Şəhid olacağını
öncədən yuxusunda görmüşdü
Nəzakət Həsənli:
“Eldar şəhid olduqdan
iki ay sonra
qızı dünyaya gəldi, Zərifə
atasının üzünü görmədi”
Zərifə atasının üzünü görməsə də, hər gün onun yolunu gözləyir. Kimsə ondan “Zərifə, ata hanı” soruşanda barmağı ilə atasının divardakı şəkillərini göstərir. Zərifə üçün ata divarlardan boylanan, lal sükuta qərq olan şəkillərdir, o, atasını şəkillərdəki kimi sevir... Elə bilir ki, bir gün şəkillər dilə gəlib danışacaq, körpə balasının saçlarına sığal çəkəcək.
Balaca Zərifə nağıllar dünyasında yaşayır, o nağılın qəhrəmanı qorxmaz Azərbaycan oğlu, cəsur Azərbaycan zabitidir, hər şeydən əvvəl isə atasıdır. Biz mingəçevirli leytenant Həsənli Eldar Müşfiq oğlundan danışırıq.
Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının “44 gün – Tarixi zəfər” adlı kitabının I və II cildinin, həmçinin Vətən müharibəsi şəhidləri Əli və İslam Əhmədov qardaşları haqqında yazılmış “Şəhid dağı”, Musa və Tural Həsənov qardaşları haqqında yazılmış “Gəl, birlikdə köçək dünyadan...” adlı kitabların təqdimat mərasimini işıqlandırmaq üçün Mingəçevir şəhərində ezamiyyətdə olarkən şəhid leytenant Həsənli Eldar Müşfiq oğlunun anası Nəzakət Həsənli ilə də görüşdük.
“Gəlinim dedi ki, Eldar ona “yuxuda görmüşəm ki, əynimdə hərbi forma şəhid olmuşam” deyib”
Başdan-başa kədər içində olan ana oğlu haqqında köks ötürə-ötürə danışır, göz yaşları yanaqlarından aşağı yuvarlanır. Nəzakət xanım deyir, oğlu Eldar 24 yaşında şəhid olub və səkkiz ay imiş ki, ailə həyatı qurubmuş. “Oğlum işğaldan azad olunmuş Kəlbəcər rayonu ərazisində döyüş tapşırığını icra edərkən həlak olub”.
2021-ci il avqust ayının 13-də axşam saatlarında Kəlbəcər rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı hərbi qulluqçu Həsənli Eldar Müşfiq oğlu həyatını itirib.
“Oğlum 8 ay idi ki, ailə həyatı qurmuşdu. O, Gəncə Texnologiya Universitetinin İnformasiya texnoliyaları və sistemləri mühəndisliyi fakültəsini bitirmişdi. Universiteti bitirdikdən sonra əsgəri xidmətə yollandı. Xidməti başa vurduqdan və Bakı şəhərində zabitlik kursunu bitirdikdən sonra N saylı hərbi hissədə hərbçi kimi xidmətə başladı.
Müharibə başlayanda o əsgərlikdən yeni gəlmişdi, durub-dincəlmirdi, bir gün dedi ki, gedib zabitlik oxuyacağam. Onu fikrindən nə qədər daşındırmağa çalışsaq da, “əlində diplomun var, bir işə düzələrsən” desək də cəhdimiz alınmadı. İsrar etdi ki, mən zabit olmaq, hərbi forma geyinmək,Vətənə xidmət etmək istəyirəm. O zabitlik kursunu qurtarana qədər müharibə bitmişdi, onlar bir neçə dəfə gedib cəbhədə rabitə işləri görmüşdülər, rabitəçi idilər. Qovşaq rəisinin müavini işləyirdi. İşinə o qədər həvəs göstərirdi ki, dillə deyiləsi deyil. Formasını geyirdi, köynəyinin qolunu qatlayıb gücgüdə özünə baxıb “ana, nə yaxşı ki, mən bu sənəti seçmişəm, bu geyim mənə necə gözəl yaraşır” deyirdi. Balam formasını çox sevirdi”.
Ana deyir ki, oğlu şəhid olmamışdan əvvəl həyat yoldaşı ilə danışıb. “Eldar yoldaşı ilə danışıb, amma olduğu yüksəkliyin adını bildirməyib və deyib ki, bir azdan zəng vuracağam, telefonun şəbəkəsi burada çəkmir. Bundan sonra isə oğlumun dostları bizə bildirib ki, Eldargilin maşını qəzaya düşüb. Amma bilmirdik ki, Eldar da oradadır. Eldar özü şəhid olacağını yuxusunda görübmüş. Gəlinim dedi ki, Eldar ona “yuxuda görmüşəm ki, əynimdə hərbi forma şəhid olmuşam” deyib. Balamın arzusu şəhid olmaq idi və o arzusuna da çatdı”.
Ana bildirdi ki, oğlu tez-tez xidməti vəzifəsi ilə əlaqədar olaraq azad rayonlara - Zəngilana, Qubadlıya, Kəlbəcərə gedirdi, hərbiçilərə döyüş təminatı aparırdı. “Oğlum Kəlbərdə şəhidlik zirvəsinə qovuşub. Şəhid olmamışdan 15 dəqiqə əvvəl həyat yoldaşına yazıb ki, ay Fəridə, mənim iki arzum vardı, birincisi, ilk övladımın qız olmasını istəyirdim, sənin kimi qadının qismətim olmasından xoşbəxtəm. İkinci arzum da zabit kimi bu torpaqlarda xidmət etmək idi. Daha mənim arzum yoxdur, mən bütün arzularıma çatdım (ana ağlayır).
Sonuncu dəfə gedəndə yoldaşına demişdi ki, mən şəhid olsam nə edərsən? O da deyib ki, çıxıb atamın evinə gedərəm, sənin qızına kim baxacaq? O da deyib atam mənim qızıma baxar. Eldar şəhid olduqdan iki ay sonra qızı dünyaya gəldi, Zərifə atasının üzünü görmədi.
Oğlum Yevlax rayonunun Salahlı kəndində dəfn olundu.
Gəlinim yanımızdadır, nəvəmiz gözümüzün qarşısında böyüyür. Ali təhsillidir, orta
məktəbdə işləyir,
bu il
doktoranturaya girib. Şəhidimə layiq bir xanımdır. “Ata” deyən kimi nəvəm Zərifə tez divarlara baxır...”
- deyə ana bildirdi.
Nəzakət xanım oğlunun əmanətlərinə göz
bəbəyi kimi baxır. Deyir ki, nə qədər ömürləri
var, balaca Zərifəyə və onun anasına dəstək olacaqlar.
Ana oğlunun ətrini onlardan alır, onlar Eldarın yadigarlarıdır...Eldar şəhid olsa da, igidliyi,
cəsurluğu danışılır.
İradə SARIYEVA
Mingəçevir-Bakı
Bakı xəbər.-2024.-5-7
oktyabr.-S.14.