Sanballı dövlətlər və
beynəlxalq qurumlar COP-a
gələcəklər...
Bakı növbəti beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır. Bu ilin 12-24 noybar tarixlərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının-COP29-un Bakıda keçirilməsinin xüsusi əhəmiyyət olduğunu bütün dünya bilir.
Azərbaycanda keçiriləcək COP29 tədbiri beynəlxalq platforma rolunu oynayır və dövlətlər, təşkilatlar arasında ehtibarlı körpü rolunda çıxış etməyi hədəfləyir. Bilirik ki, COP29 çərçivəsində müxtəlif dövlətlərin rəhbərləri, təşkilatların nümayəndələri Bakıya gələcək. Ekspertlər hesab edirlər ki, Bakı platforması dövlətlər arası münasibətləri daha da inkişaf etdirəcək. Dünyanın qorunmasına və gələcəyə həsr olunan bu tədbirdə Bakı aparıcı platforma mərkəzidir.
Bu platforma necə yaranıb?
Bildirək ki, COP2-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Bu tədbir vasitəsi ilə Bakı iki həftə ərzində dünyanın müxtəlif ölklərindən gələn qonaqlara ev sahibliyi edəcək.
Qeyd edək ki, Tərəflərin Konfransı BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. Mətbuata görə, Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. Həmçinin bu regionlardakı qrup ölkələri arasında da sədrliklə bağlı növbələşmə mövcuddur. Azərbaycanın təşkilata sədrliyinə dair qərar da məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verilib.
COP29-a ev sahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürülmüşdü. Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda elan olundu ki, Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da öz namizədliyi ilə bağlı eyni addımı atdı.
Qeyd edək ki, 2015-ci ildə dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul olunub.
Sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıb. Bu sənədi 2016–cı ilin aprelində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında Azərbaycan Respublikası Hökuməti ardından, keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov imzalayıb.
COP dünya liderlərini, ekspertləri, təşkilatları bir araya gətirir
COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaq olur.
Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond toplayırlar.
İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçınılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər. COP bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbirdir.
COP tədbirlərində, adətən, gündəlik müəyyən edilir və tədbir zamanı müzakirələrdən sonra yekun sənəd qəbul edilir. COP-a əvvəlki illərdə müxtəlif ölkələrin prezidentləri və digər rəsmi şəxslər dəvət edilib.
Azərbaycanda keçiriləcək COP29-a ciddi hazırlıq işləri görülür, paytaxtımız və ölkəmiz, insanlarımız qonaqlarımızı qarşılamaq əzmindədir.
COP29-a kimlər gələcək?
COP 29-da isə iştirak edəcək rəsmilərin siyahısı tam açıqlanmasa da, gələnlərin kimliyi təxminən bəllidir. Bəzi dövlət başçıları tədbirdə iştirak edəcəklərini açıqlayıblar da. Bildiyimiz kimi, Azərbaycan hökuməti dövlət adamlarına rəsmi dəvət məktubu göndərib.
Məlumata görə, COP29-a dünya səviyyəsində bir çox dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, iqlim dəyişikliyi sahəsində mütəxəssislər və vətəndaş cəmiyyəti nümayəndələri qatılacaq. Məlumatlara görə, dünya liderləri və dövlət başçıları, BMT-yə üzv dövlətlərin rəhbərləri, BMT-yə üzv olan ölkələrin prezidentləri, baş nazirləri və digər yüksək səviyyəli hökumət rəsmiləri tədbirdə iştirak edəcək. Paris Razılaşmasını təsdiq edən və iqlim dəyişikliyi ilə mübarizədə liderlik edən ölkələr tədbirə qatılacaqlar.
Beynəlxalq təşkilatlar və iqlim fəalları,
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi, iqlim dəyişikliyi ilə bağlı xüsusi nümayəndələr və bu sahədə çalışan müxtəlif BMT agentliklərinin rəhbərləri tədbirdə iştirak edəcək.
Qlobal maliyyə institutlarının rəhbərləri: Dünya Bankı, Beynəlxalq Valyuta Fondu (IMF) kimi maliyyə institutlarının rəhbərləri, xüsusilə inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı ilə bağlı müzakirələr aparmaq üçün iştirak edəcəklər.
İqlim fəalları və qeyri-hökumət təşkilatları-Greta Thunberg kimi məşhur iqlim fəalları və müxtəlif QHT-lərin nümayəndələri konfransda iştirak edərək dünya liderlərini daha ciddi iqlim tədbirləri görməyə çağıracaqlar. Bu barədə mətbuatda qeyd olunur. Mətbuata görə, şirkətlər və texnologiya liderləri
Enerji və texnologiya şirkətlərinin rəhbərləri də qatılacaqlar. Eynu zamanda bərpa olunan enerji sahəsində çalışan böyük şirkətlər və innovasiya sahəsində qabaqcıl texnologiyalar təqdim edən şirkətlərin nümayəndələri də tədbirdə olacaq. Onlar yaşıl texnologiyalar və davamlı enerji həlləri ilə bağlı təkliflərini təqdim edəcəklər.
İri şirkətlərin rəhbərləri-Apple, Microsoft, Tesla kimi şirkətlər iqlim dəyişikliyi ilə mübarizədə liderlik edən müəssisələr arasındadır və onların rəhbərlərinin də bu cür tədbirlərdə iştirak etməsi gözlənilir. İqlim dəyişikliyi sahəsində aparıcı elm adamları - iqlim dəyişikliklərinin təsirlərini araşdıran və yeni həll yolları təklif edən elm adamları və iqlim mütəxəssisləri tədbir çərçivəsində müzakirələrə qatılacaqlar.
Bu tədbirə qatılacaq şəxslərin siyahısı rəsmi olaraq elan edildikcə daha ətraflı məlumatlar ortaya çıxacaq. COP29 qlobal iqlim siyasəti üçün çox mühüm bir tədbir olduğundan, dünya səviyyəsində geniş bir iştirak gözlənilir.
11-24 noyabr tarixlərində Bakıda keçiriləcək olan konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. Nəzərə alsaq ki, ölkə olaraq ən irimiqyaslı beynəlxalq tədbirimiz 8 min nəfərə yaxın qonağın qəbul edildiyi Avropa Oyunları olmuşdur, COP29 ölkə tarixində keçiriləcək olan ən böyük tədbir hesab olunur. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaqdır.
COP29-un məqsədi aydındır və Azərbaycanda dünyanın taleyi həll olunacaq. Bu tədbir çərçivəsində iştirakçı dövlətlər umu-küsünü bir kənara qoyub dünyanın taleyini düzəltmək istiqamətrində birləşəcəklər. Azərbaycan qlobal ekoloji mühitin müzakirə platforması kimi çıxış edəcək. Mətbuatda yazıldığı kimi, COP29 həm də siyasi diqqəti Azərbaycanın üzərinə yönəldəcək, ölkəmizin apardığı uğurlu siyasət, gördüyü işlər, dünyaya töhfəsi təqdir ediləcək...
İradə
SARIYEVA
Bakı Xəbər .- 2024.- 22
oktyabr (¹ 191).- S.8.