Mahirə Nağıqızı yaradıcılığının leksik- semantik xüsusiyyətləri

Poeziyanın əsas vasitəsi sözdür, ilhamdır. Sözə can verən təbdir. Sənətkarın ilhamı ilə yoğrulmuş söz misralarda ovsuna dönür, insanı başqa bir dünyaya aparır. Şair sözü sənət süzgəcindən keçirir, sözə müxtəlif mənalar verməklə fikri qüvvətləndirir, ümumxalq dilində bir o qədər də diqqəti cəlb etməyən söz məzmun və təblə yoğrulanda şeirin misralarında qeyri-adi təsir bağışlayır. Məhz ona görə də ümumxalq dilindən götürülmüş bir söz bədii dildə mənalanır, cilalanır, digər sözlərlə birlikdə məzmunun sərrast ifadəsinə xidmət edir. Lirik əsərlərdə insanın hiss və duyğularının dəqiq  ifadə olunmasında  yaxın mənalı sözlərin-sinonimlərin rolu danılmazdır.  Mahirə Nağıqızının poetik dilində yaxınmənalı söz qruplarının-sinonimlərin linqopoetik üslubi imkanları, rəngarəngliyi bütün məna çalarları ilə əks olunmaqla yanaşı əsas fikrin ifadəsində misilsiz rol oyanayır.

Dildə sinonimlik hadisəsi fikri daha dəqiq ifadə etməkdə, obrazlılığın leksik səviyyədə təmin olunmasında  xüsusi çəkiyə malikdir. Müasir Azərbaycan ədəbi dilində olduğu kimi Mahirə Nağıqızı şeirlərində də nitq hissələri baxımından sinonimləşmə hadisəsi isim, sifət və feil üçün daha səciyyəvidir.

 

Azərbaycan-

Göyərən ümidlərim.

Dərmanı, davasısan,

Min illik dərdlərimin.

 “Azərbaycan”

“Azərbaycan” şeirindən götürülmüş bu nümunədə “dərman”, “dava” sinonimləri isimlərdən təşkil olunmuş və hər ikisi ədəbi dilimizdə işlənməkdədir.

 

Mahirə Nağıqızı poeziyasında elə şeir nümunələrinə rast gəlirik ki, bir bəndin dörd misrasında sinonimlər və antonimlər mütənasib işlənmiş, ziddiyyət və ahəngdarlıq bir-birini izləmişdir.

Kimə doğma dedin, kimə yad dedin,

haray istədin, imdad dedin?

Qürbətin havası verməz dad dedin,

Adının hər adı-sanı vətəndir.

Vətəndir

 

İlk misradadoğma”, “yad”, üçüncü misradaqürbət”, sonuncu misrada  vətənsözlərinin təzadı fonunda ikinci misradakıharay  imdadsinonimlərinin əsas fikrin ifadəsinə xidmət etməsini müşahidə edirik. Bir bənddə obrazlılğa xidmət edən elementlər təkcə sinonimlik hadisəsi ilə məhdudlaşmır, burada bədii təzad, bədii sual-“ haray istədin, imdad dedin?” bədii təkrir var.

 

Mahirə Nağıqızı poeziyası ilə yaxından tanış olduqda aydın olur ki, onun şeirlərində bədii formalar məzmunu, milli ruhu, azərbaycançılıq ideyalarını üstələyə bilmir. Onun üçün bədii qəliblər ideanın təqdimatında təcəssüm etdirilir. “Salam olsunşeirlər kitabına daxil edilmiş “Ay vətənşeiri bu baxımdan səciyyəvidir. Diqqətli oxucu şeirin adında “ay” nidasının bir ana ürəyindən qopduğunu duyur, ilk bənddə ananın vətənə olan dəyərini, vətənə olan bağlılığının şahidi olur.

 

Ay vətən, bir səndən savayı, vallah,

Baş qoyub yatmağa bina görmədim.

 

Bu misralar şairin hiss-həyəcanını, fikir düşüncəsini ifadə etməklə yanaşı ananın vətənə olan münasibətini, dəyərini ifadə edir. Oxucu vətən nəğməsini xatırladan növbəti misralarda ananın vətənə ana deməsinin  şahidi olur.

 

Mahirə, dərdlərin yad eldə dinsə,

Onu bir sayma, azar mindisə.

