Zaman yaralara məlhəm
olsaydı, həyat yoldaşım övlad dağına
dözərdi...
Dördüncü
yazı
Günəşli qəsəbəsinin girişində duruxdum, küləyin müşayiəti ilə bir az irəliyə getdim, gedəcəyim ünvanı dəqiq bilmədiyimdən yan tərəfdəki dükana daxil oldum. Satıcı, - buyur, nə lazımdı, - deyəndə mən Musa və Tural qardaşlarının yaşadığı evi soruşdum. Ortayaşlı adam idi, cəld bayıra çıxdı, sağ əlini qarşıdakı evlərə sarı uzadıb dedi:
- Bax, bu küçədən sola dön, düz get, qarşıdakı küçədən sağa dön və yenə də düz get, xatirə lövhəsi görəcəyin küçədən sağ çiyni üstə irəlilə, evi tapacaqsan. - Üzünə təbəssüm qondurub soruşdu: - Yəqin jurnalistsən...
Mən ötəri nəzərlərlə satıcını süzdüm:
- Haradan bildin?
Satıcı bir az narahat, bir az da küsgün baxışlarla gözlərimə baxdı:
-
Onları son vaxtlar ancaq jurnalistlər - qələm adamları
axtarır.
Söz məni
üzdü: Bu necə ola bilər? Bir ana iki oğlunu şəhid verir, zaman isə
soyuqqanlılıqla hər şeyi unutdurur?
Dükana
yenicə gələn yaşlı kişi
sanki pıçıltılarımı duydu, divara söykənə-söykənə
dedi:
- Bu qəsəbədə
iki ailədə hər iki qardaş şəhid olub. Sən kimin üçün gəlmisən?
Mən
pencəyimi təlatümü artan küləyin əlindən
almağa çalışa-çalışa dedim:
- Hər
biri üçün. İndi Musa və
Turalın yaşadığı evə getmək istəyirəm.
Yaşlı
kişi, onun ətrafına toplaşan digər
kənd adamları da bir ağızdan dedilər ki, Musa və
Tural hamımızın qürur yeridir. Ailəcanlı,
qayğıkeş, zəhmətin nə olduğunu bilən
uşaqlar idi hər ikisi. Gözümüzün
qarşısında böyüdülər, müharibəyə
getdilər.
Satıcı
qeyri-ixtiyari söhbətə müdaxilə etdi:
- Vallah, mən
onları bu cür ruhda ki görürdüm, inanırdım
ki, Vətən üçün böyük işlər
görəcəklər. Yanılmadım.
Hər ikisi Vətənin ən ali, ən
yüksək mükafatını aldı...
Yaşlı
kişi dedi:
-
Oğul, sənə elə gəlməsin ki, bu şəhid
qardaşları ancaq qələm adamları axtarır, əsla,
kənd camaatı hər gün demək olar ki, onların ruhu
qarşısında ehtiram göstərir. - Dedi və gözlərini
satıcının ləngər vuran çöhrəsinə
zillədi...
Mənə ünvan göstərən adamlarla söhbəti
bitirib qarşıya şütüdüm. Necə
demişdilər, o tərzdə də ünvanı tapdım.
Məni şəhid qardaşların xatirəsinə
düzəldilmiş xatirə-bulaq kompleksi
qarşıladı. Burada böyük bir əzəmət,
ruhumu titrədən misilsiz bir çırpıntı
vardı. Sanki Musa və Tural canlı halda
mənə - xoş gəlmisən, - deyir, içəri dəvət
edirdi. Lövhədəki peşəkar işin heyrətində
üzdüyüm an darvaza səs-küy
saldı, qapı açıldı. Salamımı acı
girdablarda əriyən üzüntü ilə
aldığından, əmin oldum ki, qarşımdakı şəhid
anasıdır...
