Vətəndaş institutları Azərbaycanın hüquqi dövlət quruculuğu prosesində...

 

Ölkəmizdə mövcud olan vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının hüquqi dövlət quruculuğunda rolu hər zaman müzakirə edilir. Azərbaycanda kifayət qədər ciddi statusa malik olan vətəndaş cəmiyyətinin heç şübhəsiz ki, hüquqi dövlət quruculuğunda rolu az deyil.

 

Bəzi mütəxəssislərin vurğuladığı kimi, hüquqi dövlətin formalaşması vətəndaş cəmiyyətinin inkişafı ilə birbaşa bağlıdır. Azərbaycanın zəngin dövlətçilik tarixində mühüm hadisələr çox olubbu hadisələrin də dövlətin möhkəmlənməsinə təsir şübhəsizdir.

 

Azərbaycanda dövlət quruculuğu prosesində vətəndaş cəmiyyəti çox mühüm paya sahibdir

Vətəndaş cəmiyyətinin dövlət quruculuğunda, dövlətçiliyin inkişafında oynadığı rol yetərli sayıla bilərmi?

 

Ekspertlər bildirir ki, ölkəmizdəki vətəndaş cəmiyyəti institutları arasında hüquqi dövlət quruculuğuna, vətəndaş həmrəyliyinə ciddi dəstək verən qurumlar az deyil. Ekspertlərin qənaətinə görə, Azərbaycanda dövlət quruculuğu prosesində vətəndaş cəmiyyəti çox mühüm paya sahibdir.

 

Ölkəmizdə vətəndaşların hüquq və mənafelərinin müdafiəsi istiqamətində görülən işlər də prosesə ayrı bir rəng qatır. Bu gün Azərbaycanda sosial ədalət prinsiplərinə söykənən demokratik-hüquqi dövlət qurulub. Əlbəttə, bu dövlətin qurulmasında ümummilli lider Heydər Əliyev mühüm rol oynayıb və müstəqil Azərbaycanın memarına çevirilib.  Ekspertlərin sözlərinə görə, məhz Heydər Əliyev  vətəndaş cəmiyyəti quruculuğu nüanslarına sadiq qalaraq Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlətin baza prinsiplərini ardıcıllıqla tətbiq etməyə nail oldu. Ekspertlərə görə, danılmaz faktdır ki, vətəndaş cəmiyyətinin təməlinin möhkəmlənməsində müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu müstəsna rol oynadı. 1995-ci il Konstitusiyası insan hüquq və azadlıqlarının təminatı, demokratik vətəndaş cəmiyyəti quruculuğunu dövlətin ali məqsədi kimi müəyyən etdi. Əsas Qanunun qəbul edilməsilə ölkəmiz hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda yeni bir mərhələyə qədəm qoydu. Bu səbəbdən də, Azərbaycanın müasir, demokratik-hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdışı haqlı olaraq Ulu Öndərin adı ilə bağlanılır. Bunu da ekspertlər bildirir.

 

“Vətəndaş cəmiyyətinin çox güclü imkanları, potensialı var

Mövzunu “Bakı-Xəbər”ə şərh edən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra vətəndaş cəmiyyəti inkişaf etməyə, formalaşmağa başlayıb. “Ölkədə “Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında” Qanun 2000-ci ildə qəbul olunandan sonra bu günə qədər 4 minə yaxın QHT qeydiyyata alınıb. Təəssüf ki, onların çox az qismi hazırda fəaliyyət göstərir. Vətəndaş cəmiyyəti kifayət qədər güclənib, təcrübə toplayıb. Amma maliyə problemi ucbatından illərlə qazanılan kadrlar yerlərini tərk edib. Məsələn, dövlət və özəl sektorda çox güclü maddi-texniki baza var, eynu zamanda digər nöqteyi-nəzərdən onlar çox inkişkiaf ediblər. Bu gün vətəndaş cəmiyyəti onlarla müqayisədə xeyli zəif durumdadır. Lakin vətəndaş cəmiyyətinin çox güclü imkanları, potensialı var. Əgər bundan sonra ölkə Prezidenti cənab İlham Əliyevin, QHT-lərə dövlət dəstəyi agentliyinin dəstəyi və digər resurslarla vətəndaş cəmiyyətinin maddi-texniki bazasını yüksək səviyyədə qura bilsək, həmçinin onun daimi maliyə təminatını sistemli şəkildə reallaşdıra bilsək əlbəttə, vətəndaş cəmiyyətinin dövlət quruculuğunda, dövlətin inkişafında, beynəlxalq əlaqələrin qurulmasında mühüm rol oynamaq üçün kifayət qədər imkanları var xidmət etsin. Bu imkanları səfərbər etmək üçün də, dediyim kimi vətəndaş cəmiyyətinin dayanıqlı fəaliyyət göstərməsi üçün dövlət təminatına ehtiyacı var. Biz bunu ekspertlər olaraq, vətəndaş cəmiyyətinin aparıcı QHT-lərinin rəhbərləri olaraq dəfələrlə müzakirə etmişik. Düşünürəm ki, bu məsələ çox aktual məsələdir. Dövlət səviyyəsində bu məsələyə dəstək olmalıdır. Əgər bu dəstək olarsa vətənda. Cəmiyyəti həm dövlətimizin inkişafı ilə əlaqədar olaraq, həm də bir çox böyük milli və beynəlxalq layihələrə imza atmağa hazır vəziyyətdədir”- deyə R.Zeyni vurğuladı.

