Xatirə Kitabı Redaksiyasının şəhid ailələrinə misilsiz hədiyyəsi...

 

Vətənin köynəyindən keçib torpağına qovuşan, qanlarından al lalələr bitirən, anaların ürəyini göynər, gözlərini yaşlı qoyan, yarını Yaradana, balalarını doğmalarına əmanət, canını düşmən gülləsinə sipər edən, bayrağımızı ucaldan, torpaqlarımızı qaytarıb yurdumuzu bütöv edən oğulların xatirəsini, adını Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası kitab abidələrdə əbədiləşdirir.

 

Xatirə Kitabı Redaksiyasının hazırladığı “44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında təqdimatı keçirildi.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri, polkovnik Cəlil Xəlilovun,  Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin, Mədəniyyət Nazirliyinin nümayəndəsi Kəmalə Əlyarovanın, Xatirə Kitabı Redaksiyanın baş redaktoru Nəzakət Məmmədovanın, kollektivinin, eləcə də Bakının Abşeron, Binəqədi, Xətai, Sabunçu, Xəzər, Nizami, Qaradağ, Nərimanov, Pirallahı, Nəsimi, Suraxanı, Səbail, Yasamal rayonlarından və Sumqayıt şəhərindən olan şəhid ailələri üzvlərinin iştirakı ilə keçirlən tədbirdə hər kəs şəhidlərimizi, onların əzəmətli qəhrəmanlığını, şücaətini vurğuladı.

 

“Siz bu işin öhdəsindən ləyaqətlə gəlirsiniz”

 

Tədbiri açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov bildirdi ki, Respublika Xatirə Kitabı Redaksiyası şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi kimi müqəddəs missiyanı öz üzərinə götürüb: “Siz bu işin öhtəsindən ləyaqətlə gəlirsiniz. Kollektiviniz həm 1941-1945-ci il müharibəsi, həm də 44 günlük Vətən müharibəsi iştirakçılarının təbliğində xüsusi rol oynayır və bu, cəmiyyət tərəfindən də müsbət qiymətləndirilir”.

 

Redaksiyanın şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində gördüyü işləri vurğulayan C.Xəlilov bildirdi ki, indiyə qədər genişmiqyaslı işlər görülüb, Xatirə Kitabının 20-yə yaxın cildi nəşr olunub. “44 gün – Tarixi zəfər” adlı kitabın III cildindən danışan C.Xəlilov bildirdi ki, bütün şəhidlərimizin adları bu silsilədən olan nəşrlərdə əbədiləşdirilir və heç bir şəhid diqqətdən kənarda qalmayacaq: “Şəhidlərimiz haqda indən sonra da kitablar yazılacaq, filmlər çəkiləcək ki, gələcək nəsillər onlardan nümunə götürsünlər”.

 

“III cildin təqdimat mərasimini Zəfər sevincimizdən doğan qürur hissi ilə keçiririk”

 

Sonra o, sözü Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya verdi. N.Məmmədova çıxışa başlamazdan əvvəl tədbirə toplaşan şəhid ailələrinə, bu tədbirin təşkilində Xatirə Kitabına  köməklik göstərən Veteranları Təşkilatının rəsmilə­rinə   təşəkkürünü bildirdi. “Xoş haldır ki, Respublika Xatirə Kitabının Vətən müharibəsində həlak olmuş üç mindən çox şəhidlə bağlı “44 gün – Tarixi zəfər” adlı çoxcildliyinin III cildinin təqdimat mərasimini Zəfər sevincimizdən doğan qürur hissi ilə keçiririk.

 

Məlumat üçün bildirim ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümum­milli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Re­dak­siyası müharibə ağrılarını özündə geniş əks etdirən ensik­lo­pedik tarixi salnamədir. Bu kitab hazırda da tarixi bir hadisə kimi səciyyələnir və insanın tarixləşən həyatını özündə ehtiva edir.

 

Kitabda, əsasən, İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qara­bağ müharibəsi za­ma­nı torpaq­larımızın azadlığı uğrunda gedən dö­yüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaş­larımız, Milli qəhrə­man­la­rımız haqqında əhatəli materiallar dərc edilir, cəmiyyət üçün faydalı iş görülür.

 

Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub. Hər cild ötən tarixdən səs-soraq verir. Əbəs yerə deyil ki, Res­pub­lika Xatirə Kitabını yaddaşımızın abidəsi adlandırırıq”.

