Aşıq Müseyib yaradıcılığında Heydər Əliyev obrazı

 

 

Bilirik ki, ləngərli səsi və ifası ilə daim könüllərdə yaşayacaq Aşıq Müseyib Aşıq sənətinin ən mükəmməl qoruyucularından, çoxəsrlik keçmişə malik aşıq sənətinin ən sadiq aşıqlarından biri olub.

 

O, Aşıq sənətinin ənənələrinə ömrünün sonuna kimi şərəflə qulluq edib və nəsillərə çatdırıb. Aşıq Müseyibin xalq ruhu ilə həmahəng olan əsərləri Azərbaycanın mədəniyyət xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Onun təbiətə məhəbbəti, vətənpərvərlik hissləri, ana dilimizin saflığına münasibəti, dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Mənbələrdə deyildiyi kimi, Aşıq Müseyib çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasına düşməsində onun da böyük rolu var.

 

Aydındır ki, Aşıq Müseyib yaradıcılığı  gözəlliklə, müdrikliklə, bəşər idrakının kamilliyi ilə əhatələnmiş sirli, sehrli, möcüzəli söz ümmanıdır. Aşıq Müseyib ustad sənətkar olmaqla yanaşı, öz yaradıcılığında Azərbaycan dilinin poetik imkanlarından, bədii ifadə vasitələrindən düzgün istifadə etməklə, şeir nümunələrinin xəlqiliyini, sadəliyini, forma və üslub xüsusiyyətlərinin keyfiyyətlərini qoruyub və öz gözəl töhfələri ilə söz şeir sənətimizi daha da zənginləşdirib. Onun şeirlərində başlıca mövzu olaraq məhəbbətin tərənnümü, gözəllərin tərifi, təbiətin təsviri, əxlaqi-tərbiyəvi fikirlərin təbliği və ictimai nöqsanların tənqidi əsas yer tutub.

 

Elə bu gün də Aşıq Müseyib yaradıcılığı Azərbaycanın mədəniyyət inciləri kimi diqqət çəkir və gələcəkdə də bu ədəbi irs lazımınca təbliğ ediləcək.

 

Aşıq Müseyib yaradıcılığında müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin uğurlu siyasi fəaliyyəti də poetik məzmun kəsb edir. Yaradıcı aşıq xaos dövründə - Azərbaycanın parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı dövrdə Heydər Əliyevin xalqın təkidi və tələbi ilə ölkəmizə qayıtması və yenidən hakimiyyətə gəlməsini hamımız üçün vacib hadisə hesab edir və o dahi şəxsiyyətin xalq və dövlət üçün etdiklərini məsnəvi şəkilli şeirlə parlaq ifadə edir. Şeirdəki axıcı lirizim oxucunu heyran qoyur:

 

 

Hərdən fikrə dalıram, düşünürəm dərindən,

 

Ötüb keçən günlərin ötmürəm üzərindən.

 

 

 

Nələr gördü, İlahi, bu dünyada gözümüz,

 

Tapdalandı haqqımız, tapdalandı sözümüz.

 

 

 

Zindanlara atıldı bu vətənin mərdləri,

 

Aşdı, həddini aşdı insanların dərdləri.

 

 

 

Yazda palçıqlı yollar, qışda şaxta, qar, boran,

 

Bir tərəfdə xəstəlik, bir tərəfdə qansoran.

 

 

 

Ürəklərdə həyəcan, Sibir, sürgün qorxusu,

 

Qaçırdı səhərəcən gözümüzün yuxusu.

 

 

 

Sübhəcən qəlbimizdə yalvarırdıq Allaha,

 

Özü çatsın köməyə, özü çatsın pənaha.

 

 

 

Əyilməyə qoymadı Yaradanım dizləri,

 

Xoş xəbərlə bir səhər sevindirdi bizləri.

 

 

 

Dahi Heydər Əliyev rəhbər gəldi millətə,

 

Bütün dünya mat qaldı onda olan qeyrətə.

