Sağlam ekologiya və uşaqların inkişafı -
COP29-un təsirləri...
Uşaqların mənəvi inkişafında rol oynayan əsas amillərdən biri də təbiətə sevgi və qaydıdır. Əlbəttə, təbiətə qayğı göstərilərsə, ekologi tarazlıq pozulmazsa, biomüxtəlifliyə mənfi təsir edən amillər olmazsa, iqlim dəyişmələrinin sürətlənməsinə səbəb olan proseslər getməzsə uşaqlarımız daha sağlam ekoloji mühitdə böyüyüb inkişaf edərlər.
Sağlam ekologiyanın uşaqların həyatında, sağlamlığın, cəmiyyətə, həyata baxışında əhəmiyyətli rol oynadığını, iqlim maarifçiliyinin aparılmasının vaciblyini nəzərə alıb deyə bilərik ki, bu prosesin əsası elə uşaq bağçalarında, məktəblərdə qoyulmalıdır. Uşaqlara təbiəti sevmək, ona qayğı göstərmək, ekologiyanı çirkləndirməmək üçün maarifləndirici tədbirlərin həyata keçirilməsi əsasdır.
Azərbaycanın ev sahibliyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının keçirilməsi, COP29 çərçivəsində həyata keçirilən işlər, iqlim maarifləndirilməsi kimi məsələlər uşaqlarımıza yeni imkanlar verdi ki, onlar sağlam təbiətin mahiyyətini daha yaxından dərk etsinlər.
İqlim maarifçiliyinin uşaqlarımızın mənəvi inkişafında rolu...
Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent, ekspert Sadıq Qarayev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu gün Azərbaycanda iqlim maarifçiliyinin, sağlam təbiətin təşviqi geniş vüsət alıb. S.Qarayev qeyd etdi ki, COP29-un Azərbaycanda keçirilməsi çox əhəmiyyətli hadisə oldu və bu uşaqlarımızın təbiətə yanaşmasına da köklü surətdə təsir göstərdi və göstəcək də. O, bildirdi ki, sağlam ekologiyanın, iqlim maarifçiliyinin təbliği uşaqlarımızın mənəvi tərbiyyəsində mühüm rol oynayır. “CO929-un Azərbaycanda keçirilməsi və bu işin geniş təbliğ olunması uşaqların ekoloji maariflənməsinə müsbət təsir göstərib. COP29 tədbirlərində mən özüm də iştirak etmişəm və prosesi yaxından izləmişəm. COP29 gümlərində Bakı sakinlərinə öz uşaqlarını yaşıllıq zonalarına aparması üşün şərait yaradılmışdı və belə yerlərə məktəblilər gəlirdi, orada onlarla maarifləndirici söhbətlər aparılırdı. Eyni zamanda bu prosesdə tələbələr də yaxından iştirak edirdi, könüllülərimiz də çox idi. Gənclər COP tədbirlərində nümayiş olunan maarifləndirici stendlərlə, reklamlarla, başqa vasitələrlə də tanış olurdular. Onlar reallıqda görürdülər ki, öz ölkəmizin və xarici ölkələrin alimləri tədbirə gəliblər, bu məsələlərə ciddi yanaşırlar. Bu amillər də həm şagirdlər, həm də tələbələr arasında ekoloji maarifləndirmə işinin aparılmasında çox mühüm rol oynayır.
COP29 başa çatsa da, amma ölkəmizdə ekoloji maarifləndirmə işi davam edir. Həm də bu il Azərbaycanda “yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Yaxşı olardı ki, keçirilən tədbirlərə, konfranslara şagirdlər də dinləyici kimi dəvət edilsinlər. Bu da uşaqlar arasında ekoloji maarifləndirmə işinin daha da genişləndirilməsi üçün vacibdir. Onlar həm öz alimlərimizin, həm də xarici alimlərin bu istiqamətdəki çıxışlarından həm informasiya alsınlar, həm də bu onların ekoloji maarifləndirilməsinə müsbət təsir edər”.
