Azərbaycanın iqlim dəyişmələri ilə mübarizəsində sosial fəallıq faktoru...

 

Azərbaycanın ev sahibliyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

 

Bu ilin noyabrında keçiriləcək COP29 dünya ölkələrini iqlim dəyişikliyi ilə mübarizə müstəvisində bir araya gətirəcək. Ölkəmizin belə bir nüfuzlu tədbirə ev sahibliyi etməsi ölkə vətəndaşlarının təqdirlə qarşıladığı məsələdir. COP29 tədbirlərində yanız dövlət qurumları, nazirliklər, komitələr, ayrı-ayrı təşkilatlar faəllıq göstərmir, eyni zamanda vətəndaş cəmiyyəti institutu da, vətəndaşlar da bu istiqamətdə aktivlik sərgiləyirlər. Azərbaycanın İqlim dəyişmələri ilə mübarizəsində sosial fəallıq faktorunun özünü hansı səviyyədə göstərməsi məsələsi daim diqqəti çəkir.

 

COP29-la bağlı Azərbaycanda vətəndaşların sosial-siyasi fəallığı müşahidə edilməkdədir.

 

Qlobal iqlim dəyişikliklərini dünya insanları kimi, Azərbaycan insanı da öz həyatında yaxından hiss edirbu prosesə qarşı bacardığı qədər mübarizə aparmaq yolunu seçir. Söz yox ki, dövlət qurumları ilə yanaşı Azərbaycanın vətəndaş cəmiyyəti də, QHT-lər də ekoloji sahədə irəli sürdükləri təşəbbüslərə, maarifləndirici tədbirlərlə, həmin tədbirlərdə vətəndaşların iştirakını təmin etməklə töhfə verə bilərlər.

 

İqlim dəyişmələri ilə bağlı vətəndaş fəallığı...

 

Azərbaycan insanı COP29 tədbirlərinin əhəmiyyətini də yaxşı dərk edirqlobal iqlim dəyişmələrinin fəsadlarını da bilir, onunla mübarizədə əlindən gələni edir.

 

Ekspertlər bildirirlər ki, insanlarımızın sosial siyasi aktivliyi olsa da, bunun daha da güclənməsinə ciddi ehtiyac var. Bununla bağlı QHT-lərin daha geniş maarifçilik işləri aparmasının zəruri olduğunu qeyd edən ekspertlərə görə, bütövlükdə bu istiqamətdə əhali ilə daha çox işlənilməlidir.

 

Ekspertlər qeyd edir ki, vətəndaşlar ekoloji aksiyalara cəlb edilməli, onların bu işdə iştirakı təmin edilməlidir, eyni zamanda xüsusən də bölgələrdə əhaliyə qlobal iqlim dəyişmələrinin fəsadları və onunla mübarizə üsulları ilə bağlı məlumat verilməlidir. Ekoloji təmizliyin qorunması, yaşıllaşdırmanın artırılması, vətəndaşa aidvarsa hamısının yerli-yataqlı həyata keçirilməsi kimi amillərin təlqin edilməsi vacibdir. Bir sözlə, insanların COP29-la bağlı sosial-siyasi fəallığının artırılmasında mütəxəssislər, ekoloqlar, sosioloqlar yaxından iştirak etməlidir. Sosioloqların iştirakı insanların davranış mədəniyyətinin yüksəlməsinə xidmət edə bilər. 

 

“COP29-la bağlı əhali arasında sosial maarifləndirmə işlərinin səviyyəsi qaldırılmalıdır”

 