Dünya qu tükündən yastığa dönsə,

Sənin dizlərindən, ana, görmədim.

 

Bəndin ilk iki misrasındadərdazarsinonimləri fikrin daha dəqiq ifadəsinə, təkrarın aradan qaldırılmasına xidmət etməklə yanaşı leksik obrazlılığın təmin edilməsinə xidmət edir.

Vətən, torpaq vətən uğrunda canından keçmiş, şəhidlik zirvəsinə yüksəlmiş şəhidlər Mahirə Nağıqızı poeziyasının leymotivini təşkil edir. Onun poetik yaradıcılığının ana xətti, aparıcı, istiqamətverici elementi, canı Vətən, millət Şəhidlər mövzusudur. Bu təsadüfü deyildir. Şəhdlik zirvəsi islam ümməti türk milləti üçün ən ali zirvədir. İslam Peyğəmbəri Məhəmməd əleyhissalam buyurmuşdur: “Qiyamət günündə üç dəstə izzət və cəlal sahibi olan Allahın qarşısında şəfaət edər və onların şəfaəti qəbul olar: peyğəmbərlər, alimlər və şəhidlər.” Şairin Tovuz şəhidlərinə həsr etdiyi “Dünən yazılan vərəq” şeiri vətən uğrunda canlarından keçmiş igid Azərbaycan oğullarına bir övgü, həzin bir ağıdır. Bu ağıda şairin ürək çırpıntılarını dərdli, kədərli lirik mənini ifadə edən “qismət”, “tale”, “qədər”, “ölçü”, “təzə” və “tər” sinonimləri fikrin dəqiq ifadəsi üçün yerində işlənmiş leksik vahidlərdir.

 

Ömür də qismətmiş, talemiş, eyvah,

Qədəri, ölçüsü-istəmə, istə...

 

Sevgi səpilərmiş, gör, necə, Allah,

 

Təzə, tər gül kimi, qəbirlər üstə.

Mahirə Nağıqızı yaradıcılığında sinonim sözlərin xüsusiyyətlərindən danışarkən onların dil mənsubluğu da diqqəti cəlb edir. Məsələn, onun yaradıcılığında elə sinonim sözlərə rast gəlirik ki, o sözlərin biri milli, digəri alınma mənşəlidir.

 

Savalanda yatan igid oyandı,

Bayrağıdır, qan-qırmızı boyandı.

Yağı düşmən qaçaraqda dayandı,

Əhvalından, qırımından görünür.

 

Görünür” rədifli şeirdən seçilmiş bu bəndin sonuncu misrasında “əhval” və “qırım” sözləri sinonim cərgə təşkil etmişdir. Lakin “əhval” sözü ərəb dilindən dilimizə keçmiş, alınma, “qırım” sözü isə həmin sözün danışıq dilində işlənən milli variantıdır. Maraqlıdır ki, ədəbi dilimizdə, adətən, “əhval” sözü işlənir, “qırım” sözü isə bir növ unudulur. Şairin milli sözlərimizə isti münasibəti, dilimizdə tarixən var olub, dialekt və şivələrimizdə bu günöz varlığını qoruyan sözlərə ikinci həyat verməsi olduqca təqdirə layiqdir.

Azərbaycan ədəbi dilində sinonimlərin eyni nitq hissəsinə aid olması, əsasən isim, sifət və feilləri əhatə etməsi məlumdur. Mahirə Nağıqızı poeziyasını tədqiq etdikdə aid olur ki, nitq hissələri baxımından onun yaradıcılığında isimlərin sinonimliyi kimi sifət nitq hissəsinin də sinonimliyinə də rast gəlmək mümkündür. Məsələn, Bakıda törədilmiş  Qanlı 20 Yanvar hadisəsinə həsr edilmiş “20Yanvar qatarı” adlı şeirdə şair düşməni daha aydın təsvir etmək üçün “məkirli” və “hiyləgər” nisbi sinonim sifətlərdən elə məharətlə istifadə edir ki, oxucuda düşmən haqqında tam təsəvvür yaranır.

 

Düşmən məkirlidir, qansız, hiyləgər,

Planlar qurubdur uzun  illəri.