 

 

 

Şeirin bura qədər olan hissəsi içimizdə dərin bir vahimə yaradır. Oxuduqca az qalırıq ağlımızı qaçıraq; çünki o dövrün acı günlərini ustad aşıq elə göynərtili vəsf edib ki, hər dəfə təkrar oxuduqca tüklərimiz biz-biz olur. Lakin “Dahi Heydər Əliyev rəhbər gəldi millətə, Bütün dünya mat qaldı onda olan qeyrətə” fikrini oxuyandan sonra içimizdə rahatlıq yaranır. Əmin oluruq ki, bu dahi şəxsiyyətin olduğu yerdə heç kim xalqımıza və dövlətimizə divan tuta bilməz. Elə ustad aşıq da şeirin bundan sonrakı hissəsində məhz Heydər Əliyevin mərd xarakterini, xalq-dövlət sevgisini, apardığı quruculuq işlərini və s. önəmli hadisələr və hallar kimi qeyd edərək oxucuda – elə bizim hamımızda bir sakit ovqat yaradır. Bunu aşağıdakı fikirlərdə aydın görürük:

 

 

 

İradəylə, inamla hey yaratdı, hey qurdu,

 

Millətin arxasında o, dayandı, o, durdu.

 

 

 

Azərbaycan qazandı keçiçi bayraqları,

 

Pöhrə verdi, gül açdı yurdumun torpaqları.

 

 

 

Ağ qızılla Mil-Muğam bəzəndi başdan-başa,

 

Yaşıl üzüm bağları tamaşaydı-tamaşa.

 

 

 

Dillərdə dastan oldu limonumuz, çayımız,

 

Elə bil İlahidən verilmişdi payımız.

 

 

 

Kərpic evlər sökülür, daş evlər tikilirdi,

 

İnsanların üzündən qəm, kədər çəkilirdi.

 

 

 

Hamı Azərbaycana həsəd ilə baxırdı,

 

Sevincimiz düşməni yandırırdı-yaxırdı.

 

 

Bu parçalarda yeni quruculuq işləri, Heydər Əliyevin Azərbaycana verdiyi xoşbəxt günlərin xoş ovqatı poetik şəkildə elə cilalanır ki, o illəri bir daha gözünün önünə gətirir, o bəxtəvərlik işığı səpilən anları alqışlayırsan. Təbiidir ki, belə bir qurucu insanı Moskva dərhal özünə çəkməli idi və çəkdi də. Uzun illər Kreml Heydər Əliyevin siyasi uğurundan faydalandı. Aşağıdakı misralar da elə bunu ifadə edir:

 

 

 

Görəndə yaratdığın, qurduğun tərəqqini,

 

Moskvaya çağırdı Sovet dövləti səni.

 

 

 

Böyüdüldü vəzifən, artdı şanın-şöhrətin,

 

Dünyada həmin günü bayram etdi millətin.

 

 

 

Parladı günəş kimi, şöhrətin aya çatdı,

 

Kainatın üzündə “hay” xalqı yasa batdı.

 

 

Bu misralar aşkar göstərir ki, heydər Əliyevin quruculuq işi, möhtəşəm siyasi fəaliyyəti Azərbaycanı sevməyən qüvvələrə sərf etmirdi, ölkəmizdə Cənnət qurub-yaradan dahi insana qarşı o dövrdə əks addımlar atanlar onun uğurunu, yüksəlişini həzm edə bilmədilər və Heydər Əliyev Moskvadan imtina edərək Azərbaycana qayıtdı. Biz aşağıdakı misralarda bu ictimai səciyyəni bir daha aydın sezə bilirik:

 

 

Baxdıqca qüruruna, işıq saçan çöhrənə,

 

Başı xallı Qorbaçov düşmən kəsildi sənə.

 

 

 

Onun namərdliyinə etiraz edərək sən,

 

Dərhal istefa verdin tutduğun vəzifədən.

 

 

 

O zamandan “hayların” açıldı əl-ayağı,

 

Sənsiz inan, millətin parçalandı dayağı.

 

 

 

Ermənilər zəli tək canımıza çökdülər,

 

Evimizi yandırıb, qanımızı tökdülər.

 

 

 

Qırdılar Xocalıda günahsız insanları,

 

Töküldü qar üstünə körpələrin qanları.

 

 

 

Yandı, işğal olundu bir neçə şəhərimiz,

 

Zülmətə qucaq açdı işıqlı səhərimiz.

 

 

 

Bu hal millətimizi, həvəsdən salammadı,

 

İçimizdə dolanan inamı alammadı.

 

 

 

Qoymadıq bu Vətəni sahibsiz, başsız qala,

 

Əldən əllərə keçə, torpasız, daşsız qala.

 

 

 

Oğlu, qızı bu xalqın and içib Allahına,

 

Saf ürəklə, inamla sarıldı silahına.

