Gender dəyərləri
altında ailə modelimizin içinə bombalar qoymaq istəyirlər...
Çağdaş dünyamızda gedən proseslər, qloballaşma, texnologiyanın inkişafı, xalqların inteqrasiyası, internet və virtuallaşma kimi yeni düşüncə-informasiya modellərinin zərbələri Azərbaycan ailəsindən də yan keçməyib.
Bu inkişaf bir tərəfdən müsbət yeniliklər gətirsə də, digər tərəfdən milli-mənəvi dəyərlərin aşınmasına, Azərbaycan ailə institutunun deformasiyaya uğramasına aparıb çıxarır. Milli ailə modeli hər zaman Azərbaycanda müqəddəs ocaq, kiçik dövlət hesab olunub. Bəs günümüzdə bu sahədə durum necədir? Azərbaycan ailəsində yaranan problemlər doğrudanmı dünyada gedən inkişafdan, dəyişən zamandan qaynaqlanır?
Bu ailə modelində hər kəs öz yerini, mövqeyini, funksiyasını, məqsədini düzgün dərk edir
Çox təəssüflər olsun ki, bəzən xaricdən gələn təsirlərlə feminizm və ya gender bərabərliyi adı ilə aparılan təbliğatda əslində xalqımızın ailə dəyərlərinə açıq şəkildə təcavüz olunur. Bu səbəbdən də deyilən istiqamətdə təbliğat aparan media xüsusilə diqqətli olmalıdır. Azərbaycan tarixən formalaşmış fundamental ailə dəyərləri ilə qloballaşmanın mənfi təsirlərini özünə yaxın buraxmamağa çalışır. Xalqın tarixən formalaşmış mental keyfiyyətlərini, mənəvi-əxlaqi dəyərlərini bu gün də yaşadan azərbaycanlı gənc ailənin onun həyatında oynadığı müstəsna rolu düzgün dərk edir. Azərbaycan xalqının ailə modeli nəinki Qərbdə, həm də Şərqdə unikal hesab olunan bir ailə modelidir. Respublikamızın Avratlantik məkana inteqrasiyası, mədəniyyətlərarası dialoqun, etnik-dini tolerantlığın mərkəzinə çevrilməsi, fonunda, xalqımıza xas milli ailə modeli ənənəvi strukturunu, mahiyyətini, mənəvi təsir gücünü saxlayır. Hər zaman olduğu kimi, bu gün də Azərbaycan ailəsi özünün bütövlüyünü, saflığını, tarixdən süzülüb gələn milli adət-ənənələrə, mental dəyərlərə bağlılığını qoruyub saxlaya bilmişdir. Bu ailə modelində hər kəs öz yerini, mövqeyini, funksiyasını, məqsədini düzgün dərk edir. Ailədaxili münasibətlərin ciddi əxlaq meyarlarına söykənməsi - böyüklərə hörmət və ehtiram, kiçiklərə sevgi, mərhəmət və diqqət kimi ənənələr qədim zamanlardan bu günə kimi yaşayır.
Qlobal mühitdə yaşamağımıza baxmayaraq, bu ailə dəyərlərimizi və böyüklərə hörməti qoruya bilmişik
Prezident İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bu mövzuya toxunub. Ölkə başçısı deyib ki, Azərbaycan cəmiyyəti ənənəvi dəyərlər, ailə dəyərləri üzərində qurulub. Bu ənənələr dərin köklərə malikdir:
“Vacib haldır ki, 30 il müstəqil ölkə olaraq qlobal mühitdə yaşamağımıza baxmayaraq, bu ailə dəyərlərimizi və böyüklərə hörməti qoruya bilmişik. Bu, bizim cəmiyyətimizin təməlidir. Hər bir azərbaycanlı kimi, mənim üçün də atam əziz insan olub. O insan ki, ona bənzəməyə çalışırsan, xüsusilə ata ilə fəxr edə biləndə. Bu belə olur. Mənim üçün bu, böyük xoşbəxtlikdir, çünki mən həm şəxsən onun üçün, həm də Azərbaycan xalqı üçün ən çətin vaxtlarda atamın yanında olmuşam”.
Ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi işi daim diqqət mərkəzindədir
Azərbaycanda qurulan ideal ailə modelinin təməlində mənəvi dəyərlərin qorunması, özünəməxsus ənənələrin yaşadılması, fərdlər arasında sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynlərə hörmət hisləri dayanır. Yalnız bu zaman ailə möhkəm və dayanıqlı olur. Bəs, ailələrin milli-mənəvi dəyərlər əsasında qurulmasına müasir dövrümüzdə hansı amillər təsir edir? Ümumiyyətlə, müasir ailə modelində bu dəyərlər qorunurmu? Gənclər nələrə diqqət etməlidir?
Psixoloq Ülviyyə Murtuzova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanda hər zaman ailə dəyərləri hər şeydən üstün tutulub: “Xalqımızın bu gün var olması, onun öz milli-mənəvi dəyərlərinə bu qədər möhkəm bağlanması bunun bariz nümunəsidir. Yaşadığımız əsri qloballaşma dövrü adlandırırıq. Qloballaşma əsrinin mühüm xüsusiyyətlərindən biri də inteqrasiyadır. Hazırda dünyaya çıxış imkanları həddindən artıq çoxalıb ki, bu da fərqli xalqların, millətlərin dəyərlərinin bir-birinə inteqrasiya etməsi ilə nəticələnən dəyərlər çoxluğunu yaratmışdır. Dəyərlər çoxluğu isə marginallaşma (dəyərlərin itirilməsi) ilə nəticələnə bilər. Buna görə də, gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsi çox önəmlidir və hər bir xalq bunun qayğısına qalmalıdır. Əminliklə deyə bilərik ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi işi daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, Vətənini, millətini və dövlətini sevən, onun üçün canını fəda edən gənclik formalaşmışdır. Bu, bir tərəfdən təhsil ocaqlarının fəaliyyətidirsə, digər tərəfdən düzgün ailə tərbiyəsinin bariz nümunəsidir”.
Bu gün hər bir Azərbaycan gənci, xüsusən də ailə quracaq olanlar qeyd edilən məsələlərə xüsusi diqqət yetirməlidirlər. Əks təqdirdə ailə dəyərlərimiz zamanla məhv olaraq aradan çıxar. Onun yerini bizə məxsus olmayan, bizə yad olan, bizim xarakter və xüsusiyyətlərimizlə uyuşmayan yeni dəyərlər sistemi tutar. Bu da bizim ailələrimizin sağlam təməllər üzrə qurulmasına, onun möhkəmliyinə, davamlılığına bir o qədər də müsbət təsir göstərməz. Ona görə də sağlam ailə modelinin qurulmasını mütləq şəkildə müasirliklə yanaşı, yaşadılması daim aktuallıq kəsb edən dəyərlər sistemimiz üzərində qurmalıyıq.
Məhəmmədəli
QƏRİBLİ
Bakı Xəbər .- 2024.- 26-27
iyun, ¹ 109.- S.8.