“Nəbadə, arxamca
ağlayasınız” - Qərbi azərbaycanlı Şuşa
şəhidi İlqar Ramazanlının anası...
Səbinə
Ramazanova: “İlqar şəhid olanda üstündən mənə
yazdığı məktub çıxıb, o məktubunda məndən
hallıq istəyirdi...”
Şuşanın ülgüc ağızlı
sıldırım qayalarından aşıb gedən
oğullar Şuşanı qaytardılar, amma özləri
qayıtmadılar. Səsləri də, ruhları da əbədiyyən Şuşa dağlarında
qaldı...Balaları Şuşa uğrunda gedən
döyüşlərdə şəhid olan ata-analar
Şuşaya həm də bir oğul kimi baxırlar,
oğullarının qanı çilənən torpaqları əziz
sayırlar.
Yollar
yordu məni oğul,
Getdin, gəlmədin-gəlmədin.
Ayrılığın
məşəqqətdi-
İtdin,
gəlmədin-gəlmədin
Zəfərimizin
simvolu olan Şuşa döyüşlərində qəhrəmanlıqla
döyüşərək şəhidlik zirvəsinə
ucalan İlqar Etibar oğlu
Ramazanlının anası Səbinə Aydın qızı
Ramazanova dörd ildir ki, oğul həsrətilə bu gen
dünyada özünə yer tapa bilmir. İlqarın
torpaqlarımızın azadlığı uğrunda şəhid
olması ananı qürürlandırsa da, oğul itkisi
ürəyində sağalmayan yara açıb, o yara da
heç qaysaq tutmaz.
“Anası
ölmüş canını elə millətinə, torpağına qurban
etdi”
Şəhid
İlqar Ramazanlının anası Səbinə xanımla
oktyabrın 31-də Mədəniyyət Nazirliyi Respublika Xatirə
Kitabı Redaksiyasının böyük bir zəhmətlə,
fədakarlıqla, məsuliyyətlə ərsəyə gətirdiyi
“44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin
Şuşa şəhərində təqdimat tədbiri çərçivəsində
yaradıcılıq ezamiyyətində olarkən həmsöhbət
olduq.
Şəhid İlqar Etibar oğlu Ramazanlı 2 noyabr
1994-cü ildə Bakı şəhərində anadan olub.
2001-ci ildə Bakı şəhəri Nəsimi rayonu,
Saleh Poladi adına 159 ¹-li tam orta məktəbinə
daxil olub, 2012-ci ildə həmin məktəbin məzunu olub. “İlqar çox mehriban, şən, mülayim idi.
Müəllimlərinə, sinif
yoldaşlarına səmimi münasibət bəsləyirdi, dərslərini
də pis oxumurdu. İlqar tarix,
coğrafiya, riyaziyyat fənlərinə xüsusi sevgisi
vardı və o fənlər üzrə savadlı idi.
Ali məktəbə hazırlaşdı, amma daxil ola bilmədi. 2013-cü ilin iyul
ayında həqiqi hərbi xidmətə yollandı, Bərdə
və Goranboyda yerləşən N saylı hərbi hissələrdə
xidmət etdi. 2015-ci ilin yanvar ayında həqiqi
hərbi xidmətini başa vurub evə gəldi. İlqar əsgərlikdə olanda yoldaşlarına
tələbkar, komandanlığın hər bir
tapşırığını məsuliyyətlə yerinə
yetirib. Əsgərlikdə olanda onun barəsində
heç bir narazılıq eşitmədim, əksinə, evə
fəxri fərmanlarla, təşəkkür məktubları
ilə gəldi. Mənə İlqarın komandirləri
təşəkkür məktubu yazmışdılar ki,
çox sağ olun, belə vətənpərvər, Vətəninə,
xalqına layiq bir övlad böyütdüyünüz
üçün. Əsgərlikdə olanda 9 aydan sonra
özü-öz xahişi ilə ərizə yazıb
bildirmişdi ki, məni ya snayper, ya tank üzrə kursa
göndərin. Tank üzrə kursa getmişdi.
İlqarı hərbidə saxlamaq istəyirdilər,
amma mən qoymadım, orada qalmasına mane oldum. İlqara demişdilər ki, səni Türkiyəyə
göndərərik gedib orda oxuyarsan. Çünki
çox qorxurdum. Ürəyimə
dammışdı ki, nə vaxtsa müharibə başlayacaq,
ona görə də hərbidən uzaq olmağını istəyirdim.
Deyirdim ki, ana qurban, yox, hərbidə qalma, sən
tək oğulsan, sonra nə olar nə olmaz...Elə bil Allah-Təala
məni danışdırırdı. Deyirdim ki, gec-tez
müharibə olacaq, çünki 200 il əvvəlki, yaxud
keçən əsrdəki gücsüz, qüvvətsiz
dövlət deyilik, güclüyük, nə vaxtsa Azərbaycan
dövləti torpaqlarımızı işğaldan azad edəcək.
