İşğaldan sonrakı
dövrdə Naxçıvanın inkişafında yeni mərhələ necə açılacaq?
Azərbaycanın bölgədə
yaratdığı yeni reallıqlar, regionda bütün
kommunikasiyaların açılması Azərbaycana öz ayrılmaz hissəsi olan
Naxçıvan Muxtar Respublikasına Ermənistan
ərazisi vasitəsilə maneəsiz çıxış əldə
etmək imkanı verəcək.
Üçtərfli Bəyanatın doqquzuncu bəndində bildirilir:
“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa
edilir. Ermənistan
Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin
və yüklərin hər iki istiqamətdə
maneəsiz hərəkətinin təşkili məqsədilə
Azərbaycan Respublikasının qərb rayonları və
Naxçıvan Muxtar Respublikası
arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə
zəmanət verir. Nəqliyyat əlaqəsi
üzrə nəzarəti Rusiyanın Federal
Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin
orqanları həyata keçirir.
Tərəflərin
razılığı əsasında Naxçıvan Muxtar
Respublikası ilə Azərbaycanın qərb
rayonlarını birləşdirən yeni nəqliyyat
kommunikasiyalarının inşası təmin ediləcəkdir”.
Ermənistanın
Azərbaycana silahlı təcavüzü başlamazdan öncə
bu yoldan istifadə olunub…
Azərbaycan postmüharibə dövründə dəfələrlə kommunikasiyaların açılması ilə bağlı çağırışlar edib. Respublikamız, həmçinin Naxçıvanla kommunikasiya əlaqələrinin bərpasına qısa müddətdə nail olmaq üçün Zəngəzur dəhlizinin avtomobil və dəmir yolları seqmentləri üzrə layihələrin reallaşdırlmasına start verib. Biz burada da Ermənistanın məsuliyyətsiz davranışlarının şahidi oluruq. İndiyədək bu ölkədə kommunikasiyaların açılması istiqamətində hansısa bir addım atılmayıb.
Ermənistanın Azərbaycana silahlı təcavüzü
başlamazdan öncə bu
yoldan istifadə olunub,
ancaq sonradan Azərbaycanın
Naxçıvanla quru əlaqəsi
yalnız İran ərazisindən
keçməklə gerçəkləşib. Bakı
ilə İrəvan arasında sülh sazişinin imzalanması istiqamətində son vaxtlar intensiv
danışıqların aparıldığını və
tərəflərin nəticə əldə etməyə
yaxın olduqlarını nəzərə alsaq,
Zəngəzur dəhlizinin açılması məsələsində
fikir ayrılıqları hələ də
qalmaqdadır.
İnfrastruktur
təminatının, sosial sektorun, insan kapitalının
inkişafına təkan verəcək
Prezident İlham Əliyevin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi yeni mərhələdə qarşıda duran strateji vəzifələrin reallaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Proqramda qeyd edilir ki, Naxçıvanda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu, sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi ön plandadır. Mövcud potensialdan daha səmərəli istifadə etməklə bölgədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və davamlılığının təmin edilməsi zəruridir. Bu isə mütəmadi olaraq Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar kompleks proqramların hazırlanaraq icra olunmasını nəzərdə tutur.
Bu məqsəd və prioritetlərə uyğun həyata keçiriləcək tədbirlər muxtar respublikada iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində ciddi irəliləyişlər əldə etməyə imkan verəcək. Eyni zamanda, infrastruktur təminatının, sosial sektorun, insan kapitalının inkişafı və ətraf mühitin mühafizəsinin gücləndirilməsi ilə əlaqədar atılacaq addımlar kompleks inkişafa təkan göstərəcək.
İstənilən halda Naxçıvanın Azərbaycanın digər rayonları ilə birbaşa əlaqəsi bərpa ediləcək
Qeyd edilib
ki, Dövlət Proqramında ən mühüm məqamlardan biri
nəqliyyat, o cümlədən dəmir yolu infrastrukturunun yenilənməsi
ilə bağlıdır. Bu, regionda kommunikasiyaların bərpası, Zəngəzur
dəhlizinin açılması kontekstində xüsusi
önəm daşıyır. Yeni kommunikasiya vasitəsilə Azərbaycanın
Naxçıvan Muxtar Respublikası vasitəsilə
Türkiyə ilə birləşməsi, ölkəmizin əsas
hissəsi ilə muxtar respublika
arasında birbaşa quru
əlaqəsinin yaranması iqtisadi və siyasi əhəmiyyətə malikdir.
Eyni zamanda, yeni infrastrukturun
yaranması Azərbaycanın tranzit
potensialının artması, iqtisadi
inkişafının sürətlənməsi
baxımından önəmlidir. Azərbaycan Prezidenti bir müddət əvvəl
qeyd etmişdi ki, “Şərqi Zəngəzur bölgəsində
yerləşən Zəngilanı bizim qədim
torpağımız olan Qərbi Zəngəzurla,
ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və
Türkiyə ilə birləşdirmək bizim
növbəti tarixi nailiyyətimiz olacaq”. Dövlətimizin
başçısının siyasi iradəsi
Azərbaycanın qarşıda duran bütün strateji hədəflərinin
reallaşmasını mümkün edir.
Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı nümayiş etdirdiyi qeyri-konstruktivlik Azərbaycanı alternativlərə əl atmağa vadar etdi. Bunu İran ərazisindən keçməklə əvəzlədi. İstənilən halda Naxçıvanın Azərbaycanın digər rayonları ilə birbaşa əlaqəsi bərpa ediləcək.
Nəticə etibarilə davamlı islahatlar vasitəsilə dayanıqlı regional inkişafın təmin olunması Azərbaycanın qarşısında yeni perspektivlərin açılmasını şərtləndirir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası isə yeni reallıqlar və çağırışlardan irəli gələn məqsədləri gerçəkləşdirməyə, uzunmüddətli inkişafı təmin etməyə imkan verəcək.
Məhəmmədəli
QƏRİBLİ
Bakı Xəbər .- 2023.- 21
noyabr, ¹ 210.- S.8.