“Torpaq su ilə yoğrulduqda
palçıq, qan ilə yoğrulduqda
Vətən olur...”
Üçüncü yazı
İyirminci əsrin sonlarında və iyirmi birinci əsrin əvvəllərində erməni şövinizmi Musa və Turalın timsalında minlərlə azərbaycanlı gənci də məzlum duruma düşürmək niyyəti güdürdü. Lakin xalqla dövlətin birlik əzmi onların mənfur və çirkin iştahlarını boğdu, ordumuz sarsıdıcı və ağır zərbələrlə düşmənin bütün iradəsini qırdı...
Bu gün qalib ölkənin vətəndaşları kimi qəhrəman oğullarımızla qürur duyur, üçrəngli bayrağımızın işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanmasını fəxarətlə seyr edirik. Lakin bu sevinc içində bizi ağrıdan və məyus edən bir anlam var: ermənilərin qətlə yetirdiyi, uğur və inkişafdan qoyduğu azərbaycanlı gənclərin hər biri Vətən adlı məsuliyyəti gələcəyə daşımaq üçün doğulmuşdular. Fəqət...
Bu təəssüf hissi bizi üzdükcə üzür. Ancaq qalibiyyət və böyük zəfərin parıltısında şəhid oğullarımızın – gələcəyimizin məsuliyyəti hesab etdiyimiz gənclərin əbədiyyət fövqü bizə təskinlik verir. Bu yüksəklikdə Musa və Tural qardaşlarının da qəhrəmanlıq əzmi özünü aşkar büruzə verir...
Musa və Tural qardaşlarının Vətən sevgisi hər birimiz üçün zaman ucalığı kəsb edir; onların vaxt adlı aşırımları rahat keçmək şansları var. Çünki sözün zahiri və batinində bir məqsədə vardılar – şəhidik andını şərbət kimi içdilər.
Vətən adlı seyrəngahda yüksək hüdudlara çıxa bilmək hər kəsə nəsib olmur. Musa və Tural qardaşları artıq bu «vadi»də qərar tutublar. Övladları zaman-zaman, böyüdükcə daha dərindən hiss edəcəklər ki, qəhrəman ataları olub, rahat, təhlükəsiz yaşasınlar deyə canlarını fəda ediblər.
Bu şərəf onları da daim şərəfli edəcək...
“Torpaq su ilə yoğrulduqda palçıq, qan ilə yoğrulduqda Vətən olur...”
Mənbələrdə deyilir: «O kəs ki, mənasını çox dürüst bildiyi bir amal uğrunda cihad edir, bu, mənəvi ibadət sayılır və öldüyü an şəhidlik zirvəsinə yüksəlir».
Hədis və dini məramnamələrdə də qeyd olunur ki, torpaq su ilə yoğrulduqda palçıq, qan ilə yoğrulduqda Vətən olur... Vətən uğrunda can fəda edən oğullar Allah dərgahında misilsiz pay sahibidirlər və Cənnət onlara əta edilib...
Dərs kitablarından, mətbuatdan, informasiya şəbəkələrindən… bilirik ki, torpaq, Vətən uğrunda cihada (mübarizəyə) qalxan, sinələrini mərmilərə sipər edən oğullar bir qətrə şərəfli ömür üçün məhz bir kərə şərəflə ölməyi daha vacib bilirlər. Bu da Vətən sevgisidir... İnsan özü də bilmədən (və ya çox vaxt bilərəkdən) öz içində bir qəhrəman surəti aşkarlayır, onun tipik xarakterini şərəf amili kimi təcəssüm etdirir.
Musa və Turalın simasında qeyrətli Vətən oğullarının yurd sevgisi şərəf kodeksi kimi cilalanır. Onlara Vətən qoynunda əbədi uyumaq xoşbəxtliyi nəsib olub. Onları şəhidliyə aparan yol sabaha qürurla açılan tarix-şərəf qapısıdır.