Ona görə də, həmişə istəyirdim
ki, İlqar hərbidən uzaq olsun. İlqarı
hərbidən uzaqlaşdırmağımı heç
cür özümə bağışlaya bilmirəm. Deyirəm ki, anan qurban, bilsəydim günlərin
birində şəhidlik zirvəsinə ucalacaqsan, mən səni
hərbidən heç ayırmazdım, ən azından səni
öz arzuna çatmağa qoyardım. İlqarın ən
böyük arzusu hərbiçi olmaq idi”.
Əsgərlikdən
qayıtdıqdan sonra usta olaraq çalışmağa
başlayan İlqar əslində heç bu sənət
üçün deyildi, onun uşaqlıqdan hərbi xidmətə
marağı vardı.
Əslən Qərbi Azərbaycanın Pəmpək
mahalı, Qursalı kəndindən olan İlqar Ramzanlı 12
yaşında olarkən atasını itirib. Anası Səbinə
Ramazanovanın və bacısı Sevinc Ramazanlının isti
nəfəsindən, məhəbbətindən güc alaraq
böyüyən İlqarın könlündə
böyük bir Vətən eşqi olub.
Səbinə
xanım oğlunun Vətən müharibəsinə
qatıldığı günü belə xatırlayır:
“İlqar 2020-ci ilin sentyabr ayının 25-də
könüllü şəkildə hərbi xidmətdə
iştirak etmək üçün müraciət etdi. General
Polad Həşimov şəhid olandan sonra İlqar çox
stress keçirdi, heç özünə gələ bilmirdi.
Çünki Goranboyda o, həqiqi hərbi xidmətdə
olarkən Polad Həşimov orada olmuşdu. 2020-ci ilin
yayında dedi ki, ana, nə vaxt səfərbərlik
elan olunsa mən könüllü yazılacağam. Elə də oldu. Sentyabrın
25-də gedib könüllü yazıldı. Məndən
muştuluq istədi, “ana, muştuluğumu ver, sənə
şad xəbərim var, mən könüllü səfərbərliyə
yazılmışam”-dedi. Heç nə deyə
bilmədim. Sentyabrın 29-da cəbhəyə
yola düşdü. Döyüş yolu
Füzulidən başladı. İlqar Füzulinin, Xocavənd və
Hadrutun azad olunması uğrunda döyüşlərdə
iştirak etdi. Oğlum Şuşanın ilk
şəhidlərindəndir”.
İlqar
Ramazanlı Şuşa uğrunda gedən
döyüşlərdə doğum günündən bir
gün sonra, noyabrın 3-də qəhrəmancasına şəhid
olub. O, İkinci Şəhidlər Xiyabanında dəfn olunub.
“44 günlük Vətən müharibəsinin 37
gününü İlqar öndə vuruşub. Çünki
İlqar qumbaraatan olub, ona görə də həmişə
onların taboru qabaqda gedib.
Sizinlə danışa-danışa yenidən o hissləri
yaşayıram. Deyirlər ki, vaxt, zaman hər bir dərdin dərmanıdır,
yox, elə deyilmiş, illər keçdikcə adam
lap dəhşətli vəziyyətə düşür”.
Ana deyir ki, oğlu özünün şəhid
olacağını bilirdi və bu yolu özü
könüllü seçmişdi, bu yol əbədiyyətə
gedən yol idi.
İlqarın
orden və medallarla təltif olunduğunu deyən Ana bildirdi
ki, Azərbaycanın ərazi bütövlüyünün təmin
edilməsi uğrunda döyüş əməliyyatlarına
qatılan və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların icrası zamanı vəzifə
borcunu şərəflə yerinə yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən
İlqar Ramazanlı ölümündən sonra "Vətən
uğrunda", “Xocəvəndin azad olunmasına görə”
və “Füzulinin azad olunmasına görə” medalı ilə
təltif edilib. “Bu günlərdə
getmişdim, dedilər ki, bir orden də veriləcək. II dərəcəli “Vətənə xidmətə
görə” ordeni də almalıdır. Müdafiə
Nazirliyində dəqiqləşdirmişik.
İlqar 12 yaşında atasını itirib. Mənim himayəmdə
böyüyüb, ona həm ana, həm də ata olmuşam.
Bir bacı, bir qardaş olublar. İki övladım olub. Böyük
əzab-əziyyətlə saxladım, böyütdüm.
Dedim ki, İlqar böyüyüb mənə köməklik
edəcək, arxa-dayaq duracaq. İlqar da
çox köməklik etdi. İlqar şəhid
olanda üstündən mənə yazdığı məktub
çıxıb, o məktubunda məndən halallıq istəyirdi.
Məktubun üstündə 30 oktyabr 2020-ci il
tarixi qeyd olub. Xahiş edib ki, bu məktub kimin əlinə
keçsə ailəmə çatdırsın”.
