"Xankəndi Universitetinin 2 azərbaycanlı
müəllimi və tələbəsi helikopterdə
vuruldu" - Yusif Fərzəliyev
“Qızlarımızı
qorumaq üçün müəllimlərimiz canlarını
ortaya qoydular”
Müsahibimiz Ağdərə rayonunun Narıclar kəndində anadan olan və 12 il Xankəndi Pedaqoji İnstitutunda tarix müəllimi işləyən, erməni separatizminin, şovnizminin hər üzünü görən dosent Yusif Fərzəliyevlə Xankəndinin, Ağdərənin keçmişinə qayıtdıq, bugünündən danışdıq...
- Mən özüm Ağdərə rayonunun Narıclar kəndində anadan olmuşam. Ağdərənin qədim yaşayış məskəni olduğu məlumdur, burada əski çağlardan türklər yaşayıb. Ağdərənin qədimdən yerli əhalisi kolanılar olub və Kolanı tayfası, eləcə də digər türk tayfaları burada yaşayıb. Tarixən Ağdərədə, Xankəndidə, ümumiyyətlə Qarabağda erməni yaşamayıb. Bu toplumun bizim torpaqlara köçürülüb gətirilməsi, məskunlaşdırılması tarixi məlumdur. Söhbət əsnasında bu barədə də danışa bilərik.
- Bəs necə
oldu ki, ermənilər kökləri ilə bağlı
olmadığı bir torpaqda birdən-birə məlum iddialara düşdülər?
- Hər şey süni şəkildə “Dağlıq Qarabağ Muxtar Vilayəti” (“DQMV”) yaradıldıqdan sonra başladı. Bundan sonra ermənilər əl-qol açmağa, öz məkrli niyyətlərini pərdə arxasından göstərməyə başladılar.
1923-cü ilin 7 iyulunda “DQMV” yaradıldı. Sonradan Nəriman Nərimanov
Stalinə məktub yazır, etirazını bildirir və orada
göstərir ki, erməni daşnakları “DQMV”ni yaratmaq üçün Moskvadakı
havadarlarının əli ilə məni Bakıdan mərkəzə
- Moskvaya gətirdilər. Nərimanov onların
“DQMV” planına mane olurdu və o Bakıda olsaydı onun
yaradılmasına imkan verməzdi. “DQMV”
yaradıldı və mərkəzi Xankəndi oldu. 1923-cü ilin sentyabrında şəhər Stepan
Şaumyanın adı ilə "Stepanakert"
adlandırıldı. Ağdərə, Xocavənd,
Hadrut və Xankəndi həmin “vilayət”in rayonları idi. 1979-cu ildə Xankəndi tam olaraq şəhər
statusu aldı və onun kəndləri o dövrdə yeni
yaradılan Əsgəran rayonuna verildi. Mənim
doğulduğum Ağdərə rayonu da 30-cu illərdə təşkil
olunub. Çünki o vaxt qəzalar ləğv
olundu və rayonlar yaradıldı. 1992-ci
ildə Ağdərə rayonu ləğv edildi. Çox təəssüf ki, belə bir qərar
verilmişdi. Amma indi Ağdərə
rayonu yenidən təşkil olunur və onun statusunun bərpa
edilməsi müsbət haldır.
- Ağdərə rayonu
Qarabağın həyatında keçmişdə nə rol
oynayırdı, indi hansı rolu oynamalıdır?
- Ağdərə
rayonu həm ərazisinə, həm əhalisinin sayına, həm
də iqtisadiyyatına
görə keçmiş “DQMV”nin yarısı demək
idi. Çox böyük rayon idi. Ağdərənin əhalisi Xocavəndin və
Hadrutun əhalisindən çox idi.
- Nəzərə alsaq ki, 1923-cü
ildən başlayaraq orada süni şəkildə erməniləşdirmə
prosesi gedirdi, şübhəsiz, rəsmi Moskva bu prosesi dəstəkləyirdi,
o dövrdə rayonlarda vəzifə bölgüsündə
azərbaycanlılara, yoxsa ermənilərə
üstünlük verilirdi?
