Qardaşı mərhum professor Şamil Vəliyev
haqda müsahibə verdi...
Mustafa Vəliyev: “Ondan yaxşı qardaş yox idi”
Fevralın 22-si çağdaş elm və jurnalistika tarixində öz imzası, izi, yeri olan BDU-nun jurnalistika fakültəsinin keçmiş dekanı, professor, mərhum Şamil Vəliyevin doğum günüdür.
“İndi o boşluğu doldura bilmirəm, gözüm hər yerdə onu axtarır”
Yaşasaydı, 64 yaşını qeyd edəcəkdi. Yanvarın 18-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən Şamil Vəliyevi qardaşı Mustafa Vəliyevlə xatırlayırıq...
- Şamil müəllim
alim idi, jurnalist idi, ictimai xadim idi,
ziyalı idi, bunlar öz yerində. Bəs qardaş kimi
necə qardaş idi? O sizin üçün kim
idi?
- Ondan yaxşı qardaş yox idi. Bizim üçün böyük qardaş olmaqla bərabər, həm də bütün nəslin ağsaqqalı idi. Ailəmizdə böyük oğul
olduğu üçün
həmişə ona böyük kimi baxmışıq.
- Şamil müəllim
elm aləmində çox
tez parladı. Bu ona nələr hesabına başa gəldi? Bunlara necə nail oldu?
- O, cavanlıqdan özünü
elmə həsr edib. 29 yaşında
filologiya elmləri namizədi olub, 42 yaşında da doktorluq işini müdfiə edib. O, müsahibələrindən birində
özü haqda daha dəqiq danışıb. Məqsədinə
nail olmaq üçün
əziyyətlərdən keçdiyini
dilə gətirib: “ Əziyyət çəkməkdən çəkinməmişəm.
İnsana cəfa verən
məşğuliyyəti xoşlayırdım.
Şahmat oynamağı sevirdim.
Yüngül əyləncəli oyunları sevmirdim. Düşündürən, vaxt aparan işlərə meylli idim. Uşaqlıqdan birinci olmağı,
seçilməyi qarşıma
məqsəd qoymuşam.
Orta məktəb illərində
yaxşı oxuyurdum.
7-8-ci sinifdən komsomol təşkilat katibi olmuşam. Hansısa işi görürdümsə,
fərqlənməyə çalışmışam.
Hətta
doktorluq dissertasiyası
yazanda belə heç kimin işləmədiyi mövzunu
götürmüşdüm. Sovet dövründə qadağan
olunan mövzuda doktorluq yazmışam.
Mənim
işimi nəinki yaşıdlarım, məndən
böyüklər də
təqdir etdi. Yavaş-yavaş atamın uşaqlıqda
mənə öyrətdiklərinə
əməl edərkən
uğur qazandığımı
görürdüm və
bu, mənə özündənrazı olmaq
hissi bağışlayırdı.
Hətta
yoldaşlarım, dostlarım
dəfələrlə mənə
deyirdilər ki, özündən çox
razısan. Həmişə birinci olmaq istədiyimə
görə elə təsir bağışlayırdım”.
Hesab edirəm ki, bu cümlələr onun məqsədinə yetişmək üçün
keçdiyi yolu aydın şəkildə
təsvir edir.
- Şamil müəllim
elmi yaradıcılığa,
tədqiqata o qədər
aludə olmuşdu ki, bəlkə də özünü unutmuşdu. Siz necə düşünürsünüz?
- Bəli, elmə dəhşət aludə idi. Fikrimcə, özünü də, gözünü də elmə qurban etdi.
- Yəqin, oxucularımızın
əksəriyyətinin xəbəri
olmaz ki, Şamil müəllim uzun illər yataq xəstəsi oldu və onun
cəfasını siz,
sizin həyat yoldaşınız çəkdi.
Bir qardaş kimi böyük alimin qayğısını çəkdiniz.
