Hüseyn Xəlilovun xatirəsinə...

 

Səni görəndə tanımaqda çətinlik çəkdim. Çiynində yaralı döyüş yoldaşın, əlində silahın çinar kimi boy verərək gedirdin. Mən bu boyda böyüklüyü, təmizliyi, sevgini tanımaqda aciz qaldım. Sənsə  ürəkdən ürəyə köçüb, ev-ev dolaşıb Şuşaya gedirdin.

 

Şəkillərinə, görüntülərinə çox baxdım. Göz yaşı oldum. Özümü o qədər gücsüz bildim ki... Başımı çiynində hiss elədim, sevginin böyüklüyünü duydum. Mənə güc verdin. Özümü güclü bildim. Bu saflığın önündə çirkinliklərdən doydum, xilas oldum. Dünyanı başqa cür gördüm. Həyata başqa cür baxdım.

 

 Bu ağrının sevincinin nəhəngliyini necə yaşayar insan? Ağlayımmı, ağımı deyim? Sevinimmi? Hanı o ürək anlasın?

 

Sənə baxdıqca səni tanıtmaq istədim hamıya. Amma sənə nə yazım? Nə yazım ki, kiçik görünməsin? Sən türk oğlunun böyüklüyünü göstərdin dünyaya?

 

 “Azərbaycan” oldun, oğul.

 

Sən 18 yaşında...

 

Yanımda olsan, yəqin “uşaq” deyərdim sənə.

 

Sən 18 yaşında... 18 yaşa nə yazım?

 

Bakının Nardaran kəndində 2002-ci ilin bir yaz günündə - martın 27-də doğuldu Hüseyn Rasim oğlu Xəlilov. Məktəbli oldu hamı kimi. 295 nömrəli tam orta məktəbdə doqquzillik təhsil alandan sonra peşə məktəbində orta təhsilini başa vurdu, həm də dülgərlik ixtisasına yiyələndi. 2020-ci ilin mayında 18 yaşlı gənclər kimi müddətli hərbi xidmətə yollandı.  Ağcabədidə, sonra Beyləqanda 181 nömrəli hərbi hissədə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri oldu.

 

Bunları yazmağavar? Sonranı necə yazım? Sən bir yazıya, hekayəyə, kitaba sığmazsan ki, oğul. Səni hara sığdırım?

 

Sən neçə-neçə kəndi, Füzulini, Cəbrayıl, Zəngilan, Qubadlını , Hadrutu keçdin, Şuşaya qədər getdin. Neçə yaralını odun-alovun içindən çıxardın, düşmən gülləsindən qorudun. Sən azad Şuşaya gülümsədin.  8 noyabrda ədalətin zəfəri ilə barışa bilməyən düşmənin atdığı minaların qəlpələrindən özünü qoruya bilmədin. Səninlə birgə 49 nəfər döyüş yoldaşın da bu mina qəlpələrinə tuş gəldi...

 

Ölümaciz qaldı, sənə qıyamadı. Beş aydan artıq dolandı başının üstə. 2021-ci il 25 aprelə kimi diləmi tutdu səni, yalvardımı sənə? Gülümsədinmi yenə?

 

Önündə aciz qaldı. Onsuz da səni apara bilmədi ölüm.

 

Bu igidlərdən yazanda düşünürəm: Bu oğulları necə doğdu analar? Necə yola saldı hərbi xidmətə? Onlardan bunu soruşa bilmirəm. Özləri bölüşür xatirələrini.

 

 Zəminə Hüseynova: Sübh tezdən yola saldım. Sənədləri qalmışdı, geri qayıtdı. Əslində arxasınca ağlayırdım, ağlamağımı görüb başını yellədi ki, yəni niyə ağlayırsan? Elə deyirdi hərbiyə gedəcəm, erməniləri bicəcəm. Mübariz İbrahimov idealı idi. Onun haqqında bütün məlumatları toplayırdı.  Onun kimi igidlik göstərmək istəyirdi. Bir dəfə telefonu açıq qalmışdı, özü yatırdı. Anayam, dedim görüm nəyə baxır, kiminlə danışır.  Ancaq Mübariz İbrahimovun şəkilləri, videoları, onun haqqında yazılar.  Özü həmişə deyərdi ki, Mübariz İbrahimov olacağam. Elə igidliklə döyüşüb balam. 2 noyabrda son dəfə danışdıq.  Torpaqlarımızı ermənilərdən alırıq, Şuşaya gedirik, bizə uğur arzulayındedi. Sonra xəbər gəlmədi. 10 noyabrda xəbər verdilər ki, yaralanıb, hospitaldadı. Bir-neçə dəfə əməliyyat olundu. Aprelin 25-nə kimi ümidlə yaşadıq. Nələr çəkdik...

