Gənclərin formalaşmasında ailə və cəmiyyətin rolu - harmoniya, ya ziddiyyət?...

 

Gənc nəslin inkişafını, doğru istiqamətdə yönəldilməsi, onlarda vətənpərvərlik hisslərinin tərbiyəsinin formalaşdırılması ən ümdə məsələlərdən biridir. Hər bir gəncin formalaşmasında, onda ali hissələrin, milli şüurun yaranmasında iştirak edən mühüm amillər var. Gənc nəslin vətənpərvərlik tərbiyəsinin formalaşmasında ailənin, cəmiyyətin rolu nə qədər bir-biri ilə uzlaşır?

 

Gələcəyimiz və sabahımız olan gəncləri elə yetişdirməliyik ki, onlar öz xarakterlərində, əməllərində daimə ali hissləri daşısınlar.  

 

Gənc nəslin vətənpərvərlik hisslərinin tərbiyəsində, onlarda milli şüurun formalaşdırılmasında normalda həm ailə, həm də cəmiyyət əhəmiyyətli dərəcədə rol oynamlıdır. Çünki ailənin və cəmiyyətin bir-biri ilə əlaqəsi var. Amma bəzən bu məsələdə müəyyən ziddiyyətlərin olduğunu da müşahidə edirik.

 

Bu ziddiyyət, bir-birini tamamlamayan məqamlar nədən ibarətdir?

 

Bir çox hallarda belə müşahidə olunur ki, ailədə yeniyetmələrə, gənclərə təlqin olunan dəyərlərlə onların cəmiyyətdə gördükləri bəzən kəskin şəkildə fərqlənir. Məsələn, ailədə onlara ədalətli, dürüst olmaq, vətənpərvərlik, insanları, vətəni, cəmiyyəti dövləti sevmək öyrədilir, bu hisslər təlqin edilir. Amma bəzən cəmiyyətdə ailədə öyrəndikləri  dəyərlərin tam əksini görürlər. Belə bu ziddiyyət gəncliyin formalaşmasına necə təsir göstərir? Bu zidiyyəti necə aradan qaldırmaq lazımdır ki, ailədə onlara təlqin edilən tərbiyəv dəyərlərinin eynisini cəmiyyətdə də mütləq şəkildə görə bilsinlər.

 

Ekspertlər hesab edirlər ki, tərbiyənin əsası ailədə qoyuluruşaqlar bu təməllər üzərində inkişaf edib gənc yaşa gəlib çatırlar. Əlbəttə, bağçada da, məktəbdə də, ali məktəbdə də, bütövlükdə cəmiyyətdə onların yetişməsi üçün münbit şərait formalaşdırılmalıdır. Ekspertlər deyirlər ki,  Gənc nəslin tərbiyəsində ailə ilə yanaşı yaşadığı mühitin də, ünsiyyətdə olduğu insanların da rolu vacib olmalıdır.

 

Cəmiyyətdə bəzi neqativlərin olduğunu deyən ekspertlər bildirir ki, bunu da insanlar özləri yaradırlar.  Cəmiyyətin insanlardan, ayrı-ayrı ailələrin təmsilçilərindən, müxtəlif sosial qruplardan təşkil edildiyini qeyd edən ekspertlərin fikrincə, bu ziddiyyət sosial problemlərdən qaynaqlanır.

 

Biz gənclərimizi uşaqlıqdan sadəlöhv böyütməməliyik”

 

Professor, sosioloq Əhməd Qəşəmoğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bizim cəmiyyətdə sosial çatışmır. Ə.Qəşəmoğlu qeyd etdi ki, sosial işçilərin fəaliyyəti ilə problemin həllinə nail olmaq olar. “Bu gün ölkəmizin ən yaralı yeri, daha çox diqqət yetirləsi sahəsi sosial siyasətdir. Güclü iqtisadiyyatımız var, Prezident ölkəni lazımı səviyyədə idarə edir, eyni zamanda ağıllı ziyalılarımız da var. Amma təəssüf ki, bizim sosial-iqtisadi sahəmiz hələ arzuolunan səviyyədə deyil, biz bu sahədə idarəetməni qura bilmirik. Amma buna böyük ehtiyac var. Çünki cəmiyyət günü-gündən mürəkkəbləşdikcə ona gərək elmi əsaslarla kömək edəsən. Mən bu barədə neçə illərdir danışsam da çox təəssüf ki, hələ bu məsələyə diqqət verən yoxdur. Biz nə etməliyik ki, ailə, cəmiyyət və məktəb arasında ahəngdar münasibət olsun. Bunu etmək mümkündür. Kim desə ki, çətindir, yalan deyir. Sosial siyasəti elə qurmaq olar ki, bunun hamısına nail olmaq mümkün olsun.