 

 

 

Qarabağ başdan-başa od içində yanırdı,

 

Baş ölkələr sadəcə bu qırğını danırdı.

 

 

 

Çoxlarının bir anda çilikləndi valları,

 

Sıxdı sənin əlini dünyanın kralları.

 

 

 

Millət sənə söykəndi, çəkinmədin yolundan,

 

Daşa bağladın daşa lobbiləri qolundan.

 

 

 

Xarici səfirləri gərək bildin özündə,

 

Qüsur tapa bilmədi kimsə sənin sözündə.

 

 

 

Qan-qada yaradanın özün kəsdin üstünü,

 

Dağıtdın yurdumuza çökən qara tüstünü.

 

 

 

Hamı “Yaşasın Heydər! Var olsun Əliyev!” dedi,

 

Bu düyünü açmağa özün sinə gər dedi.

 

 

Yuxarıdakı misralardan bəllidir ki, Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri gördüyü işlərin hamısında bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Məhz bugünkü xoşbəxtliyimizin təməli də elə ümummilli liderin gərgin siyasi fəaliyyətinin bariz örnəyidir.

 

 

 

Yoxuymuş bir çoxunun bazarları, behləri,

 

Sənin səcdənə gəldi dünyanın fatehləri.

 

 

Çəkilməz bu dərdləri sən özün tənha çəkdin,

 

İnsanların qəlbində ümüd toxumu əkdin.

 

 

 

Qaranlıq gecələrdə döndün nurlu çırağa,

 

Dağılmış bu ölkəni sən qaldırdın ayağa.

 

 

 

Güclü dövlət yaratdın, güclü ordu yaratdın,

 

Bu imzanı, fərmanı kağıza sən atdın.

 

 

 

Qüdrətli Ordumuzla birgə getdin savaşa

 

“Ali Baş Komandanım- Səni yaşa, min yaşa!”

 

 

 

Asıldı Horadizdən üç rəngli bayrağımız,

 

Sevindi dostlarımız, sevindi torpağımız.

 

 

 

Aşıq Müseyib o gün sazını aldı ələ,

 

Yaydı sənin vəsfini hər obaya, hər elə.

 

 

 

Vətən min alqış dedi adına axşam-səhər,

 

“Yaşasın Azərbaycan! Yaşasın Ulu Heydər!”

 

 

Göründüyü kimi, Aşıq Müseyib əsərinin bir növ, epiqrafı kimi təsir verən məsnəvi şəkilli bu hissədə dövlətimizin, xalqımızın, milli-mənəvi dəyərlərimizin, ən əsası ulu öndərin və onun layiqli davamçısının çətin, lakin şərəfli həyat yolu, enişli-yoxuşlu məqamlar, taleyüklü məsəslələr və s. aydın, məzmunlu səpkidə, sərrast fikirlərlə, həm də ilıq-isti poetik vəsflə təsvirə çəkilib, burada həqiqət birinci şərt kimi diqqətimizi özünə cəlb edir. “Yaşasın Azərbaycan! Yaşasın Ulu Heydər!” və “Ali Baş Komandanım Səni yaşa, min yaşa!” ədəbi aspektində xalqın ümummilli lideri Heydər Əliyevə, onun layiqli davamçısı, ölkə rəhbəri İlham Əliyevə sonsuz ehtiram ifadə olunur.

 

Bu hissədə diqqət çəkən bir nüans da Aşıq Müseyib sevgisində dövlətçilik amilidir:

 

 

Aşıq Müseyib o gün sazını aldı ələ,

 

Yaydı sənin vəsfini hər obaya, hər elə.

 

 

Bu, həm də o anlamı verir ki, xalqımızın əldə etdiyi zəfər, qələbə bütün qələm sahibləri üçün əsl və əsas mövzudur... 

 

Yuxarıdakı şeirdə ümummilli liderin siyasi bənzərsizliyi ustalıqla açılır, vurğulanır ki, Heydər Əliyevin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.

 

Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.

 

Bir sözlə, ustad aşıq Müseyib Nəsibovun yaradıcılığında Heydər Əliyev şəxsiyyəti işıqlı Obraz kimi cilalanıb, Aşıq Müseyib Heydər Əliyevin siyasi uğurunu səciyyələndirən misralarında o böyük insanın sözdən Abidəsini yonub.

 

Eldar Həsənli

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist

 

Bakı Xəbər  2024.- 23 aprel, ¹ 68.- S.15.