“Anadır arzulara...
Qarabağ” mahnısı ilə Ermənistanı
məhkəmədə necə vuracağıq?..
Şəmsəddin Əliyev: “Biz
bununla bağlı qiyabi məhkəmə yolu ilə mülki
mübahisə kimi iddia...”
Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı musiqi əsərinin erməni ifaçı Gor Yepremyan tərəfindən “Sirun jan” adı altında mənimsənilərək ifa edilməsi və Youtube-da yayılması faktı Əqli Mülkiyyət Agentliyində araşdırılıb. Əqli Mülkiyyət Agentliyi Mədəniyyət Nazirliyi ilə birgə erməni ifaçı Gor Yepremyanın oğurluğunu ifşa edən bəyanat yayıb.
“Qarabağ” əsəri Bəhram Nəsibovun mətn və musiqi müəllifi olduğu və ilk dəfə Arif Babayev tərəfindən 1972-ci ildə ifa edilmiş mahnıdır.
“Qarabağ” mahnısı ilə yanaşı B.Nəsibov onlarca yaddaqalan, dillər əzbəri olan mahnı yaradıb ki, biz bu sırada “Sən də həmdəm, mən də həmdəm", "Var gülüşündə", "Şahnaz" təsnifi kimi məşhurlaşan "Deyin hardadır", "Səni qəmli görəndə", "Gecələr", "Bəxtəvər gəlin", "Ay gecikən məhəbbətim", "Qurban olum", "Sən güləndə", "Ay qız", "Xatirəsən", "Gəl inad etmə" və digər mahnılarının adlarını çəkə bilərik.
Belə unikal və əbədi yaşayan mahnılar yaradan Bəhram Nəsibova sağlığında dövlət tərəfindən fəxri adlar, mükafatlar, orden və medallar verilibmi?
Təkcə “Qarabağ” mahnısına görə B. Nəsibova o zamanlar dövlət tərəfindən hansı mükafat verilib, nə kimi diqqət və qayğı göstərilib? Yaradıcılığı çox dəyərlidir və böyük mükafatlara layiqdir. Bu yaradıcılığına görə mükafatlar alsaydı bu onun həm mənəvi, həm sosial həyatında mühüm dəstək olardı.
Mətbuat üzərindən araşdırdıq. Məlum oldu ki, böyük sənətkar sağlığında öz haqqını almayıb, nə fəxri adı, nə də mükafatı olub. 1998-ci ildə vəfat edən sənətkarın əsərləri Sovet dövründə “xalq mahnıları” kimi təqdim edilib, adının müəllif kimi çəkilməsinə uzun illər qısqanclıqla yanaşılıb. Əsərləri başlarının adından təqdim edilib. “Konservatoriyanın bəstəkarlıq fakültəsini bitirməyənin mahnı yazmaq hüququ yoxdur” deyiblər ona. Bu da onu həmişə incidib. Bu tələbi onun qarşısında qoyanlar unudublar ki, gözəl əsərlər yazmaq üçün istedad lazımdır, bəsəkətarlıq fakültəsində oxumaq elə də vacib deyil. Məsələ burasındadır ki, B.Nəsibov mahnılarının müəllifi kimi adının qeyd olunması üçün çox mübarizə aparıb, axırda “həvəskar bəstəkar” kimi təqdim edilməyə nail olub.
İndi onun əsərləri ermənilər tərəfindən də oğurlanır. Təbii ki, Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyi bəyanat yayaraq məsələni ictimailəşdirdilər ki, B. Nəsibovun "Qarabağ" əsəri erməni bəstəkar tərəfindən oğurlanıb. Bəs bu istiqamətdə beynəlxalq hüquq müstəvisində nə kimi iş aparmaq olar? Bununla bağlı beynəlxalq məhkəməyə müraciət edilərsə, erməni musiqiçi məhkəməyə verilərsə, bəstəkarın ailəsinin xeyrinə o ermənidən nə tələb oluna bilər?
“Bu məsələ bizim məhkəmə instansiyalarından keçdikdən sonra biz bunu müvafiq qaydada Avropa İnsan Hüquqları Məhkəməsinə verə bilərik”
Hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Agentlik və Nazirlik kifayət qədər məzmunlu mətn hazırlayıb məsələni ölkə daxilində ictimaləşdiriblər. O vurğuladı ki, konstitutsiyanın 30-cu maddəsində əqli mülkiyyət hüququ hər kəsə verilir, “hər kəsin əqli mülkiyyət hüququ vardır”-deyə vurğulanır.
