Başlıbel faciəsi - ermənilər kahalara sığınmış adamlardan 14 nəfəri girov götürüb, 18 nəfəri qətlə yetirib

 

18 aprel tariximizə Başlıbel faciəsi ilə düşüb. 31 il bundan əvvəl erməni separatçıları və terrorçuları Kəlbəcər rayonunun Başlıbel kənd sakinlərinə qarşı amansız qətliam həyata keçirib.   

 

1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olundu. Bu zaman 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 73 nəfər sakini evlərini vaxtında tərk edə bilməyib. Aprelin 2-də kənd sakinlərinin bir qrupu mühasirədən çıxmağa çalışsa da, buna nail ola bilməyiblər. Bu zaman sakinlərdən 9 nəfər yolda qətlə yetirilib, 5 nəfər girov götürülüb. Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özünü qorumağa çalışıb. Amma onlar cəmi 18 gün gizli yaşaya bildilər. Aprelin 18-də erməni silahlı birləşmələri dinc sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçdilər. Həmin gecə kənddən bir qədər yuxarıda yerləşən “Portda” kahalarına sığınmış sakinlərin üzərinə amansız hücum zamanı dinc sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib, 1 nəfər itkin düşüb. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər. 93 yaşlı Ələsgər Kazımov isə doğma kəndini tərk etməyərək sığınacaqda mühasirə həyatını davam etdirib.

 

Şahid ifadələrinə diqqət yetirək:

 

Başlıbel faciəsinin şahidlərindən olan İsmət Əzizov 113 günlük mühasirə həyatı barədə xatirələrini bölüşüb: “Aprelin 4-də saat 15-16 radələrində ermənilərin kəşfiyyat qrupu “UAZ” markalı maşınla Başlıbel kəndini yoxlayıb geri qayıtdı. Ertəsi gün ermənilər daha böyük qüvvə ilə Başlıbelə soxulmuşdular. Durbinlə baxıb ermənilərin kəndə gələn maşınların bir-bir nəzərdən keçirirdik - 1 ədəd ZİL-131, 1 ədəd QAZ-66, 1 ədəd UAZ vardı. Kənddən tüstü qalxanda əmin olduq ki, evləri yandırırlar. Bir az yuxarı qalxanda gördük ki, kəndi tüstü bürüdü. Qərara gəldik ki, gedib camaatla məsləhətləşək, ermənilər kənddən çıxandan sonra axşam qaranlıq vaxtı hamımız “Portda” kahalarına yığışaq. Əslində hələ aprelin 3-də kənddə olarkən “Portda” kahalarına sığınmaq barədə qərar verilmişdi. Ağsaqqallar uzaq olduğuna görə “Nəbinin kahası”na getmək təşəbbüsümüzü bəyənməmişdilər, demişdilər ki, “Portda”ya getmək lazımdır. Aprelin 5-də silahlı erməni quldurları 3 maşınla kəndə daxil olarkən əvvəlcə Kamal Əzimovun evini qarət edib yandırdılar, bir qədər sonra Muxtarov Qocanın evinə od vurdular. Bundan sonra onlar evlərə girərək xalçaları yığışdırmağa başladılar".

 

113 gün Başlıbel kəndində Ermənistan ordusunun mühasirəsində qalmış 62 nəfərdən ibarət dəstənin daha bir üzvü Elşad Əzizov isə deyib ki, aprelin 18-dən 19-na keçən gecə ermənilər kahalara sığınmış adamlardan 14 nəfəri girov aparmış, 18 nəfəri qətlə yetirmişdi: "Qəfil çovğun başlayandan sonra, gecə saat 1-in yarısında silahlı erməni quldurlarının əsas hissəsi “Portda” kahalarının ətrafından geri çəkilib kəndə tərəf qayıtmağa başladılar. Amma köməksiz vəziyyətdə kahalara sığınmış dinc sakinlərə qarşı törətdikləri vəhşiliklərdən doymamışdılar. Girov götürdüklərini qabaqlarına qatıb aparan quldur dəstələri həmin gecə Başlıbel kənd orta məktəbinin binasını yandırdılar. “Portda”da isə atışma davam edirdi. Hələ sağ qalanların kahalarda gizləndiyindən şübhələnən 4 quldur PK pulemyotu ilə atəş açaraq irəliləyirdi. Kahada sağ qalan əliyalın sakinləri qorumağa çalışan zərdablı Vüqar əsl qəhrəmanlıq göstərirdi. O, son nəfəsinə qədər döyüşərək ermənilərin kahada gizlənənlərin yerini müəyyənləşdirməyə imkan vermirdi. Bir an içərisində cəsarətlə kahanın ağzına çıxan Vüqar Abdullayev quldurların dördünü də yerə sərdi. Yenidən əvvəlki mövqeyinə doğru qaçarkən quldurlardan birinin atdığı qumbara onu kahanın 3-4 metrliyində haqladı. Vüqar da həmin gecə şəhid oldu".