Siz onun ən ağır
günlərində yanında
oldunuz...Bu borc idi, yoxsa bir
qardaş məhəbbəti?
- Mən bunu həmişə
bir mənəvi borc kimi qəbul
edirəm. Uşaqlıqdan bir-birimizə çox
bağlı olmuşuq,
onun qolları üstündə yatırdım.
Böyük qardaş kimi
həmişə onu özümə örnək
bilmişəm. Mən uşaq
olanda o mənim qulluğumda durmuşdu, hər işimə kömək edirdi. Ailədə beş
uşaq idik - iki bacı, üç qardaş. O məndən dörd yaş böyükdü. Böyük qardaş kimi həmişə yanımda
olub, başımı
sığallayıb, qayğıma
qalıb, qulluğumda
durub, məni qəbul imtahanına gətirib. Qardaş olmağımızdan əlavə
həm də dost idik, o bütün sirrini, sözünü mənə deyərdi. Ümumiyyətlə, elə
adam idi
ki, hər kəsin sözünü qəbul etməzdi, özündən kiçik
olmağıma baxmayaraq
ondan nə isə xahiş etsəm sözümü yerə salmırdı, qəbul edirdi.
- Dediniz ki, sizə
çox dəstək
olurdu, söhbət maddi, yoxsa mənəvi
dəstəkdən gedir?
- Maddi cəhətdən onun elə də
güclü imkanı
yox idi, söhbət mənəvi
dəstəkdən gedir.
Yaxşı söhbətləri, yaxşı məsləhətləri,
tövsiyələri vardı.
Çox uzaqgörən
adam idi.
Onun məsləhətlərindən faydalanmaq mümkün idi.
- O xaraktercə qapalı adam
idi. Hər halda kənardan
belə görsənirdi.
Əslində necə idi?
- O uşaqlıqdan xaraktercə
qapalı idi. Çox adamı özünə yaxın buraxmazdı, nə də özü çoxları
ilə yaxınlıq
etməzdi. Həmişə məsafə saxlamağı
bacarırdı. Onun içində
təkəbbür yox,
qürur vardı.
O uşaqlıqdan qürurlu
idi.
- Əslində, bəlkə
də tənha adam idi...
- Bəli.
- Sizin iki övladınız
Şamil müəllimin
yolunu davam etdirir, qızlarınız
jurnalistdirlər. Onların jurnalistika
peşəsini seçməsinə
onun münasibəti necə oldu?
- Eşidəndə çox
sevindi, sevindi ki, bu sahədə
davamçıları gəlir.
Amma bir balaca da
tərəddüd etdi
ki, bunlar özlərini doğrulda biləcəklərmi? Amma
çox sevinirdi...
- 8 il ona baxmısınız. Hara getsəydiniz mütləq
evə tələsirdiniz.
Sizin evdə onun yeri, nəfəsi vardı. Bu gün
onu evdə axtarırsızmı?
- (Kövrəlir) Hər
gün işdən evə gələndə birinci onun otağına
keçirdim, hal-əhval
tuturdum, ondan sonra əynimi dəyişib, əl-üzümü
yuyurdum, birgə çörək yeyirdik. İndi o boşluğu
doldura bilmirəm, gözüm hər yerdə onu axtarır. Hər axşam evə
qaçırdım ki,
məni gözləyir.
Çünki mən gəlməmiş o nə
çörək yeyirdi,
nə də dinclik tapırdı... Bu hissləri ifadə
etmək çətindir.
- Şamil müəllimin
dostları da vardı. Sağlığında onu axtarırdılarmı?
- Allah onun əsl dostlarına
can sağlığı versin.