- Digər
rayonlarda olduğu kimi, Ağdərə rayonunda da birinci katib
erməni, ikinci katib azərbaycanlı olurdu. Komsomolda
da vəzifə bölgüsü eyni qaydada
aparılırdı.
- Ağdərədə
doğulmusunuz, amma həyatınızın xeyli hissəsi Xankəndi
ilə bağlıdır. Xankəndiyə necə
getdiniz?
- 1968-ci
ildə orta məktəbi bitirdim, amma ali məktəbə
qəbul ola bilmədim, bir il Bakı metropoliteni tikintisində
fəhlə işlədim. 1969-cu ildə Azərbaycan
Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə
daxil oldum. Ali məktəbi bitirdikdən
sonra təyinatla Ağdərə rayonun Çərəkdar kəndinə
müəllim göndərildim. Bu kənd
Kəlbəcər rayonunun Bağlıpəyə kəndinə
çox yaxın idi. Orada bir il
işlədikdən sonra Xankəndiyə gəldim…
- Birbaşa Xankəndi
Pedaqoji İnstituna müəllim gəldiniz?
- Xeyr.
Əvvəlcə, Xankəndidə Nizami adına
4 nömrəli Azərbaycan məktəbində tarix müəllimi
işlədim. Çünki həmin məktəbdə
tarix müəllimi yoxdu, həmin məktəbin direktoru Sabir Həsənov
tarix müəllimi axtarırdı. Orada bir il işlədim,
sonra Xankəndi Pedaqoji İnstitutunun ümumi tarix kafedrasına
müəllim müsabiqəsi keçirilirdi. Sözün
düzü, düşünürdüm ki,
arxam-dayağım, adamım yoxdur, məni orada işə
götürməzlər. Amma dostum
vardı, o məni bu işə sövq etdi, mən də sənədlərimi
hazırlayıb təqdim etdim. Müsabiqədə
bir neçə rəqibim vardı, amma mən onları
üstələdim. Müzakirələrdən
sonra işə qəbul olundum. O zaman mənim bir
üstünlüyüm də o idi ki, iki elmi məqaləm də
çap olunmuşdu. Uzun müddət Xankəndi
Pedoaoji İnstitutunun ümumi tarix kafedrasında müəllim
işlədim. İnstitut o vaxt yeni təşkil
edilmişdi, bizim kafedrada iki nəfər elmlər namizədi
idi, qalanları müəllim və baş müəllim idi.
Mən də elmi iş götürdüm və uğurla
müdafiə edib tarix elmləri namizədi oldum.
- Sizin elmi işinizin mövzusu
Qarabağla bağlı olub. Maraqlıdır,
ermənilər sizə mane olmurdu ki?
- Mənim
elmi işim Qarabağda kənd təsərrüfatının
inkişafı ilə bağlı idi. Bu işi
yazanda orada Bahadur İbrahimov vardı, o mənə çox
gözəl istiqamət verirdi. Əslən Xankənidən
idi və vaxtilə Vilayət Partiya Komitəsində kənd təsərrüfatı
üzrə katib olmuşdu, Şuşa
rayon Partiya Komitəsinin birinci katibi işləmişdi. Sonra da Xankəndidə təcrübə
stansiyasında şöbə müdiri idi. Vilayətin
birinci katibi Boris Gevorkovun da xətrini istədiyi adam idi...
-
Boris Gevorkovun azərbaycanlılara münasibəti necə
idi?
- O
Bakıda böyümüşdü. Azərbaycan mühiti ilə
tanış idi və bu səbəbdən
azərbaycanlılara çox yaxşı münasibət bəsləyirdi.
- Xankəndi Pedaqoji
İnstitutunda ermənilər azərbaycanlılara
qarşı hansısa ayrıseçkilik edirdimi?
- Təbii
ki, edirdilər. Onların gözü bizi
götürmürdü. Bir sıra məsələdə
ayrıseçkilik vardı. 1983-cü ildə
təhsil naziri Qurban Əliyev bizim instituta gəlmişdi və
bizim kollektivlə görüşmüşü. Görüş zamanı kollektivdən
demişdilər ki, müəllimlərə maşın
vermirlər, o da vəd etmişdi ki, hər il
sizə iki maşın ayıracağam. Doğrudan
da o maşınlar verildi. Mən də Həmkarlar
Təşkilatı bürosunun üzvü idim, üzvlərdən
üçü azərbaycanlı, beşi erməni idi.