 

Qarabağ döyüşlərində tankçı olan Ağdam sakini Məzahir Abbasquliyev hadisəni belə xatırlayır:

 

"İki ayağı olmayan, iki çəliklə yeriyən Hüseyn kişini Mədəniyyət Evində yandırmışdılar. Körpə uşaqların və qadınların əzabları gözümüzün qarşısında olub. Görən olmasın deyıə, gecə yol gəlirdik. Körpülərin hamısında erməni postları olduğu üçün məcburən çaydan keçməli idik. 4-5 nəfər qol-qola tutaraq çaydan keçdik. Özümüzlə kəndir götürmüşdük. Hər iki tərəfdən ağaca bağladıq və qadınları, uşaqları çiynimizdə keçirdik...” 

 

Qeyd edək ki, 2017-ci ilin aprelindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Regional İnsan Hüquqları və Media Mərkəzi tərəfindən Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə layihəsinin icrasına başlanıb. Layihə çərçivəsində Azərbaycan və ingilis dillərində Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə kitabı nəşr edilib. Kitabda ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərdən biri – Başlıbel faciəsi ilə bağlı məlumatlar əksini tapıb. Nəşrdə Başlıbel kəndində törədilmiş qırğının canlı şahidlərinin fikirləri yer alıb, mühasirədə qalan uşaq, qoca və qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərmiş şəxslərin xatirələri qeyd edilib.

 

“Təəssüflər olsun ki, dayım Ağamirov Qənayətin qalıqlarını hələ də tapa bilməmişik, onun barəsində heç bir səs-soraq yoxdur”

 

Başlıbel kənd sakini, texnika elmləri namizədi, dosent, Bakı Mühəndislik Universitetinin Mühəndislik fakültəsinin dekanı, tanınmış şair Hüseyn Mirzəyev “Bakı-Xəbər”ə bildirdi ki, o acı günlərin dəhşətli mənzərəsi heç zaman yaddan çıxmır. Başlıbel faciəsi baş verəndə H.Mirzəyevin 18 yaşı varmış və o, Bakıda Azərbaycan Texniki Universitetinin birinci kursunda oxuyurmuş. Faciə baş verən zaman kənddə olmasa da, orada baş verənlərdən xəbərdar olub: “O hadisə baş verəndə mən Bakıda tələbə idim. Novruz bayramından sonrakı günlər heç zaman yadımızdan çıxmaz, çox çətin günlər idi. Həmin vaxt camaatımızın rayondan çıxacağı gözlənilirdi. Bizim ailə böyük çətinliklə, səhv etmirəmsə, aprelin 5-də gəlib Bakıya çıxdı. Qızların hamısının ayaqlarının altı suluqlamışdı, çünki bütün yolu piyada gəlmişdilər. Dayım Ağamirov Qənayət İsmayıl oğlu Başlıbeldə qalmışdı. İxtisasca müəllim olan dayım kənddən çıxmamışdı, sonra ermənilər onu kəndin içərisində işgəncə ilə öldürüblər. Yəqin qonşuluqda olan evi yandıranda o çölə çıxıb və ermənilər də onu amansızlıqla qətlə yetiriblər. Orada olan kəndçilərimiz danışırdılar ki, dayımın meyitinin üzərində işgəncə izləri olub, hətta üzündə siqaret kötüklərinin yanıqlarının izi də varmış. Çox dəhşətli günlər idi. Qonşu kənddən olan bir kişini bizim kənddə diri-diri yandırıblar. Səhv etmirəmsə, o, Xallanlı kəndindən olub.