 

Nələr çəkdiyini göz yaşı pıçıldayır.  O günləri unutmaz ki, ana.

 

Sən təsəlli vermək istəyirsən, söz axtarırsan, tapmırsan. Nəfəsin boğazında düyünlənir.

 

Ana özü danışır: Hər birimiz bu qələbəni arzulayırdıq. Bizə bu sevinci yaşadanlardan biri mənim oğlumdu. Qəhrəman olmaq istəyirdi, oldu.

 

Rəşid İlham oğlu Əliyev 2020-ci ildə hərbi xidmətdə olub. İlk gündən ərazi bütövlüyümüz uğruna döyüşüb. qədər yaralını xilas edib. Döyüş yoldaşları Əsgər Quliyev, Orxan Qardaşxanlı, Tofiq Quliyevlə birlikdə ən çətin vəziyyətlərdə bölüyü susuz, ərzaqsız qoymayıb. Özündən danış dedim: deyim? Neynəmişik ki? Döyüşmüşük, torpaqlarımızı azad etmişik. Bu bizim borcumuzdu. Əvvəl-axır bunu etməliydik. Hüseynlə 2020-ci ilin iyul ayından birlikdə hərbi xidmətdə olmuşuq. Hücum zamanı bir-neçə gün görüşməsək bütün döyüşlərdən birlikdə çıxdıq. Şuşaya qədər getdik. Müharibələr haqqında eşitsək , filmlərə baxsaq da onun əsl üzünü döyüşdə görürsən. İlk günlər lap çətin oldu. Yaralıların, şəhidlərin ağrısı, həyacan, qorxu, ilk qələbənin sevinci-hamısı bir-birinə qarışmışdı. Bir qisas hissi yaşayırsan. İllərin əzabından keçən yurdunu, verdiyimiz qurbanları düşünürsən. Hər qarış azad olduqca ölüm mənasını itirir. Uşaqların hamısı mərdliklə döyüşürdü. Bir-birimizi qoruyurduq. Hüseynlə çox yaralını xilas etmişik. Noyabrın 5-də biz artıq Şuşaya gedirdik. 8 noyabrda düşmən mühasirədə idi, amma atışma vardı. Elə o gün   şəhidlərimiz, yaralılarımız oldu. Hüseyn həmin gün qəlpə yarası aldı, təxliyə olundu, amma elə bil özü əvvəlcədən hiss etmişdi şəhid olacağını. Onlar dörd qardaşdı. Arada deyirdi ki, dörd qardaşdan biri olmasa, heç olmaz. onun bu sözünü, özünü unutmuram.

 

25 aprelə kimi valideynləri , qardaşları da, dost-tanış da ümidlə gözlədi. Ata ümid yolu çəkdi ürəyindən xəstəxanaya.

 

Rasim Hüseynov: Ümid edirdim ki, sağalar...  Özü idmançı idi, dzü do ilə məşğul olmuşdu. Dəfələrlə Bakı respublika çempionatlarında iştirak etmişdi, birinci, ikinci, üçüncü yerlərin qalibi olmuşdu. Başından yaralanmışdı, xilas edə bilmədilər.  Hələ müharibə vaxtı Elvin adlı bir döyüş yoldaşının telefonunu da vermişdi mənə, deyirdiata Elvinlə danış”. Arada ondan da hal-əhval tuturdum. Bir gün dedi ki, mən xəstəxanadayam, yaralanmışdım sənin oğlun canavar kimi məni od-alovun içindən çıxardı. Canavardeyirdilər ona. Çox belə qəhrəmanlıqlar edib. Şuşanın azad olmağını görmək istəyirdi. Yaşadı bu azadlıq sevincini...

 

Aramla danışır ata. Özünə , bizə təsəlli verir.

 

18 yaşlı igidim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medallarına layiq görülüb.

 

 Mənsə Hüseynlə danışıram: Sən təkcə düşmənləri cismən öldürmədin. Xəyanəti, yalanı, namərdliyi və daha nələri  öldürdün oğul. Sevgini yaşatdın oğul. Sən 18 yaşında niyə belə nəhəng idin? Bu ürəyi necə daşıdın?  

 

Hansı arzuları aparıb getdin? Bilmədim, amma səndən sonra nə qədər xəyallar gerçək oldu. Nə qədər arzular yaşadı. Nə qədər arzular doğuldu. Sənin keçdiyin yollarda arzular çiçəkləyir.

 

Sən 18 yaşında anlatdın, anlatdın necə yaşayaq, oğul...

 

Avqust,2024

Kamalə Abiyeva

Bakı Xəbər  2024.- 22 avqust, ¹ 149.- S.15.