Qarabağ və Zəngəzur iqtisadiyyatında “Yaşıl enerjimühüm rol oynayır...

 

Bu gün dünyada ekologiya və ətraf mühitin mühafizəsi qlobal problemlərdən hesab edilir. Ölkəmizdə də bu sahədə ciddi addımlar atılır, problemlərin həll olunması üçün çalışılır. Çünki bu sahədə mövcud olan problemlər onların elmi əsaslara söykənərək həll edilməsini tələb edir.

 

Məlum olduğu kimi, müstəqillik dövründən əvvəl ekologiya və ətraf mühitin mühafizəsi demək olar ki, arxa planda olub. Sovetlər ittifaqı dövründə Azərbaycan ərazisində ekologiyanın vəziyyəti, ətraf mühitin çirklənməsi rəhbər ölkə hakimiyyətini qətiyyən maraqlandırmayıb. Azərbaycan ərazilərində qurulan, fəaliyyət göstərən zavod və fabriklərin daha çox məhsul istehsal etməsi, daha çox gəlirlə, rentabelli şəkildə işləməsi o zaman maraq dairəsində olub. Həmin zavod və fabriklərin prosesi zamanı tullantılarının hansı həddə olması, təbiətə onların nə dərəcədə zərər vurması, ətraf mühiti çirkləndirməsi sovetlər birliyi üçün qətiyyən müzakirə mövzusu belə olmayıb. Belə bir vəziyyətdə ətraf mühitə vurulan ziyan Azərbaycanın ekoloji mühitini nəzərəçarpacaq dərəcədə pisləşdirmişdi və ətraf mühitin, təbiətin sağlamlaşdırılmasına böyük ehtiyac duyulurdu. Məsələn, Sumqayıtda necə gəldi kimya zavodların inşa edilməsi, müasir texnologiyaların tətbiq edilməməsi şəhərin ekologiyasında ciddi problemlərin yaranmasına səbəb oldu. Həmin zavodlarda işləyənlərin səhətin problemlər yarandı. Nəinki zavodda işləyənlərin, ümumiyyətlə şəhər əhalisinin sağlamlığında problemlər özünü göstərdi və müxtəlif xəstəliklərin sayı artmağa başladı.

 

Müstəqillikdən sonra ekologiyanın qorunmasına münasibət dəyişdi

 

Müstəqillikdən sonra isə yavaş-yavaş ekologiyanın mühafizəsinə diqqət artmağa başladı. Yeni-yeni yaşıllıqlar salındı, paytaxtın yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına start verildi. Ekoloji siyasətə dair imzalanan “Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası” əsasında yeni dövr üçün ekoloji strategiya müəyyənləşdirildi. Bütün bu görülən işlər çərçivəsində 1998-ci ildə isə “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Proqramı” qəbul edildi. 1999-cu ildə Milli Məclisin qəbul etdiyiEkoloji təhlükəsizlik haqqında” qanun təsdiqləndi. 2000-ci ildə isə daha iki - “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunlar qəbul olundu. 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması bir gerçəkliyi ortaya qoydu ki, ekoloji problemlərin həlli dövlətin əsas diqqət göstərdiyi istiqamətlərdəndir. Ətraf mühitin qorunması üzrə əməkdaşlıq hələ 1962-ci ildən başlayıb. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 17-ci Baş Məclisində “Ekoloji inkişaf və təbiətin mühafizəsi” adlı xüsusi qətnamə qəbul olunub.

 

Qarabağ və Şərqi Zəngəzurun hidro resurslarından səmərəli istifadə edilir

 

O da məlumdur ki, ərazilərimiz 30 il işğal altında olan dövrdə faktiki olaraq o torpaqlar ekoloji terrora məruz qalıb. Belə ki, meşələri kütləvi şəkildə qırıb ağac məmulatları talan ediblər. Elə yerlər var ki, sadəcə ermənilər yaşıl örtüyü yandırıblar. Məsələn, Zəngilan işğal olunana qədər orada böyük çinar meşəsi var idi. Bu, dünyada ikinci belə meşə idi ki, orada nadir ağaclar vardı. İşğal dövründə həmin ağaclar kəsilərək mebel sənayesində istifadə edildi. Bundan başqa açıq şəkildə aparılan mədənçıxarma işləri, Qarabağ və Şərqi Zəngəzurun təbii resurslarının talan edilməsi ətraf mühitə ciddi zərər vurdu. Ancaq ərazilərimiz 30 illik işğaldan azad ediləndən sonra ekologiyanın qorunmasına xüsusi diqqət göstərilir. İşğaldan azad edilən rayonların ekologiyasının qorunmasına xüsusi önəm verilir. İndiyə qədər Qarabağ və Şərqi Zəngəzurda 32 su elektrik stansiyası istifadəyə verilib. Elektrik enerjisi “yaşıl enerji” hesabına təmin edilir, Cəbrayılda günəş elektrik stansiyası tikilir, “ağıllı kənd” layihələri həyata keçirilir. Yenimüasir, innovativ texnologiyalara əsaslanan istehsalat sahələri qurulur. Xüsusən də Qarabağ və Şərqi Zəngəzurun hidro resurslarından səmərəli istifadə edilir. Yeni-yeni yaşıllıqlar salınır, xarici ölkələrin bu sahədə təcrübəsindən istifadə edilir.

 

SES-lər atmosferə karbon emissiyasının atılması həcminin azalmasına öz töhfəsini verir

 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, azad olunan rayonlarda həyata keçirilən tikintilər planlı layihələrə əsaslanır: “Əksər ərazilərdə hər şey sfırdan başlanıldığı üçün ekologiyanın qorunmasına xüsusi önəm verilir. Dünyadakı karbon emissiyasının 0,13 %-i Azərbaycanın payına düşür. Azərbaycanın 2040-cı ilədək emissiyaları 40 % azaltmaq öhdəliyi var. Qlobal iqlim dəyişikliyinin təsirini azaltmaqda bizim kimi kiçik ölkənin imkanları məhdud olsa da, ölkəmizdə hava çirkliliyinin azaldılması öz əlimizdədir və hər bir Azərbaycan vətəndaşının bu sahədə töhfəsi ola bilər. Məsələn, qazdan qənaətlə istifadə etmək, avtomobilin təkərlərin havası azdırsa, onu vaxtında normaya çatdırmaq. Avtomobilin yanacaq sistemini saz vəziyyətdə saxlamaq, qazdan qənaətlə istifadə etmək və s. Ancaq bütün bunlarla yanaşı, “yaşıl enerji” sahələrinin inkişaf etdirilməsi daha məqsədəuyğundur. İşğaldan azad edilən rayonlarda kiçik su elektrik stansiyaların tikilməsi nəticə etibarı ilə atmosferə karbon emissiyasının atılması həcminin azalmasına öz töhvəsini verir. Bu da ekoloji mühütün yaxşılaşmasına müsbət təsir edir”.

 

Vidadi ORDAHALLI

Bakı xəbər .-2024.-10 oktyabr.-S.8.