"Rəsulzadənin məzarı
başında dedim ki, rahat ol, Xankəndimizə də bayraq
sancıldı" - Hikmət Xudiyev
“Mən
tariximizə qürur gətirəcək bu tarixi hadisəni
Ankarada eşitdim və Vətən təşnəsi ilə
seyr etdim”
“Böyüyüb ərsəyə çatdığım evin yaxınlığında Azərbaycan Bayrağını gördükcə...”
Müsahibimiz Xankəndi şəhərində doğulub böyüyən, Xankəndi Pedaqoji İnstitutunun məzunu, Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, istefada olan polkovnik Hikmət Xudiyevdir (Cəmilzadə). H.Xudiyevlə Xankəndinin dünənindən və bugünündən danışdıq...
- Hikmət müəllim, heç ağlınıza gələrdimi ki, bir gün Xankəndi azad ola bilər?
- 44 günlük müharibəyə qədər Xankəndinin azad olması, ulularımızın əmanəti olan bu gözəl və bənzərsiz diyarda Azərbaycan Bayrağının dalğalanması ağlıma gəlməsə də, işğalın ilk günlərindən uca Allahın ilahi qüdrətinin ədalətinə həmişə ümidli olmuşam.
- Prezident İlham Əliyev Xankəndiyə bayraq sancanda hansı hisslər keçirdiniz?
- Mən tariximizə
qürur gətirəcək bu tarixi hadisəni Ankarada
eşitdim və Vətən təşnəsi ilə seyr
etdim. Əməkdar
jurnalist olsam da, o an keçirdiyim hissləri vəsf etməyə
acizəm. Bir zamanlar Azərbaycana
qarşı qanlı çinayətlərin mayasının
qoyulduğu, ətrafında
ağrılı-açılı anlar
yaşadığımız “obkom”un binası adlanan inzibati
binanın qarşısında Azərbaycan
Bayrağının ucalmasını seyr edərkən gözlərimə
inana bilmirdim. Qeyri-ixtiyari olaraq “Allahu əkbər!”
hayqırtımdan ətrafımdakılar da
çaş-baş qalmışdı. O tarixi anları
ekran qarşısında izləyərkən sevincdən
yaşaran gözlərimin önünə bir anlığa
1945-ci ilin yayında Moskvada keçirilən Qələbə
paradı gəldi. Xankəndidə müzəffər
Ali Baş Komandanımız İlham Əliyev Azərbaycan
Bayrağını ucaldanda qürur hissi keçirdim ki, Stalin
kimi xalqına Qələbə sevincini yaşadan qalib, əzəmətli
və qüdrətli dövlət başçımız var.
Yəqin mənimlə razılaşarsınız ki, Xankəndinin
düşməndən təmizlənməsi digər
rayonlarımızın işğaldan azad olunmasından daha
möhtəşəm bir tarixi hadisədir. Bu hadisə sanki bir fəthdir. Müzəffər
Ali Baş Komandaımızın Xankəndiyə bayraq
sancması ilə kirovların, mikoyanların, mirzoyanların,
orconikidzelərin, qorbaçovların və s. milli
maraqlarımıza qarşı törətdikləri əməllərinin
nəticələri tarixin arxivinə atıldı.
-
Bayrağın dalğalandığını görəndə
ürəyinizdən nə keçdi?
- Diqqətinizə
çatdırım ki, müzəffər Ali Baş Komandaımızın
Xankəndidə bayraq taxdığı yerlə mənim
1989-ci ilə qədər yaşadığım evin arası
çox yaxındı – məsafə 100 metr ola, ya olmaya.
Böyüyüb ərsəyə çatdığım
evin yaxınlığında Azərbaycan Bayrağını
gördükcə, o tarixi anların nəhəng möhtəşəmliyini
və əzəmətini duyduqca ürəyimdən
keçirdi ki, kaş Qarabağ nisgili ilə
dünyasını dəyişən valideynlərimiz, digər
doğmalarımız, dostlarımız da Xankəndidə, məhz
Xankəndidə Azərbaycan Bayrağının
dalğalanmasının sevincini yaşayaydılar.
Mən Xankəndidəki paradı seyr edərkən
sonsuz sevinc hissi keçirtdim ki, onilliklər boyu azərbaycanlıların
çıxmadığı tribuna arxasında sevimlimiz, fəxarət
ünvanımız İlham Əliyev paradı qəbul edir.
