Regional
inkişafın və erməni vəhşiliyinin silinməsinin
Kəlbəcər nümunəsi...
Regionların sosial-iqtisadi inkişafı istiqamətində davamlı dövlət siyasəti həyata keçirilir. Bu siyasət ölkəmizin bütün regionlarını əhatə edir və bölgələrimizin bütün mənlarda inkişafını sürətləndirir.
Torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağ İqtisadi Rayonunda və Şərqi Zəngəzur İqtisadi rayonunda böyük işlər görülüb. Burada həm tikinti-yenidən qurma, bərpa işləri həyata keçirilir, həm də yeni zavodlar, fabriklər açılır. Bir sözlə, azad rayonlarda sosial-iqtisadi həyat yenidən öz axarına düşür. Uzun illər Ermənistanın işğalı altında qalan ərazilərimizdə bütün infrastrukturun məhv edildiyi, zavodların, fabriklərin, istehsal müəssisələrinin iflic vəziyyətə salındığı məlumdur. Yəni erməni vandalizimi özünü bütün sahələrdə göstərib və ağrılı izlərini qoyub. Son illər isə Prezident İlham Əliyevin rəhbərliyi altında Ermənistanın vurduğu yaraların sağaldılması prosesi gedir. Demək olar ki, bütün azad ərazilərimizdə hər şey yenidən qurulur.
Bildiyimiz kimi, Prezidentin iştirakı ilə azad rayonlarda həm yeni yaşayış komplekslərinin, həm istehsalat müəssisələrinin, zavod və fabriklərin əsası qoyulur, eyini zamanda da tikintisi başa çatdırılan evlərin, müəssilərin açılış mərasimləri keçirilir. Əlbəttə, bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti öz ərazisinin sahibdir və öz torpaqlarını dirçəldir, insanların rahat yaşaması, işlə təmin olunması üçün hər cür şərait yaradır.
Kəlbəcərin sosial-iqtisadi həyatına töhfə...
Sentyabrın 2-də Prezident İlham Əliyevin Kəlbəcərə səfəri bir sıra hadisələrlə yaddaşlarda qalıb. Azad Kəlbəcərin də sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirilir və burada məskunlaşan sakinlərin işlə təminatıa, yaxşı yaşayışına böyük diqqət yetirilir. Son zamanlar Kəlbəcərdə görülən işlər buna nümunədir. Ermənistanın törətdiyi vəhşiliklər nəticəsində Kəlbəcərin sosial-iqtisadi həyatı dağıdılsa da, bu gün orada hər şey yenidən qurulur. Burada görülən işlər rayonun sosial-iqtisadi həyatına bir töhfədir.
Bildiyimiz kimi, Prezident Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən AzərEnerji ASC-nin 22,5 MVt gücündə Yuxarı Vəng Su Elektrik Stansiyasının açılışında iştirak etdi, eyni zamanda Kəlbəcər şəhərində inzibati binanın, ikinci yaşayış kompleksinin təməlini qoydu. Rəsmi məlumatda bildirilir ki, bu yaşayış kompleksində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
Kəlbəcərin İstisuyu yenidən həyata qayıtdı...
Onu da qeyd edək ki, rayonda İstisu zavodunun da açılışı olub və bu açılışda Prezident və Birinci xanım Mehriban Əliyeva da iştirak edib.
Rəsmi məlumatlarda bildirilir ki, İstisu mineral su zavodu uzun illər Kəlbəcərin müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyunu 30 illik müddətdən sonra yenidən istehlakçılara təqdim edir.
1976-cı ildən etibarən Kəlbəcər rayonunda İstisu mineral suyunun istehsalına başlanılıb. Bununla da nadir və faydalı mineral tərkibə malik İstisu təbii mineral suyu geniş coğrafiyada şöhrət tapıb.
Mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan İstisu mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. Lakin torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə əlaqədar 30 il ərzində İstisu təbii mineral suyunun istehsalı dayanıb.
Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan İstisu mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb.
Bildirilib ki, İstisu mineral su zavodu müasir avtomatlaşdırılmış sudoldurma xətləri və robotlaşdırılmış anbar idarəetmə sistemləri ilə təchiz edilib. İstehsal xətləri Almaniyanın Krones şirkəti tərəfindən təchiz edilib və quraşdırılıb. Ən son texnologiyaların tətbiqi nəticəsində zavodda yüksəkkeyfiyyətli mineral su istehsal edilməklə yanaşı, suyun təbii xüsusiyyətlərini qoruyub saxlamaq da mümkün olub. İstisu zavodunun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır.
Zavodda istehsal olunan su həm keyfiyyəti, həm də müasir standartlara cavab verməsi ilə seçilir. Beynəlxalq təsnifat meyarlarına görə, Kəlbəcər rayonunda yerləşən təbii mineral su İstisu - natrium bikarbonat və sulfatla zəngin mineral su kimi təsnif edilir. Tərkibində olan kalsium, maqnezium, bikarbonat, sulfat və digər faydalı elementlər orqanizmə müsbət təsir göstərir.
İstisu təbii mineral suyu, eyni zamanda, yerli və beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verir. Belə ki, mineral su AZS 2162006, İSO 9001:2015 və İSO 22000:2018 standartlarına uyğun olaraq sertifikatlaşdırılıb.
İkinövbəli iş rejimində fəaliyyət göstərəcək müəssisədə təxminən 100 nəfər işlə təmin ediləcək. İşçilərin əksəriyyəti Kəlbəcər və Laçın rayonlarının sakinləridir.
Onu da vurğulayaq ki, Prezident AzərEnerji ASC-nin 4,3 MVt gücündə Zar Kiçik Su Elektrik Stansiyasının (KSES-in) açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə Toğanalı KSES-in açılışını edib. İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcərdə İstisu yarımstansiyasının açılışında iştirak edib, bundan başqa, İstisu Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olublar.
Biz Kəlbəcərin və başqa azad ərazilərimizin timsalında yaxından müşahidə etdik ki, Azərbaycan dövlətinin səyləri nəticəsində çox yaxın illərdə o bölgələrimiz də sosial-iqtisadi cəhətdən çox inkişaf etmiş şəhərlərə, rayinlara çevriləcək. 2020-ci ildən indiyə qədər çox işlər görülüb və bundan sonra da görüləcək. Azad rayonların sakinləri bu inkişafı, tərəqqini, gözəl yaşayışın nə olduğunu öz həyatlarında yaxından hiss edirlər və edəcəklər də.
İradə
SARIYEVA
Bakı Xəbər 2024.- 5 sentyabr,
(¹ 158).- S.8.