Onun şəhid
düşdüyü yerə “gedər-gəlməz”
deyirlər - Şamil Nəcəfovun
anası...
Gülşən
Nəcəfova: “Uşaqlıqdan hərbi sahəni çox sevirdi, hərbiçi
olmaq istəyirdi, bu arzusunun da
qarşısını aldım, ancaq sonradan özümü çox qınadım”
Anaların gözlərini yollar yordu, anaların ürəyini fələk qırdı. “Elə darıxıram ki. Yollara baxıram, yollar balamı qaytarar bəlkə” deyib özünə təsəlli verməyə çalışır Gülşən müəllimə. İlk övladına - Şamilə yüksək təhsil vermişdi ana. Ümid edirdi ki, Şamil ictimai həyatda sayılıb-seçilən bir vətəndaş, bir mütəxəssis olacaq.
Şamil həqiqətən də sayılıb-seçilən oğul oldu, amma ananın arzuladığı bu deyildi. Təbii, heç bir ana balasına şəhidlik məqamı arzulamaz. Amma taleyin işidir ki, ananın oğlu canını dünyada hər şeydən artıq sevdiyi Vətəninə fəda etdi.
Azərbaycan Ordusunun əsgəri, Vətən müharibəsi şəhidi Nəcəfov Şamil Rəfi oğlu 4 fevral 1997-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Yardımlı rayonundandır, Abşeron rayonunun Saray qəsəbəsində yaşayıb. 2003-cü ildə 1-ci sinfə gedib, 2014-cü ildə orta məktəbi bitirib. 2014-2018-ci illərdə Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər və iqtisadiyyat" fakültəsində təhsil alıb. 2018-ci ildə bakalavrı bitirib, ardınca magistraturaya qəbul olub, 2020-ci ildə "Turizm iqtisadiyyatı" üzrə magistr dərəcəsini alıb.
Şamil Nəcəfov 14 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib...
“Oğlum “gedər gəlməz yol” deyilən yerdə şəhid olub”
Şəhidin anası Gülşən Nəcəfova ilə Xatirə Kitabı Redaksiyasının hazırladığı “44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən təqdimat mərasimində həmsöhbət olduq.
“Oğlum həqiqi hərbi xidmətdə idi. Gəncədə “N” saylı hərbi hissədə xidmət edirdi. Şamil əsgərlikdə olanda 44 günlük Vətən müharibəsi başladı. Oğlum oradan Murovdağ istiqamətində gedən döyüşlərə qatılıb. Onları Murovdağ, Kəlbəcər tərəfə aparıb. Orada döyüşüb. Topçu, baş tuşlayıcı olub. Komandiri ilə danışanda dedi ki, mən qəlpə aldığım üçün orada ola bilmədim. Sonra bir əsgərdən də soruşduq, dedi ki, mən qəlpə yarası aldım, amma Şahin sona qədər qalıb döyüşüb. Murovdağ, Kəlbəcər və Daşkəsənin arasında bir yer var, orada “gedər gəlməz yol” deyirlər, oğlum “gedər gəlməz yol” deyilən yerdə şəhid olub. Biz bunu sonradan bildik.
2020-ci ilin oktyabr ayının 1-də Şamilin nəşini gətirdilər. Şəhid olan gecə hazırlayıb gətirmişdilər, səhər nəşini bizə çatdırdılar. Şamil namaz qılırdı, oruc tuturdu, Allahın sevimli bəndəsi idi. Bəlkə də onun o gözəl əməlləri, Allaha bağlılığı onu mənə elə yetirdi, tərtəmiz, gül kimi idi nəşi. Gəncədə prokurorun müavini dedi ki, müəllimə, mən Şamilin namaz qıldığını bilmirdim, amma onun nəşini müsəlman qaydası ilə dəfnə hazırlatdıq”.
Gülşən müəllimə həm Sumqayıt şəhər 34 nömrəli tam orta məktəbdə, həm də Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə dərs deyir. “Şamil mənim ilk övladımdır. İki oğlum vardı, Şamil getdi...Oğlum 23 yaşında şəhidlik zirvəsinə yüksəldi. Ali təhsilli idi. BDU-da həm magistr, həm də bakalavr üzrə təhsil almışdı.