 

Bizim kəndimiz böyük kənd idi. Başlıbel faciəsinə qədər də bizim şəhidlərimiz olub. Həmin faciə zamanı elə biri yaşlı qadın olmaqla dörd nəfəri kəndin içində öldürüblər, onlar çıxa bilməmişdilər, kənddə idilər, ermənilər də onları qətlə yetiriblər. 5-6 nəfəri Kəlbəcərə gələrkən yolda, 12 nəfəri kahada qırğın olanda öldürüblər. 30 nəfər kənd sakini 113 gün mühasirədə qalıb, iyul ayında gəlib Daşkəsənə çıxıblar, sonra Gəncəyə gəliblər. May ayının sonlarına qədər kənd sakinləri ümid ediblər ki, kənd işğaldan azad ediləcək, camaat geri qayıdacaq. Ancaq görüblər mümkün deyil, ondan sonra kənddən çıxmaq qərarına gəliblər”-deyə H.Mirzəyev qeyd etdi.

 

H.Mirzəyev bildirdi ki, gec də olsa haqq-ədalət öz yerini tutdu və Kəlbəcər işğaldan azad edildi. Müsahibimiz vurğuladı ki, Başlıbelin azad olunması Başlıbel şəhidlərinin ruhunu sevindirir: “Şəhidlərimizin ruhu şaddır, çünki qisasları alınıb. Onların qəbirlərini yeniləyiblər, hər məzarın üzərinə löhvələr qoyublar. Orada dəfn edilənlərin qalıqları ekshumasiya olunub, DNT analizi həyata keçirilib, tanınma olub. Təəssüflər olsun ki, dayım Ağamirov Qənayətin qalıqlarını hələ də tapa bilməmişik, onun barəsində heç bir səs-soraq yoxdur. Orada Ələsgər baba olub, yaşı yüzdən çox olmasına baxmayaraq, çox gümrah idi, kəndi tərk edib çıxmayıb. Gəlsəydi, o gənclərdən də qıvraq gələrdi. Ələsgər baba haqda da heç bir məlumat yoxdur”.

 

H.Mirzəyev qeyd etdi ki, Başlıbel faciəsinin tanıdılması istiqamətində işlər genişləndirilməlidir. Dünya birliyinin həmişə türk xalqının faciələrinə qarşı kar və kor olduğunu deyən H.Mirzəyev vurğuladı ki, indi də dünya eyni yolu tutub, hər şeyi görməzdən gəlirlər. Amma bununla belə, H.Mirzəyev ümid edir ki, haqq-ədalət mütləq öz yerini tutacaq. “Şükür Allaha, torpaqlarımız əlimizdədir. Kəndimiz işğaldan azad ediləndən sonra cəmi bir dəfə getmişəm. 2021-ci  ildə getdim. Çox qarışıq hisslər yaşadım, onu sözlə ifadə etmək çox çətindir. İndi də danışanda çox həyəcanlanıram. Kövrək hisslər yaşadıq. Kişi olsaq da, göz yaşlarımızı saxlaya bilmədik. Evimizdən əsər-əlamət qalmayıb. Həyətdən bir ovuc torpaq götürmək istədim, əlimi nə qədər torpağa çəkdim əlimə ot gəldi, əlim torpağa çatmadı. Yəni ot o qədər bitib çürüyüb üst-üstə qalıb ki... Kəndimiz tamamilə viran qoyulub, dağıdılıb, məhv eidlib. Kənd bizim orada qalanların gözlərinin qarşısında dağıdılıb, viran qoyulub. Kəndi talayıblar. Yük maşınları ilə gəlib xalçaları ayrı, soyuducuları, televizorları, başqa şeyləri ayrı aparıblar. Evləri talayandan sonra da od vurub yandırıblar. Yalnız son vaxtlar tikilən evlərin divarları salamat kimi görsənir. Qalanlarında bir daş belə ələ gələn deyil. Daş belə artıq orada çürüyüb”-deyə bildirən H.Mirzəyev böyük inamla bildirdi ki,  kəndləri yenidən kərpic-kərpic qurulacaq və 31 il bundan əvvəl məcburiyyət qarşısında  qalıb Başlıbeli tərk edən kənd sakinləri geri dönəcəklər, yenidən evlərinin işığını yandırıb ocaqlarını qalayacaqlar, təndirə çörək yapıb o yerlərin bar-bərəkətini özünə qaytaracaqlar...       

 

İradə SARIYEVA

Bakı Xəbər .- 2024.- 19 aprel, ą 66.- S.11.