Jurnalist - tələbə ikən
əsgərliyə getdi, kəşfiyyatçı kimi şəhid
oldu - Sədərəkli şəhid Niyaməddin Ələkbərovun
anası danışır...
Dörd il necə gəlib keçdi, ananın xəbəri olmadı. Günlər, aylar bir-birinə bənzədiyindən, günü oğul yolu gözləməklə keçdiyindən, Xavər ana zamanın necə keçdiyini bilmir də. Elə qulağı səsdədir, “birdən Niyaməddin gələr” ümidilə yaşayır.
44 günlük Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun baş giziri Ələkbərov Niyaməddin İsrafil oğlunun anası Xavər Ələkbərovanın oğul yarası hər gün qanayır…
Xavər ana deyir ki, Niyaməddin 12 iyul 1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olub.
3 yaşında olarkən ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçən qəhrəmanımızın uşaqlığı bu şəhərdə keçib. Niyaməddinin sağlam, yaraşıqlı, ağıllı, cüssəli uşaq olduğunu deyən Xavər ana qeyd edir ki, oğlunun əlindən gəlməyən iş olmayıb. “Uşaqlıqdan çox qaynar, aktiv, cəld, cəsur, cəsarətli olub. Yaxşı futbol oynayırdı, əla futbolçu idi. Orta məktəbdə də, məhəllədə də, universitetdə də hamı onu yaxşı futbolçu kimi tanıyırdı. Niyaməddin futbolçu olmaq istəyirdi, amma biz istəmirdik, ona görə də onu futboldan ayırdıq, oxumağa yönəldirdik. O qədər gözəl futbol oynayırdı ki, onun zərbəsinin qarşısında heç kim dura bilmirdi. Top Niyaməddində idisə hər kəs geri çəkilirdi ki, top ona dəyməsin. Çox qoçaq uşaq idi”.
İbtidai təhsilini Sumqayıt şəhər
32 saylı Texniki və humanitar liseydə alıb, 5-ci sinifdən
35 saylı tam orta məktəbdə təhsilini davam etdirib və
bu məktəbin məzunu olub. Naxçıvan Dövlət Universitetinin Jurnalistika
fakültəsinə daxil olub: “Ora qəbul oldu, amma diplomunu ala
bilmədi. Bunlar iki il yarımdan sonra
imtahan verib ixtisas seçimi
edibdilər, oğlum ixtisas seçimində diktorluğu
qazanıb, amma diktor olmaq ona nəsib olmadı. Diktorluq
Niyaməddinə çox yaraşardı, səsi də,
diksiyası da çox gözəl idi”.
Oğlunun həqiqi hərbi xidmətə getdiyini deyən
ana bildirdi ki, o, Ağdamın Qərvənd kəndində xidmət
edib, xidmətdən qayıdandan bir neçə ay sonra yenidən
hərbiyə qayıdıb, hərbidə işləyə-işləyə
kurslara gedib və baş gizir rütbəsinə qədər
yüksəlib. Oğlunun kəşfiyyatçılıq
kurslarını bitirdiyini qeyd edən ana vurğuladı ki, o, əvvəlcə
MAXE (Müddətdən Artıq Xidmət Edən Hərbi
Qulluqçu) olub, sonra gizir, ondan sonra isə baş gizir olaraq
Beyləqan rayonunda yerləşən N saylı hərbi hissənin
kəşfiyyat alayının komandiri vəzifəsini
daşıyıb. Niyaməddinin 11 il hərbidə
işlədiyini deyən ana bildirdi ki, oğlu Ağdam,
Naftalan, Tərtər
rayonlarında, son iki il yarımda isə Beyləqanda xidmət
edib.
Niyaməddin Azərbaycan Ordusunun “Ən yaxşı kəşfiyyat
birliyi” adı uğrunda keçirilən yarış
zamanı I yerin əldə edilməsində göstərdiyi səy
və bacarığına görə fəxri fərmana layiq
görülüb.
Ana deyir ki, müharibə başlayanda, döyüşlər
gedəndə, oğlu qızğın döyüşlərin
ortasında olanda belə, ondan müharibədə olduğunu
gizlədib. “Nə vaxt zəng vursam, ya yoldayam, ya işdəyəm,
ya da evdəyəm deyirdi. Müharibə
bir həftə idi başlamışdı. Amma Niyaməddin mənimlə danışanda deyirdi
ki, təlimdəyik. Səsi zəif gəlirdi,
yorğun gəlirdi, “niyə belə danışırsan”
deyirdim, deyirdi ki, təlimdəyik. Halbuki, kənardan
səs-küy gəlirdi, amma təlimdə olduğunu deyirdi.