Övladları həlak olan valideynlərin içində ağır ləngərin, iç deşən hayqırtının, göz göynədən təlatümün, qəlb yırtan ağrının, tük ürpədən dəhşətlərin... çaxnaqları var. Şəhid adı ağır həyat tərzini, yüz yerindən pas atmış güzəranı da elə tərzdə yırğalayır ki, zahirdən batinə qədər hər şey zəlzələyə mübtəla olur.
Torpağın işğal olunmasını və ona gendən baxmağın bir Vətən yoxluğu olmasını qəhrəman oğullar çox yaxşı bilir, onlar bu ağır dərdin təlatümlərini - bu qorxunu xalqın içindən çıxarmağa daim müvəffəqdirlər. Bu şərəfi Musa və Turalın timsalında Vətən müharibəsində aydın müşahidə etdik.
Zahirən diqqət edəndə bəlli olur ki, yollar müxtəlifdir. Şəhidlik yolu da bu qəbildəndir, dərin qatlarla doludur. O yolda ölüm acıları, ölüm kabusu, çətin keçiləsi körpülər və s. çoxdur...
Haqqa uzanan əllər Allahdan aman dilər. Bu amanı Vətən fədailəri – şəhidlər
pak dualara çevirərlər. Atalarımız məhz buna görə «şəhidlik
böyük nemətdir»
deyiblər.
Qəribə taleyə, müqəddəs
amala həsr etdiyimiz bu kitabda
Mingəçevir şəhərindən
olan iki şəhid qardaşın
– Musa və Turalın
əbədiyyət ünvanına
güzgü tutmağa
çalışırıq. Necə
ki, insan doğulur, taleyini Allah verir, eləcə də şəhid qardaşların ənamını
Uca Yaradan əta edib, biz sadəcə, hünərvər,
Vətən sevdalı
bir anaya, ürəyi oğul qübarından qabar bağlamış, iki oğlu şəhid olmuş Nəhayət xanıma təsəlli vermək niyyətindəyik.
Əlbəttə, heç
bir təsəlli onun övlad yarasını sağaltmaz,
ancaq iki saat daha artıq
dözə bilməsi
üçün vəsilə
ola bilər.
Biz nə qədər
desək də, - Azərbaycanın aydın
səmasında Musa və
Turalın ruhu dolaşır, o ruh şəhid qardaşlar üçün haray çəkənlərə tükənməz
rahatlıq, isti hənirti verir, o ruh Vətən göylərində pərvaz
edir və gənc nəsillərdə
cəsarət, qürur
hissi doğurur, - Nəhayət xanımın
dərddən cadar-cadar
olmuş qəlbinin sızıltılarını kəsə
bilmərik...
Şəhid anaları Azərbaycanın
qeyrət simvolu, xalqın əzəmət
duyğusudur. Hər şəhid də
bir Vətən daşıdır və gələcək nəsillər
o «daş»ların üzərində
yenilməzlik ruhu daşıyacaq, Vətənin
bir qarışını
da yadlara verməyəcək.
Arada özümüzdə cəsarət
tapıb Nəhayət
xanıma deyirik:
- Musa və Tural üçün
təkcə siz yox, bütün el, elat ağı deyir. Ağlamayın, özünüzə toxtaq, gözlərinizə
hakim olun. Siz rahat
olduqca, Vətən duruluq tapır. Siz ağrı-acıdan dinclik tapdıqca Musa və Turalı qoynunda uyudan torpaq da kövrək-kövrək
çırpınır... Siz
ağladıqca torpaq öz içindəki təlatümü saxlaya
bilmir... Ağlamayın!
Başınızı dik
saxlayın, şəhid
anası! Başınız
həmişə uca olsun! Şəhid övladlarınızın qəhrəmanlığı bu
gün hamı üçün bir görkdür. Nə xoş
ki, şəhid övladlarınızın yurdunda
dörd övlad – dörd davamçı böyüyür. Onlara
xatir dözün, şəhid anası!
Musa və Turalın
əziz xatirəsi onları sevənlərin yaddaşında işıqlı
bir salnaməyə çevrilib. Vətən də, el-oba
da bu qəhrəman
oğullarla fəxr edir. Onların qəhrəmanlığı bir insanlıq nümunəsidir.
