Qubadan deputat Əlibala Məhərrəmzadənin
yazıçı-publisist karyerası - nələr var...
Bu günlərdə mediada 59 saylı Quba seçki dairəsindən deputat seçilən Əlibala Məhərrəmzadənin həm professor, həm iş adamı, həm də yazıçı və publisist olduğu barədə məlumata rast gəldik. Bu fakt diqqətimizi çəkdi və onunla bağlı kiçik bir araşdırma apardıq.
Ə.Məhərrəmzadə yazıçı və publisist olaraq hansı yaradıcılıq göstəricilərinə malikdir? Nə yazıb? Hansı əsərləri var? Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, üzvü deyil? Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür, üzvü deyil?
Ə.Məhərrəmzadə barədə mövcud olan Vikipediya məqaləsində qeyd olunur ki, o, iqtisad elmləri doktoru, professor, auditor, motivasiya spikeri və yazıçıdır. Ə.Məhərrəmzadənin bir neçə iqtisadi mövzulu kitabın müəllifi olmaqla yanaşı Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğu da yazılır. Həmçinin o, Ukrayna Milli Elmlər Akademiyasının, Ukrayna Yazıçılar Birliyinin fəxri üzvüdür.
Millət vəkili "Müqəddəs Georgi" ordeni alıb və ədəbiyyat sahəsində “Rəsul Rza mükafatı” laureatıdır. Ə.Məhərrəmzadənin bədii və publisistik əsərlərinə gəlincə, araşdırmamız zamanı öyrəndik ki, onun 2011-ci ildə “Adiloğlu” nəşriyyatında "Xocalı soyqırımı" (Azərbaycanlılara qarşı ermənilərin apardığı soyqırım siyasətinin xronologiyası), 2010-cu ildə “Adiloğlu” nəşriyyatında "Müqəddəsliyə aparan yol" (Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında olan bu kitabı Sabir Hüseynovla birgə yazıb) kitabları nəşr olunub. Bundan başqa, “Mələyin təbəssümü", "Bakı üçbucağı" əsərini yazıb. Məlumata görə, rus dilində dərc edilən bu detektiv əsər Rusiya və Ukraynada kifayət qədər oxucu auditoriyası toplayıb. O, “Çovdar çörəyi” romanının da müəllifidir. "Ev tapşırığı. Uğur düsturunu öyrənəcəyik" (motivasiya əsəri) əsəri də Ə.Məhərrəmzadənin qələm məhsuludur.
Onu da vurğulayaq ki, Ə.Məhərrəmzadə 2011-ci ildə “Araz” nəşriyyatında "Prezident İlham Əliyevin iqtisadi və siyasi strategiyası", "Azərbaycanda biznes planının tədqiqi nəzəriyyəsi" kitablarını da yazıb.
Onun yazdığı “Kənar adamın söylədikləri” romanının süjeti barədə internet resurslarında belə yazılıb: “Romanın süjeti olduqca maraqlı, dramatikdir. Baş qəhrəman – fransalı yazar Mişel Leqranı “Ailes” qəzeti redaksiyası Bakıya 44 günlük Qarabağ müharibəsindən reportaj hazırlamağa ezam edir, jurnalist Gəncə bombalanan zaman ora yollanır, vətənpərvər professor Kərimzadə ilə tanış olur. Əslən Qubadan olan professor Mişelin fransız olduğunu bilib ona yaşadığı Quba bölgəsindəki fransız izlərindən, o cümlədən Aleksandr Dümanın Quba səfərindən danışır. Nə vaxtdır beynində bir roman yazıb məşhurlaşmaq ideyası dolanan Mişel Parisə qayıtmaq əvəzinə, Qubaya gedəsi olur. Amma Qubada 1918-ci il soyqırımı abidəsini görüb, ermənilərin burnunu ovan Qaçaq Mayıl barədə eşidib, üstəlik, ermənilərin fransızlara vurduğu yaralardan da xəbərdar olub mövzusunu dəyişir.
Romanda Qubanın Rusiya imperiyası tərəfindən işğalı, çarizm əleyhinə xalq üsyanları, 1918-ci il qırğınları, Xalq Cümhuriyyətinin qurulması, 1920-ci il bolşevik istilası, Azərbaycanda bolşeviklər əleyhinə qiyamlar – bir sözlə, Azərbaycan tarixinin bizə, əslində qaranlıq qalan böyük bir hissəsinə, eyni zamanda Fransaya qarşı törədilən erməni terrorlarına sənədli materiallarla güzgü tutulur.
Əsərin süjeti, mövzusunun kifayət qədər maraqlı, tarixi həqiqətlərlə zəngin olduğunu deyə bilərik.
Araşdırma apararkən qarşımıza yutubda “Səsli kitab dünyası” layihəsi çərçivəsində Ə.Məhərrəmzadənin “Çovdar çörəyi” detektiv romanının səsli varinatı da çıxdı.
Yerli mətbuatda Ə.Məhərrəmzadənin “Atabəylər Şəmsəddin Eldəniz” kitabı barədə geniş yazısı da çap olunub.