Yenə salam verdim. O, qara örpəyini küləyin əlindən
alıb - xoş gəlmisən, - dedi. İçəri
keçdik. Həyətdəki vücudsuz
görkəmlər bağrımı sıxdı, anladım
ki, şəhid evinə daxil oluram. Belə
də olmalıdır.
Dəhşətverici haldır ki, şəhid
qardaşların evində olduğum vaxt ərzində ancaq
küləyin səsini eşitdim. Şəhid
anasının pıçıltı ilə dedikləri ruhuma
sirayət edirdi, qulaqlarıma yox. Ancaq mən
nəsə yazmalı idim. Ona görə
şəhid anasına təkrarən sual verir, bəzi
detallara aydınlıq gətirməsini xahiş edirdim. O
da düşdüyüm vəziyyəti aşkarca
görür, suallarımı təmkinlə
cavablandırırdı. Qəfildən dedi ki, Musa tankda yanaraq
həlak olub... - Barmaqları ilə bağrını
yaraladı: - Sən o ağrılara necə dözdün,
bala? - Xeyli vaxt bu ağrının içində qovruldu, əridi,
yandı. Külünü ovcuna götürüb gözlərinə
atdı... (Dəhşət idi, buna canmı
dözər?) Xeyli keçəndən sonra da dedi ki, bir
qurtum çay iç.
Boğazı qəhərdən parça-parça olana
çay dərman olmaz. Mən çay dolu stəkanı geriyə
itələyib nisgil hopmuş gözlərimi divardakı şəkillərə
zillədim. Hər iki qardaşın
çöhrəsində Allahdan gələn bir
yaraşıq, bir qaynar görkəm var idi. Gözlər
tab etməz bu şəkillərdəki həyat
çalarlarını ayırd etməyə. Gərək
şir ürəyi yeyəsən, gərək elə bu şəhid
qardaşların özləri olasan ki, nikbin
baxışlardakı nigarançılığı duya və
mahiyyətini anlayasan.
Qəfildən
dedim:
- Hər
iki qardaşda mələk sifəti var.
Ürəyi
sızıltı və yanğıdan yorğun düşən
ana dedi:
- Ürəkləri
özlərindən də gözəl idi. Mən
bəlkə də mələklərdə günah
tapardım, onlarda yox.
Sakit səslə
içimdə pıçıldadım:
- Elə
mələktimsal idilər ki, həyat nemətlərini
dadmamış əbədiyyətə köç etdilər...
İçimdəki
durğun hərarətin iştahsız hala
düşdüyü an “Vətən sərhəd
deyil ki...” şeirimin sədasını eşitdim:
***
Mən
torpaqdan irəli,
Torpaq məndən geridir.
Vətən
sərhəd deyil ki,
Vətən tövbə yeridir.
Yumruqlarım
silahdı,
Dur, qabağa ver məni.
Yenə
yaman qudurub
Bu nanəcib erməni.
Sığallayıb
öpdükcə
Dərd
içimi qanadır...
Şəhidi
olan Vətən
Oğlu ölmüş anadır.
Canına
qurban, əsgər,
Nazı yoxdu ədanın.
Bu dəfə
elə vur ki,
Gözü çıxsın gədanın.
Bu xalqa əzab
verir
Ölüm, itki, yas artıq.
Üçrəngli
bayrağını
Qarabağda
as artıq!
Şeirin sədası bitdi, içimdə sevinc hissləri
yer aldı. Çünki lokal xarakterli antiterror əməliyyatları
zamanı cəmi 44 saata Azərbaycan əsgəri
üçrəngi bayrağımızı Qarabağdan
asdı. İndi Xankəndi, Xocalı,
Ağdərə, bütün ərazilərimiz Ordumuzun nəzarətindədir.
Sanki hayqırıb demək istədim ki, rahat
uyuyun, əziz şəhidlər, rahat uyuyun Musa və Tural,
arzularınız çin oldu. Siz Vətəni
bütöv görmək istəyirdiniz, Vətən
bütövdür! Qeyrətli oğullar qisasınızı
düşməndən aldı. İçimizdəki
intiqam hissinin yerini indi Qələbə sevincləri doldurub.