2020-ci ilin 30 oktyabrında İlqar anasına və
bacısına məktub yazıb və onları necə
sevdiyini, Vətəni də onlardan lap çox sevdiyini deyib.
Şəhid
İlqar Etibar oğlu Ramazanlının məktubu:
“Canım ailəm, sizi
çox-çox, amma çox sevirəm. Siz
bu yazdıqlarımı oxuyursunuzsa, deməli, mən sizin
yanınızda, sizin aranızda yoxam. Nəbadə,
mənim arxamca ağlayasınız. Canım
ailəm, Siz fəxr eləyin ki, mən Şəhidlik zirvəsinə
çatdım. Ürəyinizi çox
sıxmayın. Canım ailəm, bütün sevdiklərimə
salam deyərsiniz. Bu yolu mənim
üçün əziz Allahım yazıb, nə gözəl
yazıb. Allahıma çox
şükür ki, belə gözəl bir qismət yazıb mənə.
Anam, bacım, sizi çox sevirəm, həm də
çox sevirəm. Mənə nə əziyyətiniz varsa,
halal eləyin. Məni yaddan çıxarmayın! Sizi
Sevən İlqar!
Canım
qurban sizə və bu millətimizə! Sağ olun!"
Ana deyir
ki, bu məktub onun üçün oğul yadigarıdır və
bu əl boyda məktubu oğul nisgilli ürəyinə
sıxır ki, bəlkə təşnə könlünə
təsəlli olsun, amma məktub da dadına yetmir, şəkillər
də...
“Anası ölmüş canını elə millətinə, torpağına qurban etdi. İlqar çox mehriban, çox ürəyiaçıq, çox sadəlövh bir oğlan idi. Ana kimi ona nə deyə bilərəm? Fəxr edirəm ki, İlqar kimi oğlum olub, belə bir oğulun anasıyam!
İnanın ki, qonşular İlqardan necə məhəbbətlə danışırlar. Tanıdığımız, bildiyimiz adamlar da eləcə. İlqar 14 ildir ki, məktəbi bitirib. İki il əvvəl məktəbdə İlqar haqda tədbir keçirildi, onun sinif rəhbəri elə danışdı ki...Dedi ki, hər uşaq adamın xəyalında qalmır, amma 12 il keçməsinə baxmayaraq, İlqarın hər addımı, hər hərəkəti yadımda qalıb. Sinif rəhbərini İlqar o qədər çox istəyirdi ki. Çünki Mətanət müəllimə riyaziyyatdan dərs deyirdi. Mətanət müəllimə danışırdı ki, bir dəfə başım ağrıyırdı, İlqar kefsiz olduğumu gördü. Soruşdu ki, Mətanət müəllimə, sizə nə olub? Dedim ki, heç, ay İlqar, başım ağrıyır. Mətanət müəllimə deyir ki, heç bilmədim qapıçının yanından necə keçib gedib mənə “20 yanvardan” başağrısı dərmanı alıb gətirib. Gördüm ki, İlqar uşaqlığı ilə mənim başımın ağrısına dözə bilmədi. Müəlliməsi deyirdi bunları.
İlqar haqqında saatlarla danışaram, o qədər sözü-söhbəti var, danışsam bəlkə də dastan olar. İlqarın gözəl xasiyyətindən, əxlaqından, nümunəvi davranışından danışmaqla qurtarmaz. Elə bil ki, bu uşaqlar bir mələk olublar. Şəhid anaları öz balalarından danışanda elə bilirəm İlqardan danışırlar. Qonşular, tanış-bilişlər, sinif yoldaşları danışır, elə bilirəm heç mənim uşağımdan danışmırlar, qeyri-adi bir adamdan danışırlar...Deyiləsi çox söz var...Ürək də partlayır”.
Şuşanın
yollarında
Qalan izinə qurban.
Ürəyimdə
alışan
Qanlı közünə qurban.
Harayladım
ay İlqar,
Ürəyimdə qəm-qubar.
Anan hər
zaman ağlar-
Balam,
sözünə qurban...
İçində köz-köz olan yarasını
sarıya bilmir ana. Həsrətdən
qırışan ürəyinə dərman tapa bilmir. Səsinin sorağında gəzib dolaşır elə
hey. Sənin izinlə Şuşaya qədər gedib
çıxdı anan, İlqar, amma səni tapa bilmədi,
çox can atdı səni görməyə, özünü
göstərmədin heç.
Səbinə ana qəhrəman İlqarın anasıdır. O İlqarın ki, canını könüllü şəkildə Vətənə qurban demişdi, Şuşaya açılan Zəfər qapısından ilk girənlərdən olmuşdu. İndi cənnət evindədir qəhrəman şəhidimiz...
İradə
SARIYEVA
Şuşa-Bakı
Bakı xəbər.-2024.-8
noyabr.-S.12.