 

N.Məmmədova qeyd etdi ki, xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdiril­məsi Respublika Xatirə Kitabı Redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsu­liyyət kimi hiss edir, bu istiqamətdə araşdırma işləri aparır və bu ənənəni hazırda da davam etdirməkdədir. “Respublika Xatirə Kitabı Re­dak­­si­ya­sının “Bakı-Xəbər” qəzeti ilə birgə la­yi­hə əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriya­sından bir neçə kitab dərc etdiyini deyən baş redaktor vurğuladı ki, bu kimi kitabların hazırlanması istiqamətində növbəti işlər görülür. O, eyni zamanda qeyd etdi ki, Respublika Xatirə Kitabı Redaksiyası “Vətən daşı... və ya 44 gü­nün das­tanı” adlı layihə əsasında 8 sənədli film çəkib, bu filmlər artıq geniş ictimaiyyətə təqdim olunub.

 

“Respublika Xatirə Kitabının Vətən müharibəsində həlak olmuş üç min şəhidlə bağlı “44 gün – Tarixi zəfər” adlı çox­­cild­li­yi də tariximizin qan yaddaşıdır. Bu çox­cild­li­yin birinci və ikinci cildləri artıq geniş ictimaiyyətə təqdim olunub. Kitabda Vətən müharibəsində həlak olmuş şəxslər barədə en­siklopedik məlumat ve­rilib, digərlərinin də ad­larının əbədi­ləşdirilməsi isti­qa­mətində növbəti cildlər üzə­rində işlər gö­rü­lür. 

 

Redaksiyanın gərgin iş şəraitində hazırladığı, veteran təşkilatları ilə birgə layihəmiz olan «Qələbə - 75: Azərbaycan xalqının mübarizə əzmi» kitabı da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir. Burada faşizm üzərində qələbənin 75 illiyi geniş təqdir olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xa­rak­terizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azər­bay­can­lılar, mü­ha­ri­bədə örnək, hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı və ma­raqlı fikirlər yer alıb. Diqqətinizə çatdırım ki, bu kitabın rəyçisi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilovdur. O, müharibə veteranları ilə ünsiyyət qurmaqda bizə daim yaxından dəstək olur, lazımi köməklik göstərir. Həmçinin, onun veteranlara qayğısı, onların sosial problemlərinin həllində dövlətimizin imzaladığı qərar və sərəncamlardan irəli gələn məsələləri lazımınca icra etməsi diqqətəlayiq haldır.

 

Layihəmizin davamı olaraq gələn il veteran təşkilatları ilə birgə faşizm üzərində qələbənin 80 illiyi ilə əlaqədar növbəti xüsusi buraxılış üzərində iş aparacaq, ictimaiyyətə təqdim edəcəyik”.      

 

N.Məmmədova bildirdi ki, “Heç kim unudulmur, heç nə yaddan çıxmır!” devizi ilə çıxış edən Xatirə ki­ta­bı xalqı­mı­zın qəhrəman övladlarının şücaətini, döyüş və hünər yollarını əks et­dirən yeganə məlumat bazasıdır: “Bu kitabın bugünkü və gələcək nəslin daş yaddaşına çevrilməsi özü tarixi bir hadisədir. Redaksiya olaraq bunu ümummilli lider Heydər Əliyevin xalqımıza xüsusi diqqəti kimi qəbul edir, qay­ğısını biz­dən əsir­gə­məyən ölkə rəhbəri, tarix yazan sərkərdə, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə tə­şək­kü­rü­müzü bildiririk.

 

Son olaraq bildirim ki, xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyan cəsur, qəhrəman və qeyrətli Azərbaycan övladları – öz canlarını Vətən üçün fə­da edən, şərəf tariximizi yazan şəhid oğul­lar daim yad­da­şı­mızda yaşayacaq, xa­tirələri həmişə bizə əziz ola­caq. İllər, qərinələr ötə­cək, onlar heç vaxt unu­dul­mayacaqlar.

 

Sağlamlığını itir­miş qazilərimiz də bizim fədailərimizdir, onların hü­nəri ilə bu gün ba­şımızın üstündə nikbin bir səma pər­vaz edir.

 

Bizə Qələbə sevinci yaşadan şəhidlərimizi anmaq, onların adlarını və xatirələrini əbədiləşdirmək bizim borcumuzdur”.

 

“Bu şəhidlərin xatirəsini cəmiyyətlə bərabər yaşadan həm də sizlərsiniz”

 

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də çıxışında bildirdi ki, şəhidlərimizin xatirəsinin unudulmaması üçün redaksiya böyük işlər görür. “Mənim üçün də çox xoşdur ki, həm şəhidlərimizin xatirəsi unudulmur, həm də şəhidləri yetirən valideynlərin nə qədər böyük insanlar olduğunu cəmiyyət hər zaman vurğulayır. Biz bu sözü çox eşidirik: “Şəhidlər ölməz, Vətən bölünməz”. Demək, həm də bunun başqa bir mənası budur ki, şəhidlər ölsə Vətən bölünər, Vətən tapdaq olar. Bütün bunların olmaması üçün şəhidlər unudulmamalıdır, şəhidlərin xatirəsi, adı millətimizin, cəmiyyətimizin yaddaşında heç vaxt silinməyən əbədi bir dəyər kimi qalmalıdır. Əgər o dəyər silinərsə, itirilərsə, bu, cəmiyyətimizin də, hər birimizin də, millətimizin də, dövlətimizin də yaddaşının mübahisəsiz şəkildə şikəst olması deməkdir. O millətin, o dövlətin ki, yaddaşında onun üçün ölən insanların xatirəsi silindi, əziz olmadı, o millətin, o dövlətin, o cəmiyyətin yaddaşı bütöv ola bilməz. Bütövlük olmayan yerdə şikəstlik var. Bax, bunun üçün şəhidlərin xatirəsi bizim üçün əziz olmalıdır, heç vaxt unudulmamalıdır.