Bu sevinci bizə siz yaşatdınız, otuz
illik inamsızlığa siz son qoydunuz.
Başımızı dik tuta bildiyimiz üçün sizə
minnətdarıq!
Rahat
uyuyun!
Yeriniz
behiştdir!
Gücüm
yox, təsəlli verim...
İkinci
səfərimdə Musa və Turalın yaşadıqları
evi tanıdığımdan, Nəhayət xanıma əziyyət
vermək istəmədim, düşündüm ki, şəhid
qardaşların adını daşıyan küçədə
bir qədər dözüm, tab yığım, sonra Günəşli
qəsəbəsinin dərinliklərinə doğru hərəkət
edim. Elə də etdim, qəsəbənin tənhalığa
çıxan hissəsinə çatanda gözlərimdə
ani çırpıntılar yarandı, bu da səbəbsiz
deyildi. Nəhayət xanım bir az
aralıda - evinin qarşısında şəhid
övladları üçün inşa edilmiş xatirə-bulaq
kompleksinə söykənib duruxmuşdu. Bəlkə
də bilmirdi Musa üçün ağlasın, ya Tural
üçün. Gözləri
övladlarının iri lövhədə əks olunan şəkillərinə
baxa-baxa kilidlənir, ürəyi qubar bağlayırdı.
Anidən (sanki) gəldiyimi hiss etdi, zülmət
hopmuş gözlərini güclə hərəkətə gətirib
mənə tərəf boylandı, əlinin işarəsindən
başa düşdüm ki, - gəl, ay oğul, gəl, -
deyir. Yaxınlaşdıqca, dağ boyda qadın - qəlbi
şəhid dağından mum olmuş ana gah fikir qanadında
yoxa çıxır, gah da çöhrəsini sarmış
ağır təlatümün müşayiəti ilə
gözlərimə görünürdü...
Qəribə idi, budəfəki görüşümüzdə
də şəhər küləkli və narahat idi. Nəhayət xanıma salam verən kimi dedim:
-
Gücüm yox, sizə təsəlli verim. Elə bir halda qərar
tutmusunuz ki, acılarınızı kiritmək
üçün təsəlli dərman deyil...
Nəhayət
xanım (sanki) gözləri ilə demək istədi ki,
övlad dağı qədər ağır dərd yoxdur, bu ləngərin
istisində daşlar belə muma dönür...
Evdəyik. Yenidən Musa və Turalla bağlı
xatirələr dilə gəlir. Divardakı
şəkillər də bizimlə danışır.
Burada hər an bir ömür qədər
üzücü görünür. Düşdüyün
təsirin altından çıxmaq üçün yol tapa
bilmirsən. Çabaladıqca, bütün səmtlər
səni Musa və Turalın yoxluğuna aparır...
Nəhayət
xanım deyir:
- Vətənə
iki oğul verdim. Vətən hər iki
oğlumu özünə həyan etdi. O, indi əmindi, həyanı
var. Mənim isə nə əlimi uzatdıqda tuta biləcəyim
bir səmt, nə də için-için ağlayanda təsəlli
ala biləcəyim bir duyğu belə yoxdur. Vətən Vətən
oldu, yüzlər, minlər uğrunda canını qurban verdi, mənim harayıma kim yetsin? Ürəyimdə hansı bir hissə yer verim ki, qəlbimi
parça-parça olmaqdan qurtarsın? Varmı? - Gözlərinin hənirini susqun
baxışlarıma hopdurub əlavə edir: - Şəhid
anası olmaq çox çətindi, oğul. Yalnız
oğlu şəhid olmuş analar bilir ki, şəhid
anası kimdir.
Söz o qədər ağır gəlir ki, gözlərimi
stolun üstündə yan-yana düzülmüş şəkillərdən
çəkə bilmirəm. Bəlkə də Nəhayət
xanımı qəm dağından endirə bilmək
üçün araya söz qatıram:
-
Övladlarınız yuxunuza gəlir?
