Şuşa Teatrının Şuşaya qayıtması hələ mübahisəlidir...
Yadigar Muradov: “Xankəndidəki teatr binasını bizə veriblər”
Hazırda
Bakıda fəaliyyət göstərən Şuşa
Dövlət Musiqili Dram
Teatrının nə zaman Şuşaya
qayıdacağı müzakirə edilən məsələlərdən
biridir. Erməni
vandallarının Şuşanı işğal
etməsi nəticəsində öz doğma evindən didərgin salınan Şuşa Dövlət Musiqili
Dram Teatrı uzun illərdir
ki, paytaxtda öz varlığını qoruyur,
çox maraqlı repertuarla
tamaşaçılar qarşısına çıxır.
Zəngin ənənələrə malik olan Şuşa Teatrı qaçqınlıq dövründə də öz əzəli qayəsinə sadiq qalıb, bir-birindən maraqlı əsərlərə müraciət edib, təsirli tamaşalar təqdim edib.
Şuşa Dövlət Musiqili Dram Teatrının doğma ocağına qayıtmasının vaxtı çatıb. Böyük fədakarlıqla teatrı qoruyanların arzusu geriyə qayıdıb öz yuvalarına nəfəs verməkdir.
2022-ci ildə teatr Şuşada tamaşa oynadı, kollektiv Şuşada M.F.Axunzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah " tamaşası ilə çıxış etdi...
Bu gün isə teatrın geri qayıdışı məsələsi aktualdır.
“Teatrımızın Şuşada fəaliyyət göstərdiyi binadan əsər-əlamət qalmayıb, ermənilər elə dağıdıblar ki, sanki heç orada bina olmayıb”
Müsahibimiz - Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradovla həm bu mövzuda, həm də teatrla bağlı digər məsələlər barədə danışdıq.
- Yadigar
müəllim, Şuşa Dövlət Musiqili Dram Teatrı Şuşaya nə zaman
qayıdacaq?
- Hələ Bakıdayıq, kollektiv məzuniyyətdədir. Qayıdışın vaxtı bizə hələ ki, deyilməyib. Amma sizə bir xəbər deyə bilərəm ki, Xankəndidəki teatr binasını bizə veriblər. Vaxtilə ermənilər Xankəndidə Maksim Qorki adına Xankəndi Dövlət Dram Teatrı açmışdılar. O teatrın binasını təmir edib bizə verəcəklər, nə vaxt olsa kollektivimiz ora köçəcək.
- Bildiyimiz qədər, teatrın Şuşada fəaliyyət göstərdiyi binanı ermənilər işğal dövründə dağıdıblar...
- Dağıdıblar. Bizdən sonra orada kukla teatrı açdılar, ondan sonra da dağıdıb yerində park salıblar. Bu bina bilirsiz harda yerləşirdi? Üzeyir bəyin, Natəvanın və Bülbülün güllələnmiş heykəllərinin qoyulduğu yerin arxası teatrın binası idi. Teatrımızın Şuşada fəaliyyət göstərdiyi binadan əsər-əlamət qalmayıb, ermənilər elə dağıdıblar ki, sanki heç orada bina olmayıb.
- Teatr
binasının onlara nə ziyanı
vardı ki?
- Suala bax eee.
Bilmirsiz ki, niyə dağıdıblar?
Siz düşmənlərimizin erməni
olduğunu unutmusunuz?
Ancaq belə vandalizm hərəkətini ermənilər
edə bilərlər.
Məqsədləri bizim
mədəniyyətin izlərini
itirmək olub, guya orada Şuşa Dövlət
Musiqili Dram Teatrının
binası olmayıb. Amma gördüz, Allah bizə qismət etdi ermənilərin vaxtilə min bir hiylə ilə Azərbaycanın pulu ilə tikdikləri teatr binası Şuşa Dövlət
Musiqili Dram Teatrına
verildi, bizə qismət oldu. Biz gedib orada
tamaşalarımızı oynayacağıq.
- Maraqlıdır,
deyirsiz ki, ermənilər o teatrın
açılmasına min bir
hiylə işlədərək
nail olublar. Söhbət nədən gedir?
- Bəli, onlar bu teatrı xüsusi məqsədlə
açmışdılar.
O zaman bizim “qeyrətli
rəhbərlərimiz”, Nazirlər
Soveti sərəncam verdi ki,
maliyyə çətinliklərinə
görə Üzeyir Hacıbəyov adına Şuşa Dövlət Musiqili Dram Teatrının
fəaliyyətinə xitam
verilsin.
- Bu hadisə hansı ildə baş verib?
- 1949-cu ildə. Üzeyir bəy rəhmətə gedəndən bir il sonra
teatrın bağlanması
ilə bağlı sərəncam verildi.
