Vətən müharibəsi gənclərin inkişafı üçün saysız “simvollar tarixidir”...

 

Hər bir xalqın gələcəyi onun yetişməkdə olan gənclərindən asılıdır. Bu səbəbdən gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən hesab olunur. Vətənpərvərlik anlayışınım dərin və tarixi kökləri var. Bu, insanın yurduna, xalqına, onun dilinə, adət və ənənələrinə məhəbbət və sədaqətin ifadəsi kimi meydana gəlib.

 

Vətənpərvərlik ən dərin, müqəddəs və ülvi hisslərdən, duyğulardan biridir. Hər bir şəxsin tarixi qiyməti onun vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. Müasir Azərbaycan gəncliyinin intellektual səviyyəsi geniş olduğundan, vətənpərvərlik anlayışı da eyni çevrəni əhatə edir. Bu anlayış özündə bir sıra dəyərlərə söykənir. Millətimizin mövcudluğunun vacib şərti olan Azərbaycan gəncliyi ölkəsinin taleyi ilə bağlı bütün dövrlərin hərəkətverici qüvvəsi olduğunu dəfələrlə nümayiş etdirib. Son 35 ildə gənclərimiz öz sözləri və əməlləri ilə millətin gələcəyinin, inkişafının təməl daşı olduqlarını sübut ediblər.

 

Vətən müharibəsi müasir tariximizin qəhrəmanlıq salnaməsidir

 

Güclü milli məfkurəyə, mənliyə malik olan vətənpərvər gənclərimizin yetişməsi heçasan olmayıb. Bu, XX əsrin əvvəllərindən başlayaraq müxtəlif maarifçilik cərəyanlarının fədakar fəaliyyəti nəticəsində mümkün olub. Həmin cərəyanlara da məhz öz dövrünün yüksək milli məfkurəyə sahib olan gəncləri rəhbərlik ediblər. Onların yetişdirdikləri gənclər Azərbaycanın elm, təhsil, iqtisadiyyat, mədəniyyət, incəsənət, hərb sahələrinin inkişafında müstəsna rol oynayıblar. Rus, sovet, fars şovinizminin yaratdığı bütün əngəllərə baxmayaraq, savadsızlığa, cəhalətə qarşı güclü mübarizə Azərbaycan gəncliyinin öz milli məfkurəsindən, azadlıq ideyasından əl çəkməməsi, xalqımızın imperiyaların caynağından xilas olunması ilə nəticələndi. Azərbaycançılıq ideologiyası gənclərimizin sağlam, vətənpərvərlik ruhunda tərbiyə olunmasının əsasını qoyaraq, onları milli dövlətimizin bərqərar olması, ərazi bütövlüyümüzün, suverenliyimizin tam təmin olunması yolunda böyük qüvvəyə çevirdi.  Belə gəncliyi Rusiyanın, İranın, Fransanın həyata keçirdiyi pozuculuq fəaliyyəti belə yolundan döndərə bilmədi. Onların ayıq milli şüuru sayəsində Rusiyanın, İranın, Fransanın təxribatçı hərəkətləri Azərbaycanda ayaq tutub yeriyə bilmədi. Dünyanın 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığa heyran qalması təkcə torpaqlarımızın erməni işğalından azad edilməsi ilə deyil, həm də Azərbaycan liderinin, əsgər və zabitlərinin nümayiş etdirdikləri misilsiz vətənpərvərlik ruhu, yüksək əxlaqi dəyərləri ilə bağlı idi. Müasir tariximizin qəhrəmanlıq salnaməsi olan 44 günlük Vətən müharibəsi bu faktı bir daha gözlər önünə sərdi - minlərlə gənc Vətənin müdafiəsi uğrunda səfərbər oldular. Onların yazdıqları qəhrəmanlıq dastanı uşaqlıqdan aşılanan vətənpərvərlik duyğusunun real nəticəsi də sayıla bilər. Bu mənada, gənclərin milli mənlik şüurunun formalaşdırılması, vətənpərvərliyin aşılanması mütləq bir işdir. Bu isə ailə ilə yanaşı, həm də cəmiyyətin və təhsil müəssiələrinin üzərinə mühüm məsuliyyətlər qoyur.

 

Suverenliyimizin tam təmin olunması gənclərin tərbiyəsində yeni mərhələ açıb

 

Bütün bunlarla yanaşı, 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün təmin etdilməsi, 2023-cü ilin antiterror əməliyyatları sayəsində suverenliyimizin tam təmin olunması gənc nənsin vətənfərvərlik ruhunda tərbiyəsində yeni və möhtəşəm bir mərhələ açıb. Gəncələrdə dövlətçiliyə bağlılığı daha da artırıb, dövlətçiliyimizin daha ciddi qorunması ilə bağlı məsuliyyət hissini yüksəldib. İşğaldan azad edilmiş şəhərlərin şəhər gününün təsis olunması, müəyyən anım günlərinin, bayramların təsis olunması, məsələn 27 sentyabr anım günü, 8 noyabr Zəfər günü, 20 sentyabr suverenlik günü, gənclərin tərbiyəsində bir örnək nümunəsidir.

 

Dörd ildir ki, qalib dövlətin, qalib xalqın və liderin timsalında gənclər böyüyür...

 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən şərqşünas Seyid Camal Əzimbəyli hesab edir ki, Azərbaycan gəncliyi sözün həqiqi mənasında böyük tarix yazdı: “Məsələ ondadır ki, Birinci Qarabağ müharibəsində məğlubiyyətimiz cəmiyyətdə böyük travmaya səbəb oldu. Hər il rayonların işğal il dönümlərinin qeyd edilməsi ürəyimizi parçalayırdı. Ancaq bütün bunlara baxmayaraq, bir an belə torpaqların azad ediləcəyinə ümüdümüzü kəsmirdik. Belə bir abu-havada düşmənə nifrət ruhunda vətənpərvər gənclərimiz yetişdi. Ərazilərimiz işğal olunandaondan sonrakı dövrdə dünyaya gələn uşaqlar əsgər olub canları, qanları hesabına torpaqları azad etdilər. Onların qəhrəmanlığı sayəsində biz artıq Şuşanın, Laçının, Cəbrayılın, Kəlbəcərin və digər rayonların işğal gününü qeyd etmirik. Biz həmin rayonların azad edilməsi gününü böyük qürurlar qeyd edirik. 2023-cü ilin 20 sentyabrında bütün Qarabağda suverenliyimizin təmin olunması olduqca böyük hadisə idi. Ona görə də tariximizdə yeni mərhələ olan 8 noyabr Zəfər gününün, 20 sentyabr Suverenlik gününün və rayonların azad edilməsi ilə əlaqədar təsis edilən şəhər günlərinin gənclərin formalaşmağında müstəsna əhəmiyyəti var. Dörd ildir ki, qalib dövlətin, qalib xalqın və liderin timsalında gənclər böyüyür, formalaşır. Bütün bunların əhəmiyyəti olduqca böyükdür”.

 

Vidadi ORDAHALLI

Bakı Xəbər 2024.- 26-28 oktyabr (¹ 195).- S.8.