Müzəffər
Ali Baş Komandaımızın Xankəndiyə bayraq
sancmasından sonra mən M.Ə.Rəsulzadənin məzarını
ziyarət etdim. Bir sıravi vətəndaş
olaraq məzar önündə pıçıldadım ki,
“Rahat uyu, Xankəndidə də üçrəngli
bayrağımız ucaldı!” və Uca Allahdan dilədim ki, o
bayraq bir daha enməsin.
- Siz həm
Xankəndidə anadan olmusuz, həm də ali
təhsilinizi Xankəndi Pedaqoji İnstitutunda
almısınız... Bu ali məktəbi
necə xatırlayırsınız?
- Bəli,
ilk ali təhsilimi ümummilli liderimiz Heydər
Əliyevin birinci hakimiyyəti illərində - 1973-cü ildə
yaradılmış Xankəndi Pedaqoji İnstitutunda
almışam. Bu təhsil ocağında gəncliyimizin
ən xoş anları keçsə də, burda da “xalqlar
dostluğu” pərdəsi arxasında gizlənmiş
separatçı qüvvələrin fəaliyyətini daim
hiss etmişik. 1988-ci ilin may ayında azərbaycanlı
müəllim və tələbələr institutdan qovuldular.
Həmin o müdhiş anlarda tarix fakültəsinin dekanı,
ağdamlı Süleyman Zeynalov başda olmaqla, sinəsini vəhşiləşmiş
ermənilərin
qarşısına verərək azərbaycanlı
tələbə qızların şərəf və ləyaqətini
qoruyan müəllərimizi böyük ehtiram və sevgi ilə
xatırlayıram. Və hesab edirəm ki, həmin
günü o müəllimlər özlərinin qeyrət təəssübkeşlikləri
ilə tələbələrinə 4 illik tədris
dövründə öyrətdiklərindən daha vacib məsələləri
anlatdılar, vətənpərvərlik dərsi keçdilər.
- Tələbə
vaxtı erməni tələbələrlə münasibətlər
necə idi? Yoldaşlıq, dostluq edirdizmi?
-
Bütün şagird və tələbə
yoldaşlarım, məni tanıyanlar bilir ki, mənim Xankəndidə
heç bir erməni ilə nəinki dostluğum, heç adi
tanışlıq münasibətim də olmayıb, o cümlədən
də tələbəlik illərində də. Mən asudə
vaxtlarımı Şuşada, daha çox isə Ağdamda
keçirmişəm.
- Sonuncu dəfə
Xankəndidə nə vaxt olmusunuz?
- 1989-cu
ilin əvvəllərində. O anların da acı xatirələri qəzetə
sığan mövzu deyil, İradə xanım...
- Ermənilər
Xanın kəndinin adını dəyişib ona quldur Şaumyanın
adını verib Stepanakert
etmişdilər. Bu gün Şaumyanın da heykəli
götürülüb, Stepanakert də tarixin
qaranlığına yuvarlanıb. Bunları
duymaq necə bir hissdir?
- Bəli,
AK(b)P
1923-cü il 18 sentyabr tarixli iclasının qərarı
ilə Xankəndinin adı dəyişdirilərək
Stepanakert adlandırıldı. Təəssüf
ki, bu qərara imza atanlar arasında azərbaycanlılar da
olub. Bu,
tarixi bir ədalətsizlik idi. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd
etdiyi kimi"… xəritələrdə bütün adlar əzəli
adları ilə göstərilib. Stepanakert
adlı şəhər yoxdur. Orada Xankəndi
var. «Stepanakert» sözü bolşevik Stepan Şaumyanm
adından götürülüb. O adamın ki, Azərbaycan
xalqının, günahsız adamların qanını
axıtmışdır, a zərbaycanlılara qarşı
soyqırımı törətmişdir".
Şaumyanın heykəlinin uçurulmasına gəldikdə
isə, bu xəbər “canıma sarı yağ kimi
yayıldı”. Xankəndidə,
ətraf yaşayış məntəqələrində də
Şaumyanın heykəli kimi milli məfkurəmizə zidd
olan çox şeylər dəyişməlidir. İndi Xankəndi və
ətrafdakı yaşayış məntəqələrinin
“libası” dəyişdirilməli, Qarabağın hər
qarışından Azərbaycan ətri gəlməlidi.