1949-cu ilin sentyabrında Şuşa
Dövlət Musiqili
Dram Teatrını bağladılar,
ondan bir neçə ay sonra yeni bir sərəncamla
Xankəndidə Maksim
Qorki adına Xankəndi Dövlət
Dram Teatrı açıldı
(o vaxt Maksim Qorki adına Stenapakert Dövlət Dram Teatrı
deyirdilər-Y.M). Yaxşı,
maliyyə çətinliyi
vardısa, Şuşa
Teatrını bu bəhanə ilə bağladınızsa, bəs onda hardan maliyyə tapıb Stenapakertdə (Xankəndi)
teatr binası açdınız?Ermənilər orada teatr açmaq
üçün hər
cür vasitəyə
əl atdılar. Əslində, məqsəd
Şuşa Teatrını sıradan çıxarmaq idi. Onlar qədər hiyləgər,
namərd millət yoxdu dünyada.
- Teatr nə zaman bərpa
olunub?
- Təvəzökarlıqdan uzaq
olsa da deyim
ki, 1990-cı ildə mənim fəaliyyətim nəticəsində teatr bərpa edildi. 1980-ci ildə Şuşaya
getdim, orada dram dərnəkləri yaratdıq.
Sonra tamaşalar hazırlamağa
başladıq. Bunu təkbaşına
etmədim, dostlarımızın
iştirakı ilə
bu tamaşalar başa gəlirdi. 1987-ci ildə Şuşada
Xalq Teatrı açıldı. 1990-cı ildə də Şuşa
Dövlət Musiqili
Dram Teatrı bərpa
edildi, açıldı.
Burada Həsən Həsənovun
və Polad Bülbüloğlunun səyləri
mütləq qeyd edilməlidir. Onlar Şuşaya
gəlmişdilər. Mən onlara sual verdim
ki, Şuşada dövlət teatrını
açmağın vaxtı
çatmayıbmı? Onlar da dedilər ki, çatıb, belə bir fikrimiz
var. Fikirlərimiz bu mənada üst-üstə
düşdü. Bakıya getdilər,
teatrı açıldı.
Teatr bərpa ediləndən sonra bizim binamız
yox idi, Mədəniyyət Evinin binasında yerləşmişdik.
Amma ermənilər teatrın fəaliyyət göstərdiyi
binada əvvəlcə
kukla teatrı açdılar, sonra da binanı yerlə-yeksan etdilər, teatrdan əsər-əlamət
qalmadı.
- 30 ildən çox teatrınız qaçqın həyatı
yaşadı. Niyə kollektiv
Bakıya gəldi?
- İşğaldan sonra
biz təxminən ay yarım
işləmədik. Bakıya gəldik.
Teatrımız ona görə
Bakıda yenidən fəaliyyət göstərdi
ki, kollektvin böyük hissəsi Bakıda məskunlaşmışdı.
Gənc Tamaşaçılar Teatrında
bizə sığınacaq
verdilər. Teatrın ovaxtkı
direktoru rəhmətlik
Kamal Əzizov idi. Kamal müəllim heç
bir tərəddüd
etmədən teatrda bizə yer yerdi.
Baxmayaraq ki, biz çox qapılar döymüşdük, amma
bizə heç kim yer verməmişdi. 2005-2006-cı illərə qədər Gənc Tamaşaçılar
Teatrında yerləşdik.
Sonra Mədəniyət
Nazirliyi 8-ci mikrorayonda
yerləşən “Savalan”
kinotetarının binasını
bizə verdi, ora köçdük,
2014-cü ildə bina
təmirə dayandı,
2018-ci ilin 24 dekabrında,
Prezidentin ad günündə
ora köçdük, bugünə qədər həmin binada fəaliyyət göstəririk. Hələlik ordayıq, amma
geri qayıdacağımız
günü səbrsizliklə
gözləyirik. Xankəndidə teatr binasının təmiri başa çatandan sonra ora gedəcəyik. Heç təmir etməsinlər, desinlər
ki, sabah
köçün, hamımız
köçməyə hazırıq.
Bütün kollektivin əli
göydədir. O bina
sınıq-salxaq olsa
da ora köçməyə
hazırıq.
- Ən çətin
şəraitlərdə tamaşalar
təqdim etmisiniz. Fədakar
teatr kimi tarixdə qalacağınıza
heç bir şübhə yoxdur...
- Bəli, yaradıcı və texniki kollektiv bütün gücünü teatrın yaşamasına, tamaşaçılara gözəl əsərlər təqdim etməyə qoyub. Biz bütün janrlarda tamaşalar oynayırıq. Sonuncu tamaşamız da Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” əsəri olub. Bu tamaşanı mən hazırlamışam. Sağlıq olsun, sentyabrda gəlib baxarsınız.
- İllər sonra teatrın kollektvi Şuşaya getdi və tamaşa oynadı. Bu necə
bir hiss idi?
- Bu hissi heç cür sözlə ifadə edə bilmirəm. Elə bir hissdir ki, onu yaşadığım
üçün özümü
xoşbəxt hesab edirəm. Nəhayət ki, teatrımız
uzun illərdən sonra ilk dəfə Şuşada, doğma evində tamaşa göstərdi. Biz M.F.Axunzadənin "Müsyö
Jordan və Dərviş
Məstəli şah"
əsərini Şuşada
təqdim etdik.
Sağlıq olsun, Xankəndiyə qayıtdıqdan sonra da yeni tamaşalarla
tamaşaçılar qarşısına
çıxacağıq.
İradə
SARIYEVA
Bakı Xəbər .- 2024.- 1
avqust, ¹ 134. - S.15.