Amma
“dost” dediyi, yaxşılıq
etdiyi müəyyən
adamlar vardı ki, axır vaxtlar
onu unutdular. Vaxt vardı onun telefonu susmurdu,
zəng zəngin üstündən gəlirdi,
hərə bir iş üçün ağız açırdı,
o da bacardığı
qədər kömək
edirdi, edə bilməyəndə də
açıq şəkildə
“bu mümkün deyil” deyirdi. İndi onun telefon nömrəsini
mən işlədirəm...Yeri gəlmişkən, bir neçə gün əvvəl nömrəsinə zəng
gəlmişdi, əsgərlik
dostu zəng etmişdi, telefonu götürdüm, salamlaşdıq,
soruşdu ki, danışan Şamil deyil yəqin, mənə Şamil lazımdır. Dedim indən belə çətin Şamil müəllimi eşidərsiniz.
Ona rəhmətə getdiyini dedim, telefonun o başında dondu, sağollaşıb telefonu qapatdı. Amma elm aləmində dost dediyi adamlardan professor Asif Rüstəmlidən başqa onun haqqında yazı yazan olmadı. Allah onun canını
sağ eləsin.
Onlar Asif müəllimlə Akademiyada bir yerdə işləmişdilər,
dostluqları vardı.
Xəstə vaxtlarında da
Asif müəllim onunla əlaqə saxlayırdı. İş yoldaşları
da əvvəllər zəng edirdi, amma axır vaxtlarda zəngləri kəsildi.
- Doğulduğu
Körpülü kəndinin
adını da özünə təxəllüs
götürmüşdü. Uzun illər
Azərbaycan televiziyasında
və radiosunda Şamil Körpülü
imzası ilə proqramlar aparırdı.
Kəndinizin adını
yaşadırdı...
- Bəli, Şamil də Körpülü təxəllüsünü götürmüşdü.
Ümumiyyətlə, bizim kənddən
çıxanların əksəriyyəti
Körpülü təxəllüsü
götürmüşdü. “Füyuzat ədəbi
məktəbi” kitabını
da Körpülü (Şamil Körpülü-Vəliyev)
imzası ilə çap etdirmişdi.
Şamilin bir-iki bayatısı
da vardı. Bayatılarını sinə daşına
da yazdırmışam.
Körpülü bir ocaqdı,
Gülü qucaq-qucaqdı.
Hər yadıma düşəndə
Qəlbim sızlayacaqdı.
Bir yanı Babakərdi,
Eşq verib,
can çəkərdi.
Fələyin üzü dönsün
Dərd
əkib, qəm becərdi...
- Demək Şamil müəllim şeir də yazırdı...
- Bəli, onun bədii yaradıcılığı
da vardı. Bir neçə şeirinə
mahnılar da bəstələnib. Şeirilərini Şamil Körpülü
imzası ilə yazırdı. Sağlıq olsun, ömrüm çatsa onun çap olunmamış şeirlərini, əsərlərini
yığıb çap
etdirəcəyəm. Deyim ki, onun seçilmiş
əsərlərini də
nəşr etdirəcəyəm.
Sağlığında seçilmiş əsərlərinin
iki cildi çap olunmuşdu.
Bir dənə də məqalələr toplusu çap olunub. “Azərbaycanşünas alim Nizaməddin Şəmsizadə” kitabı
da çap olunub.
- Çap olunmamız əlyazmaları çoxdur?
- Bəli. İnanın ki, hələ
də özümə
gələ bilməmişəm,
sanki yuxudayam, ayılmamışam. Onun əlyazmalarını
bir yerə yığacağam. Sağlığında özünün arzusu idi ki, seçilmiş
əsərləri çap
olunsun.
Hardasa 6 cildə sığışacaq
materialları var, ömür vəfa etsə hamısını
çap etdirəcəyəm.
- Heç kəndə getmək istəyirdimi?
- Körpülüdən ötrü
burnunun ucu göynəyirdi. Deyirdi ki, kaş kəndimiz qayıdaydı,
gedəydik. O, kəndi,
torpağı, vətəni
sevən adam
idi. Qayıtmaq, geri getmək arzusunda idi...
İradə
SARIYEVA
Bakı Xəbər 2024.- 22 fevral, ¹34.- S.12.