Amma demə ki, müharibədə imiş, gizlədirdi.
Deyirdim ki, ay Niyaməddin, deyirlər
sentyabrın 27-də müharibə başlayıb. Deyirdi ki, ana, müharibə Qarabağda gedir, burada
getmir. Belə sözlərlə məni
ovudurdu. Demə ki, müharibənin ən
qaynar nöqtəsində imiş balam. Füzulidə
idi, ən çətin döyüşlərdən biri orda
oldu, “Ohanyan səddin”i alanda.
Bunlar Füzulidə olublar, sonra Füzuli
ilə Hadrutun arasında döyüşüblər, orda
“İlandağ” deyilən yerdə şəhid olub. Axşamdan hücum edib postu alıblar və
işıqlaşana qədər orda qalıblar. Birinci
Niyaməddin çölə çıxıb ki, kəşfiyyat
aparsın, nə olub-olmadığını
yoldaşlarına desin. Postdan çıxıb
irəliyə iki addım atan kimi oğlumu snayper vurub. Sonra da həmin yeri minamyot atəşinə tutublar.
Bir neçə əsgər, zabit şəhid
olub. Briqada komandiri Orxan Əkbərov da
orda şəhidliyə ucalıb. Ona Vətən
Qəhrəmanı adı verildi. Niyaməddin
Orxan Əkbərovla bir yerdə şəhid olub”.
Oğlunun eyni zamanda Aprel müharibəsinin
iştirakçısı olduğunu da deyən ana bildirdi ki,
o döyüşlərdə də oğlu böyük
şücaətlər, igidliklər göstərib. “Aprel
döyüşlərində yaralanmışdı, amma bizə
bu barədə heç nə deməmişdi. Qoluna, qıçına, üzünə,
qulağına qəlpələr dəyib. Yaralandığı üçün üç ay
evə gəlmədi, deyirdi ki, təlimdəyəm,
üç aydan sonra gəldi. Gələndə
gördüm ki, qolunda, müəyyən yerlərində dərin
cızıqlar, yara yerləri var. Soruşdum ki, nə olub, elə
bil bıçaq izidir, dedi ki, kolun üstünə
yıxılmışam tikanlar cızıb. Aprel
döyüşündə onun komandiri Raqub Orucov olub, onunla
birgə döyüşüblər. Raqub
Orucov Niyaməddinin yanında şəhid olub”.
Aprel döyüşlərində fəal
iştirakına görə komandiri tərəfindən
mükafatlandırılıb, fəxri fərmanla təltif
edilib.
Şəhid olanda oğlunun 32 yaşın içində
olduğunu deyən ana bildirdi ki, Niyaməddin subay idi və onu
evləndirməyə hazırlaşırmışlar, amma əcəldən
macal olmayıb, ananın bu arzusu da ürəyində
qalıb.
“Mən oğlunu nəinki gözləyirəm, hətta
hər gün ona zəng vururam, telefonuna zəng
çatmır. Üstündə üç telefonu
vardı və heç biri bizə gəlib çatmadı.
Bilmirəm, döyüşdə itdi, yoxsa harasa
düşüb qaldı. Ona görə də,
Niyaməddinin döyüş yolu barədə ancaq
başqalarından eşidirik.
Sonuncu dəfə zəng edəndə səsini
tanımadım. Səs tanış gəlirdi, amma səsi
aydınlaşdıra bilmədim. Yəni səsi
tamam dəyişmişdi. Evdə vəziyyəti,
atasını, qardaşını, bacılarını
soruşanda bildim ki, odur. Dedim ay Niyaməddin, sənsən?
Dedi hə, ana, mənəm. Dedim niyə elə
danışırsan? Çünki səsi
çox uzaqdan gəlirdi. Dedim niyə elə
danışırsan? Dedi ki, soyuqlamışam. Evdən
kəklikotu, yarpız filan aparmışdı. Dedim ki, dəmlə
özün də iç, uşaqlara da ver, özünüzdən
muğayat olun, yaş yerdə oturmayın. Mən
nə bilim ki, döyüşünün ortasından,
odun-alovun içindən danışır. Sonda dedi ki,
ana, özünüzdən muğayat olun.