Bir dəfə iclas idi, Həmkarların sədri dedi ki, bir
maşın gəlib, biz onu ya Xasay Cabbarova, ya da Sokrat Xanyana
verməliyik. Dedim Armina Aşotovna, onların hansı əvvəlcə
növbəyə durub? Dedi ki, maşına görə yanvar
ayında Cabbarov, iyun ayında Xanyan ərizə yazıb. İsrar etdim ki, Cabbarova verilsin, amma səsvermə nəticəsində
maşın Sokrata verildi. Biz azərbaycanlılar
etiraz etdik və dedik ki, biz bir də sizin iclaslarda iştirak
etməyəcəyik. Nəticədə
böyük hay-küy yarandı, səsə rektor
çıxdı. Azərbaycan dilində təmiz
bilirdi. Nə baş verdiyini soruşdu, dedik ki, yoldaş Xalatryan,
məsələ belədir. O da dedi ki, heç yerə
şikayət etməyin, mən Xasay müəlimə də
maşın təşkil edəcəyəm. Bunlar erməni
riyakarlğına aid ştrixlərdir.
- Xasay müəllim maşın ala
bildi?
- Bəli,
iki aydan sonra aldı.
- Xankəndi Pedaqoji
İnstitutunda bizim tələbələr, müəllimlərə
nə isə bir problem yaradılırdımı?
- Orada təhsil
üç dildə idi. Azərbaycan, erməni və
rus sektorları fəaliyyət göstərirdi. İnstitutda 2 min tələbə təhsil
alırdı. Rus sektorunda orta məktəbi
rus dilində bitirən ermənilər təhsil alırdı.
Bizim azərbaycanlardan da iki nəfər rus
sektorunda təhsil alırdı. İnstitutun
tələbə tərkibini götürəndə orada təhsil
alanların 60 faizi ermənilər, 40 faizi azərbaycanlılar
idi.
- Bəs nə qədər azərbaycanlı
müəllim işləyirdi?
- İndi
bəziləri yalandan rəqəmləri şişirdib deyir
ki, orada yüz
nəfər azərbaycanlı müəllim işləyirdi,
amma müəllimlərimizin sayı 36 nəfər idi. Bir məqamı deyim ki, Xankəndi Pedaqoji
İnstitutunda gördüyüm nizam-intizamı hətta
oxuduğum indiki BDU-da görmədim. Heç bir müəllim
gecikə bilməzdi, hər kəs işinə məsuliyyətlə
yanaşırdı...Bizim tələbələr gəlib
Bakıda elmi konfransda iştirak edirdi, I,II,III
dərəcəli diplomlar alırdılar.
- İnstitutun son dövürünü necə
xatırlayırsız?
- 1988-ci
ilə doğru vəziyyət dəyişməyə, bizim fəaliyyətimizə
maneələr yaranmağa başladı. Bu da səbəbsiz
deyildi. Qorbaçovun iqtisadi məsələlər
üzrə müşaviri akademik Aqambekyan Fransada nəşr
olunan “Humanite” qəzetinə müsahibə vermişdi, orada
müxtəlif separatçı fikirlər səsəndirmişdi
və demişdi ki, “Dağlıq Qarabağ” Emənistana birləşdirilməlidir.
O, müxtəlif iddialar, bəhanələr gətirmişdi. Əlbəttə, bu da Qarabağda erməni
separatimzinin alovlanmasına səbəb olmuşdu. Akademik Aqambekyanın müsahibəsindən sonra bizə
qarşı təzyiqlər başladı. Hadisələrin
başlanmasına bu səbəb oldu. 1988-ci
ildə iclas keçirildi. Həmin iclasda
biz də iştirak edirdik. Boris Gevorkov iclasda ermənilərə
qarşı çox sərt çıxış etdi və
bildirdi ki, Qarabağ Azərbaycan torpağıdır, siz onu
Ermənistana birlışdirə bilməyəcəksiniz, son
nəticədə bu torpaqlar sizin məzarlığınıza
çevriləcək. Gevorkovu o vəzifəyə
1973-cü ildə Heydər Əliyev təyin etmişdi.
