Söz azadlığı şəraitində milli dəyərlərlə nəsil yetişdirmək çətin vəzifədir...

 

Bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm mövcuddur. Hazırda ölkədə hər kəsin müstəqil fikir bildirmək, yürütmək, istənilən məsələyə mövqeyini sərgiləmək və hüquqlarını tələb etmək imkanı var. Təhsilindən, savadından, peşəsindən asılı olmayaraq hər kəs öz hüquqlarını tələb etməyə qadirdir.

 

Fikir, söz və məlumat azadlığı hərhansı bir cəmiyyətdə demokratik mexanizmlərin mövcudluğunu, işləkliyini təsdiq edən əsas şərtlərdəndir. Təsadüfi deyil ki, sivil cəmiyyətin atributu da elə məhz fikir və məlumat azadlığı hesab olunur, çünki bu azadlıqlar dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rola malikdir.

 

Ölkəmizdə, cəmiyyətimizdə həmin azadlıqlar təmin olunub

 

Ölkəmizdə söz, ifadə azadlığının olduğunu birmənalı şəkildə təsdiq edən məqamlardan biri kimi sosial şəbəkələrin mövcudluğunu, insanların həmin şəbəkələrdə öz fikirlərini azad şəkildə paylaşmasını göstərə bilərik. Cəmiyyətimizdə müşahidə edilən hadisələrə vətəndaşlarmızın öz münasibətini məhz sosial şəbəkələr vasitəsilə heç bir maneə olmadan bildirdiyinin hər birimiz şahidiyik. Məsələ ondadır ki, əgər vətəndaşlar öz fikirlərini sərbəst şəkildə ifadə edə bilirlərsə, buna da heç bir qadağa qoyulmursa, maneələr də yoxdursa, bu elə ifadə azadlığının olduğunu təsdiq edir və ölkəmizdə bu azadlığın təmin olunduğu göz önündədir. Sözsüz ki, hər hansı bir cəmiyyətdə plüralizmin olması, inkişafı üçün ilk növbədə söz, fikir, məlumat azadlığının olması əsas şərtdir. Nəzərə alsaq ki, bizim ölkəmizdə, cəmiyyətimizdə həmin azadlıqlar təmin olunub, deməli, plüralizmin inkişafı üçün ölkəmizdə hərhansı bir maneə yoxdur, əksinə, bunun üçün münbit şərait var. Məhz elə bu münbit şəraitin fonunda da ölkəmizdə siyasi plüralizmin inkişafı göz önündədir. Hazırda ölkəmizdə çoxlu sayda partiyaların olması təsdiq edir ki, plüralizm elə məhz bizim ölkəmizdədir və bu mənada da ölkəmiz digərlər ölkələrə nümunə hesab olunur.

 

Sürətli informasiya əsrində gənclərin timsalında milli dəyərləri qorumaq çox mürəkkəbdir

 

O da məlumdur ki, müasir dünyada, sürətli informasiya əsrində gənclərin timsalında milli dəyərləri, adət-ənənələri qorumaq çox çətin və mürəkkəb məsələdir. Söz və məlumat azadlığı, plüralizm şəraitində milli-mənəvi dəyərlərin üstündə köklənmiş nəslin formalaşdırılması vacib əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, Azərbaycanda fikir, söz və məlumat azadlığının, plüralizmin geniş yayıldığı bir şəraitdə milli-mənəvi dəyərlərə söykənən nəslin formalaşdırılması indiki qlobalaşan dünyada elə də asan deyil. Ancaq görünən odur ki, Azərbaycan buna nail ola bilir. Bunun bariz nümunəsi olaraq gənclərimizin öz canları, qanları bahasına ərazilərimizi işğaldan azad tməsidir. Məhz onların mənəvi dəyərlərə bağlılığı bu sahədə öz müsbət nəticəsini verdi. O baxımdan bu nəsil həm döyüş meydanlarında qalib gələ bilib, həm idman, həm təhsil, həm də digər sahələrdə səmərəli mövqe ortaya qoyamağı bacarıb. Yəni təkcə döyüş meydanlarında, müharibədə deyil, elə təhsildə, məşğulluqda da, peşə seçməkdə, yeni peşələrə yiyələnməkdə də hazırkı nəsil qabaqcıl nümunə göstərir. O baxımdan bütün bunların əhəmiyyətini ekspertlər necə dəyərləndirir?

 

Mənəvi deqradasiya problemi kəskin şəkildə özünü göstərməyib

 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən media eksperti Yadigar Məmmədli bütün bunlara bir neçə prizmadan yanaşdı: “Qlaballaşan dünyanın bir sıra çoxsaylı texnoloji üstünlükləri olsa da, həm də gətirdiyi bir sıra mənəvi xarakterli problemlər də var. Halbuki, bütün bunlar daha çox gənclərin dünya görüşünə öz təsirini göstərir. Burada müəyyən mənfi xarakterli tendensiyalar da var. Bu, xüsusən də sosial mediadır. Qloballaşma hər bir ölkənin milli-mənəvi dəyərlərinə ciddi təsir edir. Biz zaman-zaman Azərbaycanda bunun şahidi olmuşuq. Ancaq Azərbaycan bu yöndə dəyərlərimizin qorunması, aşınmaması üçün bir sıra cəhdlər göstərir. Onların qurunması ilə bağlı bir dövlət siyasəti, strategiyası var. Çoxlarına bəllidir ki, ərazilərimiz işğal altında olanda bir sıra pessemist xarakterli fikirlər var idi. Məsələn hazırkı gəncərin ərazilərimizi azad edə bilmələrinə dodaq büzənlər var idi. Bunu da əsasən onunla əlaqələndirirdilər ki, internetin təsiri altında böyüyən gənclik bunu reallaşdıra bilməz və s. Ancaq şanlı qələbəmiz bütün bunların üzərindən xətt çəkdi. Çünki Azərbaycan hər zaman gənc nəslin tərbiyəsində, onun milli-mənəvi köklər üzərində böyüməsində xüsusi konsepsiyası olubdur. Azərbaycanda gənclərin təhsil almasına, idmanla məşğul olmalarına xüsusi önəm verilib. Bununla bağlı dövlətin xüsusi konsepsiyası olubdur. Deməyim odur ki, bütün bunlar xüsusi bir sahədir. Həm dövlət buna maliyyə ayırır, həm də sözügedən sahədə bir sıra layihələr həyata keçirilir. Bir sözlə, bu sahəni diqqətdə saxlayır. Bunun da nəticəsində Azərbaycanda mənəvi deqradasiya problemi kəskin şəkildə özünü göstərməyib. Kütləvi şəkildə gənclərin mənəviyyatına, həyat tərzinə sirahət edə bilməyib. Baxmayaraq ki, sosial şəbəkələrin müxtəlif seqmentləri inanılmaz dərəcədə böyük əhatə dairəsinə və təsir imkanlarına malikfir. Təbii ki, bu qlobal təsirlərə məruz qalan insanlarımız, gənclərimiz var, amma gənclərin böyük əksəriyyəti milli-mənəvi dəyərlərin daşıyıcısı kimi böyüyürlər. Ona görə də hesab edirəm ki, bizdə bu sahədə ciddi və kəskin problemlər yoxdur”.

 

Vidadi ORDAHALLI

 Bakı Xəbər  2024.- 19 sentyabr, ¹ 168.- S.8.