Dedim, bizə evdə nə olasıdır ki, siz
özünüzdən muğayat olun. Heç
elə şərait yaratmadı ki, onun müharibədə
olduğunu anlayım.
Niyaməddin Sumqayıt Şəhidlər Xiyabanında dəfn
olunub, məzarı başdan beşincidir”.
Oğlunun
oktyabrın 2-də şəhid olduğunu və oktyabrın
3-də dəfn olunduğunu deyən ana bildirdi ki, Niyaməddin
şəhid olandan sonra atası da dünyasını dəyişib:
“Yoldaşım oğlumun şəhid olmasına dözə
bilməyib infarkt keçirdi və həyatını itirdi.
Şəhid anası olmağın çox ağır dərddir. Övlad itkisi
heç bir itki ilə bərabər deyil. Dörd
övladım vardı, iki qızım, iki oğlum. Üçüncü övladım idi Niyaməddin”.
Niyaməddinin
xatirəsinin əbədiləşdirilməsi məsələsinə
gəlincə, ana dedi ki, Sumqayıtda bir küçə
ayrılıb, amma orda tikinti getdiyi üçün hələ
xatirə lövhəsi vurulmayıb, hələ abidəsi,
bulağı inşa olunmayıb. Ana deyir ki, hələ
gözləyirlər, inişallah oğlunun xatirəsi əbədiləşdiriləcək…
Azərbaycanın
ərazi bütövlüyünün təmin edilməsi
uğrunda döyüş əməliyyatlarına qatılan və
hərbi hissə qarşısında qoyulmuş
tapşırıqların icrası zamanı vəzifə
borcunu şərəflə yerinə yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına
əsasən Niyaməddin Ələkbərov
ölümündən sonra "Vətən uğrunda"
medalı ilə təltif edilib.
Azərbaycanın
ərazi bütövlüyünün bərpa edilməsi
zamanı döyüş əməliyyatlarının rəhbəri
olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində
rəşadət göstərən Niyaməddin Ələkbərov
vəzifə borcunu ləqayətlə və vicdanla yerinə
yetirdiyinə görə Azərbaycan Prezidenti İlham
Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən
ölümündən sonra 3-cü dərəcəli "Vətənə
xidmətə görə" ordeni ilə təltif edilib.
Azərbaycanın
Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda
aparılan döyüş əməliyyatlarına
qatılaraq şəxsi igidliyi və şücaəti
nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti
İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən
Niyaməddin Ələkbərov ölümündən sonra
"Füzulinin azad olunmasına görə" medalı ilə
təltif edilib.
Azərbaycanın
ərazi bütövlüyünün təmin edilməsi
uğrunda döyüş əməliyyatlarına qatılan və
hərbi hissə qarşısında qoyulmuş
tapşırıqların icrası zamanı vəzifə
borcunu şərəflə yerinə yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən
Niyaməddin Ələkbərov ölümündən sonra
"Cəsur döyüşçü" medalı ilə
təltif edilib.
Ana hər
gün gözləyir, oğul, hardasan deyir
Balası gəlmək bilmir, yollarımı
bağlıdır?
Yəqin
balası bilir, ananın gözü yaşlı,
Ürəyi qəm evidir, sinəsi də
dağlıdır.
Bir şəhidimizin də qəhrəmanlıq
öygüsünü sizə çatdırdıq. Hər bir şəhid qəhrəmandır!
Hər bir şəhid bu torpağın bir
parçasıdır. Onların anaları, ataları isə
bizə şəhid əmanətidir!
Bəy gərdəyi
qurulmayan
Bir igiddir
Niyaməddin
Anası
heç inanmır ki
Bir şəhiddir
Niyaməddin!
Deyir,
gözlərəm yolunu,
Gəlməz
gedənim, ağlaram!
Balası
ölən anayam
Başıma
qara bağlaram…
Azərbaycan Ordusunun baş giziri, peşəkar kəşfiyyatçı, snayper gülləsinə tuş gələrək şəhid olan Niyaməddin Ələkbərovun yeri, məkanı ürəklərdir. Ruhun şad olsun, şəhid Niyaməddin!
İradə
SARIYEVA
Bakı xəbər.-2024.-7-9
dekabr.-S.14.