərbaycan isə sənədə sadiq olduğunu deyib və Rusiyanın öz açıqlamalarında "Dağlıq Qarabağ" ifadəsindən istifadə etməsini "ərazi bütövlüyünə hörmətsizlik" sayıb. O cümlədən, Azərbaycan xahiş edib ki, Rusiya öz bəyanatlarında Azərbaycan ərazilərinin adını düzgün olaraq göstərsin".
Rusiya Beynəlxalq Məsələlər Şurasının baş katibi Andrey Kortunov “BBC News”a bildirib ki, rəsmi Moskva məsələni şişirtmək istəmir: " Rusiya belə bir texniki məsələni siyasi səviyyəyə daşımaq istəmir". O, zaman-zaman hərbi müstəvidə yaranan narazılıqlara diqqət çəksə də, baş verənlərin siyasi böhrana gətirib çıxaracağı ehtimalları inkar edib. Təhlilçi qeyd edib ki, Rusiya və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30 illiyini keçirməyə hazırlaşır: "Belə bir ərəfədə, eyni zamanda Rusiyanın bütün diqqətinin Ukraynaya yönəldiyi dövrdə Kreml administrasiyası Azərbaycanla siyasi əlaqələrin pozulmasında maraqlı deyil". Andrey Kortunov Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığına diqqət çəkərək, tərəflər arasında toponim mübahisəsində Rusiya Müdafiə Nazirliyinin sərgilədiyi mövqeyi anlamadığını deyir. Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Fərrux kəndini Farux adlandırmışdı və bu da Azərbaycanın narazılığına səbəb olmuşdu. Millət vəkili Zahid Oruc da hesab edir ki, Rusiya və Azərbaycan arasında toponimlərlə bağlı narazılıqlar hüquqi müstəvidə həll edilməlidir: "Çox ümidvarıq ki, bundan sonrakı məsələlər danışıqlar yolu ilə öz həllini tapacaq. Baş verən son hadisələr iki ölkə arasında münasibətləri gərginləşdirməyəcək”. Xatırladaq ki, son il yarım ərzində Azərbaycan müdafiə və ya xarici işlər nazirliklərinin xətti ilə toponimlərə hörmət edilməsi ilə bağlı Rusiyaya dəfələrlə müraciətlər edib və bu tip məsələlər siyasi problemə çevrilməyib. İndilikdə isə hadisələr bir daha göstərir ki, Azərbaycanla Ermənistan arasında substantiv danışıqların başlanmasına ehtiyac böyükdür. Bu çərçivədə Ermənistan baş nazirinin Rusiyaya aprel ayındakı səfərindən sonra diplomatik danışıqlara qayıtmaq ehtimalı yarana bilər, amma bu çərçivədə Qərb dövlətlərinin də aktiv olmasına ehtiyac var. Bu arada onu da xatırladaq ki, son günlərdə Azərbaycan və Ermənistan bölgədə gərginliyin artmasına görə bir-birini ittiham etsələr də, sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduqlarını bildiriblər.
Nahid SALAYEV
Bakı xəbər
.- 2022.- 31 mart.- S.8.