“Təzadlar”da işıq üzü görən məqalədə qeyd olunur: “Azərbaycan oxucusuna “Xocalı soyqırımı”, “Müqəddəsliyə aparan yol”, “Mələyin təbəssümü”, “Bakı üçbucağı”, “Çovdar çörəyi” və s. kimi əsərləri ilə yaxşı tanış olan Əlibala Məhərəmzadənin “Atabəylər: Şəmsəddin Eldəniz” adlı romanının birinci kitabı xüsusilə diqqəti cəlb edir. Belə ki, Azərbaycan tarixində Səlcuqilərin gəlişi ilə xalqımızın formalaşmasının təzəcə başa çatdığı, ən şərəfli, ən vacib və mühüm hadisələrin baş verdiyi XII əsrdə Bizansın təhriki ilə xristian Gürcü - Baqratlıların zaman-zaman yurdumuza hücumlarının baş verməsi müstəvisi üzərində hadisələrin real, təbii, yeri gəldikcə isə həm də bədii boyalarla verilməsi oxucuda çox dərin, mükəmməl və yetkin təəssürat yaradır.
Əsər haqqında danışarkən ayrıca olaraq qeyd edilməlidir ki, müəllif o dövrdə baş vermiş hadisələri kifayət qədər dərindən tədqiq etmiş, personajları araşdırmış, sonradan nəinki təkcə Azərbaycan, eləcə də türk xalqları tarixində ən mühüm simalardan olacaq Şəmsəddin Eldənizin, Mömünə Xatunun, Sultan Mahmudun, Sultan Səncərin, Qızıl Arslanın keçib getdiyi yolları araşdırmış, qarşılaşdıqları şəxsiyyətləri müəyyənləşdirmiş, hətta onların xarakterlərinin, həyata baxışlarının yaranmasının xüsusiyyətlərini tədqiq etmişdir”.
Ə.Məhərrəmzadə Azərbaycan Yazıçılar Birliyinin Rəsul Rza mükafatı, Rusiyanın Fyodor Dostoyevski medalı, Ukraynanın Müqəddəs Georgi ordeni laureatı olmaqla yanaşı, həm də Bakıda keçirilən Avrasiya materikinin ədəbiyyat üzrə 4-cü “LiFFt” ədəbiyyat festivalının əsas simalarından biri, “SilkWay” beynəlxalq ədəbiyyat festivalının Azərbaycan üzrə həmtəsisçisidir. Bütün bu məlumatlar yerli mediada öz əksini tapıb.
Mətbuatda gedən yazılardan birində qeyd olunur ki, Ə.Məhərrəmzadənin “Çovdar çörəyi” romanı barədə ölkənin ən tanınmış ədəbiyyat və incəsənət adamları- Nizami Cəfərov, İsa Həbibbəyli, Ramiz Fətəliyev, Vaqif Yusifli, İlqar Fəhmi müsbət fikirlər bildiriblər... Ə.Məhərrəmzadə isə müsahiblərindən birində bu romanın məzmunu haqda deyib: “...Türkiyənin Bodrum bölgəsində dincələn nazir müavini olan Ata böyük oğlunun avtoqəzada ölməsi xəbərini eşidir, dəhşət içində istirahəti yarımçıq qoyub Bakıya qayıdır. İlk eşitdiyi o olur ki, oğlu şəkər xəstəsi olan anasına çovdar çörəyi almağa gedərkən qəzaya uğrayıb. Ata Ananı uşağın ölümündə günahkar hesab edib onu yamanlayır. Amma bu müəmmalı qəzanın görünməyən tərəfləri var. Çörək almaq üçün evdən çıxan oğul evin beş addımlığındakı mağazaya yollandığı halda necə olur 10-15 kilometr kənarda, şəhərin çıxacağında qəzaya uğrayır? Oğlunu nə çəkib ora aparıbmış?
Ata daxili istintaqa başlayır, öncə oğlunun maşını ilə toqquşan yük maşınının sürücüsünün üzərinə gedir, sonra onun dostları ilə söhbətləşir, məlum olur ki, oğlu ömrünün son dönəmlərində xeyli dəyişibmiş. Ata oğlunun siqaret çəkdiyini, qumar oynadığını, nişanlısı ola-ola başqa qadınla görüşdüyünü öyrənir, qəzadan əvvəl telefonuna gələn zənglərin müəllifləri ilə bir-bir görüşüb uşağın hansı səbəbdən ölməsini müəyyənləşdirməyə çalışır...”
Əsərin məzmunu haqda müəllifin dilindən qısa bir abzas təqdim etməklə Ə.Məhərrəmzadənin əsəri, yazı dili barədə oxucunun məlumatı oldu. Düzdür, tam ifadə edə bilmədik, kiçik bir parça ilə kifayətləndik. Məqsədimiz Ə.Məhərrəmzadənin yaradıcılğını, yazdıqlarını təftiş etmək deyil, sadəcə çoxlarımız üçün elə də tanış olmayan imzanın, müəllifin nə yazdığını, hansı əsərlərin müəllifi olduğunu, ədəbiyyatla əlaqəsinin olub-olmadığını araşdırmaq və maraqlı oxuculara məlumat çatdırmaq idi.
Onu da qeyd edək ki, Ə.Məhərrəmzadənin qələmindən çıxan bədii və sənədli yazıların, əsərlərin mövzularının aktuallığı, tarixiliyi, gerçəkliklərin sənədli yazı dili ilə ifadəsi çox maraqlıdır, diqqətçəkəndir...
İradə
SARIYEVA
Bakı Xəbər 2024.- 11 oktyabr (¹ 184).- S.14.