- Uzun illər
sizin doğma şəhərinizdə separatçılar gəzib-dolaşırdı,
bunu necə qarşılayırdınız? "Miatsum"
Xankəndidə başladı, erməni
separatçıları bu şəhərdə öz çirkin
mahiyyətləruni ortaya qoydu. Yadınızda
nə qalıb o illərdən?
- Əsrlərdir ki, zaman bizim əlehimizə işləyib. Başqa
cür ifadə etsək, uzun illər ermənilərin
Qarabağda at oynatmasının qarşısını ala bilməmişik,
bu və digər səbəblərdən milli
maraqlarımıza laqeyd olmuşuq. Tarixə
nəzər salaq.
Qarabağ heç bir vaxt ermənilərin vətəni
olmayıb. XIX əsrin əvvəllərində ermənilər
İrandan köçürülərək Xankəndidə
yerləşdirilib və burada etnik tərkibi dəyişib.
1813-cü ildə Xankəndidə heç bir erməni yaşamadığı halda, artıq
1847-ci ildə burada 80 erməni ailəsi yaşayırdı. Beləliklə, zaman-zaman Qarabağda, o cümlədən
Xankəndidə ermənilər yerləşdirilərək
ulularımızın əmanəti olan
torpaqlarımızı ələ keçirtmək
üçün min cür fitnə-fəsada əl atdılar.
Azərbaycanda 1920-ci ilin aprel çevrilişindən
sonra Xankəndidə həyata kecirilən tədbirlər ermənilərin
qol-qanadını açdı. Sovet rejimi
qurulduqdan sonra ermənilərin ərazi iddiaları yenidən
baş qaldırdı. Keçmiş
“Dağlıq Qarabağın” hər yerində erməni quldur
dəstələrinin fəaliyyəti genişləndi. Onlar yerli azərbaycanlıları talayır,
ev-eşiklərini yandırdılar, mal-qaralannı, qoyun surulərini
qarət etdilər. Erməni
quldurlarının məqsədi “Dağlıq Qarabağda”, o
cümlədən Xankəndidə yaşayan azərbaycanlıları
tamamilə məhv etmək və bu ərazini Ermənistanla
birləşdirmək idi. Çox təəssüflər
olsun ki, Bakı bu cür taleyüklü anlarda Xankəndinin
“birinci şəxsləri”ni yalnız millətçi
ermənilərdən təyin edirdi. Onların
şovinist əməlləri sayəsində Xankəndinin
tarixi, mədəni ənənələri və etnik tərkibi
bir kənara atılaraq ulularımızın yadigarı olan bu
şəhərdə ancaq erməni xətti
qabardılırdı.
Çirkin niyyətlərini həyata keçirtmək
üçün Xankəndinin irili-xırdalı bütün
təşkilatlarına rəhbər vəzifələrə ancaq
erməni millətindən olan şəxslər təyin
olunurdu. Biz azərbaycanlılar isə həmişə bunun
acısını yaşadıq və nəhayət
"Miatsum"
iddiası ilə başlayan proseslər bizi kitablara
sığmaz faciələrə məruz qoydu, ata-baba
yurdlarını tərk etmək məcburiyyətində
qaldıq.
İndi biz Azərbaycan xalqı olaraq tarixdən ibrət
götürməli, gələcəkdə də Qarabağ
faciələrinin yaşamamaq üçün buraxılan səhvləri
təkrar etməməliyik.
- Qarabağ Universiteti yaradılır, Xankəndinin mədəni,
təhsil mühiti canlanır. Münasibətiniz?
- Qarabağ Universitetinin yaradılması uzaqgörənliliklə,
özü də tək təhsil istiqamətində deyil,
Qarabağın ümumi inkişafı üçün
atılmış doğru bir addımdır. Əminəm
ki, yaxın gələcəkdə Xankəndi elm, mədəniyyət
mərkəzi kimi tanınacaq.
- Xankəndi
sizin üçün nə deməkdir?
-Xankəndi
gəncliyimin ən xoş çağlarını, həyatımın
ən müdhiş anlarını özündə ehtiva edən
bir şəhərdir.
- Ora
qayıtsanız ilk görəcəyiniz iş nə olar?
- Kərkicahan
qəsəbəsindəki məzarlığa gedib hələ
uçaq ikən çiyin verdiyim atamın məzar
daşını axtaracam. (Elə bu sətirləri
yazarkən Xankəndidən xəbər aldım ki, Azərbaycan
qəbiristanlığı torpaqla örtülərək
tanınmaz hala salınıb. Budur erməni
xisləti!)