 

Azərbaycanın başına gətitlən müsibətləri  20 Yanvar, Xocalı faciələrini hər daim dərin kədər hissi ilə poetik dillə ifadə edən şair “Xocalı” adlı şeirində də sifət nitq hissəsinə aid sözləri bir misra daxilində elə ustalıqla işlədir ki, həmin sözlərin semantik tutumu sinonim cərgə effekti yaradır.

 

Dinc, silahsız adamlar,

Ölümnən baş-başaydı.

 

Xocalıda olanlar,

Amansız tamaşaydı.

Şairin qanadlı misralarında sifət nitq hissəsinə aid sinonimlər estetik zövqü təmin etməklə  onun yaradıcılıq möhründə daha qabarıq görünür. 

Mahirənin qəlbi dolu,

Kökü qədim, əsli ulu.

Qılınc tutmaz Çakaloğlu

Şəfa verən türkdü hocam.

“Sayın Yılmaz Çakaloğluna” adlı şeirin möhürbəndində ikinci misrada işlənmiş “kök” və “əsil” isimləri ilə yanaşı “qədim” və “ulu” biri milli digəri alınma olan sifət nitq hissəsinə aid sinonimlər şairin milli kimliyini, bir sənətkar kimi şəxsiyyətini, qüdrətini ifadə edir.

Mahirə Nağıqızı poeziyasında elə şeirlər var ki, oxucu o şeirlərin sehrindən çıxa bilmir, misralar insanı ovsunlayır, məzmun oxucunu gerçəklik və yuxu arasında var-gəl etməyə vadar edir. Açıq etiraf edim ki,  onunŞuşa məscidində azanşeirinin adını ilk dəfə oxuduqda  özüm-özümə bu reallıqdır, yoxsa, şairin ali arzusu? Bu misralar otuz illik həsrətin ilğımıdır, yoxsa, rəssam fırçası ilə işlənmiş möhtəşəm sənət əsəri? suallarını verməkdən saxlaya bilmədim. Bu möhtəşəm misraların Şuşanın sıldırım qayalarından gələn əks-sədası oxucuda reallıqdır, yuxu deyil, xəyal deyil, bu Azərbaycan xalqının zəfəri, milli varlığımızın təsdiqi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi qələbəsinin bədii təcəssümüdür fikrini möhkəmləndirir, Şuşaya həsrət, təşnə qəlblərə su səpir.

Hər biri dikəldi, durdu dağ kimi,

Düşmən qabağına verdilər sinə.

Gecənin bağrından bir mizraq kimi,

Sıxıb sancdılar düşmən köksünə.

 

İlk misrasındadikəldur  feillərinin sinonimliyi, digər misralarda isimlərin sinonimlik hadisəsi o qədər təbii canlı işlədilir ki, assosativ olaraq şeirin axıcılığını təmin edir.

Şuşa məscidində azan” şeirində təsriflənən feillərə aid sinonim cərgələr şeirin daha dinamik, daha mübariz ruhda təqdimini şərtləndirir.

Necə tab gətirib, dözüb təhər,

Pənah xan çəkdiyi susqun daş-divar.

İlk misrada “tab gətiribdözübfeillərinin sinonimliyinecə təhərsual əvəzliklərinin sinonimliyi fonunda daha parlaq görünür.

Qeyd etmək yerinə düşərdi ki, şeirdə sinonimlərin işlədilməsi dilin üslubi imkanları ilə bilavasitə bağlıdır. Dilin üslubi imkanlarının tələbi ilə sinonim sözlər şeirdə tək yaxud cərgə şəklində işlənə bilir. Mahirə Nağıqızının şeirlərinin bədii dili üzərində apardığımız tədqiqat onu deməyə əsas verir ki, sinonimlərin müəyyən qismi poetik nitqə məqsədyönlü daxil edilmiş, digər bir qismi isə şairlik ilhamının təzahürüdür. Hər iki halda sinonimlər müəllifin  poetik nitqni canlı, axıcı yadda qalan edir, şeirdəki məzmun forma gözəlliyini qovuşuq şəkildə şəkilləndirir.

 

Bəhram Cəfəroğlu,

ADPU-nun baş müəllimi,

filologiya üzrə fəlsəfə doktoru

Bakı Xəbər 2023.- 15 noyabr, ¹ 206.- S.13.