Böyük
Qayıdış Qarabağ və Şərqi
Zəngəzurun hüdudlarından çıxdı...
Öz yurd-yuvalarından, ev-eşiklərindən zorla didərgin salınan, qaçqın və məcburi köçkünə çevrilən vətəndaşlarımızın bu gün doğma ocaqlarına qayıtmasına şahidlik edirik. 2022-ci ildə baş tutan “Böyük Qayıdış” prosesinin ilk yolçuları Zəngilan rayonunun Ağalı kənd sakinləri oldu, onların ardınca isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına köçlər başladı, sakinlər geriqayıdış sevincini yaşadılar.
2020-ci ildə Vətən müharibəsinin uğurlu nəticəsi olaraq Azərbaycan özünün işğalda olan ərazisinin böyük bir hissəsini azad etdi, 2023-cü ildə isə separatçıların kök saldığı ərazilərimiz də antiterror tədbirləri zamanı erməni qəsbkarlarından təmizləndi. 2024-cü ilin 24 mayında isə Ermənistanla razılıq əsasında Qazax rayonunun işğalda olan 7 kəndindən dördü (4) Azərbaycana qaytarıldı.
Qeyd edək ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olundu. Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri arasında bilavasitə keçməsi razılaşdırıldı.
Qərara alınırdı ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır. Bütün bu proseslər baş tutdu və Qazaxın 4 kəndi artıq Azərbaycana təhvil verilib.
Qazaxın dörd kəndinin sakinləri geri qayıtmağa köklənib…
Bildiyimiz kimi, bu günlərdə Azərbaycan Televiziyası Qazaxın azad edilən kəndlərinin yeni görüntüləri yaydı və həmin ərazilərin bir addımlığından reportaj təqdim etdi. 32 ildən sonra işğaldan azad edilmiş sözügedən dörd kəndin sakinlərinin söhbətlərindən aydın duyulurdu ki, onlar öz doğma ocaqlarına qayıtmaq arzusundadırlar və tezliklə qayıdış prosesinin baş tutmasını istəyirlər. Bütövlükdə, keçmiş məcburi köçkünlər mayın 24-ü Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılmasının təmin edilməsini, kəndlərimizin qaytarılmasını böyük sevinclə qarşılayıblar.
Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunması sevincini yaşayan sakinlər bu dörd kəndin yenidən sərhədlərimizə qovuşmasını böyük ruh yüksəkliyi ilə qarşıladılar və hər zaman qayıdışa hazır olduqlarını deyirlər.
Qazax rayon Qızılhacılı kənd sakini, I dərəcəli Qarabağ müharibəsi qazisi, ehtiyatda olan kəşfiyyatçı zabit Namiq Alıyev bizimlə söhbətində qeyd edib ki, keçmiş məcburi köçkünlər öz kəndlərinə, el-obalarına qayıtmağa hər an hazırdır. O qeyd etdi ki, Böyük Qayıdış çərçivəsində Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin sakinləri də zamanı gələndə öz evlərinə qayıdacaqlar.
“Böyük Qayıdış Qazaxın dörd kəndini də əhatə edəcək”
Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Böyük Qayıdış prosesi nəticəsində Qarabağ və Şərqi Zəngəzura böyük köçlər başladı, bu gün onlar orada firavan şəkildə yaşayırlar. M.Göyüşlü qeyd etdi ki, Böyük Qayıdış prosesi gələcəkdə Qazaxın 4 kəndini də əhatə edəcək və 32 il məcburi köçkünlük yaşamaq məcburiyyətində qalan vətəndaşlarımız geri dönəcəklər. “Biz böyük tarixi günləri, tarixi anları yaşayırıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı tarix yazır. Bu tarixin yazılmasında xüsusi xidmətləri olan şəhidlərimizi hər zaman yad edirik, qailərimizlə öyünürük. Azərbaycan xalqı mübariz xalqdır. Tarixi anları öz canımızla, qanımızla yazdıq. Heç zaman öz haqq işindən əl çəkməyib, torpaqlarının düşmən tapdağında qalması faktı ilə razılaşmayıb. Bizi bu qələbələrə, torpaqlarımızın azadlığına xalq, dövlət, ordu və Ali Baş Komandan birliyi gətirib çıxardı. O ərazilər ermənilər tərəfindən viran qoyludu, dağıdıldı. Biz onları canlandırırıq. Xarabazara çevrilmiş, minalarla çirkləndirilmiş, darmadağın edilmiş, daşı daş üstə qalmayan əraziləri biz dirçəldirik. İşğaldan azad edilmiş ərazilərimizə artıq qayıdışlar başlayıb.
Böyük Qayıdış Qazaxın dörd kəndini də əhatə edəcək. Çünki Qazaxın işğaldan azad olunan kəndlərə qayıdışın başlayacağı ilə bağlı şad xəbərlər eşidirik. Biz ora əbədi və daimi qayıdırıq”.
M.Göyüşlü bildirdi ki, bu 32 ildə Qazaxın işğalda olan kəndlərinin sakinləri heç zaman geri qayıdacaqlarından ümidlərini kəsməyiblər. O vurğuladı ki, Qazaxın işğalda olan 3 kəndinin sakinləri də ərazilərin dinc şəkildə geri qaytarılacağına inanırlar. M.Göyüşlünün fikrincə, nə Ermənistan, nə də onun havadarları indən sonra bizim xalqımıza yaşatdıqları o məşəqqətli günləri, faciələri təkrar yaşada bilməyəcəklər. “Biz ora daimi məskən salmaq, o kəndləri cənnətə çevirmək, bu ərazilərin Azərbaycanın tarixi, qayım-qədim yurdlarından olduğunu nümayiş etdirmək üçün qayıdırıq, qayıdacağıq, yaşayırıq və yaşayacağıq”-deyə M.Göyüşlü qeyd etdi.
Biz də ürəkdən inanırıq ki, Qazaxın işğaldan azad olunan 4 kəndində minatəmizləmə prosesi və digər texniki məsələlər həll edildikdən sonra orada yenidənqurma və bərpa işləri həyata keçiriləcək, sakinlər qaçqın kimi məskunlaşdıqları məkanlardan öz doğma evlərinə qayıdacaqlar.
İradə
SARIYEVA
Bakı Xəbər .- 2024.- 6 iyun,
¹ 98.- S.8.