"İrəvanda yanan çıraq"- Hidayətin
tamaşasının qiymətli mesajı ....
Ədəbiyyat tarixi gerçəkliyin bədii və obrazlı şəkildə yaşadılmasında, təbliğ edilməsində əhəmiyyətli yer tutur. Bəzən elmlə çatdırırmaqda çətinlik çəkilən tarixi bir faktı bədii əsərlə, teatr tamaşası vasitəsilə, obrazların dili ilə ildırım sürətilə yaddaşlara həkk etmək mümkündür.
“İrəvanda yanan
çıraq” məhz bu amala
xidmət edən səhnə əsərlərindən biridir. Görkəmli şair-dramaturq Hidayətin qələmindən
və düşüncəsindən yaranan
“İrəvanda yanan çıraq” birhissəli
mistik tarixi dramı
İrəvan Dövlət Azərbaycan Dram
Teatrının repertuarına yeni daxil edilsə də, artıq səs-sədası
geniş ictimaiyyətə yayılıb.
Keçən həftə İrəvan Dövlət Azərbaycan
Dram Teatrı Akademik Milli Dram Teatrının səhnəsində
Hidayətin “İrəvanda yanan
çıraq” tamaşasını təqdim etdi.
Modern üslubda dinamik ritmdə - musiqi, hərəkət
və rəqs üzərində qurulan
tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir.
Hidayətin bu dram əsərində
verilən mesajlar çox
aydındır və bu, əsərin məzmununda
və səhnə həllində tam olaraq öz ifadəsini
tapıb ki, İrəvan ulu
əcdadlarımızın əzəldən binələnmiş
olduğu tarixi yurd yerimizdir. Bu yurdun çırağını Azərbaycan
türkləri yandırıb, onun
şöləsini müqəddəs bilib
və gün düşmənin nəfəsi
o çırağı söndürə
bilməyib, çünki o
bizim ruhumuzda, ürəyimizdə,
genimizdə yanır, heç vədə sönmür.
Əsərin süjeti çox maraqlıdır və tarixi gerçəkliklə sıx bağlıdır. Bu bizi həm kövrəldir, həm də içimizdə tükənməz qürur hissi yaradır ki, biz belə şanlı bir tarixin varisləriyik.
Qayıdaq, səhnə əsərinin məzmuna, qayəsinə, verdiyi mesajlara.
Azərbaycan Səfəvi dövlətinin qurucusu və ilk hökmdarı Şah İsmayıl Xətainin İrəvan qalasının valisi Rəvanqulu xana bir çıraq verir. Bu çıraq elə-belə çıraq deyildi, əbədiyyət rəmzi idi. Şah babamız da əbədiyyət rəmzi kimi o çırağı Rəvanqulu xana əmanət etmişdi. Bir çox mütəxəssislərin də dediyi kimi, Şah İsmayılın Rəvənqulu xana əbədiyyət rəmzi kimi əmanət etdiyi çırağın tarixçəsindən qaynaqlanan əsərdə erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və deportasiyaların anatomiyasına dərindən nüfuz edilib.
Əsərlə bağlı bir qeydə diqqət yetirək: “Sovet epoxasının sonuna yaxın İrəvanda yaşayıb-yaradan (müəllifin prototipi kimi qavranılan) azərbaycanlı yazıçı Sultan Oğuzun bu mövzuda yazdığı “İrəvanda yanan çıraq” tarixi əsəri xalqımızın Qərbi Azərbaycanda milli varlığına qənim kəsilmiş erməni millətçilərini o dərəcədə hiddətləndirir ki, ona şirnikləndirici tələ qururlar. Düşmənlər Şah İsmayılın İrəvanda yandırdığı çırağı öz adlarına çıxdıqlarına görə həqiqəti tarixi romanda canlandıran yazıçını öz xalqının gözündən salıb sıradan çıxarmaq üçün hiyləyə əl atır, əsəri keçmiş ittifaq dövlətinin ən yüksək mükafatına təqdim edirlər. Mübariz sənətkar düşmənlərin niyyətinin qarşısını kəsmək, tarixi həqiqəti xilas etmək üçün bu plana qarşı çıxır, mükafat almaqdan imtina edir”.
Modern üslübda hazırlanan tamaşa sözün həqiqi mənasında tarixi taleyimizə işıq tutur və fikrimicə, hər birimiz aldığımız mesajları lazımı şəkildə əxz etməliyik. Çünki bu bizim dünənimizlə bu günümüz və sabahımız arasında sarsılmaz bağların olduğunu təlqin edir, başlıcası isə QərbiAzərbaycana “Böyük Qayıdış”ın heç də uzaqda olmadığını, bu uğurda mücadiləmizi davam etdirməyimizi şərtləndirir.