- Ən çox nəyi xatırlayırsınız və
yaddaşımızda hansı məqamları silmək istəyirsiz
ki, o yada düşəndə Xankəndi ilə bağlı
acı duyğular verir?
- Mən hələ uşaqlıq illərindən hiss edirdim ki, yaşadığım Xankəndi Azərbaycanın milli maraqlarına qarşı köklənmiş bir şəhərdir. Bu qənaətə gəlməyim təsadüfi deyildi. Erməni uşaqları bizi nifrətlə “türk” adlandırıb, bizimlə yoldaşlıq etmir, oynamırdılar. Ağlım kəsəndən hiss edirdim ki, ermənilər, ziyalısından tutmuş fəhləsinədək hamısı Ermənistandan xüsusi məqsədlərlə Xankəndiyə gəlmiş millətçi adamlara qoşularaq Azərbaycanın əleyhinə təbliğat aparır, qanunların icazə vermədiyi işlərlə məşğul olurdular. “Dağlıq Qarabağı”, o cümlədən Xankəndini Ermənistana vermək üçün dəridən-qabıqdan çıxırdılar. Etiraf edim ki, Xankəndidə də sağlam düşüncəli ermənilər vardı. Bir çox ermənilər bilirdilər ki, onların üzdəniraq “liderlər”i xalqı faciələrə aparır. Ancaq onlar separatçı qüvvələrdən qorxaraq, etirazlarını bildirməkdə aciz idilər.
Mən hələ uşaq ikən günün günorta vaxtı təqsiri olmayan üç azərbaycanlının məhkəmə zalından çıxarılarkən görünməmiş cinayətlərə məruz qalaraq qətlə yetirildiyinin, meyitlərinin yandırılıb tanınmaz hala salındığının şahidi olmuşam. Həmin qanlı hadisə zamanı ermənilərin xidmət etdiyi hüquq-mahafizə orqanları SSRİ kimi bir dövlətin adına ləkə gətirəcək bu ağır cinayəti törədənlərin məsuliyyətə alınması üçün heç bir addım atmadılar. Yalnız o illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Heydər Əliyevin rəhbərlik etdiyi əməliyyat qrupu Xankəndiyə gəldikdən sonra, məhz ümummilli liderimizin milli maraqlarımızın qorunmasına prinsipial mövqeyi, yüksək peşəkarlığı sayəsində günahsız azərbaycanlıların qatilləri müəyyənləşdirilərək məsuliyyətə cəlb olundu. Yeri gəlmişkən qeyd edim ki, Heydər Əliyev daim millətçi ermənilər üçün arzuolunmaz şəxs olub. 1987-ci ildə Xankəndi şəhər Daxili İşlər Şöbəsində xidmət edərkən Ulu Öndərin Moskvada tutduğu yüksək vəzifədən azad olunması xəbəri gələndə ermənilərin toy-bayram etməsi bu gün də gözlərim önündədir. Elə bundan sonra dünənə qədər gizli fəaliyyət göstərən millətçi erməni qüvvələrinin fəaliyyəti daha da fəallaşdı - Qarabağın qara günləri başladı.
Xankəndi mənim doğma yurdum olsa da, bu şəhərlə bağlı acı xatirələrim daha çoxdur. Biz bir şəhərdə daim təzyiqlərə məruz qalmışıq. Neçə-neçə azərbaycanlı bu şəhərdə saxta ittihamlarla həbs olunub. Əlif Hacıyev kimi erməni separatçılarına qarşı mübarizə aparan paqon yoldaşımız şərlənərək uzaq Sibirə göndərilib. Təhsil kursuna gələn azərbaycanlıların üzərinə mərkəzi meydanda qumbara atılıb. Mən bundan sonra 10 ömür yaşasam da 1988-ci ilin sentyabr ayında Xankəndidəki azərbaycanlılara məxsus evlərin yandırılmasını və səhərisi gün anamla şəhəri tərk edərkən məruz qaldığım hadisələri, çəkdiyim iztirabları unuda bilmərəm. Və bir də, doğma şəhərimizdən qovularkən Ağdam və ağdamlıların bizə qucaq açmalarını, tanıdıqları-tanımadıqları adamları süfrələrinin başında əyləşdirmələrini, evlərinin ən rahat yerində bizlərə sığınacaq vermələrini heç bir vaxt unutmayacağam.
İradə
SARIYEVA
Bakı Xəbər 2023.- 13 dekabr, (¹ 226).- S.10.