“Şuşanı gördüm, elə bil oğlumu gördüm” -
Şəhid Rəşad Mikayılzadənin atası...
İlham Mikayılzadə: “Oğlum
2020-ci il noyabrın
9-da Şuşada öz
komandirini xilas edərkən snayperə tuş gəlib şəhid olub”
Elə gün yoxdur ki, yollarını
gözləməsinlər. Bəzən Tanrıdan
möcüzə umub deyir ki, ilahi,
möcüzə göstər,
balamın üzünü
bircə dəfə görüm, ona toxunum, saçına sığal çəkim,
qoxlayım, oxşayım.
Əllərini qeyri-ixtiyari havaya
uzadırlar, elə güman edirlər ki, əlləri balalarına toxunacaq, xəyallardan ayılanda ümidləri çilik-çilik
olur şəhid ata-analarının.
Azərbaycan Silahlı Qüvvələrinin
əsgəri, Vətən
müharibəsinin şəhidi
Rəşad İlham oğlu Mikayılzadənin
valideynləri də tez-tez oğullarını
soraqlayırlar. Vətən uğrunda şəhid olan oğulların valideynlərinin arzusu bir-birinə bənzəyir...
“Ən böyük arzum o idi ki,
oğlumun şəhid
olduğu Şuşanı
görüm, ziyarət
edim”
Şəhid Rəşad Mikayılzadənin
atası İlham Mikayılzadə ilə oktyabrın 31-də Mədəniyyət
Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının böyük
bir zəhmətlə,
fədakarlıqla, məsuliyyətlə
ərsəyə gətirdiyi
“44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin Şuşa şəhərində
təqdimat tədbiri çərçivəsində
yaradıcılıq ezamiyyətində
olarkən həmsöhbət
olduq.
Vətən müharibəsi şəhidi
Rəşad Mikayılzadə
30 sentyabr 1995-ci ildə Bakıda doğulub. İbtidai təhsilini Bakı şəhəri Nəsimi
rayonu 240 nömrəli
tam orta məktəbdə
alıb, 5-ci sinifdən
Sabunçu rayon 311 nömrəli
məktəbdə oxuyub,
2013-cü həmin məktəbin
məzunu olub. 2017-ci ildə isə
Rəşad Sumqayıt
Dövlət Universitetini
bitirib. Ali təhsilini bitirdikdən sonra Qazaxda həqiqi
hərbi xidmət edib və həqiqi
hərbi xidmətinin başa çatmasına bir neçə ay qalmış Vətən müharibəsi başlayıb.
Rəşad Mikayılzadə müharibədə iştirak
etmək, torpaqlarımızın
azadlığı mücadiləsinə
qoşulmaq istədiyini
bildirib. Lakin ailənin yeganə övladı olduğu üçün komandiri onu müharibəyə
getmək fikrindən daşındırmaq istəyib,
deyib ki, ailənin tək övladısan, atan-anan gözlərini sənə
dikib, sən onların yeganə ümid yerisən, sən müharibəyə
getmə. Amma komandirin israrına
baxmayaraq, Rəşad
könüllü olaraq
Vətən müharibəsinə
gedib. Beləliklə, sentyabrının 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən
Ermənistan işğalı
altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması üçün başlanan
Vətən müharibəsində
könüllü əsgər
kimi iştirak edib. Füzulinin, Şuşanın, Hadrutun, Xocavəndin
azad olunması uğrunda gedən döyüşlərdə cəngavər
kimi vuruşub. Könüllü əsgər Rəşad
Mikayılzadə 9 noyabr
2020-ci ildə Şuşanın
azad olunması uğrunda gedən döyüşlərdə komandirini
xilas edərkən snayperdən açılan
atəş nəticəsində
şəhid olub.
2015-ci ildə Azərbaycanda
keçirilən I Avropa
Oyunlarının könüllüsü
olub, xidmətinə görə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən mükafatlandırılıb.
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin
15.12.2020-ci il tarixli Sərəncamına əsasən
Rəşad Mikayılzadə
ölümündən sonra
"Vətən uğrunda"
medalı ilə təltif edilib. Həmçinin Azərbaycan
ərazilərinin işğaldan
azad olunması zamanı döyüş tapşırıqlarını yerinə
yetirərkən cəsarət
göstərdiyinə, habelə
qətiyyətli addımlar
nümayiş etdiyinə
görə Azərbaycan
Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına
əsasən Rəşad
Mikayılzadə ölümündən
sonra "Döyüşdə
fərqlənməyə görə"
medalı ilə təltif edilib. Azərbaycanın Xocavənd
rayonunun işğaldan
azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına
qatılaraq igidlik və şücaət nümayiş etdirdiyinə
görə Azərbaycan
Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına
əsasən Rəşad
Mikayılzadə ölümündən
sonra "Xocavəndin
azad olunmasına görə" medalı ilə təltif edilib.