 

Belə tədbirlərin keçirilməsi də məhz ona xidmət edir ki, ilk növbədə şəhidlərin valideynləri bilsinlərlər, onların övladlarının xatirəsi təkcə onlar üçün əziz deyil, hamı üçün əzizdir. Bu şəhidlərin xatirəsini cəmiyyətlə bərabər yaşadan həm də sizlərsiniz. Amma cəmiyyətdən fərqli olaraq siz onların yoxluğunu hər gün, hər addımda ailədə görürsünüz. Təbii ki, bu çox ağır dərddir. Yəni xatirəsini yaşatmaq və paralel olaraq da onların yoxluğunu hər addımda duymaq, bu ikisi asan məsələ deyil. Ancaq nə qədər ağır yük olsa da bunların ikisini də şəhidlərimizin valideynləri öz çiyinlərində daşıyırlar. Şəhidlərin ruhunun, xatirəsinin əbədiliyini qorumaq üçün hər kəs özündən aslı olanı etməlidir”.

 

A.Quliyev vurğuladı ki, N.Məmmədovanın rəhbərlik etdiyi kollektivin böyük işinin nəticəsi olaraq təqdimatı keçirilən bu kitab həm də onun nəticəsidir ki, N.Məmmədova və kollektivi həm bir vətəndaş, həm də kollektiv olaraq bu missiyanın nə qədər əziz və müqəddəs olduğunu heç vaxt unutmurlar, bunu daşıyırlar...

 

“Xatirə Kitabı  bizim oğullarımızı unudulmağa qoymur”

 

Tədbirdə şəhid kapitan Nurlan Mustafayevin anası Rəhilə Ramazanova şəhid valideynləri adından   çıxış etdi: “Mənim oğlum Xüsusi Təyinatlı Qüvvələrin kapitanı şəhid Nurlan Mustafayev ali hərbi təhsilini Almaniyada almışdı. Oğlum ilk təhsil dövründə mənə zəng edib dedi ki, ana, burda hər həftə bir əcnəbi kursant öz ölkəsinin, öz ordusunun təqdimatını edir, gələn həftə mənim növbəmdir, mən ona burdan lazım olan atributları göndərdim. Nurlan bu təqdimata çox böyük həyəcanla hazırlaşırdı. Lakin həftə keçdi Nurlan mənə zəng etmədi. Mən əmin idim ki, alman dilində səlist danışan oğlum bu təqdimatı yüksək səviyyədə etməyə qadirdir. Ondan xəbər çıxmayanda özüm zəng edib təqdimatla maraqlandım. Dedi ki, ana, heç olmasaydı bundan yaxşı idi. Oğlum orada dövlətimizi, ordumuzu təqdim edib ordumuzun gücündən danışıb. Təqdimat bitəndən sonra zaldan bir nəfər durub deyib ki, siz bayaqdan torpaqlarının 20 faizi işğal altında olan ölkənin ordusunumu tərifləyirsiniz? Oğlum deyirdi ki, ana, çox utandım. Vətən müharibəsində qazanılan zəfər bizi o utancdan əbədi olaraq xilas etdi. Bizə yaşatdıqları fəxarətə görə Müzəffər Ali Baş Komandanımıza və Vətən üçün canını verən şəhidlərə, ordumuza, şəhidlərimizi unutmayan və unutdurmayan hər kəsə minnətdarıq. Xatirə Kitabının nəşr etdiyi bu kitabların nəşrində əməyi olan hər bir kəsə təşəkkür edirik. Xatirə Kitabı bizim oğullarımızı unudulmağa qoymur”.

 

Sonda “44 gün – Tarixi zəfər” adlı çoxcildliyinin III cildi şəhid ailələrinə təqdim edildi...

 

Şəhidlər unudulmazdır, onların xatirəsi yaddaşlardan heç zaman silinməyəcək, çünki Xatirə Kitabı Redaksiyası o oğulların adlarını kitablarda əbədiləşdirir. Bu kitablar isə qan yaddaşımızdır.

 

İradə SARIYEVA

Bakı xəbər.-2024.-6 dekabr.-S.13.