“Biz bu maarifləndirmə işini azad ərazilərimizdə - Laçın və Zəngilan məktəbliləri üçün etmişik”
S.Qarayev həmçinin qeyd edir ki, elmi-tədqiqat institutlarının, müxtəlif ali məktəblərin ekologiya, iqlim və sairlə bağlı mütəxəssislərinin, alimlərin orta məktəblərdə görüşləri də təşkil edilərsə bunun da effekti olar. “Məsələn, Botaniya, Zoologiya, Torpaqşünaslıq institutlarından məktəblərə alimlər dəvət edilsin, mütəxəssislər bu istiqamətlərdə onlarla maarifləndirici söhbətlər edərlər. Alimlər həm Azərbaycanın biomüxtəlifliyi, heyvanat, bitki aləmi haqqında uşaqlara məlumat verə bilər, ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizəsindən, iqlim maarifçiliyindən danışa bilərlər. Bu mümkündür. Deyim ki, belə bir təcrübə də var. Məsələn, bizim Botanika İnstitunun nümayəndə heyəti professor Səyyarə İbadullayevanın rəhbərliyi ilə azad rayonlarda məskunlaşma gedən Laçında, Zəngilanda şagirdlərlə ekoloji maarifləndirmə söhbətləri ediblər, təbiətin, meşələrin qorunmasından, bitki aləmindən və sairdən danışıblar. Yəni bunu praktik cəhətdən bizim institut azad ərazilərdə həyata keçirib. İndi bunun Bakıda və digər yerlərdə edilməsi də çox yaxşı olardı. Biz bu maarifləndirmə işini azad ərazilərimizdə-Laçın və Zəngilan məktəbliləri üçün etmişik”.
“Ekoloji maarifləndirmənin ən uyğun yollarından biri...”
S.Qarayev qeyd etdi ki, bu işi digər aidiyyatı elmi-tədqiqat institutları da edə bilər.
Mütəxəssis bildirdi ki, vaxtilə Naxçıvanda müxtəlif təşkilatların əməkdaşlarını ağacəkmə kampaniyasına cəlb edirdilər. “Ola bilsin, əvvəlcə insanlar ora məcburiyyət qarşısında gedirdi, amma növbəti il könüllü şəkildə bu işi edirdi. Çünki bilirdi ki, əvvəlki il orda beş-on ağac əkib və ora getmək istəyirdi ki, mən orda ağac əkmişəm, birdən quruyar gedib ona su verim. Bu baxımdan, ekoloji maarifləndirmənin ən uyğun yollarından biri odur ki, Bakı məktəblilərinə məktəbləri yerləşən rayonların ərazisində müxtəlif sahələr, parklar verilə və bir aydan, iki aydan bir şagirdlər o sahələrə iməcliyə aparıla bilər. Məsələn, qeyd oluna bilər ki, filan məktəbin ərazisi filan parkdır. Yəni bu parkı filan məktəbə veririk. Uşaqları ora apararlar, müəllimləri orda həm onlara ağacları, kolları tanıtdıra bilər, həm iməclik edə bilərlər, həm arada-bir gedib iki-üç ting əkərlər, gələn il də deyər ki, gedək görək əkdiyimiz tinglərin vəziyyəti necədir. Bunu istəyən şagird təbiəti də çox sevəcək, o ekoloji sağlamlığın əhəmiyyətini də dərk edəcək. Bu çox müsbət nümunə olar. İnanın ki, şagirdlər heç qoymaz kimsə onların məktəbinin ixtiyarına verilən parka, yaşıllıq ərazisinə kimsə bir siqaret kötüyü, bir zibil atsın. Çünki onların sahəsi olacaq, o sahənin təmizliyini qoruyacaq. Bu uşaqlar arasında yarışma yaradacaq və deyəcəklər ki, mənim ərazimdə daha çox ağac və kol bitkiləri var, bura daha təmizdir, nəinki o birisi. Elm və Təhsil Nazirliyi də bu işi tənzimləyər və ilin axırında da nəticələri elan edər ki, filan məktəbin baxdığı park birinci yerə çıxıb. Bu çox gözəl olar” - deyə S.Qarayev qeyd etdi.
İradə
SARIYEVA
Bakı xəbər.-2024.-7-9
dekabr.-S.8.