Füzuli,
Hadrut, Şuşa və başqa ərazilərimizin azad edilməsi uğrunda böyük şücaətlə
döyüşən oğullarımızın
arasında 25 yaşlı
Rəşad Mikayılzadənin
də olmasını ata qürurla vurğulasa da, amma gözündəki kədər, səsindəki
qəhər, çöhrəsini
bürüyən qüssə,
nisgil gözümdən
yayınmır, danışdıqca
sanki səsi də ağlayır şəhid atasının.
“Rəşad şəhid
olanda 25 yaşı vardı. Vətən Müharibəsinə könüllü əsgər
kimi qatılmışdı.
Oğlum 2020-ci il noyabrın 9-da Şuşada öz komandirini xilas edərkən snayperə tuş gəlib şəhid olub. Məhz həmin gün də Şuşa işğaldan
azad olundu. Rəşad bizim yeganə övladımız idi.
Nə bacısı, nə qardaşı vardı.
Rəşad ali
təhsilli idi, Sumqayıt Dövlət Universitetini bitirmişdi. Əslimiz Lerik rayonundandır. Amma Bakının Yasamal rayonunda yaşayırdıq.
Əsgərliyə də Yasamal
“voyenkomatından” getmişdi”.
Ata deyir ki, oğlunun qanının tökldüyü, balasının
uğrunda canını
fəda etdiyi Şuşanı görmək,
bu yerləri ziyarət etmək ən böyük arzusu olub. “Şuşaya gəlməyi
çox istəyirdim.
Ən böyük arzum o idi ki, oğlumun
şəhid olduğu
Şuşanı görüm,
ziyarət edim. Bir vaxtılar bu torpağa balamın və mənim balam kimi neçə-neçə
oğulların ayaqları
dəyib, onlar Şuşanı azad ediblər, düşmənin
izini-tozunu bu torpaqdan siliblər. Şuşanı gördüm, elə
bil oğlumu yenidən gördüm.
Bu torpaqda balam
şəhid olub axı. Hissələrimi ifadə etmirəm.
Övlad
itkisi çox ağırdır. Özü də
yeganə övladını
itirmək daha dəhşətlidir. Mən
bir az
dözürəm, anası
heç dözə bilmir, hey soraqlayır, hey gözləyir, hey ağlayır.
Bircə
təsəllim odur ki, oğlum Vətən uğrunda şəhid olub. Bizim oğullarımız bu torpaq və üçrəngli bayraq uğrunda canlarından keçdilər. Biz onların sayəsində bu azad torpaqlarda
rahat yaşayırıq.
İlk dəfədir
ki, Şuşaya gəlirəm, gəlməyi
çox istəyirdim. 2021-ci ildən
gəlməyə can atırdım,
amma gələ bilmirdim. İndi gəlib çıxdıq.Yoldaşım
gələ bilmədi”.
Rəşadın anası Nailə xanım da Şuşanı
görmək istəyib,
amma müəyyən
səbəblərdən gələ
bilməyib. Rəşadla bağlı çox arzularının yarımçıq,
nakam qaldığını
bildirən İlham Mikayılzadə deyir ki, oğluna nə nişan,
nə də toy edə biliblər. “Bütün arzularımız
yarımçıq qaldı.
Deyirdik ki, sağ-salamat əsgərlikdən gəlsin
evləndirək, toyunu
görək. Amma qismət
olmadı. Çox yaxşı
uşaq idi. Əməli təmiz, niyyəti pak idi. O, pis vərdişlərdən
uzaq idi. Hətta əsgərlikdə orucunu
tutub, namazını qılırdı. Özümüz seyid-peyğəmbər övladıyıq...Yeganə övladımız
da Vətən uğrunda canını fəda etdi”-deyə İ.Mikayılzadə
bildirdi.
İ.Mikayılzadə Şuşa
səsfərinə və
şəhidlərimizin adlarının
kitablaşdırılmasına görə Xatirə Kitabı Redaksiyasının
baş redaktoru Nəzakət Məmmədovaya
və kollektivə öz təşəkkürünü
bildirdi. Qeyd etdi ki, Xatirə
Kitabının gördüyü
bu iş misilsizdir və bu kitablarda şəhid
oğulların xatirələri
əbədiləşdirilir.
Ata deyir ki, Rəşad şəhid
olandan bir neçə il sonra Tanrı onlara bir qız
övladı bəxş
edib: “6 aylıqdır.
Allahın verdiyi paydır.
Qızımızın adı Ayladır.
Ayla Rəşadlı.
Qardaşının adını soyad
kimi verdik. Qoy qardaşının adını soyadında yaşatsın...”
Qeyd edək ki, Mədəniyyət
Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının böyük
bir zəhmətlə,
fədakarlıqla, məsuliyyətlə
ərsəyə gətirdiyi
“44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin Şuşa şəhərində
təqdimatında övladları
Şuşanın azadlığı
uğrunda şəhid
olan bir qrup valideyn də
iştirak edirdi.
İradə
SARIYEVA
Bakı Xəbər .- 2024.- 5 noyabr
(¹ 201).- S.14.