Ürəyin işığı həyatın
işığıdır, Nəhayət xanım. Həyat, bütün
mənalarda bir sevgi yoludur. İnsan bu yolda öz
ürək sevdasına
hakim olmağı bacarırsa,
deməli sevgi onun üçün ən başlıca şərtdir. Ürəyi sevgi
ilə dolu adamın könül nəğmələri təzətər,
işıqlı və
düşündürücü olur. Vətənə qəhrəman oğul
yetişdirən ata və anaların da könül duyğuları bizə həmişə xoş təsir bağışlayıb.
Həyat
yoldaşınızla birlikdə
üzərlərində yarpaq
kimi əsdiyiniz Musa və Tural Vətənin
təəssüb çəkən
qeyrətli oğulları
idi. Onların Vətən pıçıltılarının
hamısında sevgi dolu hislər var. Onlar könül nəğmələrini həyatın
qaynar çağları
ilə isidirlər deyə torpaq öz ləngərini uzaq məsafələrə
körpü edir.
Artıq
Musa və Tural ağ dünyanın
yolçuları olublar.
Onların ruhundakı, insan
görkəmindəki ağlıq
- ağayanalıq, Vətən
təəssübüdür, içimizdəki mənəvi
böhranı dağıtmaq
üçün kəsərli
duadır.
Vətənpərvər övladlar böyütdüyünüz üçün sizə həmişə minnətdar olacağıq. Minbir əzab-əziyyətlə boya-başa çatdırdığınız məğrur, gözütox övladlar özləri də artıq bir Vətən olublar. Şəhidlik onların məsuliyyətidir.
Vətən sədaqəti daim həyatınızın ayrılmaz hissəsi kimi görünəcək, Nəhayət xanım. Ali duyğularınızda həmişə iki qəhrəman övlad sevisi qərar tutacaq. Gözlərinizin yükünü bir az azaldın, əzəmətli, vüqarlı qadın!
İgid oğulları dünyaya sizin kimi analar gətirir – əllərinin qabarı ilə ailənin ən sadiq, ən əzabkeş surəti (obrazı) olan analar. Siz Allahın dəyər verdiyi surətlərsiniz...
İndi siz daha alisiniz, indi həyat, tale və zaman pərişan gözlərinizin içinə baxmağa cəsarət etmir. İndi...
Ayaqlarınızın altında Cənnət salnaməsi var. Ey məğrur qadın, Vətənə iki qəhrəman oğul fəda etdiniz. Elə oğullar ki, əlləri-qolları bağlı olsaydı belə, düşməni dişləri ilə didməyə hazır idilər...
O sakit-pərişın gözlərinizi məsum baxışlarla doldurub uzaqlara, çox uzaqlara – övladlarınızın getdiyi səmtə baxmaq əzabından bir az çəkindirin. İçinizdə ləngər vuran çırpıntılar surətinizdəki könül xoşluğunu dağıdır. Ey, hamımızan vüqar, əzəmət tacı! Gözlərinizi bir də yalqız, yazıq və hürkək baxışlarla doldurmayın. Başınızı daim dik, qəlbinizi həmişə farağat tutun, çünki iki qəhrəmanın anasısınız!
Haqq sözdür: İnsan öz içində yalqızlıq acısı yaşayanda, mütləqdir ki, həyata, insanlara, taleyə, bəlkə Allaha (da) yovuşa bilmir... Nəhayət xanımın da pərişan halı bu tipdədir. Dediklərimizin heç biri onun qəlb yuvasına girmir, əksinə o, həmin an öz məhrumiyyəti ilə çırpınır, səs və hərəkətin fövqünə varmır. Başadüşüləndir, gerçək (çılğın) sevdalıların hamısı belə olur... Onları nə zaman gözübulanıq görsək, dərhal əzabın qaynar sahillərindən çəkilirik. Çünki həmin an onların dəli-divanə duyğularının ləngərini dağıda bilərik...
(Ardı var)
Hikmət Məlikzadə
Bakı Xəbər 2023.- 15 dekabr,
(¹ 228).- S.15.