Təsəvvür edin ki, Şamili
bacardığım qədər qorumağa
çalışdım. İstəmirdim getsin. Oğlum çox dərin savada malik bir
gənc idi. Bütün müəllimləri onun necə savadlı olduğunu bilirdi. Dedim ki, Şamil,
əsgərliyə də
getmə, sən burda daha çox
lazımsan. Dedi ki, yox, ana,
Allah da buyurur, qanunlarımız da tələb edir, mən mütləq əsgəri xidmətə
getməliyəm. Onu əsgəri
xidmətdən saxlamaq
istəyirdim. Amma
şəhid olmazdan iki il əvvəl mənə dedi ki, ana,
birdən məni əsgərlikdən saxlamaq
istəyərsən, bunu
heç vaxt etmə, çünki əsgərliyə gedəcəyəm.
Dedi ki, mən necə lazımdır, vətənimə
xidmət etmək, ona olan borcumu
qaytarmaq istəyirəm.
Mən onu əsgərlikdən saxlaya bilərdim, amma Şamil qəti etiraz edib “ana, bilirsən
mənimlə oxuyanların
hamısı hardadır?
Xaricdə. Deyirsən, mən də
onlar kimi olum? Sən sağsan?” dedi. Dedim sağam, qarşında oturmuşam.
Dedi deməli, mən getməliyəm. Şamil belə bir vətənpərvər
oğul idi.
Birinci Qarabağ müharibəsi
dövründə, bu
hadisələrin törədildiyi
vaxtlarda ali
məktəbin sonuncu kursunda oxuyurdum. O dövrdə istəyirdim ki, qızları da məcburi şəkildə müharibəyə
aparsınlar, özüm
də döyüşmək
arzusunda idim. Deyirdim ki, heç olmasa bir erməni
əsgəri öldürüb
qızlarımızın, qadınlarımızın,
körpələrimizin qisasını
alım. Bizim evdə
sonradan da belə söhbətlərimiz
çox olurdu. Sonralar özümü qınadım
ki, mən niyə belə söhbətlər edirdim ki, Şamil də bu söhbətlərə
istinad edib belə bir tərbiyə
aldı. Biz onu vətənpərvərlik
ruhunda böyütdük”.
Oğlunun şəhid olarkən
subay olduğunu deyən ana bildirdi ki, nişanlısı
olmasa da, amma istədiyi, əhd-peyman bağladığı
bir qız vardı: “Fikri vardı ki, əsgərliyə gedib gəlsin və əhd-peyman bağladığı
qızla evlənsin, işi olsun. Amma Şamilin bu arzusu da çox
təəssüf ki, gözündə qaldı,
həyata keçmədi.
Amma Şamili
yaşadırıq, xatirəsi
əbədiləşdirilir, məktəblərdə siniflərə
adı verilib. Saray qəsəbəsində Şamilin
adına küçə var, böyüdüyü küçə
onun adını daşıyır. Xatirə Kitabı
Redaksiyası da Şamil kimi oğulların xatirəsini
kitablarda əbədiləşdirir.
Yeri gəlmişkən,
bir arzumu demək istəyirəm. Şamil kimi
yüksək təhsil
almış bir oğulun Vətən uğrunda son damla qanına qədər vuruşmağı, bu yolda şəhidlik mərtəbəsinə yüksəlməyi
gənc nəslə çox gözəl bir örnəkdir. Şamil kimi oğullar haqda dərsliklərdə,
kitablarda məlumatlar versələr, onların qəhrəmanlıq yolu, eyni zamanda savadı,
biliyi barədə söhbət açsalar bu yaxşı olar. Gənc nəsil Şamil
kimi oğulların həyatını oxuyub və onların yolu ilə gedə
bilərlər. Bu çox gözəl olardı. Eyni zamanda Şamil
kimi oğulların adlarının məktəblərə,
bağçalara verilməsi
çox müsbəöt
olardı. Uşaqlar biləndə
ki, bəli, bu məktəb filan şəhidin adını daşıyır,
onlar o şəhidin həyatını öyrənərlər.
Şamil həqiqətən də çox dərin uşaq olub, bütün sahələrdə
nümunə göstərilib. O məktəbdə
yeganə şagird idi ki, bütün
müəllimlər ondan
çox razı idilər. Oğlumun oxuduğu Sumqayıt şəhər 34 saylı
məktəbin riyaziyyat
müəlliməsi Dürdanə
müəllimə deyirdi
ki, qurban olum Şamilə, hər zaman üzümü ağ
edir. Şamil bilik olimpiadalarında
iştirak edib və həmişə yüksək yer tutub. Hamının sevimlisi idi.