Bunu tamaşa boyu hər bir tamaşaçı yaxşıca sezirdi. Çünki tamaşa müddətində Şah İsmayılın ruhu dəfələrlə peyda olub xalqımızı düşmənlərin xəyanətlərinə qarşı ayıq-sayıq və döyüşkən olmağa səsləyirdi. Əsərin dəyərli tərəflərindən biri odur ki, xalqımızı hər zaman ayaqda qalmağa təşviq edir. Məsələn, əsərdə milli varlığımıza açıq-gizli təcavüzlərdə erməni qadınlarının şeytani rolu tamaşada incə ştrixlərlə əksini tapıb ki, biz bunun erməni qadının gətirdiyi fəlakətləri çox görmüşük.
“İrəvanda yanan çıraq” Bakı səhnəsində tamaşaya qoyulmaqla özündə böyük bir hadisıni ifadə etdi. Erməni şovinstlərinin, revanşistlərinin əli ilə İrəvanda söndürülmüş çırağımızın Bakı səhnəsində təntənə ilə şölə saçmasının da ayrıca simvolik mənasına varmalıyıq. Bu çıraq Bakıda, Azərbaycanın paytaxtında şölələnməklə Ermənistanın xəyanətkar siyasətinin məğlubiyyətini ifadə etdi. Bilirik ki, döyüş cəbhəsində məğlub olan Ermənistan siyasət meydanında da dizlərini yerə qoyub, kiçik bir təkan onun tam təslim olması üçün yetərlidir.
“İrəvanda yanan çıraq” səhnə əsəri milli-strateji düşüncəmizi, İrəvan həqiqətləri uğrunda, Vətən sevgisi yolunda apardığımız mübarizələrin əzmini, əzəli torpaqlarımıza - Qərbi Azərbaycana qayıdış konsepsiyasının məqsədini tamaşaçıya çatdırır.
“Tarixi prosesin kəsilməzliyi, türk soyuna qarşı erməni düşmənçiliyin zaman-zaman təkrarlanmasının səhnə təcəssümü olan bu mistik-psixoloji pyesə müasir dramaturji üsullarlarla – fasiləsiz hərəkət, mürəkkəb xoreqrafik müşayiət, dünənlə bugünün iç-içə təqdimatı səpkisində verilən quruluş erməni xislətinin dərindən, əhatəli açılmasına xidmət edir”. Bu fikirlər mətbuatda öz əksini tapıb.
Qeyd ediliyi kimi, modern üslubda dinamik ritmdə - musiqi, hərəkət və rəqs üzərində qurulan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, rejissor assistenti İmaməli İmaməliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur. Rollarda aktyorlar Natiq Həziyev (Sultan Oğuz), Zəki Fətəliyev(Şah İsmayıl Xətai), Müdvər Nemətova (Firəngiz), Əmrulla Nurullayev (Hayqaz; Himayədar) Niyaməddin Səfərəliyev (Usub kişi), Elnarə Heydərova (Qərinə), Samir Əliyev (Emil), Naibə Nemətova (Nairə), Güney Əliyeva (Süsən), Xədicə Məmmədova(Səltənət), Pərvin Dadaşova (I qara üzlü), Sevinc Bəxtiyar (II qara üzlü), Rövşən Cəfərov(Suren), Ramil Məmmədov (Aşot) çıxış ediblər.
İrəvan Dövlət Azərbaycan Dram Teatrı Hidayətin bu pyesini tamaşaya qoymaqla bizə çox böyük bir məmnunluq yaşatdılar. Əlbəttə, “İrəvanda yanan çıraq” kimi əsərlərin ideyası, hədəfləri çox aydındındır və tamaşaçının düşüncəsini, beynini aydınladır, ona öz tarixi haqda gerçək informasiyalar verir, qarşıda duran hədəflərini göstərir.
Bu mənada, səhnə əsərini də, onu qələmə alanı da, nəfəs verib canlandıranları da təbrik edirik. İrəvan Dövlət Azərbaycan Dram Teatrına da uğurlar arzu edirik və inanırıq ki, qarşıdakı illərdə belə tamaşaları İrəvan səhnəsində, öz doğma evlərində təqdim edəcəklər, sönməyə qoymadıqları əmanət çırağı orada şölələndirəcəklər. Dədələrimiz demişkən, haqqdan yanan çıraq heç zaman sönməz!!!
İradə
SARIYEVA
Bakı Xəbər .- 2024.- 31 iyul
(¹ 133).- S.14.