Gevorkov sonra Bakıya gəldi, 1992-ci ilədək burada
yaşadı...
- İclasdan sonra nə baş verdi?
- Erməni
separatçıları qadınları, uşaqları institutunun ətrafına
yığırdılar, onlar “Miatsum” deyə
bağırır, “türklər, rədd olun burdan” deyirdilər.
1988-ci il mayın 16-da bizi bir dəfə
çıxardılar. İşləmək
mümkün olmadı. İyunun 6-da institutun içinə
girdilər, az qala əlbəyaxa
döüyşlər oldu. Bizi narahat edən məsələ
qız tələbələrlə bağlı idi. Pedaqoji İnstitut
olduğu üçün orada oxuyan tələbələrin əksəriyyəti
qızlar idi. Ona görə çox gərginlik
keçirirdik. Qızlarımızı
qorumaq üçün müəllimlərimiz canlarını
ortaya qoydular. Əsas fikrimiz o idi ki,
qızları sağ-salamat oradan çıxaraq. Bizə yarım metr yol verdilər və biz
çıxdıq, avtobuslarla Ağdama gəldik. Biz çıxanda bizə olmazın sözü dedilər.
Hirsimizdən partlayırdıq. Şuşa Mədəni-Maarif Texnikumunun binasında
imtahanları yekunlaşdırdıq. 1988-ci
ilin avqust ayının 27-də dedilər ki, Xankəndiyə gəlin,
Partiya iclası olacaq. Biz ora getdik. Orada ermənilər açıq şəkildə
dedilər ki, biz daha sizinlə işləyə bilmərik.
İclasda Azərbaycan
təhsil nazirinin müavini də iştirak edirdi. Orada yekun qərar o oldu ki, Xankəndi Pedaqoji
İnstitutu iki illiyinə bağlansın.
- Səhv
etmiriksə, bu, Rıjkovun qərarı idi.
- Bəli. Bir il Gəncə Pedaqoji İnstitutunda işlədik. Sonra eşitdik ki, institutun erməni şöbəsi Kirovakandan Xankəndiyə qayıdıb. Biz də qərara gəldik ki, onlar qayıdıblarsa biz də qayıdaq. Deyirdik ki, ermənilər qayıda bilir, biz niyə qayıtmayaq? Ürəyimiz orada idi. Biz əlaqədar təşkilatlara müraciət etdik, təşkil etdilər, helikopterlərə minib gedib Cıdır düzünə düşdük. Şuşa Realnı Məktəbin binasında dərslərə davam etdik. Əvvəllər yaxşı idi, sonra vəziyyət kəskinləşdi, avtobuslarımızı daşa basırdılar, dinamit qoyurdular. Elə oldu ki, ermənilər Ağa körpüsünü partlatdılar. Bunun da bərpası hardasa bir ay çəkdi. Bizim tələbələri, müəllimləri ermənilər mühasirəyə alıb daşqalaq etmişdilər. 1992-ci ilin yanvar ayında Ağdamdan Şuşaya gedən helikopteri ermənilər vurmuşdu, bizim iki müəllimiz - Mürşüd müəllim və Sara xanım şəhid olmuşdu. Sara müəlliməni ayağından yerə düşən çəkməsindən tanımışdılar. Sara xanım nişanlı idi. Sonra Elsevər adlı bir tələbəmiz də şəhid oldu... Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi şəhidlər də verib. Biz hər zaman onları xatırlayırıq. Bu gün də Xankəndiyə qayıtmağa, müəllimlik fəaliyyəti ilə məşğul olmağa hazıram. Ora bizim tarixi torpağımızdır və orada Qarabağ Universitetinin yaradılması da mühüm hadisə oldu. Cənab Prezident Xankəndiyə, Ağdərəyə bayraq sancanda ürəyimiz sevinc hissləri ilə dolub-daşdı. Geri qayıdacağımız günü gözləyirik...
İradə SARIYEVA
Bakı Xəbər 2023.- 14 dekabr, (№ 227).- S.10.