 

Biz konkret vəziyyətdən danışaq. Doğru deyirsiz, ailədə  uşağa ülvi hisslər aşılanır, amma məktəb, cəmiyyər başqa şeylər təlqin edir. Ona görə də, biz necə   bədəndə immunitet yaradırıq ki, yayılan xəstəliyə yoluxmayaq, eləcə də cəmiyyətə yanaşmalıyıq, onu sağaltmalıyıq. Biz gənclərimizi uşaqlıqdan sadəlöhv böyütməməliyik. Onlara ailədə bu ülvi hissləri aşılayarkən, insanları, Vətəni sevməyi tövsiyyə edərkən, onlarda ali hisslər formalaşdırarkən eyni zamanda da təhlükəsizlik tədbirləri görməliyik. Hər hansı bir müasir zavoda girəndə birinci adama təhlükəsizlik tədbirlərini öyrədirlər. Biz də insanlarımıza, gənclərimizə cəmiyyətdə təhlükəsizlik tədbirlərini öyrətməliyik. Amma bunu təkcə valideynlərin boynuna atsaq, onlar təkbaşına bunun öhtəsindən gələ bilməyəcək. İndiki mürəkkəb cəmiyyətdə hər şeyi validyendən tələb etmək olmaz, cəmiyyətlə, ailələrlə ciddi işlər aparılmalıdır. Bizdə sosial çatışmır. Demək olar ki, bizim universitetlərin hamısı social üzrə tələbə hazırlayırlar, amma onlar arzuolunan səviyyədə hazırlanmırlar. Mən o işin içindəyəm. Gərək hər məhəllədə sosial bir social işçi qrupu olsun. Nceə ki, sahə müvəkkilləri var. Hər məhəllədə iki-üç nəfərdən ibarət sosial işçi qrupu olarsa onlar hər mənzillə əlaqədə olacaq, valideynləri maarifləndirəcək. Valideynlər üçün yaddaş kitabçaları çap edəcəklər. Biz validyenlərin özlərini hazırlayacağıq ki, onlar uşaqlarını lazımı şəkildə yetişdirsinlər. Bu barədə bizim cəmiyyətdə çox böyük boşluq var”.

 

Bunun üçün isə sosial işçi qruplarının formalaşdırılması lazımdır”

 

Ə.Qəşəmoğlu bildirdi ki, ailələr maarifləndirilərsə, bu günü-gündən mürəkkəbləşən cəmiyyətin əməlli-başlı saflaşmasına gətirib çıxaracaq. Professor vurğuladı ki, ailələr cəmiyyətin işində mühüm rola malikdir. “Bunun üçün isə sosial işçi qruplarının formalaşdırılması lazımdır. Bizdə isə hələ bu xidmətlər yaranmayıb. Ən vacib məsələlərdən biri odur ki, universitetlərdə hazırlanan sosial işçilərin səviyyəsi yüksək olsun. Eyni zamanda da hər məhəllədə social işçi qrupu olsun. Sosial işçilərə mütləq ehtiyac var. Çünki ailələrdə problemlər o qədər çoxalıb ki, qapını polis döyüb məsələ ilə maraqlansa, bu alınmır, çünki bu hələ Azərbaycanda qəbul olunmayıb, ailələr buna bir az ehtiyatla yanaşacaq. Amma gənc oğlan, gənc qız gəlib ailələrlə maraqlana, onlara tövsiyyə verə, ədəbiyyatla təmin olunmaqlarına kömək edə bilərlər. Ömrü boyu bu sahə ilə məşğul olan bir adam kimi deyirəm ki, bu  gün Azərbaycanda mütləq bu xidmət sahəsini yaratmalıyıq. Bu bilirsiz nəyə bənzəyir? İnsanların fiziki sağlamlığını qorumaq üçün səhiyyə sistemi olmalıdır, bunu hamı bilir. Mənəvi cəhətdən cəmiyyəti, insanları qorumaq üçün isə sosial işçilər olmalıdır. Biz bu xidmət sahəsini təcili hazırlamalıyıq. Bu ona görə lazımdır ki, cəmiyyət günü-gündən daha da mürəkkəbləşir. Günü-gündən mürəkkəbləşən cəmiyyəti sağaltmağa ehtiyac var”-deyə Ə.Qəşəmoğlu bildirdi.

 

Professor Qəşəmoğlunun şərhindən belə qənaətə gəldik ki, gənc nəslin yetişməsi, onların milli şüura, vətənpərvərlik hisslərinə sahib olması üçün ailə və cəmiyyət birgə çalışmalıdır, amma əvvəlcə xəstə və qoca cəmiyyətin sağalmasına ehtiyac var. Mütəxəssisin təbirincə desək, bu da yalnız sosial işçi xidmətinin yaradılması, fəaliyyəti ilə bağlıdır ki, sosial işçilər bu sahədə mühüm işlər görərlər və gənc nəsilə ailə ilə cəmiyyətdən eyni qaydada, eyni səviyyədə yüksək hisslər aşılanar…

 

İradə SARIYEVA

Bakı Xəbər .- 2024.- 8 avqust, (¹ 139).- S.8.