İstər evdə, istərsə
də məktəbdə
Şamil qeyri-adi uşaq idi. İnandırım ki, atası
“Şa” deyən kimi Şamil onun nə istədiyini
bilirdi və yerinə yetirirdi. Bax, belə uşaq idi. Heç kəsi incitməzdi,
hamıya kömək
göstərməyə çalışardı,
əlindən gələni
canla-başla edirdi.
Kənardan bir az zəhmli
görünərdi, amma
daxilən o qədər
yumşaq idi, ürəyi ipək kimi idi. Çox xeyirxah
idi.
Şamil gözəl salto vururdu. Qorxurdum, deyirdim ki, anan qurban, ehtiyatlı
ol. Onu güləşə qoydum. Müəllimi deyirdi ki, Şamilin idmançı üçün lazım olan güclü ayaqları var, onun çox yaxşı gələcəyi
olacaq. Bir gün gördüm ki, mənə “ana, mən bilirəm,
gələcəkdə kim olacam. Daha qərara gəlmişəm” dedi. Dedim, kim
olacaqsan? “İdmançı
olacağam, çempion
olacağam” dedi. Evdə çox vaxt xalası ona çempion deyirdi. Dedim ki, yox,
Şamil, sən daha idmana getməyəcəksən,
çünki çox
savadlısan. Həmçinin uşaqlıqdan hərbi sahəni çox sevirdi, hərbiçi olmaq istəyirdi, bu arzusunun da
qarşısını aldım,
ancaq sonradan özümü çox qınadım. Fikirləşdim ki, bəlkə hərbiçi olsaydı müharibədə özünü
düşməndən daha
yaxşı müdafiə
edərdi, həyatda qala bilərdi. Bilmirəm, səhv etmişəm, düz etmişəm?
Amma sonra deyirəm ki, Şamilin alnına şəhidlik yazılmışdı, onsuz
da o, bu zirvəyə ucalacaqdı”.
Bildirək ki, Azərbaycanın
ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin
15.12.2020-ci il tarixli Sərəncamına əsasən
Şamil Nəcəfov
ölümündən sonra
"Vətən uğrunda"
medalı, Azərbaycanın
Kəlbəcər rayonunun
işğaldan azad edilməsi uğrunda aparılan döyüş
əməliyyatlarına qatılaraq
şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə
görə Azərbaycan
Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına
əsasən Şamil
Nəcəfov ölümündən
sonra "Kəlbəcərin
azad olunmasına görə" medalı,
Azərbaycan ərazilərinin
işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını
və xidməti vəzifələrini yerinə
yetirən zaman fərqləndiyinə görə
Azərbaycan Prezidenti İlham Əliyevin
30.12.2020-ci il tarixli Sərəncamına əsasən
Şamil Nəcəfov
ölümündən sonra
"Hərbi xidmətlərə
görə" medalı
ilə təltif edilib.
Ana deyir ki, təsəllisi oğlundan
qalan uca şəhidlik adıdır. Bu adın heç zaman silinməyəcəyini
deyən Gülşən
müəllimə bildirir
ki, Şamil kimi oğulların həyat və döyüş yolu təbliğ olunmalıdır,
çünki gənclərimiz
onlardan nümunə götürüb Vətənimizi
qoruya bilərlər.
Dörd ildir şəhid anasının gözlərinin
yaşı qurumur ki, qurumur. Şamilini gözləyir,
xəyallarında oğluna
qovuşur, onunla söhbət edir, tövsiyələrini verir.
Deyirlər ki, ən böyük müəllim
anadır. O bir ana kimi oğlunu
çox yüksək
səviyyədə yetişdirib
və Vətənə
bəxş edib.
“Gedər gəlməz
yolun” yolçusu Şamil Nəcəfov elə bir zirvəyə
ucalıb ki, ora çox müqəddəsdir, əzizdir. Bizlər o zirvəyə
böyük sevgi və minnətdarlıq hissi ilə boylanırıq.
İradə
SARIYEVA
Bakı Xəbər 2024.- 11 dekabr (¹ 225).- S.13.