“Əsər çap edildikdə, kütlə qarşısında ifa olunduqda müəllifin razılığı olmadan əsərin özünü və ya onun adını dəyişdirmək yolverilməzdir. Müəllifin razılığı olmadan əsərə illüstrasiyalar, müqəddimə, son söz, bütövlükdə hər hansı bir izahın aparılmasına da yol verilmir. Müəllif vəfat etdikdən sonra onun əsərinə toxunulmasını kiməsə, istənilən şəxsə vəsiyyət edə bilər. Yaxud da bunu müəllifin hüquqlarını müdafiə edən müvafiq qurumlar həyata keçirir. Burada Mədəniyyət Nazirliyi və Agentliyin atdığı addımı alqışlayıram. Yenə də konstitutsiyanın 30-cu madəsinin şərhində belə bir ifadə var: “Müəllif hüququ müəllifin bütün həyatı boyu və onun vəfat etdiyi ildən gələn il yanvar ayının 1-dən hesablanmaqla müəllifin ölümündən sonra 50 il qüvvvədə qalır. Müəllif hüququ vərəsəlik üzrə keçir. Lakin müəllifin ada olan hüququ və bu əsərin toxunulmazlıq hüququ vərəsəlik üzrə keçmir.
İndi keçirəm Avropada əqli mülkiyyət hüququna. Burada da kifayət qədər açıq ifadə olunan müdəalar var. Avropa əqli mülkiyyət hüququ əqli mülkiyyət obyektlərinin hüquq mühafizəsilə bağlı yaranan ictimai münasibətləri, əqli mülkiyyət münaisbətlərini tənzimləyir. Beynəlxalq hüquq sistemi də əqli mülkiyyət hüqunu müstəqil hüquq sahəsi kimi tanıyır. Əqli mülkiyyət hüququ beynəlxalq hüquq sistemində beynəlxalq iqtisadi hüququn yarımsahəsi kimi qəbul olunur. Beynəlxalq hüquq sistemi, milli hüquq sistemi və Avropa hüquq sistemi vəhdət təşkil edir. Onlardan yalnız Avropa hüquq sistemi əqli mülkiyyət hüququnu müstəqil sahə kimi tanıyır. Çünki Avropa hüquq sistemi xüsusi xarakterə malikdir.
Erməni ifaçının plagiatlıq etməsi, heç bir əsası olmadan əsəri mənimsəməsi, özününküləşdirməsi məsələsi ilə bağlı hüquq müstəvisində addım atılması mümkündür. Biz bununla bağlı qiyabi məhkəmə yolu ilə mülki mübahisə kimi iddia qaldıra bilərik. Sonra cavabdeh qisminə həmin müəllifin nəfinə müəyyən mənada təzminatlar ödənilməsi üçün də qərar qəbul edilə bilər. Təbii ki, “İnterpol” vasitəsilə onun üzərinə məhdudiyyətlər qoyulması, məhkəməyə gətirilməsi ilə bağlı müəyyən addımlar atıla bilər”.
O hesab edir ki, məsələ ilə bağlı ölkə daxilində bütün məhkəmə prosedurlardan keçildikdən sonra Avropa İnsan Haqqları Məhkəməsinə müraciət etmək olar. “Ölkə daxilindəki bütün məhkəmə instansiyalarını keçdikdən və qərar qəbul edildikdən 6 ay müddətində Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilərik. Düşünürəm ki, erməninin bu plagiatlığı Avropa İnsan Hüquqları Məhkəməsinin predimetinə çevrilə bilər. Həm Nazirlikdə, həm Agentlikdə hüquq şöbələri var, orada hüquqşünaslar işləyir. Onların məsələ ilə bağlı mülki mübahiəsinin predmeti kimi müvafiq araşdırmalarına, fəaliyyətlərinə ehtiyac yaranır. Bunu etmək lazımdır. Çünki uzun illərdir ki, bizim bəstəkar və xalq mahnılarımız ermənilər tərəfindən plagiyatlığa məruz qalır. Onlar saysız mahnılarımızı erməniləşdirib dünyaya öz adları ilə təqdim edirlər. Bunun özü də genosidin başqa cür formasıdır. Biz bununla ermənilərin oğurluğunu hüquq müstəvisində ifşa edə bilərik. Bu çox vacibdir. Ermənilərin bu hərəkətləri Azərbaycana qarşı münasibətindən doğur”.
Ş.Əliyev qeyd etdi ki, məhkəmə yolu ilə ermənilərin bu oğurluqlarına son qoymaq zərirətə çevrilib. O hesab edir ki, beynəlxalq konvensiyalar, əqli mülkiyyət sistemi buna imkan verir. “1967-ci ildə yaradılan Ümumdünya Əqli Mülkiyyət Təşkilatı var, BMT-nin ixtisalaşmış təşkilatı kimi fəaliyyət göstərir. Göstərilən konvensiya müvafiq olaraq ədəbiyyat, incəsənət, musiqi əsərləri, ifalar, holoqramlar, radio və televizya verilişləri, ixtiralar, sənaye nümunələri, film adları, əmtəə nişanları, xidməti nişanları və sair müəllif hüquqlarının, bəziləri əlaqəli hüquqların obyekti sayılır. Bu məsələ bizim məhkəmə instansiyalarından keçdikdən sonra biz bunu müvafiq qaydada Avropa İnsan Hüquqları Məhkəməsinə verə bilərik”
İradə
SARIYEVA
Bakı Xəbər 2024.- 12 iyul (¹
120).- S.12.