Professor Əhməd Qəşəmoğlu “Bakı-Xəbər”ə bildirdi ki, COP29 mühüm qlobal tədbir olmaqla yanaşı, həm də xalqımızın özünü dünyaya təqdim etməsidir. Ə.Qəşəmoğlu hesab edir ki, vətəndaşlarımızın bu istiqamətdə sosial-siyasi aktivliyinin daha da gücləndirilməsinə ehtiyac var. COP29 tədbirlərinin Azərbaycanda keçirilməsi barədə qərar qəbul ediləndən sonra bir sosioloq kimi özünün bir sıra çağrışlar etdiyini deyən Ə.Qəşəmoğlunun sözlərinə görə, başdan bu prosesdə sosioloqların, mütəxəssislərin  iştirakı vacib idi.Bu dünyanın indiki vəziyyətində çox aktual bir çağrışdır, çox mühüm bir tədbirdir. Qlobal iqlim dəyişiklikləri ilə mübarizədə cəmiyyətlər, insanlar, vətəndaşlar xüsusi aktivlik göstərməlidirlər. Çünki bu birbaşa onların həyatı, yaşamı, bu günü və gələcəyi ilə bağlıdır. Azərbaycan cəmiyyəti olaraq əslində bu çağrışdan daha səmərli istifadə etməliyik. Ölkəmizdə bütün qurumlar COP29-a hazırlaşır, bu çox yaxşıdır. Belə bir tədbirin Azərbaycanda keçirilməsi bizim üçün çox müsəbət göstəricidir. Amma mənə elə gəlir ki, biz bu istiqamətdə vətəndaşlarla daha əhatəli şəkildə işləməli idik. Biz COP29-a yollarımızı, küçələrimizi təmir etməklə, ağaclar əkib, parklar salmaqla, yaşıllıqları artırmaqla və sairlə hazırlaşmalı deyilik. Düzdür, bunlar da çox vacib amillərdir, bu görülən işlər müsbətdir. Biz həm də əhalimizin davranışı ilə bağlı işlər görməliyik, əhali arasında maarifləndirmə işləri aparmalıyıq. Biz bu prosesə tələbələrimizi də qoşa bilərdik ki, onlar əhali arasında sosial maarifləndirmə işləri aparsınlar.  COP29-la bağlı əhali arasında sosial maarifləndirmə işlərinin səviyyəsi qaldırılmalıdır. Çünki ölkəmizə dünyanın hər yerindən qonaqlar gələcək, onlar Azərbaycanı tanımaq üçün həm də vətəndaşlarımızın davranışlarına diqqət yetirəcəklər. Vətəndaşların davranışı qonaqlara o ölkə barədə böyük informasiyalar verir. Bu sözü elə-belə demirəm, təcrübəmdən çıxış edib söyləyirəm. 

 

Çünki mən özüm hansı ölkəyə getsəm bir gündən sonra əhalinin davranışına görə o ölkə haqqında fikrim formalaşır. COP29 həm də bizim özümüzü dünya xalqlarına tanıtmağımızdır. Bura dünya liderləri, dünyanın mühüm adamları gələcək, bu tədbir özümüzü onlara təqdim edtmək üçün bir imkandır”-deyə Ə.Qəşəmoğlu bildirdi.

 

Ə.Qəşəmoğlunun qeyd etdiyinə görə, biz buna daha yaxşı hazırlaşmalıyıq, amma təəssüf ki, biz buna hazırlaşmırıq.

 

Ə.Qəşəmoğlu bildirdi ki, Bakıya saysız qonaqlar gələcək, onlar bölgələrə də səfərlər edəcəklər. Bununla bağlı maarifləndirmə işi aparılmalı olmalı olduğu qənaətində olan professorun sözlərinə görə, vətəndaşlarımız xaricilərlə ünsiyyət məsələsində maarifləndirməlidirlər. “Mən bu təklifləri bir ay qabaqdan mətbuatda demişdim, amma reaksiya verən olmadı. COP29-un Azərbaycanda keçirilməsi bizim fəxrimizdir. Qürur keçiririk ki, dünyanın taleyi ilə bağlı mühüm olan qərarlar bizim ölkəmizdə qəbul olunacaq. Amma bununla yanaşı biz özümüz bundan necə bəhrələnə bilərik, insanlarımız bundancür bəhrələnə biləcək? Bütün bu istiqamətdə də işlər getməlidir”-deyə Ə.Qəşəmoğlu bildirdi. O, hesab edir ki, bu tədbirlərdə vətəndaş fəallığı ən mühüm faktordur.

 

Bütövlükdə, Ə.Qəşəmoğlu qeyd etdi ki, COP29 tədbirlərinə hazırlıqla bağlı ciddi işlər görülür, bu işləri yüksək qiymətləndirir. 

 

İradə SARIYEVA

Bakı Xəbər  2024.- 17 oktyabr (¹ 188).- S.8.