 

“Vətəndaş Cəmiyyəti ölkənin mühüm məsələlərində, sözsüz ki, böyük rol oynayır”

"Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Mətanət Əsgərqızı isə bizimlə söhbətində bildirdi ki, dövlətin elə bir sahəsi yoxdur vətəndaş cəmiyyətinin orada rolu olmasın, o cümlədən də hüquqi dövlət quruculuğu prosesində QHT-lərin rolu böyükdür: “Vətəndaş Cəmiyyəti ölkənin mühüm məsələlərində sözsüz ki, böyük rol oynayır. Dövlətin elə məsələsi yoxdu ki,  orada Vətəndaş Cəmiyyəti kənarda qalsın. Dövlətçiliyin qorunmasında, müəyyən məsələlərə  reaksiyada ləngliklər var. Bu da ondan irəli gəlir ki, həmin Vətəndaş Cəmiyyəti nümayəndələrinin bəziləri sanki dövlətdən alınan qrantlara işləyirlər. Layihələrini aldılar vəssalam, müəyyən məsələlərdə  bunların tükü tərpənmir. Amma insafla deyək, yetərli QHT- lər oldular ki, 44 günlük Vətən Müharibəsində sanki savaş bu təşkilatlarının içindən keçdi. Aktivliyin bir qədər az olmadının da bəlkə səbəblərindən biri həm də müəyyən Vətəndaş Cəmiyyəti üzvlərinin bəslənməsidir.Yəni harada görsən bunlar başdadılar. Bu heç də onların dövlətə bağlılıqlarından irəli gəlmir ki, hər yerdə öndədilər. Sosial şəbəkə gözəl meydandır. Burada boğazdan yuxarı vətən deyənlər də gözəl görünürlər. Sadəcə artıq həqiqi vətənsevərlər ortaya çıxarılmalıdılar. Niyə bəzi sahələrdə olduğu kimi 10-15 Vətəndaş Cəmiyyəti üzvü var ki, hər şey bunlar üçün olunur. Bu çox pis nümunədir. Bəlkə də aktivliyin  aşağı olmasında belə amillər də rol oynayır. Həqiqi dövlətə, vətənə bağlı olan insanlar var, onu canından artıq sevir, sayılmırlar. Sadəcə insanların təqdimatı doğru aparılmalıdır. Ölkənin birinci şəxsinin qarşısına qoyulan siyahılarda  qeyd etdiyim yalnız 10-15 nəfər varsa digərləri incik qalıb kənardan baxmağa üstünlük vermək məcburiyyətində qalacaqlar. Artıq Vətəndaş Cəmiyyəti üzvlərinin içində oliqarxlar formalaşıblar. Sizcə Vətən belələrinin cibindən keçirsə onun üçün vətən, dövlət dəyərləri üstün ola bilərmi? Kəskin oldu, elə deyilmi? Lakin reallıq bundan ibarətdir. Çox təcili insanlara yanaşma dəyişməlidir. Nəhayət həqiqi dövləti sevənlərlə, boğazdan yuxarı" dövlət, vətən qoruyucuları" ayrılmalıdılar. Bu olmayacaqsa dövlət itirəcək. Bir ovuc insan var ki, onlar həqiqətən çətin  şəraitlərdə dövlətin yanında olacaqlar. Bax dövlət məhz həmin kəslərə arxalanmalıdır. Onlar arxaları ilə yüzlərlə insanı apara bilərlər. Elə belələri də vəzifələrə təyin olunmalı, onlara qayğılar göstərilməlidi. Ölkəmiz kiçikdir. Kənardan hamı gözəl görünür.Məhz həmiz "xalq artistləri" bəslənəndə bu dövlətə bağlı insanlar kənarda qalanda  çox pis nümunələr ortaya çıxır!” - deyə M.Əsgərqızı qeyd etdi.

 

QHT sədri onu da bildirdi ki, bunlara rəğmən, sözün həqiqi mənasında hüquqi dövlət quruculuğuna böyük töhfələr verən qeyri-hökumət təşkilatları da varonlar hər zaman dövlətçiliyimizin qorunması, müdafiəsi istiqamətində səylərini davam etdirəcəklər.

 

İradə SARIYEVA

 

Bakı Xəbər 2022.- 31 mart.- S.7.