Nəhayət xanımı dərddən-qubardan
ayırmaq müşkül məsələdir. Dərindən ah çəkərək
deyir:
- Axır
vaxtlar yuxularıma da gəlmirlər. Bəlkə
də görürlər ki, onlardan ötrü çox
ağlayıram, küsür, məndən uzaqlaşırlar.
Nədənsə, qəfildən susqun hisslərin qoynuna
düşdüm. Bu dəfə Nəhayət xanım sual verdi:
-
Övladlarım haqda yazacağınız kitabın
çapını nə vaxta mümkün edəcəksiniz? -
Cavab gözləmədən yenə sual verdi:
- Mingəçevirdə təqdimat keçirməyi
planlaşdırırsınız?
Mən
süst xəyalların əsiri olan gözlərimi dəftər
vərəqində etdiyim qeydlərdə gəzdirə-gəzdirə
cavab verdim:
-
Kitabı ya ilin sonuna, ya da yeni ilin əvvəlinə
planlaşdırmışıq. İnşallah,
Mingəçevirdə təqdimatını da keçirəcəyik.
Nəhayət
xanım da “İnşallah” dedi və gözlərini
bayırdakı təlatümə dikib əlavə etdi:
-
Övladlarımdan sonra yaşamaq həvəsim yoxdur. Bəlkə
də Allaha asi düşürəm. Ancaq
elə indi içimdə bir arzu cücərdi: Allah imkan
versin, Musa və Tural haqqında yazdığınız
kitabın təqdimatını görüm...
Mən
şəhid anasının bu göynərti verən
sözündən diksindim, gözlərimə inam dolu təbəssüm
hopdurub dedim:
- Görəcəksiniz,
inşallah, Allah o sevinci sizə nəsib edəcək. - Ani
susdum, elə ani də dedim: - Zaman bütün yaraları
sağaldır...
Nəhayət
xanım amanı kəsilmiş adam
halı ilə soruşdu:
- Sizcə,
zaman bütün yaraları sağaldır? - Köks
ötürdü, ah çəkdi: - Sizcə, zaman
bütün yaraları unutdurur? - Öz sualına xeyli susandan
sonra özü cavab verdi: - Kaş ki, zaman
bütün yaraları sağalda və unutdura biləydi...
Musa və Turalın yoxluğundan görün nə qədər
vaxt keçib... Elə bilirəm dünən
şəhid olublar. Elə bilirəm
onları dünən torpağa qoymuşam. Sinəmə vurduqları yara sağalmır, bala.
Sinəmə çəkilən övlad
dağını zaman unutdura bilməz. - Sual dolu nəzərlərini
üzümə dikdi: - Şəhid anaları, sinələrinə
övlad dağı çəkilən anaların hansı bu
dərdi unuda bilib ki? Çətindi, vallah,
çox çətindi. Zaman yaralara məlhəm
olsaydı həyat yoldaşım övlad dağına
dözərdi. Çox
çalışdı, çox cəhd etdi, bacarmadı,
mümkün olmadı. Vəfat etdi. Qovuşdu balalarına. Mən də
dözə bilmirəm, mənim üçün də çox
çətindi. Övlad acısı iti bıçaq
kimidir, ürəyi elə deşir ki, ah-nalən ərşə
çıxır. Sanırsan ki, o bıçaq içindədir,
tərpənən kimi kəsir-doğrayır...
Nəhayət xanımın “ittihamı” - kəskin, qəti,
cavabı mümkünsüz sualları qarşısında
şəhid heykəli kimi daşlaşdım. Və susdum.
Çünki əlavə dialoqa ehtiyac yox idi.
Nə deyəcəkdim, deyəcəkdim ki, zaman
yaraları sağaldır?
(Ardı var)
Hikmət Məlikzadə
Bakı Xəbər 2023.- 28 dekabr,
(¹ 237).- S.14.